Edebiyyat.az » Film » Yorgos Lantimos

Yorgos Lantimos

Yorgos Lantimos
Film
Necef Esgerzade
Müəllif:
21:07, 11 iyul 2019
1 743
0
Bu gün sizə Oskar laureatı, Kann kinofestivalı qalibi yunan rejissor Yorqos Lantimosu təqdim edirik. Qazandığı mükafatlarla öz ölkəsinin fəxrinə çevrilib, hətta Yunanıstan baş naziri onun haqqında “Yunanıstanı yeni eraya aparacaq şəxs” deyə qeyd edib.
                                        

                                                   Xillə

Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdir və nəticə etibarı ilə eyni dərəcədə maraqsızdırlar. Bədbəxt, “özünəməxsus” ailələr – yazıçılar və kinorejissorlar üçün əsl tapıntıdır. Yunan rejissor Yorqos Lantimosun, 2009-cu ildə Kann kinofestivalında “Xüsusi baxış” nominasiyası üzrə əsas mükafata layiq görülmüş “Xillə” filmi – özünəməxsus tərzdə xoşbəxt olan bir ailədən bəhs edir.
Sonsuz xoşbəxt ailə. Daimi yay tətillərinin günəşli günlərində yaşayan ata, ana, iki qız və oğul. Yaşıl çəmən, parıldayan mavi hovuz, insan boyundan hündür canlı hasar. Hərdən evlərinin üstündən təyyarə uçur. Hərdən təyyarələr – balaca oyuncaq təyyarələr çəmənliyə düşür. Uşaqlar bunu səbirsizliklə gözləyir. Həmişə bu kimi hadisələr təkrarlanır, onların həyatında maraqlı hadisələrlə olmur.
Uşaqlar artıq böyüyüb – on beş, on səkkiz yaşlardadırlar: uşaqların öz itaətkarlıqlarını itirdiyi, ağır və nəhəng xarici dünyanın altında əzildiyi, yad və qorxulu arzulara büründüyü bir dövr. Lakin bu gənclərin böyük dünyası yoxdur, hasarın o tərəfindəki həyat onlara yaddır: onlar hasardan bayıra çıxa bilməzlər, çünki uşaqlıqdan bilirlər ki, orada yalnız ataları kimi yetkin, tam formalaşmış fərd sağ qala bilər. İnsan yalnız alt və ya üst xilləsi düşdükdən sonra bir fərd kimi formalaşır, yetkinləşir. Süd dişi yox, məhz köklü, daimi köpəkdişi. Bu xillə – “köpəkdişi” yenidən çıxdıqda isə insan maşın sürməyi öyrənə biləcək. Hələ ki, uşaqlar evin və həyətin qeydinə qalmalı, özlərini yaxşı aparmalı, valideynlərinə hörmət etməli və yeni sözlər öyrənməlidirlər. Məsələn, “dəniz” sözü. Dəniz bir növ mebeldir. “Yorulmusan, dənizə otur və istirahət et”. Zombi – kiçik sarı çiçəkdir. “Ana, mən iki zombi tapdım, onları sənə bağışlayım?”. “V…a” – parlaq lampadır. V…a – gur işıqdır. “V…a söndü və otaq zülmətə qərq oldu”.                                                             
                                                     
