Edebiyyat.az » Musiqi » Bax İohann Sebastyan - «Mən bundan da yaxşı musiqi yazacam!»

Bax İohann Sebastyan - «Mən bundan da yaxşı musiqi yazacam!»

Bax İohann Sebastyan - «Mən bundan da yaxşı musiqi yazacam!»
Musiqi
Necef Esgerzade
Müəllif:
12:47, 05 avqust 2019
2 411
0
İohann Sebastyan Baxı dünyanın ən dahi bəstəkarı sayırlar. Türingiyalı Bax ailəsinin yeddi nəslinin bütün üzvləri musiqiçi olublar. Bu ailədə musiqiçilik atadan oğula sənət kimi ötürüldüyündən bəzən Almaniyada hər musiqiçiyə Bax, hər Bax soyadlı insana musiqiçi deyərdilər.


«Mən bundan da yaxşı musiqi yazacam!»


İohann Sebastyan Bax valideynlərini itirəndə heç 10 yaşı yoxuydu. Onun tərbiyəsiylə böyük qardaşı İohann Kristof məşğul olur. İlk musiqi savadını da qardaşından alır. Qardaşının göstərdiyi musiqi pyeslərini Bax qısa müddətə öyrənirdi. Amma qardaşı nəinki dövrün məşhur bəstəkarlarının əsərlərini öyrənməyə, heç notlara əl vurmağa da izn vermirdi. Həmin kitablar dəmir barmaqlıq çəkilmiş şkafda saxlanırdı. Gecə yarısı hamı yatandan sonra Sebastyan əlini barmaqlıqlar arasından salıb kitabı rahatca çıxara bilir. Çırağı olmadığından bu notları ay işığında köçürməli olur. Yalnız 6 aydan sonra musiqi «şikarı» tam əlinə keçən zaman qardaşı onu «cinayət başında» yaxalayır, həm kopyanı, həm də orijinalı əlindən alır. Belə cəzadan hiddətlənmiş Bax göz yaşları içində çığırır:  
— Əgər belədirsə, onda mən özüm musiqi yazaram, bu musiqidən min dəfə yaxşı yazaram!
Kiçik Bax sözünü havaya tullayanlardan deyildi. Arzuladığı kitabı isə o, yalnız qardaşının ölümündən sonra bir daha əlinə keçirə bildi. Amma taleyin cəzası qardaşının cəzasından da ağır oldu. Gecə qaranlıqda əalışmaqdan Sebastyan gözünün nurunu itirmişdi.


«Selyotka» macərası

Tətil vaxtı kiçik Sebastyan 45 km uzaqlıqda yerləşən Hamburqa piyada gedirdi ki, qoca orqançalan Reynikenin çalğısını dinləyə bilsin. Əllərini boş ciblərinə salıb acından ayaqlarını dalıyca güclə sürüyən oğlan hər qonaq evinin qarşısında dayanırdı ki, mətbəxdən gələn qoxuları içinə çəkməklə mədəsindəki tufanı yatıra bilsin. Birdən pəncərə açılır və onun başına iki «selyotka» düşür. O vaxtlar Türingiyada bu, çox qiymətli yemək sayılırdı. Hərisliklə yeməyə girişən Sebastyan az qala dişini sındıracaqdı. Çünki hər balığın içində bir qızıl pul gizlədilmişdi. O, həm qarnını doyurur, həm də Reynikenin yanına bir də gəlmək şansı qazanır.


Orqançalanın özbaşınalığı

19 yaşında Bax Arnştatda orqançalan vəzifəsində çalışır. Aldığı kiçicik məvacib yaşamağa çatsa da, protestant kilsəsində, feodal saraylarında vəziyyət — yəni musiqiçiyə münasibət dözülməz idi. Kilsəyə sifarişləri sözsüz yerinə yetirən peşəkardan başqa heç kəs lazım deyildi. Çılğınlığını heç vaxt cilovlaya bilməyən Baxın ətrafdakılarla konfliktləri ömrünün sonuna kimi arası kəsilmədi.
Kilsə arxivinin protokol və aktlarından sətirlər: «Biz Baxı günahkar bilirik ki, o, xoralda çox qəribə variasiyalar edərək dözülməz tonları qarışdırmaqla dinləyiciləri çaş-baş qoyub… Orqançalan Bax uzun müddət icazəsiz işdən qalıb… Bax əvvəllər çox uzun-uzadı çalırdı. Superintendentin iradından sonra çox qısa çalmağa başlayıb… Orqançalan Baxa irad tutulur ki, o, kilsədə yad qızla musiqi çalmağa cəsarət edib...».


