Edebiyyat.az » Proza » Lalə İsmayıl - Ağacsız meşələr.

Lalə İsmayıl - Ağacsız meşələr.

Lalə İsmayıl - Ağacsız meşələr.
Proza
admin
Müəllif:
19:41, 25 fevral 2021
1 515
0
Lalə İsmayıl - Ağacsız meşələr.



 Ağacsız meşələr Lalə İsmayıl ... nömrəli məktəbin rəsm müəllimi Nübar Lətifbəyli hər il olduğu kimi, Xocalı faciəsinin ildönümü yaxınlaşdığı üçün şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil etməyə hazırlaşırdı. Həmişəki kimi rəssamlıq istedadı olan şagirdlərə bu barədə məlumat verilmiş, məktəbin birinci mərtəbəsindəki elanlar lövhəsinə elan yapışdırılmışdı. Nübar müəllimə öz işini sevən, mehriban, gülərüz bir insan idi. Həm şagirdlər, həm də məktəb kollektivi onu çox sevər, hər kəs məsləhət üçün yanına qaçardı. Peşəkar fəaliyyətinə görə dəfələrlə məktəb rəhbərliyi və nazirlik tərəfindən mükafatlandırılmışdı. Nübar müəllimənin qalereyanı xatırladan fənn kabinetinə daxil olduqda adamın ürəyi açılırdı. Burada nələr yox idi? Rəngarəng rəsmlər, şagirdlərin muncuqdan, balıqqulağından hazırladıqları tablolar və daha nələr, nələr... Sanki burada insan sehrli bir aləmə düşürdü. Rəngarəng bir dünya yaratmışdı burda Nübar müəllimə. Onun kabinetində yalnız pozitiv, xoşbəxtlik saçan rəsmlər vardı. Faciəvi günlərimizi əks etdirən rəsmləri otağın divarlarına vurmaz, onları ya sinifdəki şkafında, ya da evindəki iş otağının şkafında qovluqlarda saxlayardı. İndi də iki həftə sonra keçiriləcək tədbirə hazırlıq üçün əvvəlki illərdə şagirdlərin çəkdikləri rəsmləri nəzərdən keçirmək üçün köhnə qovluqları stolun üstünə tökmüşdü. İstəyirdi ki, ideyalar fərqli olsun. Təkrarçılığı sevmirdi. Qovluqların arasında gözünə köhnə, saralmış bir qovluq dəydi. Qovluğu əlinə götürüb üstünü oxudu. 1994-cü il. MövzuXocalı faciəsi. 5, 7, 8, 9, 11-ci sinif şagirdlərinin rəsmləri... ‒ Vay! Gör artıq neçə il keçib! Qovluğu açıb rəsm albomu vərəqlərinə karandaş, flomaster və yağlı boya ilə çəkilmiş şəkillərə bir-bir nəzər saldı. Bütün rəsmlərin arxasında şagirdlərin adı, soyadı yazılmışdı, amma nədənsə onların heç birini xatırlaya bilmirdi. Buna görə yaman təəssüfləndi. Qocayeva Amaliya-5 b , Sahibova Mətanət-9a, Rəcəbov Niyaz- 11v , Kərimova Diləfruz-8 d ... . . Rəsmlərin çoxu mövzu etibarilə bir-birinə bənzəyirdi-yandırılan evlərin fonunda qaçan insanlar, onları güllələyən ermənilər və s. Bu rəsmləri çəkən uşaqların heç biri o faciəyə şahid olmamışdılar, əlbəttə, onlar yalnız eşitdiklərinin, televiziyada gördüklərinin əsasında nəsə yaratmağa cəhd edirdilər. Buna görə də təcrübəli rəsm müəllimi bu rəsmlərin çoxunu şablon, orijinallıqdan uzaq hesab etsə də, bunu uşaqlara bildirmirdi. Düşünürdü ki, bu saat bizə orijinal ideyası olan rəsm əsərlərindənsə uşaqların vətənpərvər ruhda yetişdirilməsi daha vacibdir. Amma arada mövzuya daha