Edebiyyat.az » Proza » Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)

Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)

Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ  (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)
Proza
Necef Esgerzade
Müəllif:
10:42, 04 avqust 2019
3 408
0
“Dünya bir pəncərədir, hər gələn baxar gedər” deyiblər müdriklərimiz. Həm də deyiblər ki, dünya bir tamaşadır. Bu tamaşaya baxdığımız anlarda səhnə arxasında bəlkə də səhnədəkindən qat-qat maraqlı olaylar baş verir. Həssas tamaşaçını bəzən, daha doğrusu, həmişə uğursuz və yorucu dünya tamaşasından daha çox səhnəarxası məqamlar maraqlandırır. Səhnə arxasında baş verənlər bəlkə həyatın özüdür, təbii - ağı ağ, qarası qara, riyasız, boyasız, qrimsiz, butaforsuz?
 Əslində hamımız rejissoruq, aktyoruq, suflyoruq - min bir obrazlı. Ən maraqlı tamaşa isə bəlkə də ədəbi mühitin içərisində baş verənlərdir. Söz Adamlarının özəl həyatı, yaradıcılıq anları bitib tükənməyən səhnələri, mizanları, yozumları olan tragikomediyadır - ağlamalı və gülməli.
 Doğru sözün işığından qorxanların gözlərini qamaşdırıb kor, gur səsi qulaqlarını kar etdiyindən min illərdir haqqı söyləyənlərin ağlına şübhə etmişlər. Müdrik sözün hikmətinə arxa çevirib getdiyimiz çağdaş zamanda heç fikirləşirikmi, görəsən, ədəbiyyat necə nəfəs alır, təngnəfəs deyil ki, sözün oksigeni həqiqət niyə azalır, sözün karbonu yalanın dozası niyə çoxdur, söz nə ilə qidalanır, onun ovqatı necədir?
 Belə nigaran suallarla beynimi məşğul etməyimə səbəb yazıçı, şair, publisist, tərcüməçi Kənan Hacının öz imzasıyla mənə hədiyyə etdiyi “Ədəbiyyatın kulisi” kitabı oldu. Kitabı oxudum demək azdı, susuzluqdan yanan səhra yolçusu vahədən tapdığı bulağın suyunu içən kimi birnəfəsə içdim. Çünki ədəbiyyatın bu günkü ab-havası, qida mənbəyi, gözəllikləri və eybəcərlikləri mənim üçün həmişə maraqlı olub.Kənan Hacı ədəbiyyatımızın mətbəxində bişən yeməklərin menyusunu əzbər bildiyindən, dadına təcrübəli dequstator kimi bələd olduğundan yazıları inandırıcıdır, ədəbi mühitin hər anının uğurlu traktovkasını (yozum), rakursunu (görüm nöqtəsi) sözün rejissoru kimi düzgün yoza bilir.
 “Ədəbiyyatın kulisi”ndəkilər Kulis.az saytı üçün müxtəlif vaxtlarda yazılmış söz sənətinin rəngbərəng çalarlarını əks etdirən publisistik düşüncələr toplusudur. Həcmcə yığcam, fikir yükünə görə böyük yazıları oxuyub qurtaranda təəssüfləndim, bilirsiniz nə üçün? Mənəvi acları heç vaxt doydurmaq olmur axı, müdrik sözün adi olmayan tamını daddıqca daha tez acırlar. Elə mənim kimi...
 Bu sənədli ədəbi nümunələrin qəhrəmanları da məlumdur, zamanı da, məkanı da - yan-yörəmizdəki adi və qeyri-adi Söz Adamlarıdır, müsbət və mənfi ədəb-ərkanı, mədəniyyəti ilə tanıdığımız və tanımadığımız qələm sahibləridir.
 “Ədəbiyyatın kulisi”ndəki məqamları hissə-hissə çözməyə çalışacağam. Ola bilsin ki, hisslərə qapıldığım, duyğulandığım anlar olar. Bunları həssas oxucunun subyektiv fikri kimi qəbul etməyinizi xahiş edirəm.
 
