Edebiyyat.az » Söhbət » Günel Rəcəb - ...Unutmağa haqqımız yoxdur...

Günel Rəcəb - ...Unutmağa haqqımız yoxdur...

Günel Rəcəb - ...Unutmağa haqqımız yoxdur...
Söhbət
admin
Müəllif:
19:42, 11 avqust 2020
1 568
0
Günel Rəcəb - ...Unutmağa haqqımız yoxdur...




- Günel Rəcəb, xoş gördük. Şeir, tərcümə, yoxsa məqalə?

- Üçü də bir yerdə. Üstəgəl proza

 

- “Ovsun” adlı kitabın sənə uğur gətirdimi?

- “Ovsun” un bir kitablıq hekayəsi var. Bu kitab özü bir uğur hekayəsidir. Bir gün bu haqda roman da yazmağı planlaşdırıram. Çap olunduqdan sonra da mənə uğur gətirdi. Elə təqdimat mərasimində ikinci kitabın çapı ilə bağlı təklif aldım. “Libra” nəşriyyatı ilə uşaqlar üçün hekayələr kitabı nəşr etdik. 

 

- Kitabın barədə müsbət rəylərdən başqa mənfi rəylər də aldın? Tənqidçilər fikir bildirdilər?

- Mənfi rəy almamışam. Amma bu o demək deyil ki, kitabdakı bütün şeirlər idealdır. Şeir insanların ruh halı ilə bağlıdır. Yazdığım şeirlər kiminsə ruhunu oxşaya da bilər, oxşamaya da. Tənqidçi fikri ilə hələ rastlaşmamışam. Demək ki, hələ böyümək lazımdır (gülür).


- Aktiv kitab oxuyansan. Kitabın o kitablardan hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Hər bir kitab öz müəllifinin hiss və düşüncələrini əks etdirir. Düşünürəm ki,  dilinin sadəliyi və səmimi ovqatı “Ovsun”un özünəməxsusluğudur.  Amma yazdıqlarımın xəmiri  yaşadıqlarımdan, oxuduğum o kitablardan yoğrulmuşdur.  Oxuduqlarım olmasa idi, yazdıqlarım ayaq üstə dura bilməzdi.

 

- Poeziyadan prozaya keçid etməyi düşünürsənmi? 

- Artıq keçid etmişəm. yuxarıda da qeyd etdiyim kimi, ikinci kitab uşaq hekayələrindən ibarətdir. “Dostların nağılları” adlı bu kitabda “Əlfəcin”, “Tut yağışı”, “Leylək balası”, “Buta” və s. hekayələr çap olunub. Balaca oxuculardan da müsbət rəy almışam. Hətta, deyilənə görə, “Əlfəcin” nağılını oxuyan kimi uşaqlar yuxuya gedirmiş. “Balaca bulud”  hekayəsi isə ən sevdiyimdir. Bu yaxınlarda “Mücrü” uşaq dərgisində çap olundu. İki-üç il əvvəl  “fabula.az” saytında “Məktəb yolu”, “Skolioz” hekayələri çap olunmuşdu. Amma onları uğurlu hekayələr hesab etmirəm. Daha çox  avtobioqrafik cızma-qaralardır. Karantin günlərində “Bİr ovuc torpaq”la özümü yenidən sınadım. “Mücrü.art”da dərc olundu. Zənnimcə, uğurlu oldu. 

 

- Yazıçılar birliyi gənc istedadlara dəstək olur?

- İstər elmi araşdırma, istər tənqidi yazı, istər proza, istərsə də  poeziya   -bu ruh halıdır, həyat tərzidir. Bu yazarın gerçəyidir. Bu gerçəyi yazmaq üçün onun heç kəsə, heç nəyə ehtiyacı olmamalıdır. Amma biz bu məsələyə “Azərbaycan ədəbiyyatı” prizmasından yanaşsaq, məsələ dəyişir. Dövlət qurumunun vəzifəsi  Azərbaycan ədəbiyyatına xidmət etməkdir. Onun dünya miqyasında inkişafına nail olmaq üçün  lokal müstəvidə ədəbiyyata dəyər vermək, sağlam rəqabət yaratmaq, motivə etmək, stimullaşdırmaq lazımdır.  Gənc dostların bu qurumla bağlı əks mövqeyi ilə tanışam. Düşünürəm ki, bu qurum da gənc istedadları dəstəkləmək üçün müəyyən addımlar atır. Görünür, zamanın, istedadların tələblərinə cavab vermədiyi üçün narazılıqlara səbəb olur. Fikrimcə, ölkəmizdə sağlam kitab bazarı formalaşsa, yazarların dövlət qurumunun dəstəyinə ehtiyacı olmaz.

 

- Vətənpərvərlik mövzusunda fikirlərini bilmək istərdim.

- Mən hərbçi ailəsində doğulmuşam. Atam Qərbi Azərbaycanda doğulub, böyüyüb, anamı ora gəlin gətirib. Anam Qızıl Şəfəqin dağlarında atamla at sürməyindən, dağlarından danışardı. Atam 20 Yanvar hadisələrinin iştirakçısı olmuş, yaralılara kömək edən hərbçilərə  rus əsgərlərinin atəş açmasının şahidi olmuşdu. Onda beş yaşım var idi. Səhər evə qayıdan atam bizi Naxçıvana- ana qohumlarımın yanına göndərdi. Aeroporta gedən yolda yanmış insan cəsədləri heç yadımdan çıxmır. Bir dəfə də evimizdə bir kaset tapmışdım. Bu kasetdə mənfurlar azərbaycanlıların başını öz qəbirlərinin üstündə kəsir, əsirləri aşağılayırdılar. Mənə qadağa olunsa da, mən o kasetə baxmışdım. Sonra evimizdə “Didərginlər” və üz qabığında, səhifələrində əzablı insan taleləri əks olunan şəkillərlə dolu kitablar peyda oldu. Biz istəmədən, vətənpərvər olduq. Uşaq olsam da, Xocalıda baş verənləri izləməyə özümü məcbur edirdim. Anlayırdım ki, unutmağa haqqımız yoxdur... Bunları bir daha yaşamamaq, gələcək nəsillərə yaşatmamaq üçün unutmağa haqqımız yoxdur.

 

-Cəmi bir şeirini seçsən, hansı olar?

- “Bürün payız rənglərinə”

 

- Həmkarlarına nə demək istərdin?

- İnsanların özlərinə etiraf edə bilmədiklərini yazarlar oxuculara etiraf edir. Səmimi olsunlar.Ən çox da özləri ilə səmimi olsunlar. 

 

- Suallara dolğun cavab verdiyin üçün minnətdarıq. Növbəti kitablarda uğurlar arzu edirik.

- Uşaq vaxtı xəyal edərdim ki, məşhur insan olmuşam,  müsahibə verirəm. Özüm hazırladığım suallara özüm də cavab verərdim. Başqasının suallarına cavab vermək daha maraqlı imiş. Sənə də təşəkkür edirəm!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)