                                                                                  
 “Xillə” filmi ibtidai həqiqətlərdən, ensiklopedik məqalələrdən, ehtirassız şəkildə absurd ifadələrdən bəhs edən kadrarxası səslə başlayır: dəniz nədir, motoskilet nədir. Kadrda – darıxan qızlar və gənc oğlan hansısa yeni bir oyun kəşf etməyə çalışırlar. Yaxşı qurulmuş absurd dünyadakı ədəbli cansıxıcılıq – süni qarlı şüşə şar, hər şeyin çılğın, lakin sarsılmaz qaydalara tabe olduğu ideal ekosistem; “Xillə” məhz belədir. Ailənin həll etməsi mürəkkəb olan yeganə problemi odur ki, onların oğlu kifayət qədər yetkindir və onun mütəmadi olaraq cinsi əlaqəyə ehtiyacı var. Buna görə də, ata müəyyən günlərdə işdən təmiz, sağlam qadın gətirir və onun vəzifəsi oğlunun seksual tələbatını ödəməkdir.
Ailədə patriarxat hökm sürür – qanunları ata qoyur və onların riayət olunmasına nəzarət edir. O, həmçinin yemək gətirir, çəmənliyə oyuncaq təyyarələr atır, pul qazanır və uşaqlarını hasarın o tayındakı dünya ilə bağlı hekayələrlə qorxudur.
Bunların hamısı klassik antiutopiyaya, ən çox isə Zamyatinin Yaşıl Divarlı, günəş və sükunət ilə dolu olan “Biz”-inə bənzəyir. Zamyatinə görə “riyazi müstəvidə səhvsiz xoşbəxtlikdə” yeganə xaos elementi ruh, nəticə etibarı ilə sevgidir, lakin Lantimos əbədi abstrakt məsələlərlə başını qatmır.
 Bacılardan birinin azadlığa doğru ilk addımı, nə çöldən gələn qadınla tanışlıq, nə də seks olmur. Bu addım videmaqnitofonda Play düyməsini basmaqla başlayır. İstirahət saatlarında ailə hərdən videolara baxır, lakin bunlar yalnız ailə yığıncaqlarının və sakit ailə oyunlarının çəkilişidir. Rejissorunun ailə başçısı olduğu ev videoları bütün film kontekstini əvəz edir və özü bir film konstekstinə çevrilir: böyük bacı evdəki video kasetlərin hamısını əzbər bilir, videoları izləyərkən özünün ekrandakı versiyasına nə deməli olduğunu deyir. Bu qapalı sistemə “çöldəki dünyadan” film, nəhəng pop-kino düşdükdə isə yetkinlik arzularının sakit uşaq həyatını dağıtdığı kimi bu bağlı dünyanın divarları dağılır. Artıq hovuz təkcə üzmək üçün olan yer deyil, burada “Çənələr”( Jaws) filmindən məşhur səhnəni canlandırmaq olar. Darıxdırıcı bir ailə bayramında qız “Flashdance” filmindəki rəqsi ifa edir, valideynlər həmin an bu dəhşətli parodiyanı tanımırlar, tanıdıqda isə qorxunc tərzdə “Fleşdens”(Flashdance)  filmindəki qəbul komissiyasına bənzəməyə başlayırlar.
Pop-mədəniyyətə giriş başlanğıc ayininin bir hissəsidir. Lantimos ardıcıl olaraq bütün mümkün rejissor tryuklarından imtina edir: o öz filmini siyasi alleqoriyaya çevirmir, nağıl danışmır, tamamilə absurda qaçmır. Sakit tərzdə xoşbəxt ailənin hekayəsini izləyir. Kamera da özünü ailə üzvlərindən biri kimi aparır: gah göyə və ya yayın ənənəvi cansıxıcılığında hasara baxır, gah da böyük maraqla yeni oyuna atılır. Kadr bir az bulanıq, bəzən də solğun görünür – ona görə yox ki, ətrafdakı hər şey boz rəngdədir, sadəcə Günəş o qədər parlaqdır ki, dünya ağ rəngin sonsuz çalarlarında boğulur.
