Nemət Mətin - Mirvari və dünya ilə mübarizə
Təqdimat
Nemət Mətin - Mirvari və dünya ilə mübarizə
Amerika yazıçıları arasında altıncı dəfə Nobel mükafatı qazanan yazıçı Con Steynbek idi. 27 əsər müəllifi olan Conun əsərlərinin bir neçəsinə film çəkilib. Ədəbiyyat vurğunu Steynbeki Azərbaycan oxucuları “Qəzəb salxımları” və “Siçanlar və adamlar” əsərləri ilə tanıyır. Nobel nitqində yazıçı deyir:
“Ədəbiyyat boş kilsələrdəki moizələrlə, sönük və zəif tənqidi ruhaniliklə intişar etmir – o, eyni zamanda, monastra sürgün edilmiş, seçilmiş insanlar və ac, ümidsiz lovğa dilənçilər üçün olan bir oyun deyil.
Ədəbiyyat nitq qədər qədimdir. İnsanlar ona ehtiyac duyduğu üçün ədəbiyyat yaranıb və bu dəyişməyib, sadəcə ədəbiyyata olan tələbat artıb.”
Steynbek əsl qələm həvəskarıymış. Yazı yazanda yanına mütləq 24 qələm qoyan yazıçı məşhur “Blackwing” qələmlərini sevirmiş. “Mongol 480” qələmini xüsusi yerdə saxlayırmış. Steynbek “Cənnətin şərqi” romanını yazanda 300, “Qəzəb salğımları”nı isə 60 qələmlə bitirib.
Con bir yazısında qeyd edir :
“Mən hesab edirəm ki, insanın mükəmməliyinə şövqlə inanmayan bir yazıçının nə yazısı ola bilər, nə də o, ədəbiyyat nümayəndəsi ola bilər.”
Ona görə Con insanlara inanır, onları əsərlərində geniş açılmış qolları ilə qucaqlayır. Lenni kimi kobud olsa da, ürəyi kövrək yazıçıdır. Hər əsəri bir inci içində mirvarini xatırladır.
C. Steynbeykin yazdıqları romanlar içində ən sevdiyim əsəri “Mirvari” adlanır. Kitab mənə güc, motivasiya verməklə yanaşı həm də həssaslaşmağıma yardımçı oldu. Hətta əsər məni kövrəltdi. C. Steynbek “Mirvari” əsərini Meksika nağıllarından ilhamlanaraq qələmə alıb. Əsərdə çoxlu sətiraltı mesajlar və xırda epizodlarla böyük fikirlərin təhlili yer alıb.
Roman haqqında qısaca məlumat vermək istəyirəm. Kino (vurğu i hərifinə düşür) adlı kişi, Yuana (həyat yoldaşı) və heç nədən xəbərsiz körpə uşaqları Koyotito ilə kasıb, sakit bir həyat sürürlər. Bir gün körpə uşağı əqrəb sancır. Anası Koyotitonun çiynindəki zəhəri sovurub çıxarsa da nə isə olacağından qorxub şəhərdəki həkimin yanına gedirlər. Həkim pulsuz insanları qəbul etməyərək aradan çıxır. Kino və ailəsi kor-peşman qamışdan düzəldilmiş komalarına dönürlər. Kişi daha belə yaşamağa tab gətirməyərək, sevimli qayığı ilə Mirvari axtarışı üçün okeana üz tutur. Yuana da onunla gedir. Tezliklə möcüzə baş verir. Şans onların üzünə gülür. İnsanların gördüyü ən böyük mirvarini tapırlar. Yeni həyatları haqqında xeyli xəyallar quran ər və arvad hədsiz dərəcədə sevinirlər. Kino yumru, iri, parıldayan mirvariyə baxıb içində hər zaman arzuladığı üç şeyin gerçək olduğunu görür. Yoldaşı ilə kilsədə nikah mərasimləri birinci arzusu olur. Özü bahalı kostyumda, yoldaşı ağ gəlinlikdə keşiş qarşısında dayanıblar. İkinci arzusu özünə tüfəng almaq olur. Üçüncü arzusu isə oğlunu oxutdurmaq idi. Kino düşünürdü:
“ –Mənim oğlum kitabları vərəqləyib oxuyacaq, yazacaq bütün yazıları başa düşəcək. Oğlum rəqəmləri öyrənəcək, biz azad insanlar olacağıq. Ona görə ki, o hər şeyi biləcək, bizi də başa salacaq.”
