Edebiyyat.az » Təqdimat » Yaşar Bünyadın yaradıcılığı ilə tanışlıq.

Yaşar Bünyadın yaradıcılığı ilə tanışlıq.

Yaşar Bünyadın yaradıcılığı ilə tanışlıq.
Təqdimat
nemət
Müəllif:
21:42, 06 iyul 2019
1 725
1
Yaşar Bünyadın yaradıcılığı ilə tanışlıq.




Yaşar Bünyadın hekayələr toplusunu oxudum. Yazıçının qələmi ilə ilk tanışlığım idi. Üslubu, tərzi, söz bazası, cümlələrlə oynaması yerində idi. Əsas məsələ ideyadır. Yəni yazıçının fikri varsa, mətn zəif olsa da, uzunömürlü, həmişəyaşar olur. Amma Yaşar Bünyadın hekayələri həm fikir baxımından, həm də yazılış cəhətdən maraqlı idi. Axıcılıq olsa da, fikirlərin ağırlığı oxucunu tısbağa sürəti ilə oxumağa sövq edir. Miqrant hekayəsi xüsusən mənim ağlım kəsmədiyi dövrü əhatə etdiyi üçün daha çox marağımı çəkdi. Azərbaycanlıların Rusiya bazarlarında döyülməsi, alçaldılması, irqi ayrıseçkiliyin qurbanı olması önə çəkilib. Həmyerlilərimizin ağır günləri, soyuq hava, min bir əziyyət ətraflı göstərilib. Hadisələr eyni yerdə baş vermir. Yazıçı bir neçə dövrü əhatə edərək oxucunu yormağa qoymur. Ancaq insanlığın da var olduğunu gizlətmir. Qoca babulyanın və onun ərinin azərbaycanlıya kömək etməsi təsirli idi... 


Kitabda “Quşlar qayıtdısa” adlı hekayə də var. Baş obraz çoxlarının köçdüyü kənddə tanış insanı basdırmağını, tənhalığı, ölmüş insanla söhbətləri ustad yazıçı kimi göstərməyi bacarıb. Qaranquşla sərçənin fərqi fəlsəfi cəhətdən işlənib. Qaranquşlar isti aylarda çıxıb getsələr də, sərçələr sadiq quşlar sinfinə aid olunur. Hətta tanışını basdıranda sərçələr axışıb gəlirlər. Hekayədən bir hissəni göstərmək istərdim:

Ağaclar boy atdıqları kimi təmkinlə “köçdü” – qarış-qarış, budaq-budaq, qol-qol... Adamlar isə bircə günün içində... Adamlar ağacları iri-diri mişarladı, dəhrələdi, qəlpə-qəlpə tikələyib sobalara, təndirlərə basdılar, yandırıb külünü yelə verdilər, öldürdülər – özləri ölməsin deyə.

 Zorlanmış qadının sükutuna dair yazılmış hekayədə isə sükut mükəmməl təsvir olunub. Bir vaxtlar kəsilən ağaclar üçün üsyan edən qadın, indi onu zorlayan, tər qoxusu verən ağırçəkili canini öldürməkdən qorxmur. Mistik realizm janrında yazılmış hekayə saymaq olar. Otaqda həm kabus dolaşır, həm də zorlanma baş verir...

 İt haqqında iki hekayə isə mənə Dostoyevskinin yaratdığı it obrazının daha ürəyiaçıq versiyası kimi gəldi. Birinci hekayədə küçədə qalmış iti evə gətirən baş obraz sonradan itin lal olduğunu öyrənir. İtə yaxşı qulluq edir. İt öz görünüşü ilə hamını qorxudur. Amma hürmürki hürmür. Təkcə sonda sahibi öləndə canavar kimi ulayır. İkinci hekayə isə itin dilindən verilib. Sahibi ölən it başqa sahib axtarır. Sonda hürür insanları əsəbəşdirir. Hürməmək bir dərddirsə, hürmək başqa bir dərddir...

Hekayələr içində ən bəyəndiyim hekayə isə uşağın dilindən ata oğul problemlərinə toxunan hekayə oldu. Həqiqətən bir çox ailələrdə ata ilə oğul arasında böyük uçurum var. Uşaq atasının yeni aldığı moskviç markalı avtomobili ilə şəhərə gedir. Atasının 5 dəqiqəyə gəlirəm deyib qapıları bağlaması və qadınla əylənməyə getdiyi üçün uşaq sıxılır. Sidik kisəsi dolduğu üçün bir yol axtarsa da, tapmır. İsti su təzə alınmış maşını çirkləndirdiyi üçün atası ona fərsiz deyir. 5 dəqiqə dözə bilmədin cümləsi isə dartılmış kamandan atılmış ox kimi uşağa dəyir. Uşaq böyüyüb ailə sahibi olur. Öz oğlu ilə eyni situasiyaya düşəndə atası yadına düşür. Bu dəfə ata oğlunu acılamır. Əksinə ona yalan danışmaqla kölnünü alır. Özü də belə etdiyini və atasının ona ürək-dirək verməyindən danışır. Bəzən yalan xilas yoludur... 


 Bütün redaktə səhvlərinə baxmayaraq Yaşar Bünyad yazıçı kimi oxucuya böyük mesajlar ötürür. Olmalıdır. Yazıçı redaktor olmaya bilər. Vacib deyil. Təəssüf ki, Azərbaycanda belə yazıçılar kölgədə qalır. Şou göstərə bilməyən yaşlı nəslin nümayəndələri sadəcə yazırlar. Əsl oxucu isə incini okeandan tapmağa qadir olmalıdır. Xoş mütaliələr...


Hazırladı: Nemət Mətin
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)