ƏLİBALA ƏHMƏDOV - PER LAQERKVİSTİN "VARAVVA" ROMANI BARƏDƏ
Ədəbi tənqid
ƏLİBALA ƏHMƏDOV - PER LAQERKVİSTİN "VARAVVA" ROMANI BARƏDƏ
HƏM ALLAHSIZ, HƏM DƏ ŞEYTANSIZ
Bəlkə də doğrudan da bu dünyada Tanrının məhəbbəti ilə tamamilə nurlanmış qəlblər var. Ya da onun məhəbbətinə tutunmağı bacaran. İlahi həsrətlə gündəlik həyatının yönünü müəyyən edən şəxslər. İztirab çəksələr də Tanrının yoluna duyduqları məhəbbət onların qəlbini zülmətdən qoruyur, bəzən çox uzaq görünsə də - hansısa müqəddəs bir səadətin dadıyla yorulmuş qəlblərini müjdələyir.
Üzüm salxımları Tanrının böyük nicatını şüurda ötəri canlandıran, lütfün dənəcikləridir..
Bəlkə də bütöv kainat..
(Onlar üçün)
Dünyada Tanrıdan tamamilə uzaq qəlblər də var. Ya satanistlər kimi onların dodaqları üsyankarlığın verdiyi qanlı qəhqəhə, bu qəhqəhədən doğulmuş inanclı və üsyankar qaydalarla dolur, ya da elmlə., çözüləcək sirlərə olan ümidlə, hansısa daxili sağlamlığın, inancların aldanışından qurtulmuş fərəhli qəlbin sakitliyi ilə.
Bəs tərəfsizlər necə olsun? Daxili tərəfsizlik axı həm də yiyəsizlikdir. Axı inanc insanın üstündə dayanır. İstər varlıq, istər yoxluğa, istər Allah, istər Şeytana..
Amma sənin elə qəlbin var ki, o nə Tanrının nə də İblisin məhəbbətinə heç cür tutuna bilmir. Bəlkə də tutuna bilər. Amma onların heçbiri səni istəmir.
Sənin qəlbin qabıqlı bir meyvə kimidir ki, bu qabığı heçvaxt nə Tanrı, nə də İblis sındırmayacaq.
Və açılmış gözlərinin gördüyü aydınlıq ona heçbir məhəbbətə qovuşduğunu deməyəcək.
Eləcə bütün ömrün bu bulanıqlığın içində keçəcək.
Hər kəs tədricən iblisi lənətləyir.
Hər kəs yenicə zühur edən Tanrıdan danışır. Tanrının oğlundan, müəllimdən.
Amma həmin Tanrını sənin əvəzinə çarmıxa çəkiblər.
Ona duya biləcəyin heyrət, ona duya biləcəyin inam və parlaq məhəbbət beləcə adiliyin iti qılınc altında məhv edilib.
Sanki kainat gözün önündə doğulub və dağılıb.
Təəccüblənib sitayiş edə bilmək üçün heçnə qalmayıb sənə.
.....Pasxa bayramı ərəfəsində adət üzrə canişinlər kütlədən çarmıxa çəkilməli ola iki nəfərdən birini azad etmək barədə soruşur. İnsanlar azadlıq üçün quldur Varavvanı, çarmıx üçün Məsihi seçirlər.
Günlər keçir İsanın inanclıları, onun əvəzinə azad edilən bu şəxsi görəndə lənətləyir, qovur.
Amma onlar düşünmür ki, dünyada elə bir şəxs ola bilməz - ola bilməz ki, bu dünyada Tanrıyla onun başlanğıcı eyni vaxtda olsun.
Və o qırılıb həqiqətdən bir kənara düşsün.
Bəs onun günahı nədir? Niyə onun taleyindən məhz beləcə - xaçpərəatlərin lənəti ilə, həm Tanrı həm də İblisin izləri silinir?
Belə çıxır ki, o bəşər üçün nələrinsə başlayıb bitməsində vasitəçi olub. Bəs özü? Axı o da insandır? Bəs sonda onu dərgahına kim qəbul edəcək? Onun yerinə çarmıxa çəkilən müqəddəslik, yoxsa tərəfinə keçmək üçün heçvaxt daxilində yetəri qədər üsyan və dönüklük tapa bilmədiyi batil?
Varavva dünyada inanc və inancsızlığın ortasında qalmış bir qurban idi.
O inanmamaq istədi. Lakin Məsih çarmıxa çəkiləndə hər yanı bürüyən zülməti gördü.
İnanmaq istədi. Amma gözləriylə görmüşdü ki, onu heçbir mələk göylərə aparmayıb, onu sadəcə (Varavvanın yerinə) çarmıxa çəkiblər.
Öz qul dostu onun boynundan Məsihin adı çəkilmiş tablonu assa da, vaxt gəldi bir Roma canişini bu adın üstündən xətt çəkdi.
Bəlkə də Tanrının istəyi ilə bu xətt çəkildi.
Beləcə o Tanrıdan məhrum oldu.
Amma içində hər zaman ona bir maraq hiss etdi. Sondasa "dünyanın əsrarəngiz paytaxtı Roma"nı yandırmağa cəhd etdi, elə bildi ki xaçpərəstlər bu cür çirkin əmələ əl ata bilər.
Beləcə heç İblisə də məxsus olmadı.
Bəlkə yanlış formada da olsa, o sonda məhz Tanrı uğrunda ölmüş hesab edildi və beləcə qurtuldu?!..
....Əminəm ki, Varavva hər şeyin sonunda çarmıxa çəkilərkən "Ruhumu sənə tapşırıram.." deyərkən də Tanrıya tam inanmırdı. Amma nə də ona tam laqeyid deyildi.
Çoxları İsanı sevdi, o xilaskardır, müqəddəs şəfaətçidir.
Bəs Varavva? İsanın yerinə azadlığa buraxılmış bu şəxs kim idi? Niyə bu dünyaya gəlmişdi? Niyə ona nə Tanrı nə də İblis sahib çıxmadı?
Bəs onun bu ağır taleyinə yazılmış tənhalığın sahibi kim idi?....
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Viktoriya Tokarevadan povest
LALƏ HÜSEYNOVA - SİRR
GÜLNAR ƏHMƏD - TANRININ MÜHAKİMƏSİ
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti (Feminist ədəbi tənqid)