Baxın toyu

Bax həmən o «yad qız»la — əmisi qızı Mariya Barbara Baxla evlənir. Bu yaxınlarda tamamilə təsadüfən bəstəkarın öz tərtibatında öz toy məclisində ifa ediləcək əsərin partiturası tapılıb. Təsəvvür edək, əsərin sözlərinə görə bizim ustad, yəni bəy qatığın içində gəmi kimi üzür. Ətrafdakılar «Qatıq, qatıq» çığırır. O isə «Düşüncələr, niyə qəlbimi yaralayırsız?» sözləriylə lirik ariya oxuyur. Sonra orkestrdə xaric səslər artaraq fuqanı (bir neçə səsli çox ciddi və mürəkkəb musiqi forması) yolundan azdırır. Qonaqlar «Bu fuqa necə gözəldir!» oxuyurlar. Mətn «kim acdırsa, qovurma yeməyə gəlsin» sözləriylə bitir… Bu, tipik alman toyudur.


Kilsədə İblis

İohann Sebastyan Bax-alman bəstəkarıBax şəhər müəllimi kimi geyinib gözdən qıraq kilsələrdə peyda olmağı sevərdi. Orqanda çalmaq arzusunu bildirib alətin arxasına keçərdi. Adətən, kilsədə olanlar belə qeyri-adi çalğı eşitmədiyindən heyrətlənir, insanın bu cür çala biləcəyini heç ağıllarına gətirməyərək qorxub qaçardılar. Onlar elə bilərdi ki, kilsəyə İblisin özü gəlib...
Müasirləri Baxın orqanda çalmasından lap bayılırdılar. Ünvanına gələn təriflərdən heç qımıldanmayan Bax «Mənim çalğım bir o qədər də diqqətəlayiq deyil. Sadəcə, bəzi barmaqlarla lazım olan zaman lazımi klavişlərə düşmək lazımdı. Onda alət öz-özünə də çalacaq». Nə qədər qəribə olsa da, müasirləri orqan çalan Baxın ifaçılığını bəstəkar Baxın dərin fəlsəf düşüncələrindən daha qiymətli sayırdılar.


10 illik xibmətinə görə həbs

Baxın güclü xarakteri vardı. Səbrli olduğu qədər də tərsiydi. Amma acığını basıb enerjisini yaradıcılığa yönəltməyi də bacarırdı. Axı Bax ailəliydi. O, uşaqlarını ac qoya bilməzdi. Boğaza yığılıb işdən çıxmağa cəhd edəndə isə hersoq Ernst ərizəni özünə qarşı təhqir və qayda-qanunları laxlatmaq cəhdi kimi qəbul etmişdi. Kopelmeyster və orqançalan Bax işdən çıxmaq haqqında hörmətsiz ərizəsinə görə həbs edilir. Bir aydan sonra hersoq xidmətdən getməyə icazə verəndən sonra onu azadlığa buraxırlar. Dövrünün ən savadlı hakimi sayılan hersoq Ernst 10 illik xidmətinə görə Baxa minnətdarlığını belə bildirdi.


