Edebiyyat.az » Ədəbi tənqid » Vaqif Osmanov - Çağdaş ədəbi gəncliyin düşüncələri.

Vaqif Osmanov - Çağdaş ədəbi gəncliyin düşüncələri.

Vaqif Osmanov - Çağdaş ədəbi gəncliyin düşüncələri.
Ədəbi tənqid
admin
Müəllif:
08:19, 26 aprel 2021
1 309
0
Vaqif Osmanov - Çağdaş ədəbi gəncliyin düşüncələri.



 45-50 il əvvəlki gəncliyin nümayəndəsi kimi etiraf edirəm ki, indiki gənclər bizdən qat-qat məlumatlı, zəngin dünyagörüşlü, cəsarətli, azadfikirlidir. Deyəcəksiniz ki, bu texnoloji tərəqqinin təsirindəndir. Bizim zəif təsəlli yerimizdir. Amma burada başqa nüanslar da var. Ən başlıcası yazarlarda sözə münasibətdir. Sözə sayğı ilə yanaşanlar əvvəllər də mütləq çoxluq təşkil eləməyib, elə indi də. İndiki gənclərin bizdən fərqli olaraq bir neçə şansı artıqdır. Ümdəsi bir neçə əcnəbi dil bilməklərindədir. Kitabı orijinaldan oxumağın ləzzəti bir başqadır.

 Biz kitabla böyüyən nəslin nümayəndələriyik. Mən "Səfillər" romanını 14-15 yaşımda oxumuşam. İndi belə "ağır" əsərləri artıq 9-10 yaşında mütaliə edən uşaqları tanıyıram. Həm də əcnəbi dildə. İndi müxtəlif texnologiyalardan bəhrələnən gənclərin söhbətlərinə heyranlıqla qulaq asırıq. Düzdür, belə söhbətləri istedadlı gənclər, "Sonuncu uçuş" kitabının müəllifi Nemət Mətinin düşüncəsi ilə desək, bir manatlıq çay verilən çayxanalarda mədələrini yuya-yuya edirlər. Təəssüf ki, indiki ədəbi nəslin dərsliyi də, məktəbi də, polemika yeri də belə çay evləridir.

Sözün qısası, istedadlı və sözün qiymətini bilən gənclərdən öyrənməli xeyli  mənəvi dəyərlər var...

Nemət Mətinə görə, "yazmaq cəhənnəm işidir":

"Araşdıranda məlum olur ki, bütün dahi yazıçılar çətin həyat sürüblər. Onlarla eyni dövrdə minlərlə yazıçı olub. Qalaq-qalaq kitablar yazıblar. Lakin unudulub gediblər. Elə indinin özündə də ata hesabına ədəbiyyata sığınanlar, vəzifəyə görə oxunanlar gələcəkdə "olmayacaqlar". Müharibə görmüş yazıçı E.M.Remark, aclığın dadını duymuş K.Hamsun, sürgündə ömrü çürümüş F.Dostoyevski... L.Tolstoy müharibədə iştirak etsə də, yazır ki, Stendalın "Parma monastrı" kitabını oxumasaydım, "Hərb və sülh" əsərinin müharibə epizodlarını dolğun yaza bilməzdim".

Nemətin sualı da düşünməyə məcbur edir: "nə üçün indi o cür (həyat dolu) kitablar yazılmır?" Və cavabı da qeyri-adidir: "çünki repressiya yoxdur. Çətinliyin dərəcəsi azalıb. Rahat həyat tənbəlliyə gətirib çıxarır".

Razısınızmı? Mən qismən razıyam. Daydayılı bəxtəvər "yazar"lar üçün yazmaq "istirahət"ə çevrilib. Belələri yaradıcılıq əzabı nə olduğunu bilmir. Nə yazırsan yaz, və yaxud yazdır, bir telefon zəngi ilə ən "prestijni" dərgidə çap olunacaqsan, mükafat, ödül, təqaüd də alacaqsan. Yox, əgər istedad sahibi daydayısızdırsa, lap şedevr, bestseller yazsın, kimdir onu çap edən?

Bizdə məmur söz adamları yəqin ki, maddi zənginliyinə görə dahi ola bilmirlər. Sokrata, Qandiyə, Diogenə, qul filosof Epiktetə, imperator filosof Avreliyə, "Şikayətnamə" yazan Füzuliyə ironiya ilə gülənlərin beşmətəbəli villalarda beş yaradıcılıq otağı olsa belə şedevr yarada bilməyəcəklər. Çünki şedevr yaratmaq üçün yanar ürək, istedad, zəhmət gərəkdir, bərbəzəkli yazı masası, qızıl qələm, bahalı eynək lazım deyil. Nemət doğru vurğulayır ki, indiki zamanda Sokratlar, Diogenlər, Qandilər, Buddalar yetişmir. 

Qandini ucaldan xalqına, Vətəninə, bəşəriyyətə sevgisi, azadlıq və müstəqillik yanğısıydı. O, bu ağıl, sevgi və yanğıyla hind xalqını uzun əsrlərin əsarətindən xilas etmişdi.

Yazıçı, jurnalist dostumuz Azər Qismətin bir fikri xeyli vaxtdır beynimi məşğul etməkdədir. Azər müəllim deyir ki, mənə desələr müəyyən sərvət müqabilində Meksikaya atom bombası at, heç vaxt razılaşmaram. Markesin Vətəninə bomba atmağı bacarmaram. Azər müəllimin səmimiyyətinə söz ola bilməz.

Bəs bizim elə söz adamımız varmı ki, əqidəsi və sözünün çəkisi ilə Vətənini atom bombasından qorusun?

