Edebiyyat.az » Proza » Azad Müzəffərli - Şıntır-mıntır (hekayə)

Azad Müzəffərli - Şıntır-mıntır (hekayə)

Azad Müzəffərli - Şıntır-mıntır (hekayə)
Proza
admin
Müəllif:
23:58, 01 iyun 2020
1 398
0
Azad Müzəffərli - Şıntır-mıntır (hekayə)





       Sevgi(hə, bahar) fəsliydi. Yazda təkcə təbiət yox, yeniyetmələr, gənclər də çiçəyə bələnirlər. Səməndərlə Yasəmənin də yenicə pöhrələnən eşqi tumurcuqlamışdı. Bir-iki həftənin içindəcə nişanlanmışdılar. Səbirlərini basa bilmədiklərindən çal-çağırı da tezləşdirmişdilər. Qorqudoba kəndi intizardaydı, tezliklə “Vağzalı” çalınasıydı. Kənd camaatı üçün ən böyük bayram, əyləncə elə toydu da. Onlara qalan budu. Yoxsa, alaqaranlıqdan zülmət çökənə qədər alın təri tökməkdən başları aynımır. 

      Səməndər dingildəyirdi. Onun bu tövrü anlaşılandı. Kimsə xətrinə dəymirdi. Həyət-bacaya əl gəzdirmək yaman gözünə durmuşdu. Gözləməyə vaxtı yox idi. Sabah-birigün gəlinin cehizi gətiriləcəkdi. Maşallah, o da, varlı-karlı ailədəndi. Bəlliydi, cehizi də maşın-maşın olacaqdı. Uşaqlıq dostu Fərasət işdən bir-iki günlüyə icazə alıb Səməndərə köməyə gəlmişdi. Qonum-qonşunun işi başından aşdığından isə hər kəsən öz hayındaydı.

      Dostlar nahara qədər həyət-bacanı səliqə-sahmana saldılar. Qərara gəldilər ki, günortadan sonra evdə it ilindən qalma nə qədər şıntır-mıntır varsa, rədd eləsinlər. Hay-hayı gedib, vay-vayı qalan təknə, sac, dördayaq, ərsin, xəlbir, nehrə, qədimi çıraqlar, samovar, şamdan, təsbeh, güyüm, səhəng, sərnic, dəhrə və daha nə bilim nələri Fərasətin ayağı güclə yer tutan “Moskviç”inə yüklədilər. Fikirləşdilər ki, onsuz da Yasəmən dədəsi evindən bunların qat təzəsini gətirəsidi də, axı, köhnə-kürüşün ayağa dolaşmağına nə ehtiyac var. Valideynləri bəyə təpinsələr də, xeyiri olmadı, o dediyindən dönmədi.

-      Axı, bunlar neçə arxa nəsildən bizə yadigar qalandı. Göz-bəbəyi kimi qoruyub ulularımız, nəsildən-nəsilə ötürülüb e bunlar...

-       Yetər bu şıntır-mıntırdan bərk-bərk yapışmağınız, bir baxın da, televizorda dəfələrlə göstəriblər, italyanlar, digər millətlər yeni il gecəsi mebellərini, cürəbəcür məişət əşyalarını “uf” demədən pəncərədən necə üzü aşağı vızıldadırlar. Görün-götürün, öyrənin də. Bəsdi də, köhnəliyin quyruğundan möhkəm-möhkəm yapışdığınız, əl çəkin Nuh əyyamından qalma bu vərdişlərinizdən...

