Edebiyyat.az » Proza » Andre Moruanın “Yaşamaq elmi haqqında gənclərə açıq məktub” əsərindən bir hissə

Andre Moruanın “Yaşamaq elmi haqqında gənclərə açıq məktub” əsərindən bir hissə

Andre Moruanın “Yaşamaq elmi haqqında gənclərə açıq məktub” əsərindən bir hissə
Proza
admin
Müəllif:
15:15, 14 iyun 2020
1 261
0



 Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandır. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.
Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdır, – onlar deyirlər. – Qətiyyən şübhə yoxdur ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının – sonudur və biz yeni eranın kandarında dayanmışıq… Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.
Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məyər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil?
O ki qaldı ruha… Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil.
Onları buna görə dəyər adlandırırıq. Çünki onlarsız nə cəmiyyətin sonrakı inkişafı mümkün deyil, nə də xoşbəxt həyat.
Başlanğıc üçün bu dünya qədər qədim olan bir neçə həqiqəti sizin yadınıza salacam. O həqiqətləri ki, nə texniki tərəqqi, nə də nihilist fəlsəfə onları ləğv etməyə qadir deyil.
Birincisi, təkcə özün üçün yaşamaq olmaz. Yalnız özü haqqında düşünən insan özünü bədbəxt hiss eləməkdən ötrü hər zaman minlərlə səbəb tapacaq. O, heç vaxt eləmək istədiyi və eləməli olduğu şeyləri reallaşdırmayıb. Öz fikrincə layiq olduğu şeylərin heç birini almayıb. Nadir hallarda sevilmək istədiyi qədər sevilib. O, daima öz keçmişində eşələnərək yalnız peşmanlıq, bir də vicdan əzabı hiss eləyəcək. Yeri gəlmişkən, bunların hər ikisi mənasızdı.
“Bizim səhvlərimiz unudulmağa məhkumdur, onlar başqa heç nəyə layiq deyil”.
Onsuz da keçmişin üstündən xətt çəkmək qeyri-mümkündür, yaxşısı budur, nəticəsi ilə fəxr edə biləcəyiniz bir indi qurun. İnsanın öz-özü ilə mübarizə aparması- ən böyük pislikdir.
Başqaları üçün – öz ölkəsi üçün, bir qadın üçün, yaradıcılıq üçün, aclar və səfillər üçün – yaşayan hər kəs öz kədərini və xırda məişət qayğılarını sanki sehrli çubuğun köməyi ilə unudur.
“Əsl zahiri dünya – əsl daxili dünyamızdır”.
İkinci qayda: hərəkət eləmək lazımdır. Dünyanın absurd olduğundan şikayətlənmək yerinə taleyin bizi verdiyi balaca guşəni dəyişməyə çalışaq. Kainatı dəyişmək bizim imkanlarımız xaricindədir, heç buna can atmırıq da. Bizim hədəflərimiz daha yaxın və daha asandır: öz işinlə məşğul olmaq – onu doğru seçmək, dərindən öyrənmək və o işdə ustalığa nail olmaq.
Hər kəsin öz fəaliyyət sahəsi var: mən kitab yazıram, xarrat mənim üçün kitab şkafı düzəldir, nəzarətçi küçə hərəkətini tənzimləyir, mühəndis sxemlər çəkir, mer kommunanı idarə eləyir. Əgər insan hər hansı peşəyə mükəmməl şəkildə yiyələnibsə, işi ona xoşbəxtlik gətirir. İnsanlar hətta asudə vaxtlarında da əliboş oturmurlar – onlar, ilk baxışda faydasız görünən işlərlə – oyun oynamaqla, idmanla- məşğul olurlar. Reqbiçi hətta rəqibi onu palçığın içinə yıxanda da xoşbəxt olur. O ki qaldı faydalı işlərə, biz onların nəticələrinə sevinirik: mer şəhərdə nizam-intizamın qorunmasına nəzarət eləyir, keşiş yanına gələn möminlərə tövsiyələr verir – və hər ikisi öz zəhmətinin bəhrəsindən zövq alır.