fərqli yanaşıb çox maraqlı bir iş ortaya qoyan uşaqlar da olurdu. Bu zaman müəllimin rəssam qəlbi fərəh hissi ilə dolub daşırdı. Şəkilləri gözdən keçirərkən həm bunları düşünür, həm də çox dərin bir təəssüf hissi keçirirdi. Bu rəsmlər 1994-cü ildə çəkilmişdi. O vaxt Xocalı cəmi iki il idi ki, işğal olunmuşdu. Hər kəs bunun müvəqqəti hal olduğuna, tezliklə bütün yurd-yuvasından didərgin düşmüş insanların öz torpaqlarına qayıdacağına əmin idi. Artıq neçə il keçib, Xocalı isə hələ də işğal altındadır... Zümrüd İsgəndərova... Növbəti rəsmin müəllifi... Bu ad Nübar müəllimənin qulaqlarına o qədər cazibədar, o qədər doğma və əziz gəldi ki... Vərəqin rəsm olan üzünü hələ çevirmədən, rəsmə baxmadan xatırlamaq istədi. Öz -özünə bir neçə dəfə təkrarladı ‒ Zümrüd, Zümrüd, Zümrüd İsgəndərova... Dayan-dayan Zümrüd İsgəndərli... aha Cəld vərəqi çevirdi. Rəsmi görən kimi bütün vücudu titrədi, doluxsundu. Gözündən iki damla yaş albom vərəqinin üzərinə düşdü. Həmin günü 25 il əvvəl yox, 25 dəqiqə əvvəl yaşayıbmış kimi bir hiss keçirdi... Albom vərəqində Xocalı faciəsi ilə heç bir əlaqəsi olmayan bir şəkil çəkilmişdi. Rəngli karandaş ilə çəkilmiş bu şəkildə dörd bir tərəfi dağlarla əhatə olunmuş gözəl bir tala təsvir olunmuşdu. Tutqun səma, günəşi arxasında gizlədən boz-qara buludlar adama nəyə görəsə bədbin əhvali-ruhiyyə bağışlasa da, rəsm sanki mahir bir rəssam tərəfindən çəkilmişdi. Bəs bun şəkil Xocalı qovluğuna niyə düşmüşdü? Xəyal sürət qatarı kimi Nübar müəlliməni 25 il əvvələ apardı... . Universiteti bitirən gənc Nübar təyinatını Bakı məktəblərindən birinə almışdı. Onun gəncliyi çox qarmaqarışıq bir vaxta düşmüşdü. Müharibə, hər gün cəbhədən gələn ümidsiz xəbərlərin fonunda sönük bir gənclik yaşayırdı əksər həmyaşıdları kimi. Amma o yenə də ruhdan düşmür, çox üzgün olsa belə yaradıcılıqla məşğul olur, mütaliə edir, dərsdən sonra dərnək təşkil edib istedadlı şagirdləri ilə məşğul olur, onlara rəssamlığın sirlərini öyrədirdi. Şagirdləri onu çox sevir, nə problemləri olsa ilk onun yanına qaçırdılar. O da uşaqlara əlindən gələn köməyi edir, doğru yol göstərirdi. Ümumiyyətlə həyat dolu bir gənc idi Nübar. Məktəbdə gənclərdən tutmuş yaşlı müəllimlərə qədər hamı onunla həmsöhbət olmaqdan zövq alırdı. Geniş dünyagörüşü, gözəl nitqi hər kəsi valeh edirdi. Çox vətənpərvər bir qız olan Nübar cəbhəyə gedib döyüşmək də istəyirdi. Bunun üçün o, ailəsindən gizlin atıcılıq məktəbinə yazılmışdı. Bir neçə aydan sonra o, məktəbi fərqlənmə diplomu ilə bitirdi. Cəbhəyə könüllü yollanmaq üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etdikdən üç gün sonra iki ölkə arasında atəşkəs haqqında müqavilə imzalandı. Nübar buna həm vətəndaş olaraq sevindi, həm də döyüşlərdə iştirak edə bilmədiyi üçün təəsüfləndi. İndi o yenə də əvvəlki