         Fərasət də adına layiq idi, od-alovdu ha, anadangəlmə tacirdi. Dildən pərgardı. Marığa yatmağın ustası idi, cırmaq-cırmaq məqsədinə yetənlərdəndi. Uzaqdangəlmişlikdə tayı-bərabəri yoxdu. Bayaq Səməndərgildən apardıqlarını Bakıda bir göz qırpımında kiməsə sırıyıb axşama özünü kəndə yetirmişdi.  Üç dənə şax yüzlük dolları da basmışdı Səmənədərin döş cibinə ki, toyqabağı lazım olar, bu da məndən sənə dost payı. Həmən göydəndüşmə ərmağandan gözlərinə azacıq da olsa işıq gələn bəy hələ də narahatdı, evə bir qədər də əl gəzdirmək fikrindəydi, gərək, yenə də nələrinsə dalından dəyəydi ki, cer-cehizə geninə-boluna yer eləyəydi.  Köməyinə yenə də Fərasət çatdı. Özü də əməlli-başlı. Dedi, gəlsənə, bu üst-üstə qalaqlanmış nimdaş xalça, sumax, palaz, kilim, mütəkkələri, taxçadakı pitik və qotazları, zirzəmidəki məfrəs, xurcun və digər bu qəbildən olan qədimi əşyaları da ver aparım, həmən o yapona. O, dükanında işlədiyim yaponu deyirəm e, hələ üstəlik, mənə də, sənə də geninə-boluna xeyir də qalacaq. Özü də yəqinki, bu dəfə heç olmasa, sənə bir min dollar çatacaq. Eşitdiklərindən Səməndərin gözünə işıq gəldi. Fürsətdi, valideynləri də evdə yoxdular, qonşuya keçmişdilər, başını dəng eləməyəcəkdilər. Gözlərinə dəyən nə vardı yenə də çatdılar Fərasətin “Moskviç”inə. Avtomobilə yükü necə lazımdı qalalayıb, kəndirlə bərkitdilər. Ahıllar sayağı yerindən ləngər vuran “Moskviç” ləhləyə-ləhləyə götürüldü Bakıya sarı.

        Fərasətin dırınqıleti kəndin yoxuşunu aşa-aşda qəflətən göyün üzü elə bir qaramat bağladı ki, gəl görəsən. Çöhrəsindən  zəhirmar yağan buludlar sanki kəndlə qanlı-bıçaqdılar, duelə çıxmağa hazırlaşırdılar. Azca keçmiş Qorqudobaya nə təhər divan tutdularsa, hətta, ağsaqqal və ağbirçəklər də beləsini xatırlamırdılar.  Sel-su kəndi yaman günlük elədi. Buna mat-məəttəl qalan camaatın qənaəti belə oldu ki, deyəsən, kəndi qarğıyıblar, duran yerdə zibilə düşmüşük.

         Səməndərlə Yasəmənin toyu sakinlərin təbii fəlakətlə bağlı yarasına az da olsa kül ələdi. Kəndin çeşidbəçeşid təamlarından nuş eləyib, qol götürüb bəsdi deyincə süzdülər. Kişilər də cavanlı-qocalı arağın, çaxırın küpünə girincə gupuldatdılar. Dərd orasındaydı ki, camaat toya nə təhər uymuşdusa, bir neçə gün əvvəlki buludların kəndi yenidən amansızcasına caynağına aldığından xəbərsizdilər. Bədahətən güclü külək də qopdu. İldırımlar da qılınclarını sıyırdılar. Göy üzündə bir atəşfəşanlıq başladı ki, tarix beləsini görməmişdi. Bir neçə saatın içində qasırğa, dolu kəndi mır-mıc elədi. Sanki qış da geri dönmüşdü, soyuq adamın iliyinə işləyirdi. 

       Qorqudobaya bu il yaz tez gəldiyindən meyvə ağacları vaxtından qabaq gülləmişdilər deyənə təbii fəlakətin zavalına getdilər. Kənd camaatının gözünü dikdiyi meyvə bağları ələgəlməz oldu. Bostanları isə dolu  çıxdaş eləmişdi, sağ-salamat tərəvəz, göyərti qalmamışdı. Bu azmış kimi bir neçə günün içində taxıl tarlalarını da çəyirtkə basdı. Kəndi deyəsən doğrudan da qarğımışdılar, tezliklə heyvanlar da azara tutuldular. Yolxucu xəstəlik Qorqudobanın mal-qarasına, davarına daraşdığından leş-leş üstə qalanırdı. Camaat vahimədəydi, əlacsızlıqdan əllərini Tanrı dərgahına açmışdılar.

