Edebiyyat.az » Ədəbi tənqid » Vaqif Osmanov - Xoşbəxtliyə azadlıq verilməyəndə...

Vaqif Osmanov - Xoşbəxtliyə azadlıq verilməyəndə...

Vaqif Osmanov - Xoşbəxtliyə azadlıq verilməyəndə...
Ədəbi tənqid
admin
Müəllif:
15:08, 06 fevral 2022
1 062
0
Vaqif Osmanov - Xoşbəxtliyə azadlıq verilməyəndə...





 Təkcə ədəbi qəhrəmanının yox, əsərindəki bütün obrazların xarakterlərini mükəmməl yarada bilməyən söz adamının yazdıqları  yaddaqalan ola bilməz. Təranə Məmmədin yığcam hekayələrinin qəhrəmanlarında bu mükəmməllik əsəri oxunaqlı etməklə bərabər, həm də onların müsbət və mənfi etik-əxlaqi xüsusiyyətləri bir mənəvi dərs kimi dəyərlidir. 

Təranə xanım “Sirr” romanında da təzadlı xarakterlər yaratmağı bacarıb. Əsərin baş qəhrəmanları - sevginin  əzablı yollarında bütün çətinliklərə sinə gərən Elçin və Ayna, həmçinin digər obrazlar - Aida, İradə xanım, Malik, Humay ana, şəhid Elvin, Elçinin həyat yoldaşı Şəmsiyyə, oğlu Azad  hər gün rastlaşdığımız, ancaq diqqətimizdən yayınan insanlar olsa da, yazıçı təhkiyəsi onları bizə ya doğmalaşdırır, ya da belələrinə rast gəlməyi arzulamır.

“Həyatda hər şeyi pulla, var-dövlətlə ölçən, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü” İradə xanımla sadə, səmimi, mənəvi zəngin, maddi sərvətlərə laqeyd Ayna bir-birindən yerlə göy qədər fərqli ana və baladırlar.  Böyük bir klinikanın baş həkimi İradə xanımın “fəlsəfə”si: “həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıcı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”.

Əslində İradə xanımı da qınamıram. O, madar övladının gələcəyindən nigaran qayğıkeş anadır. Aynanın durumundakı dəyişikliyi həmin an hiss edir. Ancaq bircə arzu olunmayan xisləti var ki, hər şeyi maddiyyatda görür. Anlamır ki, pul həmişə səadətə yol açmır, pul bəzən bəlalar da gətirir.  

Təranə xanım zamanın nəbzini tutmağı bacaran yazıçı olmaqla yanaşı, həm də həssas və mərhəmətli anadır. O, hekayələrindəki müxtəlif  ana obrazları bu günün qayğıları ilə yaşayır, zamanın xaosundan narahatdır. Həmişə vurğulayır ki, bəşər övladının hamısı eyni mənəvi yükü daşımır, müsbəti də var, mənfisi də. Bu, həyatın gerçəkliyidir, heç kim də bundan qaça bilməz.

Ayna isə tam başqa xarakterli, ayıq düşüncəli, erudisiyalı, insansevər çağdaş Azərbaycan gəncidir. “O, anasının yaşadığı həyat tərzini bəyənmir”. Həyata baxışı başqadır, “müstəqilliyi və  fərqli düşünməyi sevir”. İki əksqütblü düşüncə tərzi hətta ailə daxilində onların bir-birinə yaxınlaşmasına, problemləri birgə həll etməsinə əngəl törədir. Ona görə də Ayna anasının məsləhətini - “elə adamlarla oturub dur ki, onların arasından özünə ər tapasan” öyüdünü ən azı yola verir, onu yerinə yetirmək fikrindən uzaqdır. Ayna üçün mənəvi meyarlar sadəlik, səmimilik, təmənnasız münasibət, mərhəmət, saf sevgidir. Bu səbəbdən “hərdən anası ilə fikirləri haçalanır”.

Yazıçı İradə xanımın iç dünyasının paxırını Aynaya daha bir “ağıllı” məsləhəti ilə açıb tökür: “çalış sevmə, əziyyət, cəfa, hicran, bunlar sənə lazımdır?”...

İradə xanımın Aynadan sonra ikinci əksqütblüsü çıxılmaz qayğıların burulğanında çarpışan Humay anadır. Elçinin və şəhid Elvinin anası cəfakeş, övladlarının üstündə kövrək yarpaq kimi əsən həssas qəlbli insandır.

Aynanın rəfiqəsi Aida dostluğa sədaqətli, hər situsiyada nə etmək lazım olduğunu bilən, ən çətin və ağır günlərdə Aynanın xoşbəxtliyi naminə özünü fəda etməyə hazır dayanan, uzun müddət ilahi sevgisinin yolunu gözləyib ona qovuşan sevgilidir.