YAZIÇILAR BİRLİYİNİN “QURU BƏYLƏR”İ
 
 Azərbaycan ədəbiyyatının hər dövrdə zamanın ələyindən düşməyən nəhəng korifeyləri olub və olacaq. O nəhənglər dəyərli sözün, ağıllı fikrin təməlini elə qoyublar ki, min-min illərin acı rüzgarları onların ucaltdığı Söz qalasından bir çınqıl da qoparda bilməmişdir. Kənan Hacı çağdaş Əbdürrəhim bəy Haqverdiyev kimi (müqayisəmə dodaq büzənləri qınamıram) Yazıçılar Birliyinin bufetindəki “ac həriflər”dən yazanda Əbdürrəhim bəydən heç də geri qalmır, indiki “quru bəylər” yüz il əvvəlki “ac həriflər”in başında qoz sındırar. İndikilər də yeyib-içib doyandan sonra müxtəlif hiylələrlə aradan “sürüşür”, bir “yazıq” da hesabı ödəməli olur, rəhmətlik Əlislam Bilal kimi. Hətta nisyənin yeni formalarını yaradan yazar “ixtiraçı”lar da peyda olub. Yüz il əvvəlki “ac həriflər” bu qədər “istedad”lı deyildi.
 Cibi dolu olanda beyni boş olanların söz yadına düşməzmiş. Elə ki, ciblərində siçanlar bir şey tapmayanda şikayət edə-edə zamanı qamçılayanlar “Şikayətnamə”lər yazmağa başlayırlar. Ulu babamız Füzulini də bəyənmirlər bu söz dəllalları. Onların cızma-qarasını “şedevr” kimi qiymətləndirənlər də yağışdan sonrakı göbələklər kimi çoxalır. Bu saxta tərifin “mükafat”ı sabahkı kabab qonaqlığı da ola bilər, yazar qapı-qapı gəzib “şef”lərdən “qonorar” qoparda bilsə. Yüz il qabaq da belə idimi?..
 
BU DA ISTEDADDIRMI?
 
 Təəssüf ki, təkcə Yazıçılar Birliyinin, “Azərbaycan” nəşriyyatının bufetlərində yox, Bakının bir çox çayxana və kafelərində Hacı Qaraların, Kəbirlinskilərin, Qurbanəli bəylərin, hətta Kefli İsgəndərlərin prototipləri daimi məskən salıb qapıdan içəri girən əliaçıq, üzüyumşaq “hərif”lər gözləyirlər. Tanınmışlardan birinin piti qonaqlığı əldə etmək üçün “artist”lik etməsinə bəlkə də haqq qazandırmaq olar. Bu indiki zamanda adi hala çevrilib. Daha acınacaqlı burasıdır ki, qartımış yaşında əlində “süddən kəsilən” “Kirimək bilməyən sevgi”sini (kitabının adı) 3-5 kiloluq kitaba sığışdıra bilməyən “dörd arvaddan iki bala alan arıq-uruq şair”in bulvara qız ovuna çıxmasına nə deyəsən?! “Ürək döyüntüləri”ni(poemasını) “Könül ərmağanı”na (qəzetin adına bax) büküb bulvarda yoldan keçənə hədiyyə edən “dana kimi gözünü döyən sütül şair”ə - yazıçının dili ilə desəm, “əbləh”ə haqq qazandırdım ürəyimdə. “Belə “istedadlı” “ac həriflər” teatrlarımızda təlxək obrazını xalq artistindən də yaxşı oynaya bilər və oynayırlar. Amma bu “istedad”ın Allah südünü, suyunu kəssin. Çörəyini demirəm, Allah bilən məsləhətdir. Onsuz da şəxsiyyəti ilə sözü tərs mütənasib olanların, mənəviyyatı eroziyaya uğrayanların yazdıqları çox yaşamır, özləri ilə bərabər zamanın uçurumundan başıaşağı elə yuvarlanırlar ki, heç izi-tozu da qalmır.
 
