Edebiyyat.az » Ədəbi tənqid » Misir Məmmədli - "Atalar və oğullar" haqqında

Misir Məmmədli - "Atalar və oğullar" haqqında

Misir Məmmədli - "Atalar və oğullar" haqqında
Ədəbi tənqid
admin
Müəllif:
13:55, 31 iyul 2020
2 317
0
Misir Məmmədli - "Atalar və oğullar" haqqında





Bu yaxınlarda keçib getməyən uzun bir can sıxıntısının yaratdığı narahatlıq hissiylə İvan Turgenevin “Rudin” ilə “Atalar və oğullar”nı yenidən oxudum. Məlum olduğu kimi, “Rudin” müəllifin ilk qələm sınaqlarından biridir. 1856-cı ildə işıq üzü görmüş romanı Turgenevin peşəkar ədəbi həyatının başlanğıcı hesab etmək olar, eləcə də roman yaradıcılığının ən yaxşı məhsulu. Çünki Rudinin həm həyatı, həm də ölümü daha mənalıdır, əsərdə təsvir edilən Rusiya və baş qəhrəman öz dövrünün reallığına daha yaxındır. Növbəti illərdə Bazarov meydana çıxdı – bu dəfə daha barışmaz xarakter və rus mənəviyyatına daha yad element kimi.

Turgenevin hər iki qəhrəmanı, həmin dövr rus ədəbiyyatından oxuduğumuz xarakerlərdən fərqli olaraq, Rudin və Bazarov, ədəbiyyatda, bəlkə də elə adi həyatın özündə o vaxta qədər görünməyən yeni tip insanlardır. Bu “hirsli” və qəribə, bir yandan da gərəksiz adamların vaxtı yetişmişdi; Turgenev ənənəvi ilə yeninin qarşılaşmasından, həmişə olduğu kimi, nəsə qeyri-adi bir şeyin doğulduğunu hiss edərək, “yeni insanlar görürdüm, amma necə hərəkət edəcəklərini, onlardan nə gözləniləcəyini bilmirdim. Ya susacaq, ya da nə bilirdimsə yazacaqdım. İkincisini seçdim” – yazırdı.  Düzdür, Turgenevin özü də yaratdığı Bazarovun ölçüyə gəlməyən nihilist gücü qarşısında başını itirmiş və sanki bu, onu çox mənasız şəkildə öldürməsinə haqq qazandırmışdı, buna baxmayaraq, 150 ili ötən həyatı ərzində Bazarov nəsillərarası qarşıdurmada haqqında çox danışılan mühüm “avara” olmuşdur.

Əlbəttə, söhbət Bazarovdan gedirsə, bu həm də 19-cu əsrdən danışmaq deməkdir. Turgenevin gördüyü və ədəbiyyata gətirdiyi “yeni insanlar” nəyin xəbərçisi idi? Dövrə nəzər yetirdikdə görürük ki, Avropada 19-cu əsrin sürətli sənayeləşməsinə paralel olaraq, həyatın bütün sahələrində ənənə ilə yenilik arasında özünü göstərən kəskin qarşıdurma vəziyyəti vardı. Bu vəziyyət qeyri-müəyyən və qarışıq ictimai narahatlıq duyğusu – necə ki köhnə ilə yenin qarşılaşmasında bu, hər zaman qaçılmaz bir prosesdir – yaratmışdı. Yeni sənaye cəmiyyəti və onun yaratdığı ictimai formalar böyük dəyişikliklər bumunun arasında anlaqsız vəziyyətdə qalan fərdin hissi olaraq bağlı olduğu hər şeyi, eləcə də mənəvi dünyasını amansızlıqla dağıdırdı.  Modern dünya heç nəyin daimi olmadığı, yeninin arzulanaraq köhnə olanın rədd edildiyi bir formanı təmsil edirdi. İnsanın köhnədən sahib olduğu hər şeyi təhdid edir, mənasızlaşdırırdı. Bu, rasional, tərəqqiyə yönəlmiş dəyərlərin bütün insani hiss və duyğuları yox sayaraq imtiyaz qazanması idi ki, fəlsəfə, sosiologiya, incəsənət və ədəbiyyatın hər biri öz prespektivindən bu yeni vəziyyətə münasibət göstərməyə başlamışdı.

