Edebiyyat.az » Ədəbi tənqid » Günel Rəcəb - Mifoloji xaos, F.H.Yakobi nihilizmi və N.Haşımzadə boşluğu

Günel Rəcəb - Mifoloji xaos, F.H.Yakobi nihilizmi və N.Haşımzadə boşluğu

Günel Rəcəb - Mifoloji xaos, F.H.Yakobi nihilizmi və N.Haşımzadə boşluğu
Ədəbi tənqid
nemət
Müəllif:
22:41, 20 iyul 2019
2 307
0
Günel Rəcəb - Mifoloji xaos, F.H.Yakobi nihilizmi və N.Haşımzadə boşluğu




Mifoloji xaos, F.H.Yakobi nihilizmi və N.Haşımzadə boşluğu 

“Boşluqdan qaçış” N.Haşımzadənin üçüncü etirafıdır. Roman əsasən iki xətt üzrə inkişaf edir. Birinci xətt qəhrəman və  Mələk xətti. Daha çox düşüncələrdən ibarət olduğu üçün bu sevgi xətti Mələyin anasına məğlub olur və sevgililər ayrılır. İkinci xətt isə qəhrəman və Aynur xəttidir. Aynurla dialoqlarda  qəhrəman Beqbeder, Borxes, Nitsşe, Russo və başqa mütəfikkirlərə istinad edərək öz həqiqətlərini bölüşür. Bu da əsərin intelektual səviyyəsini yüksəldir. Amma, ancaq, lakin müəllif bu ideyaları Mələklə qəhrəmanın hüzünlü sevgi hekayəsinin daha detallı təsviri fonunda versəydi, təhkiyə ilə ideyanın vəhdəti romana dinamiklik əlavə edərdi. 


 Romanda iki hekayə vasitəsilə müəllif yoxsulluğun insan taleyindəki dərin və kədərli izlərini göstərmək istəyir: “İsmayıllıdakı atanın hekayəsi” və “Əlləri yandırılan məktəbli qızın hekayəsi”. Üçünü hekayə isə zibillikdə kitab arasından çıxan Qədir Alimovun məktubu haqqındadır. Bu hekayə vasitəsilə müəllif oxuculara II dünya müharibəsində, Qarabağ müharibəsində şəhid olan iki nəslin faciəsini çatdırır. Bununa yanaşı, hətta müharibə dövründə belə sevginin, sənətinin yaşadığını göstərərək bədii təzad yaratmışdır. Romanda müəllifin dostlarının adı çəkilir (sonuncu facebook dostu Martin İden). Müəllifin əsasən fəlsəfi düşüncələrini əks etdirən qəhrəman-Aynur xətti Qəhrəman-Martin İden xətti ilə davam edir. Romanın əvvəlində Mələk obrazı iştirak etsə də, hadisələrin sonrakı gedişində müəllif Mələyi bundan məhrum edir. O, yalnız qəhrəmanın düşüncələrində özünə yer tapa bilir. Əsərin əvvəlində qəhrəman xoşbəxtdir. “Ölümə meydan oxuyur”, “...sevgi dolu əbədi həyat arzularlayır”. Çünki o aşiqdir, çünki “Eşq ideyadır”. Məhz sevginin yox olması ilə qəhrəman boşluğa düşən duyğularını təsvir etməyə başlayır. Bu boşluqda onun yol göstərəni qadın obrazıdır. Qəhrəmanın həqiqəti əslində Aynurdur. O, öz suallarına cavabı Aynurun həqiqətlərində tapır. Romanda Aynurun ilk sözləri “Sevmək özünü təslim etməkdir, sevmək indini, gələcəyini, həyatını, varlığını qurban verməkdir”. Bu həqiqətləri anamaq, onlara gəlib çatmaq üçün qəhrəman Əlif Şəfəqsayağı eşqin tərifini verir:

2. Eşq dönməzdir.

3. Eşq susmaqdır.

4. Eşq axmaqlığın olduğuna görə gözəldir. 

5. Eşq özünü fəda etməkdir. 

6. Eşq ömürlük sədaqət andıdır.

Və eşqə yağdırılan bu təriflərdən sonra:

7. Eşq eqodur.

8. Eşq əzabdır.

9. Eşq şübhədir. 

10. Sevgi azadlığın qatili, əbədi əsarətdir, taleyin amansızlığından şikayətdir. 

11. Sevgi ağ saçlı dünyanın kədərli nəğməsidir.

Amma yenə də:

12. Eşq möcüzədir. 

13. Eşq ruha nüfuz edən mənəvi dünyanı anlamaqdır. 

14. Hər böyük məhəbbət əslində cəzadır!

15. Sevgi özünü təslim etməkdir, sevmək indini, gələcəyini, həyatını, varlığını qurban verməkdir.


Kimdir Aynur? Ərindən boşanmış, tərcüməçilik edən qadın. Aynur qəhrəmanın suallarını cavablandırsa da, özü də boşluq içindədir. Romanın sonunda Aynur surəti yoxa çıxır. Yaddaşını itirən Aynur boşluğun ən dərin yerinə düşür. Nədir bu boşluq? Mifoloji düşüncə tərzindən bizə miras qalan Xaos! Sivilizasiyaların semantik yükünün öyrənilməsində xaos-kosmos münasibətlərinin müstəsna əhəmiyyəti var. Cəmiyyətin növündən asılı olmayaraq konkret insanın həyatı bir yaş dövründən digərinə, bir fəaliyyətdən digərinə mərhələli keçiddən asılıdır. Bu həm də mifoloji təfəkkürdə xaosdan kosmosa keçidi simvolizə edir. İbtidai cəmiyyətdə keçirilən rituallar, onların müasir dövrümüzdəki qalıqları olan adət-ənənələr insan psixologiyası üçün bu keçid prosesini asanlaşdırmaq məqsədi daşıyırdı. Müəllifin romanda da qeyd etdiyi ictimai bərabərsizlik, haqsızlıq bu nizamı pozur. Yaradıcı insanın inanc sistemini məhv edir. Haqqa, ədalətə, gələcəyə inamını heçə endirir. Müəllif yaradıcı insanın xaos dünyasından çıxış yollarını axtarır. Amma bu yolun sonu varmı? Əsərin əvvəlində müəllif qeyd edir ki, “Sevgi ideyadır”. Məhz bu ideya onun xaosdan çıxıb kosmosa keçməsinə, sevməsinə, sevə-sevə yaşamasına, yaratmasına səbəb olur. Unutmayaq ki, yaşamaq da yaratmaqdır! Qəhrəman boşluqdan-xaosdan çıxış yolunu tapmır, amma boşluqda olduğunu dərk edir və bunu cəsarətlə etiraf edir. Ön söz müəllifinin də qeyd etdiyi kimi, “Boşluq qorxulu deyil. Qorxu həyatını dolu zənn edərək yaşamaqdır...”. Müəllif sonda çıxış yolu tapmasa da, bu boşluğun səbəbini “İdeya nihilizmi” hesab edir. İlk dəfə F.H.Yakobinin termin kimi işlətdiyi nihilizmin Şopenhauer, Feyerbax, Kamyu kimi davamçıları olub. Nihilizm təlimi bilik fəlsəfəsində hər cür biliyin bir aldanma olduğunu, biliyin mövcud olmadığını; əxlaq fəlsəfəsində insan hərəkətlərini tənzimləyən dəyərlərin olmadığını; varlıq fəlsəfəsində isə heç bir şeyin mövcud olmadığını müdafiə edir. Roman müəllifi varlığı bütünlüklə inkar edə bilmir, nihilizm sözünə “ideya” sözünü əlavə etməklə kompromisə gedir. 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)