Nemət Mətin - Görmədiklərimiz
Qeyd: Ustad jurnalında dərc olunan məqalə
... Kaş,
başqa cür açılaydı
bir dəfə də
bu səhər,
günəş
Qərbdən çıxaydı,
ya da
saatlar geri işləyəydi,
pozulaydı
günlərin düzümü...
Güzgüyə baxanda
ayrı üz görəydim
öz üzümün yerinə... (Mahir Mehdi)
Kann festivalında qızıl palma mükafatını almış " dükan oğruları" filminə baxdım. Bir aydan çoxdur ki, film izləyə bilmirdim. Çoxlarının izlədiyi filmlərə baxmışdım. Son bir ayda isə filmlərə 10 dəqiqə baxıb söndürürdüm. Çünki həmin o möhtəşəm, ali fikiri görmürdüm. Bu, film başqadır. Oğruluqla dolanan ailə düşünün. Yaponiyanın kasıb küçələri. Balaca daxmalar. Bir ailə dükan yarmaqla dolanır. Ata həm fəhlə işləyir, həm də oğurluq edirdi. Oğluna da öyrətmişdi. Ana və nənə isə zəruri hallarda oğurluq edirlər.
Bir gün ata yolda balaca qız görür. Onu evinə aparır. Əvvəl hamı narazı olur. Uşağı yenidən tapdıqları yerə gətirəndə ana uşağı əsl anasının atası ilə mübahisəsini eşidir və anlayır ki, onlar valideynlik nədir bilmirlər. Yenidən balaca qızı evə gətirirlər. Nənə nə yeyirsə, uşağa da verir. Ana nənə ilə birgə paltar dükanından ona paltar oğurlayır. Saçlarını kəsib səliqəyə salırlar. Arada oğurluğa gedəndə onu da aparırlar. Ümumiyyətlə ona nəvaziş göstərirlər. Bioloji anası kimi təzyiq göstərib, döymürlər.
Bütün filmi danışmaq fikrim yoxdur. Sonda filmdə müstəntiq anaya sual verir:
-Nə üçün uşağı əsl anasından oğurlamısınız?
-Məgər, uşaq dünyaya gətirən hər qadın ana sayılır?
Hər şey göründüyü kimi deyil. Belə bir deyim var: “Görməsəm, inanmaram”. Parmenid adlı filosof isə hətta görəndə də inanmırdı. O, hesab edirdi ki, hisslərimiz bizə dünyanın yanlış mənzərəsini verir, o mənzərə bizim ağlımızın süzgəcindən keçmir, əqli məlumatlara uyğun gəlmir. Hər cür duyğu, qavrayış yanılmalarını ortaya çıxarmağı bir filosof kimi öz vəzifəsi hesab edirdi. Jak Fresko bir dəfə Eynşteynə sual verir və belə bir dialoq alınır:
-Tanrıya inanırsızmı?
- Hansını nəzərdə tutursunuz?
- Həqiqətə inanırsızmı?
- Sizinçün həqiqət nədir?
- Müəyyən şeylərin müəyyən mənası olur.
- Məsəlçün hansılar?
O zaman gənc Jak Fresko Eynşteynə deyir:
- Əlimdəki saatın şüşəsinə baxın. Hamardı.
Eynşteyn isə gələcək alimi ayıldacaq cavabı verir:
- Mikroskop altında həmin şüşə relyef formalıdır. Göz reseptorlarımız hansı səviyyədə imkan verirsə, o cür görürük. Stoldakı mikrobları, radionun göndərdiyi dalğaları görə bilmərik...
Orxan Pamukun "gerçek ustadım" xitab etdiyi yazıçı A.H.Tanpınarın bir əsərində həndəsə müəllimi sinifin ortasında dayanaraq, dərsi izah etmək üçün xəyali həndəsi fiqurları havada əl hərəkətləri ilə çəkir. Ən möhtəşəm məqam isə o idi ki, müəllim göydə cızdığı fiqurların yanından əyilərək keçir. Sanki onlar həqiqətən göydən sallanıblar...
Belə bir pritça var. Bir nəfər əllərini göyə açaraq tanrıya yalvarır. -İlahi, əgər varsansa, mənə bir işarə göndər. Bu an bir kəpənək çiyninə qonur. Amma həmin insan ona reaksiya vermir. Yenə şikayət etməyə, işarə gözləməyə davam edir...
Bir avtobus düşünün. Axşamdır. İnsanlar yorğun-arğın işdən qayıdırlar. Evlərinə tez çatıb yemək yeyib yatmağı düşünürlər. Kimi oturacağda yerini rahatlayaraq yatıb, kimi qulaqlıqda səslənən mahnıya qulaq asır, kimi gözlərini eyni nöqtəyə zilləyərək pəncərədən baxır... Bu dəm avtobusun qapıları açılıb bağlanmağa başlayır. Hamı dilxor olur. Yorğun gözlərə əsəb qonur. Belə anda anasının əlindən tutan uşaq deyir:
-Ana, ay ana, avtobus xəstələnib.
Bu bədii, estetik, fəlsəfi, saf cümlə bütün avtobusu güldürür. Heç kimin görmədiyi, hiss etmədiyi məqamı sadəlöv uşaq görmüşdü...