PAŞA MÜƏLLİMİN İKİ MİSRASI
 
 Kənan Hacı müxtəlif insan taleləri ilə tez-tez üz-üzə gələndə artıq təsadüfə inanmır: “ Yaddaşın da zirzəmisi olur... Həyatımızdan ani olaraq keçən təsadüfi adamlar, ömrümüz boyu cəmi bircə dəfə rastlaşdığımız və elə həmin gün də unutduğumuz adamlar o zirzəmidə düşüb qalırlar. Təsadüfi demişkən, mən “həyat təsadüflərdən ibarətdir” tezisinə həmişə şəkk etmişəm. İnsanın həyatında əsas və epizodik rol oynayan, yaxud heç bir təsir buraxmadan eləcə ötüb gedən adamları heç vəchlə təsadüfi adamlar hesab etmək olmaz. Lap elə o “zirzəmiyə düşüb” həmişəlik unudulanlar da mütləq nəyəsə görə sənin həyatının küçəsindən keçməliymiş...”
 Kənan Hacının da yadına “eynəkli və sinni bir kişi – Paşa müəllim” təsadüfən düşməyib. “Burda mütləq zərurət deyilən bir şey var”. “Bir suyu Cəbiş müəllimə bənzəyən 60-65 yaşlı” Paşa müəllimin taleyi Kənan Hacınının beynini rahat buraxmırdı. “Beş qəpiyə” dəyməyən şeirlərini ağzından “horra tökülə-tökülə, fısıldaya-fısıldaya” dil-ədəbiyyat müəlliməsinə - yazıçının anasına söyləyən Paşa müəllimi arvadı rəhmətə gedəndən sonra oğlu evdən qovmuşdu. Qardaşı taleyin ümidinə qalan işıqpulu yığana həyətdə bir otaq vermişdi.
 Talesiz və istedadsız Paşa müəllim ədəbiyyatımızın kulisində səfil dolanan bir insan xarakteridir, belələri Kənan Hacının həssas qəlbindən və qələmindən yan keçə bilməzdi. “Yəqin çoxdan köçünü sürüb bu dünyadan gedən” Paşa müəllimin iki misrasını yazıçı heç vaxt unutmur:
 
Ey keçən qəbrim önündən, gəl eşit fəryadımı, Sən mənə həsrət bağışla, mən sənə övladımı...
 
Bu bir ata fəryadı... Dəhşətdir...

 
ŞEİRİMİZİN NALƏSİ
 
Kənan Hacı “Səfil şairin eksperimental şeirləri” yazısında “tökülmüş əyin-başlı, pırtlaşıq saçlı, qoltuğunda bozarmış qovluq və “it ağzı”ndan çıxmış, çirklənmiş, saralmış, didik-didik olmuş kağızlarla şəhərin küçələrini özüylə danışa-danışa gəzən”, bir sərgərdan, “qəribə” şair Kərim Nalənin acınacaqlı ömür yolundan ürək ağrısı ilı söhbət açır.
 Keçən əsrin 80-ci illərində müxtəlif ədəbi-bədii nəşrlərdə şeirləri çap olunan Kərim Nalə indi çoxlarının ağzı köpüklənə-köpüklənə “bunu mən yaratmışam!” ədasıyla dediyi modern şeirləri o vaxtlar yaratmışdı. Amma bu işini gözə soxmurdu, çayxanalarda öyünmürdü. Yazıçının fikriylə desək, onun eksperiment xarakterli modern şeirlərinə bənzər nümunələrə çox sonralar, yəni bu gün başqalarının - ondan istedadı zəiflərin yaradıcılığında rast gəlirik.
 Kənan Hacı yazır:” Həyatın amansızlığı Kərim Nalənin timsalında zühur edirdi. Bəziləri ona ikrahla, bəziləri ironiya ilə, bəziləri isə rəhmlə baxıb keçirdi. Kərim Nalə bütün bunlara bir gözlə baxırdı; heyrət və təəccüblə, bir az da yuxarıdan aşağı.
 Kərim Nalə sanki şeirin azdırılmış ritmiydi. 90-cı illər poeziyasının qırılmış simiydi o.

 Aradan uzun müddət keçdi. Kərim Nalə daha şəhərin küçələrində görünmürdü. Deyəsən hardasa canını kənardan ona gülüb keçən insanlara bağışlamışdı...”
 Mən də Kənan Hacı kimi fikirləşirəm: “Görəsən niyə özünə Nalə təxəllüsü seçmişdi?” Ona bu təxəllüsü kim seçmişdi? Həyatın amansızlığımı, qara bəxtmi, taleyimi? Bu insafsız kimdirsə, nədirsə, bu təxəllüsü ona pərçim etməklə böyük şair olacaq insanı bədbəxt etmişdi...
 Mən başqa bir Kərim Nalə taleli şair də tanıyırdım - Bəşir Kəsərli. Onun şeirlərinin bədii keyfiyyətlərini yüksək qiymətləndirməsəm də, tale baxımından Kərim Nalə ilə əkiz idi. Kəsərli sözlərlə yazırdı. Təxəllüsü yazdıqlarını az da olsa tamamlayırdı. Zibil qutularından butulka və digər əşyalar toplayıb satmaqla “yaşayan”, zamanın kəmfürsət dolambaclarında itib-batan bir havalı Söz Adamıydı Bəşir Kəsərli. Eynən Kərim Naləydi, nə olsun ki, adı Bəşir, təxəllüsü Kəsərliydi...
 Bəli, Kənan müəllim, unudulur Kərim Nalələr, Bəşir Kəsərlilər... Unudulur...
 
