Edebiyyat.az » Proza » Namiq Abdullayev (1925-1992) - Atlantidadan gəlmiş adam

Namiq Abdullayev (1925-1992) - Atlantidadan gəlmiş adam

Namiq Abdullayev (1925-1992) - Atlantidadan gəlmiş adam
Proza
nemət
Müəllif:
23:11, 25 mart 2020
1 568
0
Namiq Abdullayev (1925-1992) - Atlantidadan gəlmiş adam





 

        İsti bir aya günü idi. Qoca rəssam meşəyə şəkil çəkməyə gəlmişdi. Onun ən çox sevdiyi janr. təbiət lövhələrini çəkmək idi. O, özü üçün münasib bir yer seçib, molbertini iri gövdəli bir palıd ağacının altında açdı. Qarşıda həqiqətən gözəl bir mənzərə canlanırdı. Meşənin ortasında kiçik bir tala var idi. Talanın bəzi yerlərində xırda itburnu və cır əzgil kolları bitmişdi. O tərəfdə isə yenə də sıx ağaclar və bir də ildırım vurub yıxmış yoğun palıd ağacının yanıb kösövə dönmüş iri kötüyü görünürdü. Rəssam rəngləri hazırlayıb işə başladı. O, arabir dayanıb təbiətin yaratdığı bu lövhəyə diqqətlə baxır, onun rəngarəng şəkillərini qarşısındakı ağ parçaya olduğu kimi köçürməyə çalışırdı. 

        Ətrafda olan sakitliyi müxtəlif quşların bir-birinə qarışan səsləri və cırcıramalrın yeknəsəq nəğməsi pozurdu.

        Birdən uzaqdan bir zil fit səsi eşidildi. “Reaktiv təyyarədir” – deyə qoca sol əli ilə başının üstündəki budağı yana əyib, barmaqları arasında fırça tutduğu sağ əlini günlük kimi qaşlarının bərabərinə gətirib göyə baxdı. Gözləri ilə gümüşü rəngli aydın səmada təyyarəni axtardı. Lakin heç bir şey görmədi: “Yəqin çox yüksəkdən uçur”, - deyə yarımçıq qoyduğu işini davam etdirdi. Fit səsi sürətlə yaxınlaşır, get-gedə gurultuya çevrilirdi. Meşəni vahiməli bir səs bürüyürdü. Qoca açıqlığa çıxıb ətrafa baxdı. Artıq motor gurultusuna dözmək mümkün deyildi. O, barmaqlarını qulaqlarına tıxadı. Birdən elə bil ki, yer onun ayaqları altından qaçdı, qüvvətli hava dalğası onu yerə sərdi. Uzaqda hansı ağac isə şaqqıltı ilə sındı. Bütün bunlar bir göz qırpımında baş verdi. Sonra yenə də hər şey sakitləşdi. Qoca özünə gəlib ayağa qalxanda, ona tərəf gələn qəribə geyimli, iri gövdəli bir adam gördü. Onun iri, qara gözləri gülümsəyirdi. Əynində spartalılarda olan antik bir paltar var idi. Qıçlarını dizlərinə kimi qırçınlı bir tuman örtürdü. Açıq qollarında qüvvətli əzələlər nəzəri cəlb edirdi. Qıvrım qara saçlı başında heç nə yox idi. Naməlum adam qocaya yaxınlaşıb sağ dizini yerə qoydu, hərəkətlə baş əyib salam verdi.

        Qoca rəssam ona təəccüblə baxıb, çiyinlərini çəkdi. “Bu nə hoqqabazlıqdır – deyə o düşündü. – O, niyə mənə baş əyir. Bu adam kimdir, elə bil göydən düşüb. Görəsən o nə üçün belə bir paltar geyib, bəlkə o casusdur. Amma necə də qüvvətli bədəni var”. Qocanın başından müxtəlif fikirlər keçdi. Naməlum adam qocaya yaxınlaşıb anlaşılmaz bir dildə nə isə dedi. Qoca isə heç nə başa düşmədi. Onlar xeyli bir-birinə dinməzcə baxdılar. Sonra o, yenə də danışmağa başladı. Özünü göstərib bir neçə dəfə Antello, Antello – dedi.

        “Hə, demək sənin adın Antellodur” – deyə qoca özlüyündə qət etdi. Antello gah yeri, gah da göyü göstərib nə isə deyirdi. Qoca isə onun sözlərindən bir Atlantida sözünü başa düşdü.