Sənayeləşmənin çox sürətli şəkildə özüylə birgə gətirdiyi modern cəmiyyət idealı qoca qitə ilə üzvi şəkildə bağlı olan Rusiyadakı ictimai-siyasi həyata da ciddi formada təsir göstərirdi. Turgenevin süst təhkiyəsinə baxmayaraq, biz bəhs etdiyimiz ictimai narahatlıq duyğusunu 50-60-cı illərin yarı-təhkimli və ənənəvi Rusiyasında görə bilirik. 19-cu əsrin ortalarındakı Rusiya ictimai həyatı içində yerli və kənardan gəlmə hər növdən ideyaların qaynamağa başladığı, lakin altı hələ yaxşı qızdırlmamış böyük qaba bənzəyirdi; çarın öldürülməsi ilə bu qabın altı yaxşıca isindi və ondan yaxın zamanların özünəməxsus hadisəsi olan rus kommunizmi çıxdı.

Sosial-iqtisadi dəyişikliklərin ən əhəmiyyətli tərəflərindən biri də (yeni) ictimai reallığa incəsənətin və ədəbiyyatın başlıca sahələrindəki yeni münasibət idi. Artıq hansısa ictimai məna ifadə edən insanı nə ideala olan möhkəm inamı ilə Don Kixot, nə də bəşər övladını aliləşdirərək ilahi məziyyətlərlə bəzəyən Hamlet təmsil edirdi. Bu kontekstdə ədəbiyyatda yeni, sənaye cəmiyyəti reallığına uyğun xarakterlər meydana çıxmışdı ki, Eduard Said 19-cu əsrdə yazılmış üç başlıca əsərə diqqət çəkirdi: “Atalar və oğullar” (İ.Turgenev), “Sentimental təhsil” (Q.Flober), “Sənətçinin gənclik (yaxud gənc adam olaraq) portreti” (C.Coys); “bu romanlarda ictimai reallığın təmsil edilmə forması yeni bir aktorun, modern gənc intellektualın anidən səhnəyə çıxmasından hərtərəfli təsirləndi, hətta müəyyənedici tərzdə dəyişdi”.

***

Bəlkə də Saidin gözündə Bazarovu qiymətli edən əsas cəhət onun klişe, avtoritet və ənənəvi olan nə varsa heç birinin qarşısında əyilməsi, güzəşt tanımayan inkarçı və tənqidi ruhudur; bu cəhəti ilə o, müəllifin “marjinal, sürgün, yad” kimi çiləkeşləşdirdiyi intellektualı üçün, şübhəsiz, yaxşı prototipdir. Bununla belə, məsələyə ənənə ilə yeninin qarşıdurması fonunda baxmasaq, əvəzində bir qədər psixoanalitik kontekstdə baxsaq, Bazarov intellektualdan daha çox özünün nihilist gücü ilə nə edəcəyini bilməyən və mənəvi olaraq böyük bir boşluğun içində əzab çəkən, nəticədə dünyanın absurdu qarşısında başını itirən gənc adamdan başqası deyildir. Lakin məsələnin problemli tərəfi ondadır ki, bu cür düşünmək də onun ramedilməz, izahı mümkünsüz xarakter və dünyagörüşünü hansısa sabit dəyərlərə bağlamağa imkan vermir; Bazarov bu baxımdan nəinki həyata sığmır, hətta bir şəhər əfsanəsini xatırladır. Nə ailəsi, dostlarının çevrəsində daldanaraq, nə də az-çox müdafiə etdiyi dəyərlərə ağız açaraq onu hansısa qəlibə yerləşdirmək, əhliləşdirmək mümkün deyildir. Bazarov, sanki özü özünü yaradıbmış kimi, qəlbinin yerinə daş qoyaraq özünü yaşlı ata və anasından çoxdan qopara bilibdir. Onların göstərdiyi sevgi və şəfqətə qarşı laqeyiddir; instiktiv valideyin sevgisi Bazarovun heçlik duyğusu qarşısında çərasizdir.   

