Edebiyyat.az » Poeziya » Şəms Ləngərudidən şeirlər

Şəms Ləngərudidən şeirlər

Şəms Ləngərudidən şeirlər
Poeziya
nemət
Müəllif:
18:56, 17 aprel 2020
2 101
0
Şəms Ləngərudidən şeirlər








Məhəmməd Şəms Ləngərudi müasir İran şeirinin ən parlaq nümayəndələrindən biridir. 1950-ci ildə Gilanda doğulub. İlk şeirini İran şairi Nadir Nadirpurun təsirilə yazıb. İqtisadiyyat üzrə təhsil alıb, müəllim kimi fəaliyyət göstərsə də, görkəmli fransız şairi və təndiqçisi Şarl Pyer Bodlerə olan sevgisi onun şair kimi formalaşdırıb. Gənc yaşlarından etibarən məktəblərdə  Fars ədəbiyyatını tədris edib. Siyasi düşüncələrinə görə həbs edilməsi onun dünya görüşündə, eləcə də xarakterində dərin iz buraxıb və o, öz həyatını bütövlükdə ədəbiyyata həsr etməyi qərara alıb. İlk şeir kitabı olan "Təşnəlik rəftarı”nı öz hesabına çap etdirən Ləngərudi "Kül və qadın”, "Görünməmiş bayram” şeir kitabları ilə qısa zamanda şöhrət qazansa da  yaradıcılığına birdən-birə on ildən çox fasilə verir. Onun ədəbiyyata yenidən qayıdışı ard-ada səkkiz şeir kitabının işıq üzü görməsi ilə yadda qalır. Özünü aktyor kimi də sınayan Məhəmməd Şəms ilk dəfə "13 nömrəli Flaminqo” filmində şair obrazını canlandırıb. Daha sonra baş rolda oynadığı "Beşdən beşə qədər” filminə görə İran film festivalında ən yaxşı aktyor mükafatına namizəd göstərilib. O, ədəbiyyat sahəsində də bir çox mükafatlara layiq görülsə də onlardan imtina edib. Hazırda İranda klassik İran və dünya ədəbiyyatının tədrisi ilə məşğuldur. 
 

  Həsrət
 

Həsrət
qara üzüm salxımıdır.
Tapdala onu yaxşıca!
Tapdala!
Ağzını bağla, qoy qalsın. 
Gör, necə məst edəcək səni bu kədər.
 
 
  Gecikmisən
 

Əlifba yağır sanki 
qəzet köşkünün damına.
 Bir neçə hərf, bir dəstə də gül götürüb
yolunu gözləmək 
                         keçir könlümdən.
Axşamüstü yağan yağış
                           vəznli, qafiyəli. 
Yağır...
yağır...
yağır...
incə-incə, 
aram-aram
və sən 
                                  gecikmisən.
Güllər 
tələyə düşmüş quşlar kimi 
çırpınır ovucumda. 
                                       Sən gəlməyəcəksən. 
Bu şeirsə
uçmağı sevən, amma 
qanadları olmayan 
bir quş haqda nağıldır. 
 
 

***
 
 

Kəsdiyimiz o duz-çörəyin hörmətinə
Çörəyi sən apar
Yolun uzundur
taqətinsə az!
Duzu saxla mənim üçün!
İstəyirəm bu yara 
Həmişə təzə qalsın!
 

***
 

Eşq bir dükandır
sahibi illərdir ki, ölüb 
Və sən hüznlü bir halda 
bir tikə çörəyi 
onun gözünün önündə oğurlayırsan.
 

***
 

İnsanların sevincinə etimad etmə,
Qar!
Yağan zaman nemətsən!
Elə ki yerə oturdun 
Sən sadəcə bir lənətsən!
 
 
 

  Sən də bir gün
 

Və bir gün sən də qocalacaqsan.
Mənsə bundan artıq qocalan deyiləm daha 
Həyatımın bir anında dayanmışam.
Gözləyirəm gələsən,
qarşımdan keçəsən.
Qəşəng, qocalmış 
və üzündə zülmətimdən əsirgədiyin nur. 
 
 
  Sənin eşqin
 

Səni sevirəm
Və eşqin adımdan süzülür 
ziyarətgahın həyətində 
gövdəsi yaralanmış tənha ağacın şirəsi kimi...
 
 
  Möcüzələr dövrü keçib artıq
 

Gecikmisən, Musa!
Möcüzələr dövrü keçib. 
Əsanı ver Çarli Çaplinə,
bir az gülək. 
 
 
  Düşmək zamanı 
 

Külək əsir,
meyvə isə bixəbərdir.
Onun düşmək zamanıdır bu gün. 
 

  Çətindir 
 

Çətindir qar adamı,
çətindir. 
Günün aydınlığını sevirsən,
amma tərəddüd edirsən, nə badə gələ. 
 

  Şəms Ləngərudi ilə
 

Mən axı qığılcım kimi
atəşdən qaçmışdım. 
Azadlıq havasında 
Külə çevrilirəm.
 

  Fars dilindən tərcümə edən: Ariz Tarverdiyev


Mənbə: Kaspi qəzeti
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)