UNUDULMAQ DƏRDİ

 Kənan Hacı “qoca dostu Abdulla Rəfibəylini bəxti gətirməyənlər kateqoriyasına aid etmirdi. Gözəl ailəsi vardı, övladlarını böyüdüb, ali təhsil vermişdi. Di gəl, həyat onunla heç xoş dolanmayıb. O, həyatın üzünə gülümsəsə də həyat bu təbəssümü həmişə görməzliyə vurub. Vaxtilə “Ulduz” jurnalında şeirləri çap olunub, Məmməd İsmayılla, Seyran Səxavətlə dost olub”. Kənan Hacı yazır ki, sonradan “dolanışığı ağırlaşan”, unudulan A.Rəfibəylini şair Kəramət İçərişəhərdə köhnə kasaları satmaq üçün müştəri axtaranda görüb. Kənan Hacı daha sonra yazır: “Kəramət şairi özünün baş redaktoru olduğu “Yeni quruluş” qəzetində işə götürür və beləliklə Abdulla müəllimin canı kasa satmaqdan qurtarır”.
 Abdulla Rəfibəylini “dünyanın gözəl çağlarında” onunla həmpiyalə olan dostları çoxdan unudublar, indi onun gözləri tamam tutulub, evdən çıxa bilmir, amma hər qapı səsinə diksinir - yazır təəssüflə duyğulu Kənan Hacı. “Duyğulu” kəlməsini təsadüfən yazmadım. Həssas, insan taleyinə layeyd olmayan yazıçının Abdulla müəllim haqqında yazdığı hər cümləsindəki kədəri, ürək ağrısını duymamaq mümkün deyildi: “Gecənin bu gec saatlarında beynim ancaq gecələr işləyən fabrik kimi aramsız uğuldayır. Bu uğultunun içində Abdulla müəllimin səsini aydın eşidirəm: “Kənan, məni çox tez unutdular...”
 