Görünən odur ki, Yorqos Lantimosun mənasızılığın daimi təkrarını sevir. O, kiçik cəmiyyətlərin gündəlik həyatdakı cansıxıcılığı aradan qaldırmaq üçün tapdığı üsulları araşdırır. Onun ilk tammetrajlı “Kinetta” filmində sakit dənizkənarı şəhərdə bir neçə insan ətraflı şəkildə cinayət səhnələrini canlandırır. Başqasının ölümünün səhnələşdirilməsi onlar üçün real həyatı bir heyvan kimi hiss etməyə imkan verən narkotikə çevrilir. Gündəlik həyatı dəyişdirməyə olan ehtirasında, verdiyi detallarda  Lantimos bir qədər Dardenn qardaşlarını xatırladır, lakin o, qəhrəmanlarının adi həyatını olduqca absurd məzmunla doldurur. Nəticədə, izləyici üçün ağlasığmaz, personajlar üçün isə tamamilə adi olan absurd realizm yaranır. Onun yaratdığı dünyalarda hər bir insan, hər bir ailə ətrafdakıları təəcübləndirən və ya qıcılandıran  qaydalar qoyur. Lantimos və onun həmkarı Eftimis Filippou bu qaydaları hüdudlardan kənara çıxarır, kamera absurd həyatı maraqsız, təəccübsüz əks etdirir. “Kinetta”-da olduğu kimi, “Xillə” də hər şey sonadək düşünülməyib, birmənalı məntiqəuyğun deyil. Araşdırmağa başlasaq, ssenaridəki boşluqları, psixoloji uyğunsuzluqları, faktiki qüsurları görmək olar. Məsələn, ata yad adamın mütəmadi olaraq onların qapalı ailə mühitində olmasına necə haqq qazandırır? Nə üçün evə gətirməzdən əvvəl su şüşələrini üzərindəki etiketləri çıxarır? Nəyə görə hər gün anatomik atlası öyrənən qız köpəkdişi ilə bağlı bu yalana inanır? Ata bunu necə izah edir?
Bəli, o, heç nəyi izah etmir. Dünya onun iradəsi ilə formalaşıb. O, planetləri, avtomobilləri, hovuzdakı balıqları hərəkətə gətirən yaradıcıdır, bu dünyadakı qaydaları o qoyur və orada yaşayan heyvanlara da o ad verir. “Xillə” kosmoqonik məntiqə, daha doğrusu dünyanın yaradanın tüpürcəyindən, bədən hissələrindən, fikirlərindən, sözlərindən və ya digər həyat ünsürlərindən yarandığını iddia edən antoropoqonik miflərin sarsılmaz məntiqinə əsaslanır. “Budur” – mübahisəsiz izahahat, “belə lazımdır” – yetərli bəhanə… “Bir müddətdən sonra ananız iki uşaq və bir it dünyaya gətirəcək. Uşaqlar barədə hələ düşünəcəyik, it barəsində isə heç bir etiraz  istəmirəm: ananız onu doğacaq”, – deyə növbəti ailə yeməklərinin birində ata deyir. Əgər bu dünyada nə vaxtsa Freydə ehtiyac duyulsa, ana onu da doğacaq.
Bəşəriyyət beşiyi ilahlara qarşı üsyan edə biləcək qəhrəmanın peyda olduğu an yırğalanmağı dayandırır. Bu, hər bir cəmiyyətdə baş verir. Hər bir ailədə. Hər bir insanda. Hər bir evin divarlarının arxasında, rahat yuvasından çölə addım atmaq istəyən hər bir kəsi udmağa hazır olan acgöz xaos gizlənib. Buna baxmayaraq, yenə də kimsə o addımı atacaq. Kinematoqrafın zəhərlədiyi böyük bacı köpəkdişini qıraraq hasarı aşıb xarici dünyaya keçəcək. Nə olsun ki, orada onu sərsəmlik gözləyir, köpəkbalıqları insanları yeyir, Rokki adında boksçular pul müqabilində döyüşür, qadınlar qəbul komissiyası qarşısında rəqs edir, ailələr isə bütün bunları uzun yay günlərində izləmək üçün kamera ilə çəkir.
Onu axtaracaqlar: qardaşı, bacısı, anası və atası evin ətrafında qaçaraq bərkdən hürəcəklər (çünki qaydalara görə gecələr hürmək lazımdır). Bütün bunlar səhər bitəcək. Filmin son saniyəsində mifik zaman, real zaman, ilk yaradılış zamanı bitəcək. Ondan sonra hekayə başlayacaq. Son kadr yaradıcı ssenari eksperimentini böyük sənətə çevirəcək. Və o an “Xillə” yaxşı hekayə olmaqdan çıxaraq möhtəşəm film olduğunu təsdiqləyəcək. Son səhnədə zamanın sonu var, zamanın sonunu isə hər kəs özü yaşamalıdır.
              