Lakin sən saydığı say, gör fələk nə sayır. Kinonun başını qara buludlar alır. Mirvarini satmağa çalışsa da satmır. Mirvari alıcıları onu aldatmağa çalışdıqları üçün Kino əsəbləşərək geri dönür. Öz sakit, kasıb evinə. Onu və ailəsini orada da dinc buraxmırlar. Pulsuz müayinə aparmayan həkimdən tutmuş keşişə kimi hər kəs evinə qonaq gəlir. Ondan pul qoparmağa çalışırlar. Hətta kimliyi bəlli olmayan insanlar mirvarini oğurlamağa çalışırlar. Bundan sonrasını danışmayacağam. Oxucunu nigaran saxlamalı olacağam.
İndi isə mənə təsir edən məqamlar barəsində danışmaq, daha doğrusu yazmaq istəyirəm. Kino çox inadkar insan idi. Yolundan dönməyən biri idi. Ona mirvarini heç-puça satmağı demək olar hamı tövsiyə edir. O isə sözündən dönmür. Əsərin bir yerində Steynbek yazır:
“Arzusunu yerinə yetirməyə mane ola biləcək bütün sədləri dağıdıb, bütün qəsdlərə qarşı çıxmağa və niyyətinə çatmağa hazır idi. Bütün dünya yığılsa da, onu geri döndərə bilməzdi. Kinonun gözləri təhlükəni əvvəldən görər, ürəyi duyardı.”
Kinonu yoldaşı Yuana dilə tutmağa çalışanda növbəti dəfə inadkarlıq edib komadan çölə çıxır. Qumluğda oturub düşünmək istəyən an sıra ilə yuvalarına yem daşıyan qarışqaları görür. Bir ayağını qarışqaların cızdığı marşrut üzərinə qoyur. Yolu kəsən Kino qarışqaların reaksiyasını öyrənmək istəyirdi. Onlar isə yollarını dəyişmədilər. Kinonun ayaqqabısına çıxıb yenidən yollarına davam etdilər.
Steynbek insan xarakterini, psixologiyasını dərindən bilən yazıçıdır. Kasıb insanın varlanmaq arzusu və qarşısına çıxacaq çətinlikləri nəzərə almadan xəyallar qurmasını çox gözəl təsvir və izah edir. Uğursuz insanların birdən-birə bir insanın uğur qazanması narahat edir.
Steynbekin bədii təsvirləri, təbiəti duyması əsərə xüsusi ahəng qatır. Romanı bu xüsusiyyətinə görə iki günə bitirdim. Axıcı və asan dildə yazılması oxucunu yormur. Yazıçının hadisədən hadisəyə keçidi ustalıq tələb edir. Steynbekin “Mirvari” əsərindəki Kino və Yuana obrazları oxucu üçün örnək olacaq xüsusiyyətlərlə zəngindirlər. Yuana çətinlikdə yoldaşını atmır. Onunla bir addımlayır. Ayağları qan içində olsa da ərinin yanından uzaqlaşmır. Bir mahnıda deyildiyi kimi:
Bükülməsin dizimiz,
Gedək üzü küləyə.
Kino isə sona dək göstərdiyi əzmkarlığa görə, inadkarlıq edib sözündən dönməməyə görə alqışlanacaq obrazdır. Bizim yerli ədəbiyyatda belə nümunələr çox azdır. Qəhrəman, güclü, yenilməz, diribaş, iradəli obrazlarımız çatmır. Əyyaş, fırıldağçı, ikiüzlü, bomj kimi obrazlar da lazımdı. Lakin oxucu özünü müsbət obraza bənzətmək istəyir. Dünyanın ən əzazil adamı da müəyyən mənada özünü yaxşı insan sayır...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Vladimir Nabokov Dostoyevski haqqında