Edebiyyat.az » Proza » Nemət Mətin – Nazirə(hekayə)

Nemət Mətin – Nazirə(hekayə)

Nemət Mətin – Nazirə(hekayə)
Proza
admin
Müəllif:
02:20, 03 noyabr 2021
1 406
0
Nemət Mətin – Nazirə(hekayə)

                                           

 



  Beş yaşına qədər həyatı monoton keçmişdi. Nazirənin atasının başına gələn bədbəxt hadisə hər şeyi dəyişdi. Hərbi silah-sursatı qoruyan hərbiçi atası onları yaxşı dolandırırdı. Evləri hərbiçilərə verilən köhnə daxma olsa da, qarınları tox idi. Bir gün gecə hərbi anbarın damından oğrular içəri soxularaq baha qiymətə satılacaq maşın hissələrini oğurlayır. Nazirənin atası anbara cavabdeh olduğu üçün məsuliyyət boynunda qalır. Məhkəmə qurulur. Hakimin qərarı ilə atasına yüksək məbləğ ödəmək cəza kimi kəsilir. Əks təqdirdə dörd il altı ay həbsxanada çürüməli olacaq. Nazirənin anası əl-ayağa düşür. Qızılları satır. Bir az qohumlardan pul toplayır. Lakin bəs etmir. Ata anası illər öncə rəhmətə getdiyi üçün məcbur qalıb qayınatasına ağız açır. O isə ayağını yerə dirəyib oğlu üçün pul vermir. Daş sifət alıb son sözünü deyir:

<<Oğluma görə milçək də satmaram. Kişi türmədə yatar.>> 

  Ata soyuq zindan divarlarına məhkum oldu. Nazirənin anasının saçları bir günün içində ağardı. Çətin həyat hələ qarşıda idi. Ana məcbur qalıb iki ağır işə düzəldi. Qabyuyan və xadimə. Bir işdən çıxıb o birinə gedirdi deyə Nazirə və qardaşı evdə ikilikdə qalırdı. Bütün günü dalaşırdılar. Yola getmirdilər. Ana yorğun-arğın evə qayıdanda nəvaziş, qayğı, diqqət istəyən uşaqlar, xüsusən də Nazirə müxtəlif bəhanələr eşidirdi. Başım ağrıyır. Gedin yatın. Nazirə tək qalmışdı. Həftə sonlarına nifrət edirdi. Həyətdə yaşıdları ilə oynayanda ataları evə qayıdan uşaqlar onların qarşısına qaçaraq qucaqlaşır, hədiyyələri alır və ürəkdən sevinirdilər. Nazirə yola baxırdı. Gəlməyən atasını gözləyirdi. Arabir qonaq gələn dayıqızı da ona acıq verirdi. Nazirə yanında olanda atasını qucaqlayıb azı əlli kərə “ata” kəlməsini deyirdi. 

  Nazirə atasının şəklini cibində gəzdirirdi. Arabir, xüsusiylə gecələr şəklə xeyli baxdıqdan sonra dəfələrlə öpürdü. Tək ömür sürməkdən qorxurdu. 

 Nazirə üçün ayda bir bayram var idi. Atasının yanına aparıldığı gün. Ev yeməkləri və siqaret dolu çantanı anası güc-bəla ilə həbsxananın qapısına qədər daşıyırdı. Uzun-uzadı növbədə yer tutmaq lazım idi. Nazirə həyacanla atasını görəcəyi anı gözləyirdi. Səhərdən günortaya qədər beş qapı keçirdilər. Hər qapıda onları və gətirdiklərini yoxlayırdılar. Yarpaq dolmasının içinə qədər baxış keçirilirdi. Nazik uzun dəmiri içi dolu farş olan yarpağa batırıb çıxarırdılar. Nazirə, qardaşı və anası yorğun halda beş qapını keçəndən sonra kafe kimi bir yerə çatırdılar. Orada da gözləməli olurdular. Cəza çəkənləri gətirənə qədər. Atası gələndə Nazirə sevincindən onun üstünə qaçırdı. Atasını bərk-bərk qucaqlayıb qoxulayırdı. Sonra bir stol arxasına əyləşib söhbət edirdilər. Nazirə həmişə atasının qucağında otururdu. Başını sinəsinə söykəyirdi. Nazirə bilirdi ki, atası ona hər görüşdə pul verəcək və o sevincindən nəinki həbsxanaya, hətta yerə-göyə də sığmayacaq. Amma atasında pul haradan? Ömür-gün yoldaşından gizlicə pulu alıb qızına uzadırdı. Evə qayıdanda Nazirə qardaşına acıq verib deyirdi:

 << Gördün? Ata mənə pul verdi. Sənə yox!>>

  Qardaşı yaşca ondan böyük olduğu üçün həssas məqamlarda dinmirdi. Belə kövrək qızın xətrinə kim dəyər?

  Dözülməz günlər payızda başlayırdı. Payızın leysan yağışı uçuq damlarından içəri keçməsəydi, əl çəkməzdi. Evi su basmasın deyə evdə nə dərin qab var idisə, hamısı döşəməyə düzülürdü. Hətta bir dəfə elə güclü yağış yağdı ki, tavanın bir hissəsi uçdu. Nazirənin yatdığı köhnə yataq mebelinin yanına düşdü. Xoşbəxtlikdən heç kim zədələnmədi. 