Bazarovun həyatına kino lenti kimi qısa şəkildə nəzər salaq: qəfildən əyalət Rusiyasında meydana çıxır; insanların adət etdiyi həyat tərzlərini, ənənələrini, düşüncə və duyğularını, yaşayış tərzləri və davranış formalarını lağa qoyur; romantizmi rədd edir; cəmiyyətə hakim olan dəyərlərə, əxlaqa qarşı yeni, materialist dəyərləri irəli sürür və onları müdafiə edir; klişelərə hücum çəkir, onları tənqid edir; mövcud olan hər şeyə, eləcə də varlığa və biliyə qarşı inkarçılığı və nihilizmin dağıdıcı gücünü qoyur; aşiq olur; duelə çıxır; müalicə etdiyi bir kəndlidən xəstəliyə yoluxaraq ölür. Budur, hekayə bitdi. Romanın sonuna doğru yaxınlaşdıqca elə bir təəssürat yaranır ki, sanki Turgenev son nəticədə Bazarovla nə edəcəyini bilmir; tez-tələsik, hətta bayağı şəkildə hekayəni sona çatdırmağa çalışır.

Biz qəfildən hiss edirik ki, həkim Bazarovun Kirsanov (əmi) tərəfindən dueldə öldürülməsi daha mənalı olardı, lakin yazıçı buna getmir, çünki bu halda Nihilistin ölümünün (Feniçka ilə yaxınlaşmasına görə) hansısa axmaq bir mənası olacaqdı. Əvəzində, Turgenev onu taleyin ümidinə buraxır, Tanrıya inanmayan Bazarov alnına yazılan ölümü yaşamalı olur –  o, müalicə etdiyi bir kəndlidən xəstəliyə yoluxaraq çox bayağı formada ölür. 

Bazarov nə istəyir? Ailə səadəti, şan-şöhrət, ictimai nüfuz qazanmaq, sevgi, zənginlik, güc, hakimiyyət, varlı-hallı dostlar, valideyn qayğısı? Heç biri. Bunların heç biri onun vecinə də deyildir. Görünür, Turgenevin özü də Bazarovun nə istədiyini bilmir. Bazarov harda rahatlıq tapır, onun vətəni haradır? Odintsovanın yanı, yoxsa Feniçkanın? Sankt-Peterburqun daş prospektləri, yoxsa əyalətin palçıqlı yolları? Yaşlı ata-anasının yanı, yoxsa qurbağa gölməçəsi? Bunların heç biri. Bazarov bu baxımdan Bodlerin yurdsuz-yuvasız sənətçisinin ilk canlı simvolu, modern kosmopolit intellektualın ilk təmsilçisi, eləcə də ədəbiyyatda ilk dünya vətəndaşı, yaxud da ilk ümumdünya sərgərdanıdır.  

Romanda Kirsanovla (əmi) Bazarov arasındakı ikinci, nihilizmin nə demək olduğu aydınlaşan bir qədər uzun mübahisəyə nəzər saldıqda görürük ki, bu dialoq vasitəsilə Bazarovun nihilist konsepsiyasına işıq tutulur. Lakin, qəribədir ki, həm bu mübahisəli dialoqda, həm də romanın ümumi sujet xəttində işlənən nəsillər arasındakı köhnə və yeni konfliktinin ciddi izlərinə baxmayaraq, əsərin əsas qəhrəmanları arasında yaradılan ziddiyyət və qarşıdurma vəziyyəti səhti (ya da süni) təsir bağışlayır, romanın baş mövzusu ilə uyğunlaşmır və fərqli kontekstdə oxuna bilər.

