Nemət Mətin - Yaşın yaratdığı problemlər
Gənclik nurlu səhərdir, qocalıq qərib axşam,
Biri parlaq günəşdi, biri öləziyən şam.
N.Gəncəvi
Ölümündən iki il öncə Folknerdən soruşurlar:
- Şeir yazmaq yaşı neçədir:
- Bəs, roman yazmaq yaşı?
- 35-45
- Siz yazmırsınız?
- İndi mənim elə yaşımdır ki, ancaq yağış yağanda, yəni hava tutulanda evdə oturub yazıram. Qalan bütün vaxtlarda gəzirəm.
Hətta Folkner kimi usta yazıçı da etiraf edir ki, yaşamaq yazmaqdan vacibdir. Sadəcə cavanlıqda bunu anlamırıq. Qocalanda yadımıza yaşamaq düşür. Bəs, nə üçün yaradıcı adam gəncliyində yaşaya bilmir, həyatı doyunca yaşamır? Çünki gənclik dövrü dəliqanlılıq dövrüdür. Ən çətin işlərə baş vurmaq, cəsarətli olmaq, iradə nümayiş etdirmək yaşıdır. Özünü göstərməyə çalışırsan. Mən bunu bacararam. Mən də gecələr yatmayıb, düşünüb ortaya tutarlı əsər qoya bilərəm. Beləcə ən gözəl illər incəsənətə qurban gedir. Ancaq bu proses əksinə baş verəndə çətin olur. Fəsadlar ortaya çıxır. Qoca insan, ahıl yaşında olan bir adam sevgi şeiri yazanda ehtirası, emosiyası, enerjisi həmin enerji olmur. Və ya 17 yaşında roman yazanda nə isə çatmır. Mütləq nə isə çatmır. Amma yenə də bu formul deyil. Otto Vayninger elmi əsəri olan "Cins və xarakter" i 23 yaşında yazıb, J.Saramaqo isə "İsanın incili" ni 60 yaşında yazıb və sürgün olunub. İstisnalar qaydanı dəyişməsə də qeyd etməliydim.
Dəli bir sevgi yaşayandan sonra əlbəttə poema yazmaq hava və su kimi lazımlı olur. İstedad varsa, püskürən vulkanın qarşısını almaq mümkün olmur. Roman yazan yazıçı isə həyatın təkcə sevgi üzünü deyil, hər üzünü görməlidir. Knur Hamsun kimi acından sümük gəmirməlidir, Kənan Hacı kimi daxmada boz ilan aşkar etməlidir, Remark kimi müharibəni iliyinə kimi hiss etməlidir. Yaş məsələsi əsas olmasa da, yaşamaq məsələsi vacibdir. Məsələn Kərəm adlı yazıçı gəncliyində qadınları əlcək kimi dəyişərək yanğısını söndürür və ölənə kimi rahat yaza bilir. Vəli adında yazıçı isə cavanlığını yaşamadığı üçün qocalanda hər cümləsini qadınlar üçün yazır.
Cavan yaşda insan təsirə çox düşür. Müxtəlif fikir adamlarının fikri ona ildırım kimi dəyir. İnkişaf etdikcə, fikirləri dəyişir, formalaşır, möhkəmlənir, rəndələnir. O. Pamuk yazır ki, Kamünun az qala bütün kitablarını Dostoyevski və Borxesin əsərlərindən əvvəl, 18 yaşımda ikən, atamın təsiri ilə oxumuşam. Nobel mükafatçısı olan yazıçı bunu etiraf edirsə, deməli məntiq axtarmağa dəyər. Hətta atadan, anadan təsirlənmək mümkündür. Çünki gün ərzində onların fikrini dinləməli olursan.
Q.Q.Markezdən roman yazmaq haqqında soruşanda o deyir ki, mən də oxucu kimi baş obrazın axırda başına gələcək bədbəxt hadisəni öyrənmək üçün son səhifələrə fırladıb oxuyardım. Ona görə də qəhrəmanı əvvəldə öldürmək lazımdır. Qoy oxucu kitabı bütün marağı ilə oxusun. Görəsən baş qəhrəman necə öldü. Əsas ölmək deyil, necə ölməkdir...
Gənc sözünün pars dilindən tərcümədə daha bir mənası da xəzinə deməkdir. Əliağa Vahid yazır:
Görüb, Vahid, xəyal etdim üzündə zülfi-pürçinin;
Ki, guya gənc üstündə yatıbdır əjdaha zülfün.
Gənc tapılmamış xəzinə deməkdirsə, qocalıq ilanlardan azad olunmuş, ələ keçmiş xəzinədir. Artıq istifadə olunmuş, tapılmış xəzinənin möcüzəsi, sirri olmur. Gənc yaşlarında insanın cəsarəti çox olur. Qocaldıqca, ehtiyat cəsarəti üstələyir. Bunu bir dəfə yazmışdım. Yenə də təkrar yazmalı oldum. Böyük dövlətlərlə baş-başa mübarizə aparmaq üçün vəzifə sahibləri gənclər olmalıdır. Daha enerjili, daha böyük arzular peşində olan gənclər. Cəsarətli, iradəli gənclik dövlətin, ölkənin inkişafına böyük güc gətirə bilər.