Elçin sadə və qayğıları bol ailədə böyüyüb, püxtələşib, anası və qardaşı ilə birlikdə ehtiyac içində yaşayıb. Hər şeyi pulla ölçən İradə xanım ona Aynadan əl çəkmək üçün pul da təklif edib. Bundan qəti imtina edən, qürurunu və sevgisinin saflığını qoruyan Elçin  həmin gündən Aynanın xoşbəxtiliyinə mane olmamaq üçün bir daha onunla görüşməməyi qərara alıb. Sonradan bacarığı və zəhmətiylə şirkət sahibi olub. O, kitabın redaktoru, qazi şair - publisist Rəfail Tağızadənin yazdığı kimi, “sevgisinə sadiq qalan və ömrünün sonuna kimi unutmayan Azərbaycan kişi”sidir. “Sevginin həddini bilməyən” Elçinin öz sevgi ölçüsü, əyarı, qədəri var. 

Elə əvvəldən Elçin ilə Aynanın xoşbəxtliyi yolunda “qaratikan” bitmişdi, Təpəgöz kimi səadət yolunu kəsmişdi. Bu, pul, sərvət   hərisliyi, qılıncdan da iti tamah idi. Belə qollu-budaqlı “qaratikan”ı İradə xanım uzun müddət idi səhra ürəyində becərməkdəydi. Yaxşı bilirik ki, səhra bitkilərinin yarpağı, çiçəyi, meyvəsi olmur, ancaq tikan sahibidirlər. Tez-tez Ayna ilə Elçinin kövrək, azad sevgiyə tamarzı qəlbinə zəhərli ox kimi batan tikanlar onlara  acı, əzab, kədər, sağalmaz mərəzlər bəxş etməkdəydi, “ömürlərini bada verirdi”.

Elçin babasının İçərişəhərdəki “həm keçmiş, həm də çox uzaqdan boylanan gələcək” yaşayan evində xəyallar içərisində çabalayanda “yanında Aynanı hiss edirdi”. Onun “uğur mələyi” əlçatmazlıqda nakam sevgisinin acısını çəkməkdəydi. “Bütün ali hisslərə yad” İradə xanım isə öz xislətiylə baş-başa dayanıb iki sevən gəncin həyatını hərraca qoymuşdu - pullu, “nüfuzlu” kürəkən axtarırdı. Amansız tale onu Maliklə rastlaşdırdı. Malik adlı-sanlı nəsildən idi, həm də polkovnik İsmayılovun bacısı oğluydu.

Malik həkim geniş dünyabaxışlı, mədəni, alicənab olsa da anlamırdı ki, “əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı kişilər tam olaraq anlamını itirər” (Oskar Vilde). Sonradan Malik “qadının yer üzündə ən vacib vəzifəsi ana olmaqdır” fikrinə gəlib Aynaya sivil qaydada, dostcasına ayrılmağı təklif edəndə yəqin ki, mənim kimi çoxları da Malikin böyüklüyünə həsəd aparacaqlar. Çünki hər Şərq kişisi özünün dünyaya övlad gətirə bilməmək bacarığının olmamasını etiraf edə bilməz...

Elçinlə Aynanın və Maliklə Aynanın ilk görüşlərində yaşananları Təranə xanımın təhkiyəsi ilə analiz edib paralellər aparanda görürük ki:

“Ağappaq incə çiçək dəstəsi, iki gəncin arasında ilk bağlantı - bir saniyəlik baxış və zövqlərin üst-üstə düşməsi” sevginin ilahiliyindən xəbər verir. Təranə xanım sevginin aliliyinə Aynanın diliylə aydınlıq gətirir:

“Sən başqasan, Elçin! Sən hamı kimi deyilsən. Bilmirəm necəsən, amma başqasan”.

O “hamı”lar, o “başqa”lardı ilahi sevgiyə, xoşbəxtliyə qənim kəsilənlər. 

Malik isə laboratoriyada ilk atüstü görüşdəcə Aynaya gözəllikdən alacalanmış şəhvətli gözlərlə baxır, Aynanın əlini öpməyə çalışır. Sonrakı görüş üçün restoranı bağlatdırır, Aynanın barmağına üzük taxmaq şərəfinə nail olmaq istəyir. İki fərqli münasibət, iki fərqli duyğu, biri ilahi, o biri qeyri səmimi. Ağappaq incə çiçək dəstəsi və brilyant üzük. İki fərqli sevgi etirafı. Malik də Aynanı sevirdi, yazıçı bizi buna inandırır, ancaq Malik anlamaq iqtidarında deyil  ki, sevgi qarşılıqlı olmalıdır:

“Tanrı insana həyat adlı ən gözəl nemət, dərk etmək imkanı və bir az da şans verirsə və o bundan düzgün istifadə edə bilmirsə, günah özündədir. Ən Ali məhkəmədə “nədən narazısan?” sualına cavabı “heç nədən” olmalıdır. Çünki həyat yaşamaq üçündür”.