Nemət Mətinin bəzi cümlələri anlayanlar üçün bir mənəviyyat və mədəniyyət düsturudur. Məsələn:

"Mədəniyyət insanların ürəyinə rahatlıq gətirir.
Bir oyunu rəqibsiz oynamaq maraqsızdır.
Özünü dağın başına çəkən şəxslər yamacdan xəbərsiz olurlar.
Ədəbi proses mübarizlərdən yoğrulduğu kimi, ədəbiyyat da tənqidlə bişir, qidalanır böyüyür.
Yaşamaq, yaşaya bilmək ali mədəniyyətdir. Mədəniyyət yaşaya bilənlərin silahıdır".


Nemət, "yaşamaq, yaşaya bilmək" deyəndə kimisə aşağılayanları, pul əldə etmək üçün pambıqla baş kəsənləri, sərvətinin çoxluğundan villalarda ürək xəstəliyinə düçar olanları, kasıb qonşusuna salam verməyi şəninə sığışdırmayanları, ağasının qarşısında  quyruq bulayıb, işçilərinə quduzcasına hücum edənləri demir. Söhbət ləyaqətli yaşamaqdan gedir.


Nemət Mətinin "Sağlam tənqid, proses, çıxış yolu" yazısındakı italyan pritçası ibrətamizdir, cəmiyyətin reallığıdır. Oğrunun, quldurun, qatilin zindandakı günahsızlar içərisində nə işi var ki? Şah qatili zindandan azad edir ki, rədd ol, bu saf insanların yanında sənin nə işin? Və müəllifin qənaəti:

"Deyilmiş yüz, iki yüz eyni fikrin içində fərqli fikir söylənilirsə, avtomatik olaraq qıcıq yaradır Bəzən xilas yolu burdan başlayır. Hamı yalan danışanda  doğrunu söyləmək şok effekti yaradır".

"Robinzon Kruzo kimsəsiz adada yeri zibilləmir".

Nemət yazır ki, mənfur iy gəlir dediyimiz kapitalist ölkələrindən birində zibilyığma şirkəti zibilliklərə atılan kitablardan şirkət daxilində kitabxana yaradıb. 

Nə qədər ki, biz belə düşüncə sahibi deyilik, mənəvi tərəqqidən söhbət gedə bilməz. Biz kitabları zibilliyə atıb yandırıb, kitabxanaları ləğv edib yerində kimin üçünsə şadlıq və ya mərasim evi, dəbdəbəli villa tikənlərin həmvətənləriyik. Mən də zibilliyə cild-cild kitabların atıldığının şahidiyəm. Təmizlik işçiləri həmin kitabları yandırırdı. Onlardan odun-alovun içindən kitab seçməyimə icazə istəyəndə təəccübləndilər. Yəqin ağlıma şübhə edirdilər. Zibillikdə eşələnib 10-15 kitabı yanğından xilas edib evə aparanda gizlətmişdim ki, bəzi qonşularımın iyrənc gülüşünə tuş gəlməyim. Kitaba ikrahla baxan cəmiyyət kapitalizmin zibilliyində də üfunətlidir. 
 

Gənc yazar B.Brextin bir şeirindən misraları "Kitabları yandırın!" məqaləsinə epiqraf seçib:

Rejim zərərli kitablar yandırılacaq deyə,
əmr edəndə və öküz arabalarına
doldurulan kitablar
yanğın yerinə aparılanda
bir şair dəhşətə gəldi...
...Məni gözdən sala bilməzsiniz,
məgər mən hər zaman gerçəkləri yazmadımmı?
İindi mən necə zərərsiz ola bilərəm.
Nə olar, mənim də kitablarımı yandırın!


İndiki orta və yaşlı nəsillərə dahiləri qalaq-qalaq kitablardan mütaliə etmək xoşbəxtliyi nəsib olmuşdu. Biz PDF-dən oxumadıq, kitabın vərəqlərinin özünəməxsus ətrini duyduq, oradakı hadisələrin içinə vardıq, əlimizdə qələm və qeyd dəftəri ilə kitabdan bəhrələndik. Nemət "ağsaqqalcasına"  yazır ki, "indikilər kitabı PDF formatda oxuyub  göz xəstəliyi qazanır, "smayliklərlə gülür".

Ədəbi mühitin əhvalından "6-7 kitab" yaza bilən Nemət ədəbi şedevrlərin Azərbaycanda yaranmamasının səbəblərini axtarır və "mentalitet" adlı xəstəliyimizin sağalmayacağına əmin olur. Bu xəstəliyə diaqnoz qoyur: "hərkəsləşməkdən qaçmaq".

Nə qədər ki, qələm sahibi "hər kəs" olacaq ədəbi mühitə pəpə yoxdur...

"Bir dəfə xalq yazıçımızın otağına bir nəfər əzilə-əzilə, büzülə-büzülə daxil olur. Yaltaqlıq qulaqlarından qan kimi axır. İt kimi sadiq gözləri ona baxanda gülümsəyir, təriflər yağdırmağa başlayır. Yazıçı bir cümlə deyir, onunla da məsələ həll olur:
- Çıx, yenidən kişi kimi içəri daxil ol".


Nemət düşünür ki, ən əsası yazıçının, şairin mövqeyi, əqidəsi, azad fikri olmalıdır. Bu mənəvi kriteriyalar Nemətdə var.  

O, "hər kəs" olmaqdan qaçan ədəbi gəncliyin ümidverici nümayəndəsidir.  Arzularımızı çin etsin, ümidlərimizi doğrultsun...

26. 04. 2021.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)