                                                            “Müqəddəs maralın qətli”

Yorqos Lantimosun fenomeni intriqa yaradır. O, Teo Anqelopulosdan sonra dünyada ad qazanmış ikinci yunanıstanlı kinorejissordur. Yorqos nisbətən gənc olan bir neçə yunan rejissorun filmlərini birləşdirmiş, varlığı ümumi struktur və stilistik cizgilərlə təsdiq olunan yeni radikal cərəyanın lideridir. Həmçinin o, bu dalğanın önə gəlib, adını böyük beynəlxalq ingilisdilli ulduz kinosu siyahısına əlavə etməyi bacaran yeganə təmsilçisidir.  
 
“Müqəddəs maralın qətli” – Lantimosun Britaniya dövrünün ikinci filmidir. İlk olan “Lobster” (Omar) filmi diqqət cəlb etməyi bacardı və konstruksiyasının orijinal sərraflığı sayəsində ikonik reputasiyasını aldı. Lantimos çeynənmiş antitotalitar antiutopiya janrını realistik interyer və geyimlərdə yaratmağına baxmayaraq bütün qəhrəmanlarını hələ ki, fantastik olan qaydaya əməl etməyə məcbur etdi: cəmiyyətin hər bir üzvü daimi partnyora (seksual və ya ailə) malik olmalıdır. Partnyoru olmayanları xüsusi mehmanxanaya, bir növ yenidən tərbiyə edilmə düşərgəsinə göndərilirlər. Əgər ay yarım ərzində insan özünə partnyor tapa bilmirsə, onu, hər an ovçunun gülləsinə tuş gələ biləcək, hansısa heyvana döndərib meşəyə buraxırlar. “Humanist” hakimiyyət hətta vətəndaşlara tutuquşundan tutmuş uzunqulağadək hansı heyvana dönüşəcəyini seçmək hüququnu verir. Omara çevrilmək istəyən əsas qəhrəmanı Kolin Farrell, sərt həyat burulğanında tapdığı sevgilisini isə Reyçel Vays canlandırır. Çoxlu kolorit fon personajlarına malik kino romantik irland mənzərəsi ilə birlikdə həm soyuq-intellektual, həm də həssas sehrli ekran tamaşasına çevrilir. 
“Müqəddəs maralın qətli” öz adı ilə, daha alleqorik tərzdə olsa belə, “insan-heyvan” hekayəsinin davamına işarə edir. Bundan əlavə protaqonisti yenə də Kolin Farrell canlandırır: bu dəfə Stiven adlı qəhrəman prestijli amerikan kardio mərkəzində cərrah işləyir. Onun həyat yoldaşı da həkimdir – oftalmoloqdur (Nikol Kidman) – və Stivendən 10 yaş böyükdür. İki yeniyetmə uşağı böyüdən və hətta bəzən sekslə məşğul olan nümunəvi cütlüyün üzərində antik faciənin əvəzolunmaz yoldaşı olan “Tale” durur. Bu “Tale” Stiven barəsində hansısa kompromata malik və ya ona təsir edə bilən Martin adlı sırtıq gənc qismində peyda olur. Stiven ailəsindən gizli onunla görüşür, onun xəstəxanaya gözlənilməz ziyarətlərinə dözür, ona hədiyyə alır, qonaq gedir və nəhayət bu anlaşılmaz münasibətlərə həyat yoldaşını və uşaqlarını qatır… 
Film boyunca “Tale”nin təsiri artaraq, süjeti qanlı vəziyyətə, yüksək emosional zirvəyə və katarsisə gətirib çıxarır. Sözsüz ki, rejissor qədim Elladanın mədəni irsindən qidalanır: filmdə “İfiqeniyanın Avlidada”-nın, Evripidin və qızın qurban gətirən kral Aqamemnonun ruhları dolaşır. Lakin müəlliflər (Lantimosla birgə həmişə ssenarist Eftimis Filippou işləyir) öz milli irsindən nəyi götürüb ortaya qoyurlar? Bu XXI əsrdəki artistik səhnə üçün səmərəli qayda ola bilərmi?  Faciə ən pak halında mədəniyyət tarixində yalnız iki dəfə özünü adekvat formada ifadə edə bilmişdi – antik dövrdə və İntibah zamanı. XX əsr isə (“optimistik faciə” ideyasından əl çəkək) uzun müddətlik faciəni tragikomediyaya çevirdi.  
“Müqəddəs maralın qətli” də aktual tragikomediyaya dönüşmək şansına malik idi. Lakin bunda Lantimos üçün taleyüklü təsadüf  – dekorasiyaların dəyişdirilməsi mane oldu. “Xillə” və daha da metafizik “Alplar”-da rejissor, konstruksiyaların şərti görsənməsinə baxmayaraq, müasir Yunanıstanın – ulu keçmişə malik, lakin dramatik şəkildə günümüzdə periferik vəziyyətini yaşayan ölkənin reallıqlarına arxalanırdı. Lantimos tərəfindən hazırlanmış ailə və sekta klanları dərin köklər buraxmış komplekslərə malik arxaik cəmiyyətin bariz nümunəsi idi.  
Hörmət edilən bir qastarbayter kimi böyük büdcələrə və meqaulduzlara malik ingilisdilli, kvazihollivud filmlərinin səviyyəsinə qalxan Lantimos hələ də yaxşı bələd olduğu vasitə və anlayışlardan istifadə edir. Yunanıstanda onlar təbii şəkildə antik dağıntıların və zeytun ağaclarının içində əriyib gedib, və elektrik qatarda gedərkən, o “Metamorfoza” və “Metafora” adlı stansiyada dayandıqda artıq təəcüblənmirsən. Amma Lantimosun filmindəki “Tale”yin yolladığı gənc xoşgüzəran amerikan evinin zirzəmisində qanlar içində özünü rəmz və metafora adlandırdıqda, olduqca əyri olsa belə, bunun istehza olduğunu anlayaraq bir azca pərt olursan.  
                                                              