        - Qardaş, mən sənin dilini bilmirəm. Sənin dediyin Atlantida idə deyildiyinə görə bir ölkə olubmuş. Alimlər hələ də onun haqqında mübahisə aparırlar. Həqiqətdə isə onun olub-olmadığını heç kim bilmir. Gəl gedək, səni şəhərə aparım. Orada sənin dilini bilən adam tapılar. – Gənc onu başa düşürmüş kimi qocanın dalısınca getdi. Antello qoca rəssamın maşınını görəndə çox təəccübləndi, diqqətlə ona baxdı, əli ilə toxundu. Rəssam onun gözlərində bir qorxu hissi gördü. Bu isə onun şübhələrini daha da artırdı. Qoca onu maşına dəvət etdi. Bir azdan maşın meşənin içərisindən keçən yol ilə tozu göyə qaldırıb, sürətlə şəhərə tərəf gedirdi. O, rahat oturacaqda əyləşib ətrafa baxır, qocanın maşını necə idarə etməsinə tamaşa edirdi. Bəzən o qaşqabağını yığıb nə isə fikirləşir, kədərlənir, elə bil ürəyindən şübhəli fikirlər keçirdi.

        Onlar şəhərə daxil olandan sonra Antellonun halı daha da xarablaşdı. O, çaşmış kimi tez-tez küçədən keçən tramvaylara, trolleybuslara, saysız-hesabsız maşınlara baxır, bir yerdə otura bilməyib, qaçmaq istəyirmiş kimi narahatlıq göstərirdi.

        “Bu nə qəribə insandır, heç elə bil bu dünyanın adamı deyil”, - deyə qoca rəssam fikirləşdi. O, Antellonu Akademiyanın dil institutuna gətirdi. Məlum oldu ki, onun dili müasir dünya dillərinin heç biri deyil. Bu yəqin başqa bir dünyanın sakinidir. Alimlər onunla maraqlandılar, onun dilini öyrənməyə başladılar. Hamı ona hörmət edir, qayğıkeşliklə yanaşırdı. Onun üzü gülmür, qaşqabağı açılmırdı. Bəzən o, saatlarla xəyala dalır, tez-tez ah çəkir, qara gözlərində bir əzab-iztirab izləri duyulurdu. Belə hallarda ona yaxınlaşmağa adamın ürəyi gəlmirdi. Qoy heç olmazsa öz xəyalı ilə yaşasın. Ona təzə paltar təklif etdilər. O isə heç bir vəchlə əynindəki köhnə paltarı dəyişməyə razı olmadı. 

        Nəhayət onun dilini öyrəndilər.

 

*    *   *

 

        Antellonun ölkəsi suların qoynunda  yerləşirdi. Dalğalar onun qumlu sahillərini yalayırdı. Onun bərəkətli tarlaları, şirin meyvəli bağları var idi. Antello özü isə balıqçı idi. Onun atası da balıqçı olub, babası da. O, heç vaxt ovdan əliboş qayıtmazdı. O, öz qənimətini bəzən ovdan boş qayıdan balıqçılarla bölüşürdü. Antello könlünü mələk kimi incə, ay üzlü bir qıza vermişdi. Bu qız Elarina idi. Hər axşam o. sahildə Antellonu gözləyirdi. Antellonun gəncliyinin ən coşqun vaxtı idi. O, qorxunun, təhlükənin nə olduğunu bilmirdi. Ona elə gəlirdi ki, günəş onu qızdırmaq üçün parlayır. Dəniz onun ov etməsi üçün yaranmışdır. Ay isə görüşündə sevgilisi Elarinanın gözəl üzünə, qara gözlərinə nur səpmək üçün işıq salır. Sərin meh də onun qara saçlarını sığallamalıdır.

        Antello bir dəfə yenə də dənizə balıq tutmağa gedir. Ancaq bu dəfə bəxti gətirmir. Dəniz qəzəblənir. Köpüklü dalğalar onun qayığını atıb-tutur, əsən güclü külək onu uzaqlara aparır. O, dənizlə təkbətək döyüşə girib qayığını sahilə - gözlərini dənizin ənginliklərinə dikib, onun yolunu gözləyən Elarinanın yanına döndərməyə çalışır.

        Axşam olur, hava qaralır, fırtına isə get-gedə daha da güclənir, dəniz bağırır, göy guruldayır, şimşək çaxır, get-gedə hər tərəfi qatı sülmət bürüyür. Lakin birdən-birə  ətraf işıqlanır, Antellonu heyrət alır. O, başını qaldırıb qalın qara buludlardan uzun odlu qəribə bir şeyin çıxdığını görür. Ömründə ilk dəfə qorxunun nə olduğunu hiss edən Antello bunu nağıllarda eşitdiyi əjdahaya oxşadır. Bir an belə keçməmiş bu əjdaha suya düşür və düşən kimi dəniz əvvəkindən də qatı bir zülmət pərdəsinə bürünür. Böyük bir dalğa gurultu ilə Antellonun başından aşıb, onu qayıqdan köpüklü dalğaların qoynuna atır. O, çalışıb üzür, dalğalar isə onun başından basır, nəfəsini kəsir. Bir azdan qolları taqətdən düşür, huşunu itirir.