       Kəndin sakinlərinin suallar dəryasına qərq olduğu bu günlərdə sizə Fərasətin şıntır-mıntır məişət əşyalarını sırıdığı həmən o yapondan söhbət açmaq istərdim. Bu başdan deyim ki, Azərbaycan əcnəbilər üçün həqiqətən də cənnətməkandır. Fərasətin anbarında çalışdığı elektronika mağazasının sahibinin işləri də yağ kimi gedirdi. Özü də boynuna alırdı ki, işçisindən bir ətək pul-paraya əldə elədiyi qədimi əşyalar ona düşərli olmuşdu. Yapon Bakıdakı dəbdəbəli mənzilinin otaqlarının birində yerləşdirmişdi o köhnə-kürüşü. Bu otağı bəzəmək üçün məxsusi dizayner də tutmuşdu. Gələcək biznesi ilə bağlı planlarını burada araya-ərsəyə gətirirdi. Düşünüb-daşınanda sanki əsrlərin ənginliklərindən güc alırdı. Qısa müddətdə Bakıda bir neçə yeni elektronika mağazası işə salmışdı, gəliri birə-beş artmışdı. Günün əksər hissəsini həmin otaqdan ayrılmazdı, son vaxtlar biznesini də buradan idarə edirdi.  Yamanca bağlanmışdı bu yeni “mərkəzi ofis”inə.

       Kənd camaatı isə xeyli vaxtdı qafa sındırmaqdaydı. Nəhayət, heç kəsin gözləmədiyi halda başlarına gələnlərin səbəbinin izinə yüz iyirmi yeddi yaşlı Tamam nənə düşmüşdü. Onun sinni bir əsri ötsə də,  hələ də qıvraqlığı yerindəydi, zəkası da əvvəlki təkin itiydi. Nəticəsi Fərasətin birdən-birə pula pul deməməsi, əlinin dollarla oynaması ona qəribə gəlmişdi. Nəticəsinin bicbalanın biri olması isə Tamam nənəyə çoxdan bəlliydi, hələ beşikdən bu uşağın üz-gözündən həlləm-qəlləmlik yağırdı. Günlərin birində nəticəsini yanına çağırıb qılığına girdi. Tezliklə öyrəndi ki, Fərasət dostu Səməndərgildən şıntır-mıntır adına ələ keçirdiklərini öz müdiri yapona od qiymətinə satıbmış. Bu dələduz həmin əşyaların bəzilərinin ən azı üç-dörd  əsr bundan qabaqdan qalma olduğunu deməklə qiyməti dəfələrlə artırıbmış. Hardan ağlına gələydi ki, “uydurduqları” həqiqətən də beləymiş. Bunu Tamam nənə qədər dəqiqliyi ilə bilən çətin ki tapılaydı, axı, kənddə yaşı yüzə yaxınlaşan ahıllar barmaqla sayagələsiydi.

      Mətləbdən agah olan Tamam arvad Fərasətin təpəsinə bir külləmə qapaz ilişdirib tumanının ətəyini əlinə  aldı. Dedi, tez elə məni çatdır Səməndərgilə. Nəticəsi qaltaq-maltaq maşını ilə tələm-tələsik onu deyilən ünvana yetirdi. Salam-kəlamdan sonra Tamam nənə kəsəsinə keçdi qızıl xırdalamağa.

-      Ay başınıza dönüm, bilirsiniz siz iki vələdüzzina nə hoqqa çıxarmısınız... Kəndin bərəkətini öz əllərinizlə ərmağan eləmisiniz o yapona. Düzdü, o yetimdə nə taxsır, bir ətək pulunu verib alıb da...

-      Başa düşmədik, ay nənə, yaman yuxarıdan getdin deyəsən, axı?

-      Ə qurumsaqlar, sizi çox istədiyimdən belə deyirəm e... O, şıntır-mıntır dediyiniz var ha, onun bəziləri Səməndər, sənin ulu babangildən qalma yadigarlardı,  qalanlarını da sonrakı nəsilləriniz üstünə qoyub toparlayıb sizə ötürüblər...

-      Hə, nə olsun, ucundan-qulağından biz də nəsə bilirik də, köhnə-kürüş şeylərdi də?

-      Tələsməyin, mənə diqqətlə qulaq verin, siz bilən, əppəy tabağıdır, içindəkindən xəbəriniz yoxdu... İndicə lap dəqiqliyi ilə xatırladım, rəhmətlik babam deyərdi ki, sizin cəddinə qurban olduğum ulu babanız Qorqud bizim kəndin bünövrəsini hələ 1654-cü ildə qoyub. Özü də o kişi övliya nəslindən olub, ocaqları da varıymış. Bilin, təkcə sizin nəslin yox, bütün  bu kəndin əmin-amanlığı, xeyir-bərəkəti onlarlıqdı. Siz də o kişidən qalma xeyir-bərəkəti sinidəcə aparıb hədiyyə eləmisiniz o yapona... Hə, indi başa düşdünüz söhbət nədən gedir?