həyatına davam edir, şagirdləri ilə məşğul olur və hamı kimi torpaqların qaytarılacağı günü gözləyirdi. Bir gün o, şagirdlərə meşə təsviri həftəsi elan etdi. Təyinatını alıb işlədiyi gündən hər ay layihələr, sərgilər, hər həftə isə müəyyən mövzu həftəsi təşkil edirdi. Bu yenilik məktəbdə həm şagirdlərin, həm müəllimlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdu. Rəssamlıq istedadı oldu-olmadı bütün şagirdlər bu layihələrdə fəal iştirak edirdilər. Nübar isə şagirdləri həvəsdən salmamaq üçün uğursuz rəsmlərin müəlliflərini də həvəsləndirir, heç kimin xətrinə dəymirdi. Amma təbii ki, bunların içində ən yaxşıları seçilir, mükafatlandırırlır, adı gənc istedadlar lövhəsinə yazılır, şəkilləri şərəf lövhəsini, çəkdikləri rəsmlər isə məktəbin divarlarını bəzəyirdi. 7b sinfinə Zümrüd adlı bir qız gəlmişdi. Xocalıdan idi. Qaçqın düşmüş bütün Xocalılar kimi ağır bir taleyi vardı. 6 nəfərlik ailələrində sağ qalmaq təkcə ona və anasına qismət olmuşdu. Atası, böyük qardaşı və 3 yaşlı əkiz bacı-qardaşı gözlərinin önündə vəhşiliklə öldürülmüşdü... Özü də bu faciədən xəsarətsiz ötüşməmişdi, alnında dərin bir çökək var idi. Erməni vəhşiləri onun başını zərblə dəmir darvazaya çırparaq, simasında hər gün görüb bu dəhşətli gecəni xatırlayacağı bir iz qoymuşdular. Xoşbəxtlikdən bu zərbədən sağ qalan Zümrüd anası ilə 12 gün erməni əsirliyində qaldıqdan sonra düşmən əsirlərlə dəyişdirilərək Bakıya pənah gətirirlər. Bütün bu məlumatları Nübar Zümrüdün anası Lətafətdən öyrənmişdi. Zümrüd özü yaşadığı dəhşətlər barədə heç kimə danışmırdı. Solğun çöhrəsinə, iri qara gözlərinə dərin kədər hopmuşdu. Bu kədərin silinməyinin nə qədər çətin olacağını Nübar yaxşı anlayırdı. Amma bütün çətinliklərin öhdəsindən gəldiyi kimi bunun da öhdəsindən gəlməyi qarşısına məqsəd qoymuşdu. Zümrüdün anasının ona yalvarışı hələ də qulaqlarında idi. ‒ Sənə qurban olaram, müəllimə, mənim varım-yoxum təkcə balam qalıb. Mən məhv olmuş bir adamam. Bu boyda dərdlə nə vaxta kimi yaşaya bilərəm, bilmirəm. İstəyirəm balam əzab çəkməsin. Kaş onun yaddaşı silinəydi, heç nəyi xatırlamayaydı. Onsuz da mən hər gün ölüb-dirilirəm. O da mənim qədər çəkir, müəllimə. Bəzən mənə elə gəlir ki, o məndən çox əzab çəkir. Nə olar, onu həyata qaytar müəllimə... Bunu eləyə bilsən sən edərsən. Bircə sənin adın gələndə balamın üzünə təbəssüm qonur. Səni özünə ən yaxın adam bilir. Qurban olum müəllimə, balamı xilas elə... Daha çox şeylər danışdı Lətafət... Həmin dəhşətli gecədən, əsirlikdə keçən, 12 ilə bərabər olan, Lətafəti 12 il qocaldan 12 gündən... Bu söhbətlərdən sonra Nübar özünə qapandı. Rəngarəng dünyası qaraldı. Özünə gəlməyi çətin oldu. Zümrüdə görə özünü ələ aldı. Zümrüdün ona ehtiyacı var idi. İlk gündən Zümrüddə indiyə qədər heç bir şagirdində rast gəlmədiyi