 Evin divarlar o qədər nazik idi ki, bir təpiyə aşırmaq olardı. Amma ən çətini qış ayları idi. Soyuq olmasın deyə çatlamış pəncərə şüşələri qalın salafanla örtülürdü. Yenə də dişqıran şaxtanın qarşısını almaq olmurdu. Ona görə qışda ya dayı, ya da xalagilə köçürdülər. Adamın allahı var. Digər qohumlara baxmış dayı və xala onlara yaxşı baxırdı. 

 Dörd il altı ay babasıgil Nazirədən, qardaşından, gəlinlərindən xəbər almadılar. Onları görməzdən gəldilər.Bir dəfə zəng edib hal-əhval tutmadılar. Belə daş ürəkli insanların ucbatından Nazirə günü-gündən həyatdan soyuyurdu. Öz içinə çəkilirdi. İnsanlarla az-az danışırdı. Lakin ürəyində bir ümid vardı. Atası qayıdacaq. Onu əzizləyəcək, bağrına basacaq, onunla xeyli danışacaq, deyəcək, güləcək. Iakin belə olmadı. Ata qayıdandan sonra monoton, qayğılı həyat başladı. Ata iş-ev, ev iş. Elə ana da həmçinin. Uşaqlar böyüdü. Təhsil aldı. Amma Nazirə öz balaca dünyasından çıxmadı. Təkcə kitablarla ünsiyyətdə olurdu desək, yalan olmaz. Drayzerin “Kerri bacı” romanı ona doğma gəlirdi. Üç dəfə oxumuşdu. 

 Hər dəfə məktəbdəki hadisə Nazirənin yadına düşəndə qəribə olurdu. Müəllim “yay tətilini babamgildə necə keçirdim” adlı tapşırıq vermişdi evə. Heç nə yazmayan Nazirə dərsdə dişini damağına sıxıb oturmuşdu. Şagirdlər bir-bir uca səslə yazdıqlarını oxuyurdu. Xoşbəxtlikdən sıra ona çatanda zəng çalınmışdı.

 Uşaqlıqdan otağına bağlı idi. Hələ altı yaşı olanda otağında özünün xəyal etdiyi tanrı ilə danışırdı. Şikayətlənirdi. Nə etmişəm, nədir mənim günahım? Atası üçün dua edib ağlayırdı. Əsəb və fikirlərlə yol yoldaşı olmuşdu. Əsəbləşəndə üzdə bildirmirdi. İçində ağladığı üçün böyüyəndə xəstəlik aşkar olundu. Xroniki qastrit. 

 Üçüncü kursda oxuyanda Nazirənin nənəsi yatağa düşdü. Ölüm ayağında oğlu yanına getdi. Nazirənin anası da ərinin xatirinə uşaqları götürüb ərinə qoşuldu. Nənə ölüm ayağında belə uşaqları soruşmadı. Nazirə gecələr ağlayırdı. Babasının üzünə baxmırdı. Neçə dəfə özünə söz vermişdi ki, babanı görən kimi hər şeyi üzünə deyəcək. Amma bacarmadı. Ağladı, hey ağladı. 

 Nənə ölən gün dayısıgilə apardılar Nazirəni. Ürəyində sevinirdi. O evdə qalmaq işgəncə olardı. Bir həftə ərzində nənə-babasının evində qalan valideynlərinin yanına qayıtmaq istəmədi. Mərhumə dəfn olunandan bir neçə ay sonra Nazirəni qara mərmərdən boylanan nənənin yanına aparmaq istəsələrdə özünü yerə vurdu. Ağladı, zarıdı, yaxın getmədi. Uzaqdan iri, qara mərmərə və dörd tərəfi, üstü dəmirlərlə əhatələnmiş əraziyə soyuq-soyuq baxdı. Ürəyində simic və ürəksiz babasını söyürdü. Oğluna vermədiyi pullarla həm arvadına, həm də özünə qara mərmərdən baş daşı sifariş vermişdi. Üstəlik qəbristanlıqda yer götürüb çardaq düzəltdirmişdi. Nəyə lazımdı belə dəbdəbəli başdaşı, əgər səni heç kim sevmirsə, yanına gəlib ziyarət etmirsə, şəklini öpmürsə? – deyə o düşünmüşdü...

 Bir il keçməmiş babası da vəfat etdi. Nə qədər qəribə səslənsə də Nazirə sevinirdi. Elə bil çiynindən qarışqa yükü götürülmüşdü. İllərin acığını çıxmışdı.

 İndi rayona, ata yurduna gedirdi Nazirə. Hər dəfə həyətə düşəndə çevrilib dörd yaşlı uşaq olurdu. O qayğısız, heyva ətirli günlərə qayıdırdı. O həyətdə böyüməyən Nazirə qalmışdı. İyirmi iki yaşı olmasına baxmayaraq atasından yelləncək asmağı istəmişdi. Sonra dondurma, gəlincik... 

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)