-      ...

-      Əgər, kəndin o yapon gədəsindəki əmanətini geri qaytarmasaq, işimiz bundan sonra da fırıq olacaq... Bu da təkcənə sizlik deyil, artıq iş işdən keçib, indi bunun çarəsini gərək elliklə arayaq...

         Bu söhbətin üstündən heç yarımca saat ötməmiş bütün kənd əhli əl-ayağa düşmüşdü. Hamı Səməndərlə Fərasətin “qəhrəmanlığından” dəm vururdu, bu xəbər kəndə ildırım sürətilə yayılmışdı. Sonda ağsaqqallar belə qərara gəldilər ki, Fərasəti də götürüb kəndin baş bilənlərindən iki-üç nəfərlə getsinlər o yapona minnətə. Belə məsləhət oldu ki, “nümayəndə heyəti”nə kəndin ingilis dili müəllimini də qatsınlar.

       Nə başınızı ağrıdım, səhərisi ağsaqqallardan dilli-dilavərlərindən ikisi, ingilis dili müəllimi Kazım və başıqallı Fərasət yaponun mənzilinin qapısını kəsdirdilər. Başımızın üstə Allah var, yapon ağsaqqalları görcək öz dədə-baba ənənələrinə uyğun olaraq onları ikiqat əyilərək qarşıladı, başa keçirdi, düz ən sevimli odasına.  Gördüklərindən qonaqların ağzı açıla qaldı, sanki sirli-sehrli aləmə düşmüşdülər. Barmaqlarını dişlədilər; ilahi, gör, biz nələrin qədrini bilməmişik. Bu otaqda müasirliklə qədimlik ayrılmaz sevgililər təkin bağırbadaşdılar. Yapon da anındaca işin nə yerdə olduğunu duymuşdu, dünyagörmüş adamdı. Söhbətə ağsaqqallar başladılar, kəndin dərdini çatdırdılar. Yapon onları anlaşıqlı qarşıladı. Bu da başa düşüləndi, axı o, qısır yox, zatı olan millətdəndi.

-      Bilirsiniz, biz yaponların xəmiri millilikdən, soy-kökümüzə dərindən bağlılıqdan yoğrulub. Bizə əlifbadan öncə “keçmişinə xor baxanın sabahı olmaz” məntiqini aşılayırlar. Sizdə də kökünüzə bağlılıq güclüdür. Belə olmasa, Tanrı müstəqilliyi gec də olsa sizə halal bilməzdi...

-      Allah ölənlərinə rəhmət eləsin...

-      Siz də dünyanın ən gözəl millətlərindən birisiniz, əsliniz-nəcabətiniz var, yaponların da türklərə rəğbəti tükənməzdi. Sadəcə, əsrlər boyunca ərəblərin, farsların, ingilislərin, rusların zibilinə düşmüsdünüz. İndiki müstəqilliyiniz sizə yad olanlardan arınıb-durulmağınıza böyük fürsətdi...

-      Çox sağ ol, ay bala, gün sizi tərəflərdə doğur deyə içiniz də nurludur...

-       Təşəkkür, şərəf verirsiniz... İndiki halda sizi  anlayıram, mənim üçün nə qədər çətin olsa da,  söz verirəm, bunları tezliklə  sizə qaytaracam, özü də təmənnasız. Çəkdiyim xərci də halal eləyirəm, boynuma alıram,  ötən qısa müddətdə əvəzini qat-qat çıxarmışam.

-       Tanrı təpəndən töksün!

-      Xahiş eləyirəm, mənə bir neçə günlüyə vaxt verəsiniz ki, heç olmasa,  peşəkar fotoqraf tapıb bunların şəklini çəkdirim, bu otağın divarlarından asdıracam, onlara yamanca doğmalaşmışam... Sonra şirkətimin maşınlarının birinə qalatdırıb, Fərasətlə bu dəyərli mirası kəndinizə yola salacam... Nə deyirsiniz?

-      Allah ürəyincə versin, tamam, biz ikiəlli razı, amma bircə istəyimiz də var.  Xahiş edirik, yükü yola salanda özün də kəndimizə təşrif buyurasan, gözümüz üstə yerin var, əziz qonağımızsan...