"                           
Martini, bu ləkəli vicdanı təcəssüm edən soyqırım mələyini, qisası, dünya güclüləri üzərində ictimai və mənəvi revanşı qeyri-standart görünüşə və güclü xarizmaya malik görkəmli aktyor, gənc irlandiyalı Barri Keoqan canlandırır. Lantimosun erkən filmlərindəki “adsız” yunan aktyorlar kimi, onunla birgə gündəlik qanunların, o cümlədən psixoloji kinoteatral oyunun qanunlarının işləmədiyi barbar, ekzotik dünya qurmaq olardı. Orada faciə parodiya ilə qolboyun gəzə bilər, lakin Kolin Farrell və Nikol Kidman kimi Hollivud “ikonaları” ilə iş görərkən bu tamamilə mümkünsüzdür. Seks-simvollar özlüyündə hansısa başqa bir şeyin rəmzi ola bilmirlər, olurlarsa, deməli onları adi kontekstdən birdəfəlik qoparmaq lazımdır. Bunu fon Triyer Nikol Kidmanı dəhşətli, lakin sonuncu üçün şah əsər olan “Doqvil”-ə dəvət edərək reallaşdırmışdı. Hətta Kubrikin “Bərəlmiş bağlı gözlərdə”-ki Kidmanlı və Tom Kruzlu eksperimenti tam baş tutmamışdı – ulduzlar instiktiv olaraq, maskalarını üzlərindən qopardıqda müqavimət göstərməyə başlayırlar.  
Lantimos çox istedadlı rejissordur. Onun təlqin edici və psixodelik abu-hava yaratma təcrübəsi professional araşdırma tələb edir – adicə onun Şubertin və Qubaydulinanın fon musiqiləri vasitəsi ilə saspensi davam etdirdiyini izləmək maraqlıdır. Lakin klaustrofobiya effekti yaradan yüngül mizansen bənzətmələri əsasında filmi Kubrikin şedevrləri ilə müqayisə etmək, Lantimosa yalnız zərər gətirir. “Bərq”-də yayılmış ölümcül, dəhşət hissini yüksəldən sardonik yumor “Müqəddəs maralın qətli” filmində janrın məhvinə dönüşür. Yad ərazidə bərkiməyə çalışan, arthaus dizayn və iddialı triller arasında tarazlanmağa cəhd edən Lantimos “yanıb kül olmuş” kiç səviyyəsinə düşür. Və öz ağlında antik orkestrin ayaqqabılarını düşünməsi ona fiziki olaraq ucalmağa yardım etmir.  
             
 Mənbə: varyox.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)