Üçüncü qayda: insan iradəsinin gücünə inanmalıdır. Gələcəyin əvvəldən axıra və bütünlüklə yazıldığı fikri doğru deyil. Dahi insan tarixin gedişatını dəyişməyə qadirdir. İstəməyə cəsarəti çatan insan öz gələcəyini dəyişə bilər. Təbii ki, bizim heç birimiz qüdrətli deyilik; insan azadlığının sərhədləri var. O, imkanlarının və arzularının sərhədində yaşayır. Mənim müharibəyə mane olmaq qüdrətim yoxdur, ancaq şifahi və yazılı çağırışlarım milyonlarla başqa insanların çağırışlarına qoşulub müharibə təhlükəsini azalda bilər. Həmvətənlərimə “sizi təhqir eləyiblər və şərəfiniz öz həyatınız, ölkənizin həyatı bahasına qisas almağı tələb eləyir” cümləsini hər fürsətdə, səbəbli və səbəbsiz təkrarlamamaq mənim özümdən asılıdır. Mənim savaşda qalib gəlməyə gücüm çatmaz, ancaq igid əsgər olmaq və borcumu yerinə yetirmək öz əlimdədir.
Və bir halda ki “bizim imkanlarımız bacardıqlarımızdan asılıdır”, onların məhdudluğu haqqında düşünmədən həmişə formada olmaq lazımdır. İnsan özünə güzəşt eləyəndə tənbəlləşir, qorxaq olur: amma iradəsinin gücü ilə özünü vicdanla işləməyə və qəhrəmanlıqlar eləməyə zorlayır. Bəlkə də iradə gözəl məziyyətlərin şahıdır.
Dördüncü qayda da son dərəcə vacibdir: Sədaqətli olmaq lazımdır. Başqalarına və özünə verdiyin sözə, götürdüyün öhdəliklərə sadiq olmaq, heç vaxt heç kimi yarıyolda qoymayan insanlardan olmaq lazımdır. Sədaqət – ağır məziyyətdir. İnsanı yoldan çıxara biləcək minlərlə tamah var. İndi deyəcəksiniz ki, “Necə? Deməli, əgər mən işvəkar, yalançı və səfeh qadınla evlənmişəmsə, ondan ayrıla bilmərəm? Əgər seçdiyim peşə məni məyus eləyibsə, onu dəyişə bilmərəm? Əgər mənim üzv olduğum təşkilat bütünlüklə alçaq, acgöz riyakarlardan ibarətdisə, ləyaqətli insanların qurduğu başqa bir təşkilata keçə bilmərəm?”
Xeyr. Sədaqət kor-koranə olmamalıdır. Ancaq unutmayın ki, adətən, sədaqətsizliyin altında uğursuz seçimlərdən daha çox adi vasvasılıq yatır. Alen yazır: “İnsan heç nə eləmədən oturanda istənilən seçim pisdir, ancaq istəyəndə hər bir seçim uğurlu ola bilər. İnsan ixtisasını həmişə kor-koranə seçir – axı, onu yalnız seçim eləyəndən sonra öyrənmək mümkündür. Sevgi də belədir”.
Bununla belə həmişə (ya da, demək olar ki, həmişə) qadını tərbiyə eləmək, seçdiyin sahədə məhsuldar işləmək və təşkilatın ruhunu dəyişmək mümkündür. Sədaqət öz zəminini özü yaradır.
Bəlkə bu həyat qaydaları sizə həddindən artıq sərt və həddindən artıq ümumi təsir bağışlayacaq. Mən bunu çox gözəl başa düşürəm, amma başqa nəsə tövsiyə eləyə bilmərəm. Mən sizdən həyatınızı sərt qaydalara əsasən yaşamağınızı tələb eləmirəm. Özünüzdə yumor hissini inkişaf etdirin. Öz – elə mənim də- sözlərinizə və əməllərinizə gülməyi bacarın. Əgər zəifliklərinizin öhdəsindən gələ bilmirsinizsə, onlarla barışın, amma nəyin sizə güc verdiyini də yaddan çıxartmayın.
Vətəndaşları təkcə əyləncə və mənsəb haqqında düşünən istənilən cəmiyyət, ədalətsizliyə və zorakılığa şərait yaradan istənilən cəmiyyət, insanların bir-birinə cüzi də olsa, güvənmədiyi istənilən cəmiyyət, üzvləri məqsədsiz yaşayan istənilən cəmiyyət – məhvə məhkumdur.
Nə qədər ki Roma qəhrəmanlar şəhəri idi, çiçəklənirdi. Elə ki onu yaradan dəyərləri unutdu, məhv oldu.
Texniki tərəqqi fəaliyyət növlərini dəyişir, ancaq fəaliyyətin əhəmiyyəti və ona olan tələbat dəyişməz qalır.
Əvvəllər belə olub və həmişə belə olacaq.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)