20 uşaqlı bədbəxt ata

Bax birinci arvadı vəfat edəndən sonra Anna Maqdalena ilə evlənir. Annanın gözəl sopranosu və vokalçı təhsili vardı. Bax yaxşı ər və qayğıkeş ata olmağa çalışırdı. Hər iki evlilikdən sayı 20-yə çatan uşaqlarını saxlamaqda maddi cəhətdən heç vaxt simic olmayıb. Amma ölüm Bax ailəsinə tez-tez qonaq gələrdi. Birinci arvadını itirəndən sonra Bax 20 uşaqdan 11-nin ölümünü görüb. Az qala hər il bir ailə üzvünü itirən Baxın vəziyyyətini təsəvvür eləmək çətin deyil. Baxı ruhi xəstə oğlu Qotfrid Henrinin və əyyaş həyatı sürən Qotfrid Bernardın fikri də rahat qoymurdu. Evə gəlməyəndə orda-burda borc yaratmaqla sağlığından xəbər verən oğlunu daima tanış-bilişdən məktubla soraqlaşıb arayardı.
Bax musiqi sədaları altında yuxuya getməyi sevərdi. Axşam yatağa girəndə oğlanları növbəylə onunçün çalmalıydılar. Uşaqlar bu məcburiyyətdən bezsələr də, bir neçə dəqiqədən sonra otağı bürüyən xorultu səsinə çox sevinərdilər. Kristianın çalğısı altında ataları daha tez yatardı. Bir dəfə Emmanuel atasının yatdığını zənn edib əsəri yarımçıq çalıb aradan çıxır. Həll edilməmiş akkord Baxı yuxuda da rahat buraxmır. Yarıyuxulu vəziyyətdə durub valaylayaraq, mebelə dəyib əzilərək alətə yaxınlaşır, akkordu necə lazımsa həll edib tamamlayandan sonra yerinə qayıdıb yata bilir.


Kilsədə hoqqabazlıq 

«Matveyə görə passionlar» əsəri ifa olunan zaman Gerberin imzası ilə kiçik qəzet resenziyası  nəşr olunur: «Bir nəcib cənabın kilsəsində yüksək vəzifəlilər, nazirlər, alicənab xanımlar toplaşaraq həvəslə passionun birinci psalmını dua kitabçasına baxaraq oxuyurdular. Amma bu teatr musiqisi başlandığı zaman hamı «bu, nə ola bilər?» deyə soruşaraq təəccüblə baxışırdı. Bir yaşlı qadın isə belə dedi: «Balalarım, Allah bizi qorusun.! Biz elə bil komik operaya gəlmişik».
Bəstəkar Buttştedt isə Baxın kübar musiqini kilsəyə gətirməsinə qarşı daha aqressiv idi: «Artıq hər cür mahnı zir-zibilini kilsəyə də daşıyırlar. Bircə o çatmırdı ki, kişilər qadınları qucaqlayıb toylarda olduğu kimi stol-stulların arasında oynamağa başlasınlar».


Bax musiqisini zövqsüz «xaltura» sayırdılar

Dövründə orqançalan və müəllim kimi daha çox tanınan Baxın yazdığı messalar sağlığında ifa edilməmişdi. Müasir bəstəkarlar hələ də başını sındırır ki, belə əzəmətli əsəri bir nəfər necə yarada bilərdi. Bir neçə nəfər gecə-gündüz stuldan qalxmadan bəstələmək hələ bir yana qalsın, yalnız diktə altında notu yazıya alsa, bu cür qısa müddətə əsər yazmaq olardı. İndi hər bir normal pianoçunun repertuarına daxil edilmiş «Yaxşı temperasiya edilmiş klavir» toplusunu isə o, şagirdlərinə çalışmalar kimi bəstələmişdi.
Orqançalan vəzifəsindən, hər bazar gününə təzə əsər yazmaq öhdəliyindən əlavə Bax həm də toy və matəm mərasimlərində ifa edilməkçün messalar yazırdı. Bu onun  əlavə qazancı olurdu. Amma şəhərin camaatı, deyəsən, ölmək fikrində deyildi. Ona görə də Bax ailəsi ehtiyac içində yaşayırdı. Arvadı şikayət edib bir azdan evdə bir tikə çörək tapılmayacağını bildirəndə Bax ona belə cavab verdi: «Əzizim, Leypsiqin havası çox yaxşıdır. Burda adamlar ölmək istəmirsə, mən neyləyə bilərəm?»
Bəstəkar şəhər hakimiyyətinin vaxtaşırı təşkil elədiyi kübar konsertlərdə ifa edilmək üçün əsərlər yaradardı. Amma həyatsevər məzmunlu bu əsərlərin səslənməyini kilsə xadimləri və özünü ağır aparan aristokratiya zövqsüz əsərlər sayardılar. Çünki Bax musiqisi kilsədə ifa edilməkçün çox insansevər, işıqlı və ümidli idi.


