Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - "Boşluqdan qaçış" romandır, yoxsa antiroman?

Nemət Mətin - "Boşluqdan qaçış" romandır, yoxsa antiroman?

Nemət Mətin - "Boşluqdan qaçış" romandır, yoxsa antiroman?
Ədəbi tənqid
nemət
Müəllif:
16:44, 18 iyul 2019
1 983
0
Nemət Mətin - "Boşluqdan qaçış" romandır, yoxsa antiroman?




 Nicat Həşimzadənin sayca üçüncü kitabını oxuyub bitirdim. Nicat Həşimzadə intelektual gənc dostumuzdur. Kitabının yazılma prosesi zamanı müşahidə etdim ki, adam kitab üzərində çox əsir. Hələ roman bitməmiş fikrimi öyrənmək üçün mənə göndərmişdi. Lakin sonluğu olmayan roman haqqında bir fikir bildirə bilmədim. Markez yazıçılara məsləhətində elə bunu bildirirdi. Roman çap olunmamış heç kimə oxumağa verməyin. Romanı yenidən oxudum. Bu dəfə kitab şəklində. Həqiqətən telefonda, kompüterdə oxunulan romanla kitabdan oxunulan roman arasında böyük fərq var. Kitabın mistik gücü var. Kağız kitab başqa aləmdir.  

 Nicat Həşimzadə roman sözünün yerinə antiroman yazmaq istəyirdi. Yazıçı dostlarının etirazından və təkidindən sonra fikrini dəyişdi. Antiroman olmasa da romanın bir fərqli yönüdür. Publisistik, hadisəsiz roman saymaq olar. Təkcə Nicat yox, bir çox yazıçı və şairlər məqalə yazıb xırda-xuruş pul qazandıqları üçün publisistika quyusuna düşüblər. Ehtiyac onların baxışlarını məqalə tərəfə yönəldib. Dilləri, qurduğu cümlələr publisistik yazı şəklini alıb.

 Azərbaycan romançılığında hər şey tərsinə dövr edir. Məşhur dünya ədəbiyyatı nümayəndələrinin yazdığları romanlarla müqayisə edəndə görürük ki, bizdə hadisələrin içinə obrazlar qatılır. Balzakda, Tolstoyda, Dostoyevskidə, Conatan Sviftdə, Per Lagerkvistdə və digərlərində obraz əsas götürülür. Sonra isə obrazın ətrafında hadisələr hökm sürür. Belə daha maraqlı alınır. Məsələn Qulliver maraqlı obrazdır. Yazıçının işi onu tapmaqdır. Və ya Pedro Paramo. Mistik şəxsiyyət. Bizdə də belə nümunələr var. Amma çox azdır. Məsələn Şərif Ağayarın yaratdığı obrazlar. Obraz maraq kəsb edəndə başına gələn hadisələr də maraqlı olur.

 Nicat Həşimzadənin romanına keçid alaq. Əsəri ümumilikdə uğurlu saymaq olar. Çünki fikir axını insanı düşündürür. Lakin oxucu tez yorulur. Hər cümlədə oxucunu düşündürmək olmaz. Oxucu romanın içində həm də istirahət etməlidir. Sakitlik tapmalıdır. Meyxoş olub xəyallara dalmalıdır. Nicatın romanı isə ağır oxunur. Yazıçılardan sitatlar həddən ziyadə çoxdur. Bir bəylə xanım sevgilidirlərsə, onlar eşq yaşamalı və yaxud adi, bayağı söhbətlər etməyi də, deyib, gülüb, əylənməyi də bacarmalıdırlar. Nicat isə bəy və xanım obrazın arasındakı dialoqları süni şəkildə şişirtmişdir. Sanki iki yunan filosofu dialoq qurublar.  Nicat Həşimzadənin "Boşluqdan qaçış" adlı kitabında fikir çeynənmiş halda oxucuya təqdim olunur. Məsələn, müəllif yazır:


 "Xoşbəxt ola bilməməyimizə səbəb boşluğa məğlub olmağımızdır."


 "Həyatımızı mərsiyə janrında yaşamışıq."


 "Bəzən bir cəsəd sənə həyatda olan bütün insanlardan daha doğma olur."


 Yaxşı olardı ki, müəllif o boşluğu, mərsiyə dolu həyatı, doğma cəsədi bir hadisə içində göstərərdi. Kitabı oxuyan insan hadisədən təsirlənərdi. Fikirlərdən deyil. Fikir gözəllik kimi, həqiqət kimi sirli, gizli olanda daha cəlbedici olur. Günəş yalnız buludların arxasında gizlənəndə ona baxmaq olur.

 İmmanuel Kant fəlsəfi traktatlarında J.J.Russodan sitatlar gətirir. Nicat isə romanın içində məşhur yazıçıların fikrini cümləbəcümlə yazır. Romana yazıçının öz fikirləri yaraşır. Oxucuya S.Kinq maraqlıdırsa, Nicat Həşimzadənin kitabını nə üçün oxusun? Elə Kinqin kitablarını alıb oxuyar.   Romandakı obrazlar həddən ziyadə əxlaqlıdırlar. Sanki M.Qandi baş obrazdır. Fikrimcə baş obrazı elə göstərmək olar ki, oxucu özü qərar versin. O düz hərəkət etdi, yoxsa yox. Bir də obrazların heç birinin təsviri görünmür. Oxuya-oxuya ruhlar aləmində dolaşırdım. Nə kök deyillər, nə boyları qısadır...

 "Nicat Həşimzadənin romanını bir söz ilə ifadə edin" sualını versəydilər, etiraflar sözünü birinci deyərdim. Səmimiyyət, ürəyiaçıqlıq aşırı dərəcədədir. Baş obrazın müəllifin özü olması az-çox bilinir. Yaradılmış obraz saymaq olmaz. Nicatın geniş mütaliə bazası var. Əzmkarlığını alqışlayıram. Daha böyük uğurlarını görmək istəyirəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)