Nemət Mətin - Ünsiyyət qurmaq, Kyeslovski və suallar

Proza

ABŞ-ın 37-ci prezidenti olmuş Riçard Niksonun bu xatirəsi məni düşündürməyə vadar etdi. Həqiqətən insanlarla ünsiyyət qurmaq çətindir. Otuz yaşın içində olsam da danışanda çətinlik çəkirəm. Qarşımdakı insanın vecsizliyi, diqqətsizliyi məni susdurur. Maraqlı ünsiyyət əksər hallarda yeni tanışlıqlarda baş tutur. Həmsöhbətin səninlə dəfələrlə görüşəndən sonra səni kəşf edibmiş kimi davranır. Eyni insanlarla az-az görüşmək lazımdır. İnternet, telefon, sosial şəbəkələr dövründə yaşayırıq. Hər görüşdə fikir versəniz insanlar (içi mən qarışıq) iki dəqiqə danışandan sonra telefona daxil olurlar. Canlı ünsiyyətdən enerji almırıq. Smayliklərin insan münasibətlərinə ciddi təsir etdiyi zamanda insanlarla ayaqlaşmayan kəs anormal qarşılanır. Bir xanımın şəkillərinə dayanmadan ürək smayliki atsan gec-tez səni görəcək. Varlığından xəbərdar olacaq. Gülməli vəziyyətdir. Bir kəlmə kəsmədiyin insana maraqlı gəlirsən. Dostluqlar canlı ünsiyyətdən uzaqlaşaraq onlayn dünyada qərar tutub. Qorxuludur. Sənə yad adamla canlı ünsiyyət qurmadan dost olursan və bir gün görüşəndə səsi, davranışı sənə mənfi təsir edir. İki gün sosial şəbəkələrdə onlayn olmasan səni axtaracaq neçə insan olacaq? Canlı video görüntü ilə tanış olub illərlə sevgili olub ayrılanlar gördük. Zamanını toxuna bilməyəcəyin, qoxusunu hiss etməyəcəyin birinə sərf edirsən. Bir gün yox, bir ay yox, bir il yox. İllərlə sosial şəbəkənin qurbanına çevrilərək onunla görüşü gözləyirsən. Və bir gün ayrılırsınız. Halsızlıq və buna bənzər neqativ hisslər baş qaldırır. İntihara cəhd edənlər də olur.
Daha prezidentlərin və digər dövlət adamlarının görüşməsinə ehtiyac yoxdur. Təyyarə tut, başqa ölkəyə uç, havanı çirkləndir, vaxtın getsin... Bir düymə basmaqla onlayn olursunuz. Dünyanın istənilən prezidenti ilə danışıqlar aparırsınız. Ailələrdə ünsiyyət kəskin azalıb. Bir ailədə yalnız internet kəsiləndə söhbət baş tutur. Bir otaqdan o biri otaqda əyləşən ömür-gün yoldaşına sms yazanlar necə sevişə bilər? Artıq neçə ildir bahalı uşaq baxçalarında kamera quraşdırılıb. Evdə, işdə oturub uşağına baxırsan. Dayə, uşaq baxçasının işçisi də bilir ki, valideyn izləyir. Ona görə vəziyyət dəyişir. Sərbəst ola bilmir. Süni mədəniyyət nümayiş etdirir. Uşaq tərbiyə almır...
Bu yaxınlarda Avstraliyada yanğın baş vermişdi. Sosial şəbəkələrdə ağlamaq smaylikindən yer yox idi. Nəticə nə oldu? Heç nə. Sadəcə hər kəs hər şeydən xəbərdar oldu. Vəssalam. Rejissor Kristof Kyeslovskinin "Danışan başlar" adlı filmi var. 1 yaşdan 100 yaşa qədər yaşı olan insanlara 3 sual verilir.
1. Hansı ildə doğulmusunuz?
2. Siz kimsiniz?
3. Hər şeydən çox nə istəyirsiniz?
1 yaşı olan uşaq təbii ki, heç bir suala cavab verə bilmir. Qalan hamı müxtəlif cavablar verir. Ölkələrin birləşməsini istəyən, təhlükəsiz həyat yaşamaq istəyən və s... Ən maraqlı cavabı iki nəfər verdi. 3 yaşlı uşaq hər şeydən çox sirenalı maşını olmağı və 100 yaşlı nənə daha çox yaşamağı istədi...
Adi kamera ilə çəkilmiş 15 dəqiqəlik videoda ilk baxışdan sadə görünən 3 sual əslində ən mürəkkəb suallardır. Ünsiyyət zamanı insan səmimi olmaqdan qorxur. Gizlənməyə çalışır. 3 yaşlı uşaq ona görə səmimi idi ki, dünyada çox şeydən xəbərsizdir. Doyunca yaşamayıb. 100 yaşlı nənə isə həyat təcrübəsi görüb. Müharibə dövrünü, aclığı, dövlət çevrilişini, ayrılığı, sevgini, ehtirası, uşaq sevgisini yaşayıb. Doyub..
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ

Vladimir Nabokov Dostoyevski haqqında

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ

Akutaqava Rünoske - Cəhənnəm iztirabları

Məmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərinə ön sözü