 

*    *   *

 

        Antello özünə gəlib, gözlərini açanda harada olduğunu birdən-birə başa düşmür. Ağrıdan onun gicgahları lükküldəyir, gözləri hər şeyi dumanlı görür. O, qalxıb oturmaq istəyir. Ancaq bacarmır. “Mən haradayam?” – deyə düşünür, yanında duran qəribə görkəmli bir neçə adamın ona diqqətlə baxdığını görür. “Bunlar kimdir, mən haradayam, - deyə o, yenə düşünür və birdən diksinmiş kimi fikirdən ayrılıb, dənizdə başına gələn macəraları xatırlayır: Axı mən dənizdə idim...” O, kiçik dairəvi pəncərədən baxıb parlayan ulduzları görür: “Bunlar yəqin ki, mələklərdir, - deyir – Mənim ruhumu göylərə, allahların məkanına aparırlar”. O, uzandığı yerdən ayağa durur. Adamların qarşısında əyilib yerə oturur. Onlardan qəzəbli baxışları olan biri yaxına gəlib Antellonu qaldırır. Antello onun üzünə baxmağa qorxur.

        Onu stol arxasında oturdub qabağına yemək qoyurlar. Sonra da müxtəlif şeyləri göstərib adlarını söyləyirlər. Antellonun yaddaşı möhkəm olduğu üçün deyilən sözləri tez öyrənir. Zaman keçir, Antello onlara alışır, özünü yaxşı hiss edir. Ancaq vətəni üçün darıxır. Onunla yaxşı rəftar etdikləri üçün hamıya mehriban olur, lakin təkcə qəzəbli baxışları olan adam ona öz qənimi kimi baxdığı üçün Antellonun ondan acığı gəlir. Bu adam deyəsən hamıdan böyük idi.

        Antello bəzən hermetik bağlanmış illüminatora yaxınlaşıb hər tərəfə nizamsız səpələnmiş və mirvari kimi bərq vuran ulduzlara tamaşa edir. Lakin aşağı və yuxarının hara olduğunu anlaya bilmədiyi üçün başı gicəllənir.

        Antellonu tamamilə başqa bir dünyaya gətirirlər. O, indi başa düşür ki, gördüyü ulduzların hərəsi bir günəş, bir dünyadır. Antellonu gətirən raket bir gölə enir, kiçik biq qayıq onları sahilə aparır. Onları qarşılamağa çoxlu adam gəlir. Raketin kapitanı məğrur bir görkəmlə dayanıb, ətrafı seyr edir. Onun üzündə yenə də iyrənc bir ifadə var. O, özünü hamıdan üstün tutur. Camaat əl çalır, uzaq və təhlükəli səfərdən qayıtmiş həmvətənlərini sevinclə qarşılayırlar. Antello bir müddət burada qalır. Onu gənc alim bir qıza tapşırırlar. O, Antelloya dil öyrədir, onu öz dünyaları ilə tanış edir. Bir dəfə Antello:

        - Mən öz dünyamıza getmək isyəyirəm, - deyə ona müraciət edir. – Xahiş edirəm, məni yola salın!  

        - Bura sənin xoşuna gəlmirmi? Deyirlər bura, sənin yaşadığın dünyadan yaxşıdır.  

        - Yox, - deyə Antello etiraz edir. – Bura sizin üçün yaxşıdır. Mən isə öz dünyamı, öz vətənimi sevirəm. Axı, bir də məni orada gözləyirlər.

        - Kim?

        - Sevdiyim bir qız. Yəqin ki, o, yenə də hər gün sahilə gəlib, mənim yolumu gözləyir...

        - O, daha səni gözləmir!

        - Yox, - deyə Antello qəzəblənib ayağa qalxır. – Sən düz danışmırsan, o, sədaqətlidir. O, məni sevir!

        - Antello, - deyə qız əlləri ilə üzünü örtür, ah çəkib köksünü ötürür. – O, daha səni sevə bilməz...

        - Nə üçün?!

        - Çünki... çünki... – qızın səsi titrəyir, sözünün dalısını deyə bilmir.

        - Sən yalan danışırsan. Mən öz vətənimə qayıtmaq istəyirəm. Eşidirsənmi? Mən Elarinamın həzin səsli nəğməsini eşitmək istəyirəm... Mən onu sevirəm.

        Antello bu uzaq və yad dünyalı qızın kədərini başa düşə bilmir. Qızın isə ona yazığı gəlir. Həqiqəti açıb ona desinmi? O, bunu başa düşə bilərmi? İnanarmı? O, bu odlu gəncin qəlbini qırmaq, ümidini kəsmək istəmir.

