Edebiyyat.az » Söhbət » Kənan Hacının Nizami Gəncəviyə dair müsahibəsi

Kənan Hacının Nizami Gəncəviyə dair müsahibəsi

Kənan Hacının Nizami Gəncəviyə dair müsahibəsi
Söhbət
admin
Müəllif:
19:04, 29 yanvar 2021
1 526
0
Kənan Hacının Nizami Gəncəviyə dair müsahibəsi



“Nizaminin “Xəmsə”si yenidən tərcümə olunmalıdır” 
2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub. Bu mövzuda yazıçı Kənan Hacıya bir neçə sualla müraciət etdik. 

-Kənan bəy, bu yaxınlarda feyzbuk səhifənizdə Nizami Gəncəvinin “Xəmsə”sinin yenidən tərcüməyə ehtiyacı olduğu haqda status paylaşmışdınız. Mümkünsə, bu barədə bir qədər geniş danışardınız. Nizaminin bizim dilə tərcümə olunmuş əsərlərində hansı boşluqlar var?
-Bu barədə mütəxəssislər, Nizamişünaslar, Nizamini orijinalda oxumuş adamlar daha geniş danışa bilər. Nizami haqqında fikir bildirmək həddən artıq məsuliyyətli bir işdir. Çünki Nizami təkcə bizim xalqa məxsus deyil, dünya ədəbiyyatı xəzinəsini əsərləriylə zənginləşdirmiş böyük dühadır. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bütün klassiklərin əsərləri müxtəlif tərcümanlar tərəfindən dəfələrlə öz dillərinə tərcümə olunub. Homerdən tutmuş Şekspirə, Servantesə qədər. Nizaminin əsərləri bizim dilə sovet dövründə tərcümə olunub. O tərcüməçilərin də heç biri fars dilini bilməyib. Mən XX əsrdə yaşamış klassik şairimiz, Əliağa Vahidin ustadı olmuş Məşədi Azər haqqında araşdırmalar aparanda maraqlı məqamla rastlaşdım. Məşədi Azər fars, ərəb dillərini mükəmməl bilirmiş. Xalq yazıçısı Mirzə İbrahimov xatirələrində yazır ki, Nizaminin “Xəmsə”si 40-cı illərdə bizim dilə çevriləndə Süleyman Rüstəmlə Məmməd Rahim onun köməyindən tez-tez faydalanırdılar. O, Nizaminin dərin mənalarla dolu şeiriyyətinə o qədər o qədər yaxından bələd idi ki, hansı misranın hansı mahiyyət daşıdığını bilirdi və poemaları sətri tərcümə edərkən bunları səbrlə onlara izah edirdi ki, təhrifə yol verməsinlər. Sonra maarifçi-pedaqoq Əhəd Cəmilzadənin xatirələrini oxudum. Orda müəllif yazır ki, Nizaminin 800 illiyi ilə bağlı qərar verilmişdi. Bu münasibətlə tərcüməçilər qrupu yaradılmışdı. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza və başqaları bu işə cəlb olunmuşdu. “Xəmsə”nin Azərbaycan dilinə tərcüməsində Məşədi Azər böyük əmək sərf etmişdi. Xüsusi qeyd edir ki, mən bunun canlı şahidiyəm. Bu xatirələr Məşədi Azərin “Seçilmiş əsərləri”nə daxil edilib. Sonra mən bu faktlardan  “Məşədi Azər təzkirəsi” kitabında istifadə etdim. Yeri gəlmişkən, Azər Firdovsinin “Şahnamə”sindən də bir neçə fəsli bizim