Dərin hikmətdir, lap aforizm səviyyəsində...

Həyat bəşər övladının gözündə ya məzhəkə, ya dram, ya da faciə şəklində yazılmış ömür kitabıdır. Hər kəs bu kitabı öz əməlləri ilə yazır, pozur. İradə xanım Aynanın və Elçinin həyatına dramatiklik   gətirən səhnələrin müəllifiydi, Ayna, Elçin, Aida isə xoşbəxtliyi üçün çarpışan, ömür kitabının hər qiymətli səhifəsini işıqlı qəlbləri ilə yazmağa çaılşan həyat aşiqləridi, həm də bəyaz barış göyərçinləri. Doğrudan da, bir mahnıda deyildiyi kimi, sevənlərindi dünya...

İradə xanımın monoloqvari gecikmiş etirafı sonrakı peşmançılıqdan, quru təsəllidən başqa bir məna daşımır:

“Gör başıma nələr gəldi. Mən qızımın ad-sanını qorumağa çalışarkən indi bu naməlum əlaqəni necə qəbul edə bildim? Mən Elçinə evimdə qızımla görüşməyə necə icazə verdim? Bəlkə həqiqətən bütün bunları Tanrı mənim yersiz qürurumun, yekəxanalığımın nə qədər əsassız olduğunu sübut etmək üçün göstərir? Mən doğma qızımı sevdiyi insandan ayırıb onu pula, evə, vəzifəyə görə bir başqasına ərə getməyə vadar etdim. Allahın işinə bax ki, qızım bu neçə ildə ana da ola bilmədi. İndi isə mən, İradə xanım, heç vaxt qəbul etmədiyim qanunsuz görüşlərə, qızımın başqa kişiylə görüşməyinə göz yumuram. Mən bunu necə edə bildim? İndi, hətta Aynanın Elçindən uşağı olsa, mən bunu qəbul etməyə hazıram”.



Obrazların daxili aləminə vara bilmək, psixoloji məqamları açmaq bacarığı yazıçı, şair kimi Təranə xanımın böyük uğurudur. Bu onun ana, həyat yoldaşı, pedaqoq missiyasının  və mühüm dövlət orqanlarındakı işinin nəticəsidir.

Təranə xanım “Sirr” romanı ilə ürəyindəkiləri bəşər övladına bəyan edir: ”siz hər şeyi bilə bilməzsiniz, çünki siz Allah deyilsiniz!” Allahlıq iddiasında olanların sonrakı peşmanlığının faydasız olduğunu babalarımız çoxdan deyiblər, çoxumuz isə ata-babalarımızın dediyinə biganələrdənik. Çat vermiş ürəklərin ağrılarına məlhəm qoymaq bəzən heç zamanın da yadına düşmür. Nə yaxşı ki, Elçinlər, Aynalar, Aidalar hələ ətrafımızda yaşayırlar...

Roman elə qeyri-adi, gözlənilməz hadisələrlə sona çatır ki, bu ədəbi keçidi heç kim gözləmirdi. Nədir, gözləmədiyimiz hadisələr? Qoy, bu da sirr olsun. Bu sirri bilmək üçün əsəri oxumaq məsləhətdir. “Sirr” sizə nəhəng bir novella təsiri bağışlayacaq .

Aristotelə görə, sevgi əzab çəkməkdir. Ayna da, Elçin də əzab çəkə-çəkə yaşadılar və...

Bu “və”nin arxasında çox suallar dayanıb. On yeddi ildə Elçin tez-tez kimin qəbrinin üstə tər ağappaq gül dəstəsi qoyurdu? Və sair, və ilaxir...

Təranə xanımın bir ana harayıdı “Sirr”. İnsanları başa salmağa çalışır ki, ürəyimizi sevgi ilə qidalandırmasaq mənəvi dünyamız bütün müqəddəs dəyərləri itirəcək. Bu da insanlığın məhvi olacaq. 

Bəli, Təranə xanım, “sevgini insanı diriltmək gücünə inanmayanlar” yaşaya bilməzlər...

“Xoşbəxtliyə azadlıq vermək lazımdır” (Əbu Turxan). Xoşbəxtliyə azadlıq verilməyəndə doğmalarımıza əzablı ömür yaşadırıq və yaşadacağıq.  Axı həyatın hər anı qiymətlidir. Qədrini bilək...

                                                                                      

                                                                                                Yanvar  2022

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)