        - Nə üçün onlar məni buraya gətirdilər?

        - Doğru deyirsən, Antello, onlar çox pis iş görüblər. Bir də bilirsənmi onlar bizim dövrün adamları deyil. Bu adamlar çox-çox illər bundan əvvəl dünyaya gəlmişlər. Tamamilə başqa bir cəmiyyətdə yaşamışlar. O vaxt ağalar və qullar, əzənlər və əzilənlər dünyası idi. İndi isə hamı bərabər yaşayır. 

        Bəli, sizdə həyat yaxşıdır. İnsanlar xoşbəxt yaşayırlar. Hamı bərabər işləyib, bərabər yaşayır. Elə bil ki, bütün adamlar böyük bir ailənin üzvüdür. Mən bunları öz dünyamda danışanda heç kim mənə inanmayacaq.

 

*    *   *

 

        Antellonu biradamlıq balaca raketdə yola salırlar. Uçuşun proqramı raketi idarə edən elektron hesablayıcı maşına verilir.   Antello üçün ancaq raketi yerə endirmək qalır. Bunu da ona alim qız başa salır.

        - İndi isə əlvida, - deyə qız kədərlə ona baxır.

        - Əlvida, - deyə Antello sevincək cavab verir. – Mən sizin haqqınızda Elarinaya danışacağam.

        Qız dodağını dişləyir. Antellonun sevinclə parlayan gözlərinə baxa bilməyib üzünü yana çevirir. Antello sevincindən raketi yerə endirmək vaxtını unutduğu üçün bu dəfə də qoca rəssamın vətənində yerə düşür.

 

*    *   *

 

        Antello bütün bu sərgüzəşti yeni dünyanın adamlarına danışır. O, bu yeni dünyada da qala bilmir, yenə öz vətəni, öz Elarinası üçün darıxır.

        - Sizə yalvarıram mənə kömək edin, - deyir. – Mən öz Atantidama qayıtmaq istəyirəm.

        Akademiya əməkdaşlarını kədər hissi bürüyür. Onlar uzaq dünyalı alim qızın sözlərini Antelloya izah etməyi qərara alırlar. Ağ saçlı qoca alim yanındakılara deyir:

        - Mənə elə gəlir ki, ona hər şeyi olduğu kimi danışmaq lazımdır!

        - Əlbəttə, həqiqəti bilsə yaxşıdır.

        Qoca alim Antelloya yaxınlaşır.

        - Antello bu sənin öz doğma dünyandır.

        - Yox, bizdə belə maşınlar yox idi. Sizin dünyanız da onların dünyasına oxşayır. – deyə o əli ilə göyü göstərir. Əgər elə isə onda məni Atlantidaya aparın.

        - Səni oraya aparmaq olmaz.

        - Nə üçün?

        - Çünki daha yer üzündə Atlantida adlı ölkə yoxdur. 

        - Siz nə danışırsınız? – Antellonun gözlərində dəhşət və inamsızlıq canlanır.

        - Qulaq as, oğul! – deyə alim ona müraciət edir. Lakin oğul sözü ona çox qəribə görünür. – Sənin ölkən haqqında heç bir məlumat və sənəd yoxdur. Dediyin ölkə bizim eramızdan çox-çox əvvəl yoxa çıxmışdır. 

        - Bu yalandır, bəs mən niyə sağ qalmışam. Heç əynimdəki paltar da cırılmayıb.

        - Axı sən işıq sürətinə yaxın bir sürətlə uçursan. Belə sürətdə isə vaxt ləngiyir. O qız sənə düzünü deyib. O, bilirdi ki, səninlə bir dövrdə yaşamış insanlar sən hələ yolda ikən ölüb getmişlər.

        Antellonun gözlərində nə isə söndü. Onun dodaqları bir-birinə kip sıxılmış, qaşları çatılmış, iri alnı isə qırışmışdı. Xəyal onu min illərlə keçmişə çəkib apardı. Onun gözləri qarşısında Atlantidanın qumlu sahilləri canlandı. Budur, o, balıqla dolu qayığını sahilə tərəf sürür. Elarina onu gözləyir. Xırda ləpələr, elə bil ki, onun ayaqlarından öpür. Külək onun qara saçlarını sığallayır, Elarina gülümsəyir. Antello da ona baxıb qımışır. “Demək Elarina çoxdan, lap çoxdan ölüb getmişdir. Bəlkə də o, hər gün sahilə gəlib Antellonun yolunu gözləmiş, mavi dənizin ənginliklərinə baxıb, baxıb gözləri yaşarmişdir”.

        - Mənim vətənim, gözəl Atlantidam daha yoxdur!

        O, başını əlləri ilə tutub dərin fikrə getdi...

         

       

 

        

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)