-      Minnətdaram, məmnuniyyətlə təklifinizi qəbul edirəm...İndi ki belə səmimi söhbətimiz alındı, bu dəqiqələrdə ağlıma gələn bir təklifi də icazənizlə sizə çatdırmaq istərdim... Buyurduğunuz kimi, bu qədim məişət əşyaları kəndinizin tarixi ilə bağlıdır, özü də müqəddəs ocaqdan qalma yadigarlardı. Gəlin belə eləyək, mən sizə şirkətimin hesabına qısa vaxtda kəndinizdə xudmani bir muzey tikdirib hədiyyə eləyim, lap, məqbul saysanız adını da qoyarıq “Xeyir-bərəkət” muzeyi.  Təzə ailə quran gəncləriniz, ürəyindən keçən həmkəndliləriniz, qonaqlarınız istədikləri vaxt oranı ziyarət edərlər, xeyir-dua tapmış olarlar.

-      Var ol! Allah ölənlərinə qəni-qəni rəhmət eləsin, əzizlərin də neyləyim-nağayrım deməsinlər... Təklifin gözəl təklifdir, yəqinki, Səməndərgilin ailəsi də buna sözsüz razı olacaq. Xeyirxahlığına görə sonsuz təşəkkürlər! Əgər, inciməzsənsə, o dediyin muzeyi biz öz vəsaitimiz hesabına iməcilik eləyib yaxın bir-iki həftədə araya-ərsəyə gətirək... Açılışa səni də mütləq gözləyəcəyik, inanırıq ki, sözünün üstə durub, bizi qırmayacaqsan...

-      Türklər demişkən, söz... Sadəcə, rica edirəm, bir gün qabaqdan mənə xəbər çatdrın ki, işlərimi düzüb-qoşa bilim...

     Uzun illərin doğmaları kimi halallaşdılar. Üstəlik, yapon qabiliyyət göstərərək onları qiymətli hədiyyələrsiz də qoymadı. Sən demə, bayaqdan Allahın bəlası olan Fərasəti göz-qaşla qandırıb öz mağazalarından birinə yola salıbmış.

     Aradan ikicə həftə ötmüş kənddə toy-bayramdı. Muzeyin açılışı idi. Uca dağlar qoynundakı bu yaşayış məntəqəsinə ayaq basandan ona göstərilən doğmalıqdan hədsiz dərəcədə mütəəssir olan yapon Tamam nənə ilə birgə rəmzi qırmızı lenti kəsdi. Bu onların halal haqqıydı. Muzeyə də söz ola bilməzdi. Kəndin tarixinə, buranın insanlarının əl qabiliyyətinə dəlalət eləyən nələri vardı, camaat sidqi qəlbdən muzeyə hədiyyə eləmişdi. Təbii ki, Səməndərgilin nəslinin yadigarları da muzeyin ən dəyərli eksponatları sırasındaydı. Yaponun həmin qədimi məişət əşyalarını qalatdırıb göndərdiyi yük maşını isə yenidən zığ verirdi. Kəndin ağsaqqallarının məsləhətiylə hər evdən kimin nəyə gücü çatır  yapona hədiyyələr ayrılmışdı. Say-seçmə xalılar, digər çeşidbəçeşid toxuculuq, dulusçuluq, misgərlik məmulatlarından  tutmuş at nalına qədər yapona bəsdi deyincə pay qoyulmuşdu, üstündə də buynuzuna qırmızı lent bağlanmış toğlusuna qədər. Bu hələ harasıydı, gündoğar ölkənin təmsilçisini kənddən buraxan var idi ki,  düz bir həftə qapıbaqapı ona layiq olduğu qonaqpərvərlik göstərdilər. Sonda da kəndin fəxri sakini elan eləyib pay-puşla yola saldılar.

       Hələ yapon buralarda qonaq ikən, muzeyin açılışının səhəri günü kəndə şad xəbər yayıldı. Sən demə, təbii fəlakətin nəticələri ilə bağlı aparılan araşdırma əsasında mərkəzi hökumət dəymiş ziyana uyğun hər bir ailəyə maddi yardım və bolluca azuqə ayırıbmış. Bu, xeyir-bərəkətin yenidən kəndə dönməsinin ilk müjdəsi idi. Həqiqətən də, bir daha Tanrı kəramətini bu kənddən əsirgəmədi, buranın camaatının çöhrəsindən gülüş əskilmədi. Yeni yaradılan muzeyin sorağı isə hətta ölkə sərhədlərini belə aşdı. Bura uzaq Yaponiyadan gələnlər də vardı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)