VAHİD DAYININ DƏRSİ
 
 Kənan Hacı gəncliyin zirvəsində yaşasa da çox görüb-götürüb, çox müxtəlif xarakterli adamlarla oturub-durub, onlardan yaxşı əməllər də əxz edib, pislərini də. Söz mülkünün sirrlərinə bələd olmağı da, yazıçı məsuliyyətini də, siqaret qullabını da, “araq butılkasının canını almağı “ da. Bunlar ömrün zirvə-dərə mərhələləridir, həyatın acılı-şirinli dərsləridir. Seçim hər kəsin öz əlindədir, yaxşını pisdən ayırmağı - yaxşıya qapıları taybatay açmağı, pisə “əlvida!” deməyi də bacarmalısan. Belə müdrik dərslərdən birini Kənan Hacıya əvvəllər Vahid dayı keçib.
 “Sədərək” yarmarkasındakı “voentorq”da satıcı işləyən, bazarda araba sürüb çörəkpulu qazanmağa çalışan, amma arabanın icarə haqqını belə verə bilməyib gecələr arabanın üstündə yatmağa məcbur olan, hər addımda uğursuzluqlara tuş gələn jurnalistin, yazıçının həyatını “qonşuluqda yaşayan , qapılarda fəhləlik edən, zibilliklərdən mis, latun, “nerjavika” yığıb satan” qoca Vahid kişi dəyişir.
 Həmin dövrdə “müxtəlif qəzetlərdə yüzlərlə yazısı çap olunan gənc Söz Adamının - Kənanın əlacı kəsildiyindən şəxsi kitabxanasındakı qiymətli kitabları satmaq qərarına gəlir. Vahid kişini “bişirib” “iş birliyi” yaradır, gündə on kitab verir, kitabları Sabunçu bazarında satmağa razı salır. Kitabların birini bir “məmməd”dən Vahid kişiyə verib gündə bir “şirvan” “qazanır”.
 Nəhayət onuncu günün axşamı Vahid kişi bir “şirvan”ı verib kitab satılmır bəhanəsiylə “satıcı”lıqdan imtina edir. “Aradan bir ilə yaxın vaxt keçib sular durulandan, Kənanın maddi vəziyyəti yaxşılaşandan, yenidən kitab almağa başlayandan” sonra Vahid kişi onu görəndə qımışır. Buna səbəb nə idi?
 Günlərin bir günü Vahid dayı Kənan Hacının qarşısını kəsib evlərinə dəvət edir: “Nərdivanı evin divarına söykəyib yaşına uyuşmayan qıvraq tövrlə çardağa çıxdı və çevrilib “arxamca gəl” dedi. Heç nə başa düşmürdüm. Nərdivanla Vahid kişinin arxasınca çardağa çıxdım. Çardaqda gördüyüm mənzərə məni heyrətə gətirdi. Vahid kişi məndən pulla aldığı bütün kitabları çardağa yığmışdı. Deməyə söz tapmadım. Daha işləyirsən, cibində pulun olur, dedi, gəl, yığ kitablarını apar, burda qalıb xarab olacaq. Adam belə kitabları satar?!. ...Dedim Vahid dayı, axı sən bunların pulunu vermisən... Heç məndən pul da götürmədi”.
 Kənan Hacı haqlı olaraq düşünür: “Vahid dayı olmasaydı mənim həyatım tamam başqa məcraya yönələrdi. Bəzən rastına çıxan təsadüfi bir adam sənin həyatını dəyişə bilər”.
 Bax, budur, rəhmətlik Vahid dayının həyat dərsi! Kənan Hacının həyatını dəyişdirən, “yazı-pozuya qayıtmasına səbəb olan” dərs!..
 
ZİYALI VƏ ZİYALIYA SAYĞI
 
 Gəlin, əyri oturaq, duz danışaq. Sovet dönəmində elmə, biliyə, kitaba, müəllimə, alimə, ziyalıya, Söz Adamlarına diqqət indikindən fərqli idimi? Cəmiyyət Söz Adamlarını sabun bişirməyə, pambıq əkməyə, Sibirin qandonduran şaxtasında donmağa, anlamazlar yanında “havalanmağa” məcbur edibsə, haqq dünyasında sonevsiz (məzarsız) qoyubsa, bazarda satıcı, arabaçı, taksi sürücüsü, zavodda qarovulçu işləməyə, zibillikdən butulka, mis, latun yığıb ailəsini dolandırmağa min dəfə şükür etməliyik. Ancaq “sözəbaxan”ların, məddahların, “baş üstə!” deyənlərin mədəsini boş qoymayıb qəddar zəmanə. Sözünün ağası olanlara “Şikayətnamə” yazdırıb, dərisini soyub, tonqalda yandırıb, Tayqada qərib məzara göndərib bu gidi dünya.
 “Ziyalı “ dedim, indi bu adı daşımağa layiq olanlar, doğrusu, azalıb. Yüz il bundan əvvəl “ziyalı” əvəzinə “işıqlı” sözünü daha doğma bilən böyük Mirzə Cəlil haqqındakı “Mirzə Cəlil pambıq əkib dəyirman işlədirmiş” yazısında Kənan Hacı bir çox yaraların qaysağını qopardır: “Məni düşündürən başqa məsələdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından əvvəlki dövrdə çox güclü yazıçılar, şairlər yetişmişdi. Amma onlar öz beyinlərinin məhsulu olan əsərlərinin hesabına yaşaya bilirdilərmi?
 Sabir Şamaxıda sabun bişirib satmaqla məşğul idi, Məhəmməd Hadi şeirlərini satırdı. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının nəşrinə başlaması heç də asan başa gəlməmişdi.”
 Bəli, 500 il əvvəl də belə olub, 100 il əvvəl də, elə indi də. Xalqımızın qəflət yuxusuna haram qatıb oyatmağa, elm arxasınca getməyə çağıran, “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” söyləyərək məğrurluğunu qoruyan Sabir hansı məşəqqətləri görməyib? “Harda müsəlman görürsə qorxan, Fatma, Tükəzbanların naləsini car çəkən Sabir niyə cəmi 49 il yaşadı? Onun ömrünü belə tez tarmar edən səbəblər hansı idi? Özünün qamçıladığı, xalqın ruhunda görmək istəmədiyi viruslar - xurafat, cəhalət, avamlıq, nadanlıq, tamahkarlıq və s.
 Xalqın qapanmış, bürüşüb yumulmuş gözünü açmaq, beynini işıqlandırmaq uğrunda bütün mənəvi dünyasını, cismini xərcləyən Nəsimilərin, Sabirlərin, Hadilərin, Mirzə Cəlillərin, Cavidlərin bu günkü həmfikirlərini karxanalarda daş daşımağa, soğan əkməyə çağıranları, yorğanı qısa olduğundan ayağını yığıb yatmağı məsləhət görənləri, xaricdəki soydaşlarımızı “otxod” adlandırıb təhqir edənləri, “üç uşaqdan artıq doğma!” ultimatumu verənləri görəndə düşünürsən ki, biz heç də ilk insanlardan irəli getməmişik...
 Əsrlər öncə işıqlı insanlar qazandıqları mənəvi və maddi sərvətləri millətin maariflənməsinə, “millətlər içində öz imzası”na sahib durması üçün çalışmasına xərcləyirdilər. İndikilərin çoxu nəinki ziyalılıq edir, əksinə, millətin əlindəkini qapazlayıb özününkü etmək uğrunda ölüm-dirim mübarizəsində ”qaydasız döyüş” fəndlərindən yararlanırlar...
 
