Kənan Hacı - Ədəbiyyat və bazar
Ədəbi tənqid
Kənan Hacı - Ədəbiyyat və bazar
Deyə bilərsiniz ki, ədəbiyyat hara, bazar hara? Yaxın oturun, bir az bu mövzunu dartışaq.
Yazıçının rifah halının yaxşılaşması birbaşa kitab industriyasından asılıdır. Populyar sənət sənətkarı bazarın tələblərinə uyğun mətnlər yazmağa vadar edə bilər. Çünki kitab əmtəədir, bazara çıxırsa, bunun alıcısı olmalıdır. Yazıçı isə sənəti kütləyə, kütlə marağına qurban verməməlidir. Bəs, Çernışevski demiş, necə olsun?
Sənətin kapitallaşdığı sənaye cəmiyyətində sənət əsərləri istifadə olunduqdan sonra atılır. Böyük çoxluq kitabı əyləncə sənayesinin bir elementi kimi qavrayır. Halbuki, kitabın əyləncəli tərəfi olduğu kimi, düşündürücü yönü də var. Sürət əsrinin insanı isə düşünməyə vaxt xərcləmək istəmir. Kapitalizmin ən mənfur tərəfi də budur: insana düşünmək üçün vaxt tanımır. Nəticədə insan zombiləşməyə doğru gedir. Axı amorf məxluqlar asan idarə olunur. Məhz buna görə ədəbiyyat bütün zamanlarda arzuolunmaz sahə olub.
Həyat kütləviləşdikcə sənət əsərlərinin estetik dəyərini kütlənin zövqü müəyyənləşdirir. Biz hansı cəmiyyətdə yaşamağımızın fərqində deyilik. Ona görə də müasir nəsrimizdə hələ də 60-cıların təhkiyə tərzi imitasiya olunur. Biz modern bir tərəfə qalsın, postmodern mərhələyə də 30 il gec qalmış nəsilik. Qapalı bir ölkədə yaşamağımız dünya nəsrində, poeziyasında gedən proseslərdən uzaq saldı. Realist və partiyalı nəsrin hakimiyyəti nə az, nə çox, 70 il sürdü. Əlbəttə, realist nəsr yazmaqda heç bir qəbahət yoxdur, realist nəsrin yalana xidmət etməsi isə ədəbiyyata xəyanətdir. Nə yazıqlar ki, postsovet dönəminin əksər qələm adamları xəyanət yolunu seçdi. Birüzlü, birqatlı, asan oxunan və tez də unudulan makulatura yığını – boz ədəbiyyat ictimai formasiya dəyişdikdən sonra dəyərini itirdi. Həmin kitabların müəllifləri çoxdan unudulub, yazdıqları da zamanın toz-dumanında itib.
Bir əsrə yaxın müddətdə biz dünyada gedən bütün ədəbi tendensiyalardan bixəbər olduq. Sovet yazıçılarının 1934-cü ildə keçirilən birinci qurultayının nizamnaməsində belə yazılıb: “Sosialist realizmi sovet bədii ədəbiyyatının və ədəbi tənqidinin əsas metodudur”. Bu “ədəbi tənqid” ədəbi çuğulluq sənətinə çevrildi. Başkəsən tənqidçilər yetişdirildi. 37-ci il repressiyasını məhz bu cür “tənqidçilər”in əliylə həyata keçirdilər. Yazıçılar bir-birilərindən donoslar yazırdılar və bu rəzalət bir neçə il davam etdi. Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni, Əhməd Cavadı, Tağı Şahbazi Simurğu bu adamların əliylə gedərgəlməzə yola saldılar. Bu qəlbgöynədən, insanlığın üz qarasına çevrilmiş faciələr məhz ədəbi çinovniklərin əliylə həyata keçirilirdi. Bütün sovet respublikaları bu repressiyadan nəsibini almışdı. Marina Svetayevanın, Osip Mandelştamın, Nikolay Qumilyovun, Andrey Platonovun, İsaak Babelin faciəli həyatları buna sübutdur. Bulqakovun – “Master və Marqarita”nı yazmış bir yazıçının başına açılan oyunları oxuyanda adam dəhşətə gəlir.