rəssamlıq istedadı kəşf edəndə sevincinin həddi-hüdudu yox idi. Deməli Zümrüdü qaranlıq dünyadan öz işıqlı, rəngarəng dünyasına çıxarmağa bir yol var idi. Nübar uşaqlara elan etdi ki gələn həftə mövzu meşələrdir. Ən gözəl meşə təsvirləri seçilib həmişəki kimi mükafatlandırılacaq. Həftə boyunca yaxşıca çalışın. Vaxt tamam oldu. O, bütün siniflərdə uşaqların işlərini yığır, tövsiyələr verir, fikrini bildirirdi. Qalibi elan etmək üçün bütün siniflərdən rəsmləri yığmaq lazım idi. Cəmi iki sinif qalmışdı. Bunlardan biri Zümrüdün oxuduğu 7b sinfi idi. Nəhayət bu sinfə gəlib uşaqların işlərini yoxlamağa başladı. Bilərəkdən Zümrüdü ən axıra saxlamışdı. Həmişə belə edirdi. Ən gözəl rəsmin Zümrüdə aid olacağına adı kimi əmin olduğu üçün, xörəyin ən ləzzətli tikəsini axıra saxlayan kimi Zümrüdün çəkdiyi rəsmə ən axırda baxıb həzz almağı sevirdi. Amma bu gün nədənsə Zümrüd gözünə kefsiz dəydi. Yəqin yenə olub keçənlər yadına düşüb deyə düşünüb təəssüflə başını buladı. Növbə Zümrüdə çatdı. ‒ Gələcəyin dahi rəssamı buyursun, ‒ deyə həmişəki müraciətlə Zümrüdü yanına çağırdı. Qız sakitcə yaxınlaşıb albomu sevimli müəlliməsinə uzatdı. Albomda böyük ustalıqla təsvir olunan meşə təsviri olacağını düşünən Nübar alboma baxıb məəttəl qaldı. Zümrüd meşə əvəzinə geniş yaşıl çəmənlik təsvir etmişdi. Dörd bir tərəf dağlarla əhatə olunsa da, bircə dənə də olsa ağac gözə dəymirdi. ‒ Bu nədir Zümrüd? Mən meşə çəkməyi tapşırmışam, sən tala çəkib gətirmisən ki! Sinif yoldaşların belə təsvir etsəydi, onları bağışlamaq olardı. Axı sən sıx meşələri olan bir diyarda böyümüsən. Meşəni hamıdan gözəl sən təsvir etməliydin!Belə də meşə olar? Hanı bu meşənin ağacları? ‒ Ağacları mən özüm çəkmədim, müəllimə ‒ Zümrüd sakit səslə dilləndi. ‒ Axı niyə? ‒ Çünki... çünki mən ağaclardan qorxuram... Nübar dillənmədi. Heç nə başa düşmürdü. Uşaqlar da maddım-maddım sinif yoldaşlarına baxırdılar. Zümrüd başını qaldırıb bir-iki saniyə ona heyrətlə baxan müəlliməsinə nəzər saldı. Sonra yenə başını aşağı salıb dedi ‒ Müəllimə, o gecə onlar mənim qardaşımı ağacdan asdılar, atamı ağaca bağlayıb yandırdılar. Bizim meşədəki ağaclardan adamlar asılmışdı. Bilirsiz nə qədər idilər, lap çox idi, müəllimə... Mən ağaclardan qorxuram, onları çəkə bilmərəm... Sinif sükuta qərq oldu. Uşaqların çoxunun gözü dolmuşdu. Zümrüd başını partanın üstünə qoymuşdu. Nübar isə yerində quruyub qalmışdı. Ağac kimi. Sanki onu baltalamışdılar. Qorxurdu ki indicə müvazinətini itirib aşacaq. Sonrası yadında deyildi... Bircə onu bilir ki, Zümrüd məktəbi bitirib Rəssamlıq Akademiyasına qəbul oldu. İndi respublikanın ən məşhur rəssamlarından biri olan Zümrüd İsgəndərli sevimli müəllimini unutmayıb. Onu tez tez öz sərgilərinə dəvət edir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)