Nemət Mətin - Maşın sürmək, yoxsa mənasızlıq təntənəsi
Bir tanışım yeni işə düzəlir. İş elə gətirir ki, maşın sürmək lazım olur. Lakin tanışımın heç vaxt maşına həvəsi olmadığından öyrənməyə meyilli olmayıb deyə sürə bilmədiyini iş yoldaşlarına deyir. Və bir iş yoldaşı ona deyir:
-Hətta qızlar da maşın sürür. Maşın sürmək çətin deyil.
-Yaşıdlarım maşın sürməyi öyrənəndə, mən ədəbiyyat aləminə baş vurmuşdum. Dostoyevski ilə Balzakın, Dikkenslə Tolstoyun, Hüseyn Cavidlə Cəfər Cabbarlının arasına maşını yerləşdirə bilməzdim.
-Açığı mən heç vaxt kitab oxumamışam. Amma adların bəzisini eşitmişəm. Yenə də çalış öyrənəsən.
-Çalışaram.
Həqiqətən maşın sürməyi üstün bir bacarıq kimi görən insanlar cəmiyyətdə çoxluq təşkil edir. Maşın sadəcə olaraq səni bir məkandan digər məkana tez çatdırır. Vəssalam. Başqa heç bir xeyri yoxdur. 451 Faranheyt kitabında müəllif təqribən belə qeyd edir ki, maşın sürənlər reklam şitlərindən başqa heç nəyə fikir verə bilmirlər. Yolda ancaq yolu düşünürlər. Fikirləri ancaq və ancaq maşına köklənir. Maşın sürərkən yolun kənarında yeni açmış çiçəyi görmürsən və s...
Hər məşhur futbolçunun qarajında ən azı 4 maşın var. Və bir çox varlı ailələrdə hər adamın öz şəxsi maşını var. Yəni bu qədər maşın kimə lazımdır? Bir maşın kifayət etmirmi? Və ya bu qədər maşının yerinə havanı zəhərləməyən bircə maşın almaq olmazmı? İnsanlar pullu olduqlarını göstərməyi sevirlər.
Kitab oxuyan, ədəbiyyatı sevən, sözlərin möcüzəsindən xəbərdar olanlar heç vaxt maşına həvəs göstərməyiblər. Onlara Ford avtomobilini sürmək maraqlı deyil. Amma Henri Fordun həyatı, əzmkarlığı, ford avtomobilinin tarixi maraqlıdır...
Maşın sürərkən və ya maşında yol gedərkən insanların ürəyi qalxır. Bunun maraqlı səbəbi var. Maşının sürəti insanın ayaq sürətindən çox olduğu üçün beyin çaşıb qalır. Ayaqlar tərpənmir, amma sürətlə gedirik. Ayaqdan beyinə siqnal gəlmir. Və beyin ürəyə xəbər verir ki, bizi aldadırlar. Mədəyə de nə qəbul edibsə, qaytarsın.
Velosipedlə işə gedib gələn görəndə təəccüblənirik. Əslində bu çox gözəl ənənədir. Həm sağlamlıqdır, həm də təbiəti, atmosfer qatını qorumaqdır. Maşın sürənlərin onurğa sütununda, ayaqlarında, bir sözlə sağlamlığında problemlər günbəgün artır. Hərəkətsizlik bədənin duzlaşmasına yol açır. Azərbaycanda yaşayan xarici vətəndaşların əksəriyyəti səhərlər qaçırlar. 60 yaşlı xarici vətəndaş tanıyıram ki, hər səhər qaçaraq işə gəlir. Araşdırma aparsaq 5-6 porşe markalı maşın almağa pulu çatar.
Bəzi valideynlər tərbiyədən öncə uşağı maşınla tanış edir. Və bu hal fəsadlar törədir. Universitetlərin önündə tələbədən çox maşın görmək olar. Övlad özü işləyib maşın alarsa, hər zaman qəza şəraitindən qaçacaq və ya ümumiyyətlə yaratmayacaq. İnsan hazır əldə olunan malın qədrini bilmir. İ.Kant "Pedaqogika" kitabında yazır:
"Nə qədər süni vasitələrdən istifadə olunsa, bir o qədər adam onlardan asılı olur. Ümumiyyətlə yaxşı olardı ki, əvvəlcə müxtəlif qurğulardan az istifadə edib, uşaqları daha çox müstəqil öyrənməyə məcbur edəydilər; bu halda onlar çox şeyi daha əsaslı şəkildə öyrənərdilər."
Maşınsız, telefonsuz, internetsiz yaşamağı öyrənməliyik. Əks halda həyatımız bir göz qırpımında sona yetəcək. Təbiətdən zövq almağı bacarmaq ən gözəl nemətdir.