dilə tərcümə edib. Amma təəssüf ki, onun adı heç yerdə qeyd olunmayıb. Hələ uşaq ikən “Sirlər xəzinəsi”ndən bəzi məqalatları anam mənə oxuyardı. O vaxtdan Nizami sözünə qarşı məndə bir xof, həyəcan vardı. Sevgidən yaranan o doğma hissdə hələ də xof, həyəcan qalır. Bu gün də Nizamini oxuyanda o həyəcan içimi bürüyür. Nizaminin söz kimyagərliyi adamı sehrləyir. Sonra mən Nizamini filoloji tərcümədə oxudum və poetik tərcümələrlə müqayisədə yerlə göy qədər fərq gördüm. Nə qədər sərt səslənsə də həqiqət budur ki, poetik tərcümələrdə Nizamidən əsər-əlamət yoxdur, bu mətnlər ciddi xətalarla doludur. Nizami çoxqatlı şair olduğundan tərcüməçilər onun endiyi dərinliyə enə bilməyiblər. Görünür, Nizamini olduğu kimi yox, sovet ideologiyasına sərf edən formada təqdim etmək tələb olunurmuş. Təsəvvür edin ki, Heydər Hüseynov kimi böyük alim “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabında Nizamini idealizmə aludə olmaqda günahlandırır və yazır ki, o, yəni Nizami elmin və incəsənətin inkişafının təməli olmuş faktorları başa düşmürdü. Az qala, Nizamini ateist kimi təqdim edir. Dövrün qadağaları Heydər Hüseynovu məcbur etmişdi ki, Nizamini bu cür təqdim etsin. Nizamidən materialist şair düzəltmişdilər. O dövrün Nizamiylə bağlı tədqiqatlarına nəzər salın. Nizami tamamilə yanlış yöndən araşdırılıb. Sözsüz ki, sovet təbliğatının icazə verdiyi kriteriyalarla Nizami tərs mütənasib idi və nəticədə tərcümələr də şikəst halda ortaya çıxdı. Məhz bu baxımdan düşünürəm ki, Nizami fars dilini bilən mütəxəssislər tərəfindən yenidən  dilimizə tərcümə olunmalıdır. Bu işi görənlərdən biri də Mircəlal Zəkiyev idi. O, Nizamini farscadan tərcümə edirdi. “Sirlər xəzinəsi”ni tərcümə edib, hətta kitab halında da nə vaxtsa çap olunub. Nizami bu əsəri səri bəhrində yazıb, Mircəlal o bəhri qorumaqla mənanı da saxlamağa çalışıb. Süleyman Rüstəmin tərcüməsi ilə onun tərcüməsini tutuşdurun, görün nə qədər fərq var. Təəssüf ki, o da bu yaxınlarda dünyasını dəyişdi. Onunla uzun illər ünsiyyətimiz olmuşdu, son dərəcə zəngin kitabxanası, arxivi vardı. Ərəb-fars dillərini əla bilirdi. Şərq ədəbiyyatını orijinalda oxuyurdu. Nizamini, Füzulini mənə sevdirən alimlərdən biri də o idi. Nizamini orijinalda oxuyub xırdalıqlarına qədər şərh edirdi. Hərtərəfli biliyə malik bir insan idi, sözün əsl mənasında fədai idi bu adam. Ömrünü bu işə sərf etmişdi. Yeni nəşrlərdə onun tərcümələrindən də istifadə etmək olar. Heyif, çox heyif ki, qədri-qiyməti bilinmədi bu adamın. 
-Nizamiylə bağlı tədqiqatlar yetərincədirmi?