Ata Kirsanovla oğlu Arkadi mahiyyət etibarı ilə və əsasən eyni adamdırlar. Onlar arasında böyük düşüncə ziddiyyəti, dərin ata-oğul, köhnə-yeni konflikt adlandırılacaq vəziyyət, demək olar ki, yoxdur. Arkadinin Şubert çalan və ya Puşkin oxuyan atasına gülüşü Bazarovun həmin vəziyyətdəki kinayəli gülüşünü andırmır. Bu, daha çox mərhəmət gülüşüdür. Ata fikirləşir ki, oğlu təhsil aldığı mühitdə zərərli fikir və təsirlərin altına düşübdür, amma, görünür, ata, bizim romanın lap əvvəlindən ya da onun coşğulu romantikaya qapıldığı andan təxmin etdiyimiz kimi, Arkadinin taleyinin necə olacağını təxmin edə bilir; onun Bazarovu təqlidi və ya müəlliminə pərəstişi (bu, həqiqətən də gözçıxardan bir təqliddir) əsərin sonlarına doğru aydınlaşır. Nabokovun da diqqət çəkdiyi kimi, Arkadinin qarşısıalınmaz gənclik ehtirası təbiilikdən məhrum nihilist məntiqinə qalib gəlir və sonra ata ilə oğlun xoşbəxt ailə portreti bizə təqdim edilir. Romanın ardı yazılsaydı, bəlkə də otuz il sonra rus klassiklərindən birini oxuyan yaşlı Arkadini və ona gülən təhsilli oğlunu görə bilərdik. Lakin bu gülüş nə eqodan, nə eksiztensial ağrıdan, nə də qərəzdən qaynaqlamayacaq, eynilə oğulun ataya mərhəmət gülüşü olacaqdı.

Romanda əsas konflikt xətti Bazarovla Arkadinin əmisi arasındadır. Lakin burdakı konfliktin ölçüsü başqadır. Əmi Kirsanovun Bazarova qarşı hiddətinin başlıca və altşüurdakı səbəbi onun düşüncələrindən daha çox ciddi saymazyanalığı və böyük kultuna hörmətsizliyi ilə əlaqəli təsir bağışlayır. Bəlkə də Bazarov öz düşüncələrini bir qədər mülayim formada açıqlasa və hörmətyana ifadə etsəydi, qarşımızda başqa bir mənzərə açılardı. Yəni Pavelin Bazarova kininin əsasında ictimai motivdən daha çox şəxsi motiv durur. Pavelin Bazarova qarşı müdafiə etdiyi rus ailə dəyərləri, prinsiplər, mental ənənələrin heç birini nə onun keçmişində, nə də indiki yaşayışında görə bilirik. Onun qardaşının gənc qadınına, kəndli qızı Feniçkaya qarşı duyduğu şəhvəti, yəqin ki, çox az oxucu hiss edir; məlum duelin başlıca səbəbi qardaşının ləyaqətini qorumaq deyil, məhz Feniçkaya qarşı duyduğu həmin şəhvət və Bazarova qarşı kinini daha da alovlandıran qısqanclıq hissidir. Romanın sonunda bizə məlum olur ki, Pavel bir daha geri qayıtmamaq şərti ilə Avropaya köçübdür. Olmaya, bu, gəncliyindəki uğursuz sevgi hekayəsinin travmasından hələ də xilas ola bilməyən əmi qardaşının gənc qadınına qarşı öz vəhşətli hisslərini idarə edə bilməməkdən qorxub qaçıbdır?  

Göründüyü kimi, uzun və çətin keçib gedən can sıxıntısı ciddi narahatlıq yarada bilər, bununla belə, bu yazı heç vəclə roman haqqındakı ənənənəvi yanaşma və təhlilləri inkar mahiyyətində deyildir.


Kultura.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)