YAZAR GÜLMƏCƏLƏRİ
 
 İnsanlığına, saflığına, yaradıcılığına böyük rəğbətimiz olan yazıçı-şair Ayaz İmranoğlunun yaddaşına, müşahidə qabiliyyətinə, yan-yörəsindəki qələm adamlarını yaxşı tanımasına çoxumuz qibtə edirik. O, bir yazar dostunun “törətdiyi” gülməcələri toplayıb gələcəkdə kitab şəklində nəşr etdirmək fikrindədir. Hələ bu gülməcələrdən bəzilərini müxtəlif çay dəstgahlarında danışıb bizi ürəkdən güldürüb də.
 “Ədəbiyyatın kulisi”ni oxuyandan sonra düşündüm ki, belə bir işi niyə Kənan Hacı da etməsin? Axı onun da bu mövzuda kalan “material”ları var. Gülməcə çağdaş ədəbiyyatın populyar janrlarındandır. Bu janrı ciddi ədəbiyyat kimi qəbul etməyənlərə demək istəyirəm ki, sözə, qələminə hörmət edən Söz Adamı nədən yazırsa yazsın, bircə düzü düz, əyrini əyri yazsın, doğruya yalan, yalana doğru libası geyindirib oxucunu aldatmağa çalışmasın. XX əsr ədəbi mühitində İsmayıl Şıxlının şair Qabilin baməzə əhvalatları haqqında yazdıqları ciddi ədəbiyyat deyilmi? Hüseyn Arifin dodaqqaçıran lətifəyə bənzər məzəli söhbətləri də həmçinin. Bu maraqlı müəllifli gülməcələr təkcə insanın simasında təbəssüm yaratmır, həm də düşündürür, saflaşdırır.
 Kənan Hacının da qələm dostları Əlisəmid Kür, Yafəs Türksəs, İman İlğım, Sədi Fətəlizadə, Kələntər Kələntərli, Əlislam Bilal, Elçin Səlcuq, Murad Köhnəqala ilə birgə müxtəlif səfər təəssüratları, “macəra”ları, “qıllı” zarafatları bildiyimə görə çox olub. Bu xatirələrdən “dastan” bağlamaq olar, müxtəlif “boy”larla, məsələn, “Əlisəmid Kürlə Buzovna səfəri” “Yafəs Türksəs və İman İlğımla Gəncə səfəri”, “İnam İlğımın bar macəraları” və s.
 Kənan Hacının yazacaqlarının hamısı “iki kabab, bir araqlıq” deyil. İnanıram ki, onun Məmməd Kazım, Şıxəli Qurbanovun dərs dediyi filologiya elmləri namizədi, zavodda qarovulçu işləyən, “dediyinə görə kitabxanasında 3 mindən çox kitabı qoruyan, klassiklərdən tutmuş Salam Sarvana qədər hamısının yaradıcılığına bələd olan” Əli müəllim, qazaxlı şair Yaralı Bəxtiyar, “Hamsunu oxuyan səfil” barədə daha müfəssəl əsərləri ədəbiyyat xəzinəmizi daha da zənginləşdirəcək.
 Bax onda, “məzarını ot basan, ondan yadigar dost xatirəsi və beş-üç şeiri qalan, başdaşı əvəzinə məzarının başında təbaşirlə “Rauf Soltan” yazılan taxta parçası dayanan, eybəcərliklərlə qiyama qalxıb nalə çəkən şairlər unudulmayacaq. Bu ən böyük savab deyilmi, qələm adamları? Belə əsərlər gələcəkdə bu günün ilahi Sözün heykəlinə, “vizit kartı”a çevriləcək...
 
