Kənan Hacı - Keçmiş və gələcək qarşısında qorxular
Ekzistensial həqiqətlərlə üz-üzə qalmaq... Özündənqaçma... Özündən qaçmaq necə bir işdir? Bu, keçmişdən imtina hesabına başa gələ bilərmi?
Keçmiş insanın həyatının arxa divarıdır. Qaçıb sonda divara çırpılacaqsan!.. Sənə elə gəlir ki, irəliyə - gələcəyə doğru qaçırsan. Atdığın hər addım səni keçmişə doğru sürükləyir...
Məncə, özündən qaçmaq kimi mümkünsüz və bihudə işə enerji sərf etməkdənsə, özünü tapmağa çalışmaq lazımdır. İnsan özünü tapanda keçmişini unutmağa ehtiyac qalmır.
Nitşennin fikrini xatırlayıram. Daha doğrusu, bu fikir hardansa beynimin bir küncündə işarır. O, deyirdi ki, “həqiqət tərəfindən məhv olmamaq üçün incəsənətə ehtiyacımız var”.
Yaşadığımız təcrübələr kompost kimi həyatımıza əlavə güc qatır və bu gücü yaradıcı istiqamətə yönəldəndə sən həm də öz taleyinin memarına çevrilirsən.
Həyatın mənası haqqında banal həqiqətlər çox vaxt insanları sadəcə, nəsil artırmaq kimi mexaniki hərəkətlərin əsirinə çevirir. İnsanın missiyası elə təkcə bundan ibarətdirmi? Heyvanlar da nəsilartırma ilə məşğuldur. Bəs insanın mənəvi missiyası nədən ibarətdir? Onun içindəki yaradıcı güc niyə kəşf olunmamış qalır? Çünki insanların böyük əksəriyyəti maddi dünyanın tələbləri ilə yaşayırlar. İçindəki gizli xəzinənin üzə çıxması üçün lazım olan idrak mərtəbəsinə ucala bilmirlər. Əslində hər bir insan yaradıcıdır və təkrarsızdır. Sadəcə, insanların böyük əksəriyyəti bu sadə həqiqətə vaqif ola bilmir. Zamanında yaradıcı impulsları dəyərləndirmək iqtidarında olmur. Adamlar hər şeyi bildiklərini zənn edirlər. Halbuki insan heç vaxt hər şeyi bilə bilməz. Bu, mümkünsüzdür. Hər şeyi bilsək, dəli olarıq. Füzuli demiş, “bilməzlik ilə xoş idi halı...”
Daim öyrənmək, öyrənmək, öyrənmək... İnsan düşüncəsinin üfüqləri sonsuzdur. “Müdrik olmaq üçün həmişə tələbə olmalısan”. Hardansa oxuduğum bu fikri həmişə xatırlayıram.
Ömrü öyrənməyə, özünüinkişafa, yaradıcılığa sərf edəndə keçmişdən – günahlar vadisindən, qorxu tunelindən qaçıb canını qurtarmağa hacət qalmır. Hər insanın keçmişində günah var, keçmişlə bağlı qorxular bəzən insanın gələcək qarşısındakı qorxularını üstələyir. Bu travmatik elementlər insanı qarabaqara izləyir.
Bəs mənəvi rahatlıq tapmaq üçün nə etməli? Tanrı insana öz həyatında redaktələr etmək fürsəti verir. Belə olan halda o, psixoloji dünyasında səliqə-sahman yaratmağa nail olur. Həyatın düzəxtli məntiqi qarşısında ruhi müvazinətini qoruyub saxlaya bilir. Ekzistensial həqiqətlər məhz bu məqamlarda sayrışır.
“Sonuncu dərviş” romanı məhz insanın mənəvi evolyusiyası haqqındadır. İnsan psixologiyasının dərin qatlarına öz həyatım üzərindən nüfuz etməyə çalışmışam.
Məsələn, bir müddət ölüm qorxusu içimə hakim kəsilmişdi. Panik atak içimi yeyib tükətməkdəydi. Dərmanlar da kömək etmirdi. Bir gün Amerika yazıçısı və psixoloqu İrvin Yalomun kitablarından birində bu fikrə rast gəldim:
“Ölüm neytral bir hadisədir. Biz isə onu qorxularla bəzəmişik”.
Müəllif bunu pasientin dilindən yazmışdı. Bu fikir məndə qəribə bir yüngüllük hissi doğurdu. Bu formul ilahi aydınlanmaya təkan verir. Əlbəttə, sözün mahiyyətinə vara bilənlər üçün...
İ. Yalom deyir ki, ölüm faktı bizi məhv etsə də (cismani baxımdan), ölüm ideyası bizi xilas edə bilər. Ölüm ideyası deyəndə ünlü psixoloq nəyi nəzərdə tuturdu? Əlbəttə, onun mahiyyətini dərk etməyi. Mişel Monten qəbristanlığa açılan mənzərəsi olan otaqda yaşamağı arzulayırmış... Ölüm həyatın faniliyini ona hər an xatırladırmış. Həyatı dərk etmək üçün ölümdən qorxmaq yox, onu təbii qəbul etmək lazım gəlir. İnam da bu məqamda mühüm rol oynayır. İnam qorxu hissini azaldır.
Mənfi impulslara qarşı ən yaxşı müdafiə üsulu inam hissidir. O zaman əzabkeş qəlb dinclik tapır. Şüurun dincliyi üçün insan bütün qorxularından azad olmalıdır. Həm keçmişlə, həm də gələcəklə bağlı qorxularından...