Konyukturaya xidmət edən boz romanlar yazıldı, kənddən və kolxozdan yaza-yaza lokal və qısır düşüncə girdabında boğulub qaldıq. 60-cı illərin mülayimləşməsi ədəbiyyat üçün bir nəfəslik açdı və o nəfəslikdən ölkəyə “samizdat” nəşrlər sızdı. Azad düşüncənin yelləri bütün sovet məkanında əsməyə başladı. Azərbaycanda İsa Hüseynovun povestləri, Sabir Əhmədlinin romanları, Çingiz Hüseynovun povest və romanları yeni ədəbi, ictimai paradiqmaları müəyyən etdi. Azərbaycanın müstəqilliyə qovuşmasında bu əsərlər böyük rol oynadı. Bu haqda çox yazılıb, çox deyilib, məlum həqiqətlərdir. Amma nə üçün Çingiz Aytmatov dünyaya çıxa bildi, İsa Hüseynov yox? Axı sənətkarlıq baxımından İsa Hüseynov heç də Çingiz Aytmatovdan geri qalmırdı, hətta ondan üstün tərəfləri daha çox idi. Bunun subyektiv səbəbləri ola bilər, amma obyektiv səbəblər daha əsaslıdır. Aytmatov əsərlərini rus dilində yazırdı, onun imkanları İsa Hüseynovdan daha geniş idi. O, Moskvaya daha yaxın idi. İsa Hüseynov isə daha çox introvert həyat tərzi yaşayan bir insan idi. O, “İdeal” əsəriylə yaradıcılığını tamamilə başqa istiqamətə yönəltdi və sanki özü könüllü şəkildə oxucularının sayını məhdudlaşdırdı. Aytmatov yaradıcılığında üstüörtülü şəkildə siyasi rejimi
Sonra dünyaya çıxmaq çabaları və bu müşkül əndişə ətrafında vurnuxmalar dövrü başladı... Əyləncə sektoruna hesablanan yüngül romanlar yenə at oynadır. Bəzən də çox hörmətli tənqidçilərimiz nəyinsə xatirinə bir “zərbəlik” canı olan bu mətnləri bədii dəyərə mindirməyə cəhd edirlər. Bu, tamamilə ayrı bir dərddir.
Dünya ədəbiyyatında metamodernizm anlayışı meydana gəlir. Postindustrial fərdin iç dünyasına xitab edən, onun yaşam ritmi ilə harmoniyada olan, ekstravaqant mətnlər ortaya çıxır. Bütün dünyada sanki bir ənənəyə, köklərə qayıdış prosesi gedir. Ənənədən və klassikadan yaradıcı şəkildə bəhrələnib yeni mətn ortaya qoymaq, ədəbi əcdadlarımızın irsindən şirə çəkərək yeni çiçəklər bitirmək gərəkir. Amma nədənsə çox vaxt bünövrəsiz mətnlərlə üzləşirik. Dostum Qismətin təbirincə desək, biz forma və üslub eksperimentallığı baxımından cəsarətsizik. İstisnalar yox deyil, amma ümumi mənzərə o qədər də ürəkaçan deyil.
Məsələn, bu günkü nəsrimizdə çox az sayda imzalar var ki, onları ürəklə dünyaya təqdim etmək olar. Məqsəd Nurun, Şərif Ağayarın, Mübariz Örənin, lap gənclərdən Sərdar Aminin, Orxan Həsəninin, Nemət Mətinin, Elvin Rizvangilin hekayələri yeni nəsr paradiqmasının yaranmasında təkanverici rol oynayır. Bu mətnlərdə ədəbiyyatın yeniləşməsi baş verir, yeni tərz, yeni yanaşma təqdim olunur. Bu yaxınlarda Məlik Rza adlı bir gəncin hekayəsi rastıma çıxdı, oxudum, ləzzət elədi. Hekayə boyu metaforalardan həddən artıq istifadə etsə də mətni qurmağı, sözlərə rəng qatmağı əladır. Bu qəbil mətnlərin yaranması həm də dil üçün donor rolunu oynayır, dil qabığını dəyişir, təzələnir. Ədəbiyyat bu zəmində inkişaf edə bilər və etməlidir.
Ədəbiyyatın missiyası nədir deyə çox vaxt yaradıcı adamlardan soruşurlar. Məhz ədəbiyyat vasitəsilə insan ruhunun bədənindən daha geniş olduğunu anlayır, dərk edir. Dünyaya ruhun pəncərəsindən baxır və yeni söz doğulur. Ədəbiyyata missiya yükləmək olmaz, belə olanda ədəbiyyat ideologiyanın ruporuna çevrilir. Bunun ən parlaq nümunəsi sovet ədəbiyyatıdır. Ədəbiyyatı direktivlərlə idarə etmək yolverilməzdir. Ədəbiyyat dinamik işarələr sistemidir, sırf individual və estetik bir hadisədir. Bu işarələri anlamaq üçün zövqlü və hazırlıqlı oxucu yetişməlidir. O zaman ciddi ədəbiyyatın da bazarı olacaq.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)