-Nizamişünaslıqla bağlı Həmid Araslının, Nüşabə Araslının, Azadə Rüstəmzadənin, Tağı Xalisbəylinin elmi tədqiqat əsərləri var. Hər biri Nizamini fərqli istiqamətdə araşdırıb, amma bütün hallarda bu tədqiqat əsərlərində dövrün, ideologiyanın basqıları, təsiri hiss olunur. Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri Nizamini bütün yönləriylə göstərən dəyərli və qiymətli bir mənbədir. Nizamini öyrənmək istəyən adam mütləq o kitabı oxumalıdır. Tanınmış Nizamişünaslardan biri də rəhmətlik Əhmədağa Əhmədov idi ki, “Nizami-elmşünas” əsəri son dərəcə qiymətli tədqiqat əsəridir. Çox təəssüf ki, bu kitab geniş elmi ictimaiyyətə o qədər də tanış deyil. Müəllif bu kitabda Nizaminin elmi fikirlərini təsnifatlandırır, Nizamini səmaşünas, aləmşünas, musiqişünas, ulduzşünas, təbiətşünas kimi şərh edir. Bu kitabın da təkrar nəşrinə ehtiyac var. Bundan başqa, Nizaminin dünya ədəbiyyatına təsiri geniş tədqiq olunmalıdır. Məsələn, Bokkaçio “Dekameron” əsərində Nizaminin “Yeddi gözəl” poemasından istifadə edib. “Dekameron”da da yeddi köşkdə yeddi gözəl Ametoya eşq nağılları danışır. Ameto da Bəhram Gur kimi ovçuluğa meyllidir. Bu kimi faktlar yetərincədir, bunlar araşdırılmalıdır. Bu günün özündə də dünya ədəbiyyatında Nizamidən bəhrələnmələr var. Orxan Pamuk “Mənim adım qırmızı” romanında “Xosrov və Şirin”dən ustalıqla bəhrələnib. Bu nüanslar ciddi elmi araşdırma mövzusudur.
-Hələ də bəzi iranşünaslar Nizamini fars şairi olaraq təqdim edirlər. Sizcə, biz niyə Nizamini Azərbaycan şairi kimi dünyaya təqdim edə bilməmişik?
-Mən vaxtilə bu barədə geniş bir yazı yazmışdım. Səhv etmirəmsə, “Ədalət” qəzetində çap olunmuşdu. Ədəbiyyat İnstitutundan zəng vurub təşəkkür etmişdilər. Nizaminin Azərbaycan şairi olmasını sübut etməyə ehtiyac yoxdur. Şair özü “Yeddi gözəl” əsərində “torkiyəm ra dər in Həbəş nə xərənd” deyərək öz etnik mənsubiyyətinə işarə vurur. Mənası budur ki, mənim türklüyümü bu Həbəşdə qəbul edən yoxdur.Digər poemalarında da dönə-dönə özünün türk olmasını qeyd edir. Bu günlərdə dünyasını dəyişən dəyərli sənətşünas, türkoloq Ənvər Börüsoy araşdırmalarından birində yazmışdı ki, bəzi alimlər yanlış olaraq Nizaminin kürd kimi qələmə verirlər. Bu, xırda bir yanlışın nəticəsidir. “Xosrov və Şirin”də Nizami yazır:
Bu ikdiş Nizami qərib haldadır,
Yarı sirkə dadır, yarı bal dadır.
İkdiş – metis deməkdir. Guya bununla Nizami anasının kürd (sirkə), atasının azərbaycanlı (bal) olduğunu bildirir. Halbuki “ikdiş” deyəndə şair zahidliyini və şairliyini nəzərdə tutur. Bu ikdişlik bal və sirkə, gül və tikan ikdişliyidir. Nizamişünas Xəlil Yusifli bu beytin düzgün izahını verib. Nizaminin Azərbaycan şairi olmasını danmaq göydə Günəşi danmaq kimi bir şeydir. Hətta onu tacik şairi kimi də təqdim edənlər var. Belə halların olması təbiidir. Bütün böyük şairlər mənsub olduğu xalqla birgə həm də bəşəriyyətə məxsusdurlar. Biz Nizami ilə bağlı çox işlər görməliyik. Nizaminin adına layiq çoxseriyalı bədii film çəkilməlidir, tamaşalar hazırlanmalıdır. Televiziyada Nizami ilə bağlı ciddi verilişlər hazırlanmalıdır. Yüksək qonorar müqabilində hansısa yazıçımıza Nizamiylə bağlı bədii roman yaxud dram əsəri sifariş oluna bilər. Bədii düşüncəmizdə Nizami konsepsiyası daha geniş miqyasda oturuşmalıdır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)