Dilənçinin ariyası

Bax hara gedərdisə, daim musiqi içində olardı. Hətta dilənçinin oxumasında, yalvarışlarında musiqi intervallarını, tonların artıb-azalmasını tapmaq istəyirdi. Bununcün o, balaca bir səhnəcik də quraşdırmışdı. Əvvəl elə görkəm alırdı ki, guya nəsə verməkçün ciblərini axtarır. Bu zaman ağlayıb sızlayanların səsi çox zilə çıxardı. Sonra Bax xırda pul verərək intervalların azalmasını müşahidə edərdi. Daha sonra isə yüksək məbləğdə pul uzadar, yalnız yalvarışların tam sakitləşdiyi vaxt çıxıb gedərdi.


Ölümqabağı son işıq

Baxın gözləri anadangəlmə zəif idi. Cavanlığında çox oxumaqla onları bir az da korlayır. Bu xəstəlikdən əməliyyat yolu ilə qurtulmaq istəsə də, hər iki əməliyyat uğursuz keçir. Baxı iki dəfə cərrahiyyə əməliyyatı eləyən Con Teylor adlı həkimi müasir tədqiqatçıların əksəriyyəti şarlatan sayır. Onun müalicəsi nəticəsində bəstəkarın nəinki görmə qabliyyəti, hətta sağlam canı da dərmanların təsiri ilə sıradan çıxır. Ölümünə 10 gün qalmış gözləri sanki görməyə başlayır. Sonrakı iflic zərbəsindən Bax artıq ayıla da bilməyərək 66 yaşında dünyasını sakitcə dəyişir.
Qoyduğu varidatı 1000 taler həcmində hesablanmışdı. Bura 5 klavisin, 2 lötnya, 3 skripka, 3 alt, 2 violonçel, spinet və 52 müqəddəs kitab aid idi.


Bir baxmısan, bir də Bax...

Baxın qəbri müqəddəs İohann kilsəsinin cənub divarı boyunca yerləşir. Qəbrin üstündə başdaşı qoyulmayıb. Kilsənin təmirində qazıntı işləri zamanı qəbiristanlığı sökəndə palıd tabutun içində çox yaxşı qalmış kişi skileti tapılır. Portretləriylə müqayisə edərək elmi-ekspertiza müyyən edir ki, bu, dahi bəstəkarın sümükləridir. Onu əhəngli sarkofaqa qoyub kilsənin mehrabında yerləşdirirlər. Yalnız ölümündən 100 il sonra dəfn olunduğu yerdə memorial lövhə vurulur. Daha 50 il sonra — 1943-cü ildə Müqəddəs İohann kilsəsi bombardman zamanı tamamilə dağılır. Geller və Baxın sarkofaqı isə xoşbəxtlikdən salamat qalır. Onun sümüklərini bu dəfə Müqəddəs Foma məktəbində dəfn edirlər.
Bax vəsiyyətnamə qoymadığına görə əmlakının üçdə biri arvadına, qalanı isə 9 uşağına çatmışdı. Anna Maqdalena ərindən sonra 10 il xeyriyyə cəmiyyətlərinin hesabına yaşayaraq yoxsullar xəstəxanasında vəfat edir. Kiçik qızı Regina da dilənçi kökündə yaşayırdı. Ömrünün sonunda cavan Bethoven ona maddi cəhətdən dəstək olmuşdu.
Baxın oğlanları Vilhelm Frideman, İohann Kristian və Karl Emanuel musiqidə o qədər məşhurlaşır ki, atalarının adı kölgədə qalır. Onlar məşhur bəstəkar olub hətta öz dövrlərində atalarından daha adlı-sanlı  sayılıblar. Yaşadıqları əsrin övladları olduğundan atalarının qiymətini anlaya bilməmişdilər. Onu yalnız qoca inadkar kimi xatırlayırdılar. Müasirlərinin unutduğu Baxı 19-cu əsrdə bəstəkar Mendelson onun əsərlərindən ibarət konsertlə yada saldı. O vaxtdan bəri Baxı heç kim unuda bilmir...


Mənbə: Bizim Yol
Müəllif: Gülnarə RƏFİQ 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)