VƏ NƏHAYƏT SONDA...
 
Kənan Hacı özü özünü yazan, yazdıqları ilə düşündürən, düşündürə-düşündürə oxucusunu daha çox insanlaşdıran, sözün urvatını bilən, işığa hamilə yazıları ilə söz yollarını nurlandıran qələm sahibidir. Bu lakonik, insanın ruhunu dincəldən əsərlər ədəbi mühitin həyat ritmini, nəbzinin vurğusunu müəyyənləşdirən “cihaz”lardır - sözün təzyiqini ölçən barometrdir, istiliyini göstərən termometrdir. “Formaca yox, məzmunca kifayət qədər qoca, dənizin sahilinə sığınmış yosma kəndinin onun uşaqlığına yiyə dursa da, gəncliyinə sahiblik etməməsinə görə kəndinə qocalığını verməyəcəyinə” əminliklə söz verən Kənan Hacı “gəncliyindən adlayıb” müdrikliyini yaşamaqdadır. “Yaşamadığım gəncliyimi qocalıqdan sonraya saxlamışam ki, “qocalıqda ölüm ayrılıq kimi “ olmasın” deyir özü.
 “Ədəbiyyatın kulisi”nin üz qabığının dördüncü səhifəsindəki olmuş əhvalatı duyğulanmadan, həyəcansız oxumaq mümkün deyil. Əgər kimsə həyəcansız oxuya bilirsə, onu sinəsində ürək yerinə daş asılıb. O, özü özünü yazır, özü də necə? Gəlin oxuyaq:
 “Bir əhvalat da olmuşdu, o əhvalat indiyəcən içimi sızladır. Atam dünyasını yenicə dəyişmişdi, evdə olan-qalan pul da tükənmişdi, tanış mağazadan bir kisə nisyə un götürmüşdük ki, anam çörəyi evdə bişirsin. Mən o unun pulunu ödəyə bilmədim, mağazanın yiyəsi gözümün qabağında gəlib evdən atamın aldığı ağ-qara televizoru pulun əvəzinə apardı. Özümü ərəbi ölmüş dəvə kimi hiss edirdim, ağzımda gövşək vurduğum arzuları o mağaza yiyəsinin üzünə tüpürmək istəyirdim.
 Anam əli qoynunda sakitcə qapıya söykənib baxırdı, onun gözlərindəki kədər mənim gəncliyimin üstündən tank kimi keçib getdi. Gəncliyimin kinosu o televizorda bitdi”.

 Kənan Hacıya görə, insanları oxumaq daha maraqlıdı. Kitab kimi... Həyat bəzən kitablardan daha maraqlı olur...
 Xatirə, ədəbiyyatşünaslıq dili ilə desək, memuar janrı müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələrin ifadəsidir. Mirzə Cəlil “Xatiratım” əsərində yazırdı: “Bu sətirləri oxuyan möhtərəm oxucularım şəkk yox ki, burada rəvayət olunan keyfiyyətlərə inanacaqlar, çünki Allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur”.
 Əminəm ki, Kənan Hacının bu kitabındakı yazılarda da zamanın, ədəbiyyatın bütün gerçəklikləri “xilaf”sız, yalansız və qərəzsiz təsvir olunmuşdur...
 İndi siz deyin, ciddi memuar ədəbiyyatı necə olur? Məncə, belə...
 
VAQİF OSMANOV. Noyabr-dekabr 2018. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)