Edebiyyat.az » Proza » Kənan Hacı - “Fəna fasiləsi”(roman, birinci hissə)

Kənan Hacı - “Fəna fasiləsi”(roman, birinci hissə)

Kənan Hacı - “Fəna fasiləsi”(roman, birinci hissə)
Proza
admin
Müəllif:
15:47, 25 noyabr 2021
1 827
0
Kənan Hacı - “Fəna fasiləsi”(roman, birinci hissə)






             “Fəna fasiləsi” romanı Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-maarifpərvər Haşım bəy Saqibin ömür yolundan bəhs edir. Onun doğulub boya-başa çatdığı mühit, XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycandakı maarifçilik hərəkatı, Cümhuriyyət dövrü və həmin dövrdə Haşım bəy Saqibin xidmətləri romanda geniş əksini tapıb. 

Xatırladaq ki, Haşım bəy Saqib ictimai xadim Ruhulla Axundovun yeznəsi, Xalq artisti, görkəmli aktrisamız Nəcibə Məlikovanın atasıdır.                   

 

                                     FƏNA FASİLƏSİ

                                        Roman 

Sən fələyin hökmündəsən, 

fələklə asta davran...

Nizami Gəncəvi

 

...Onlar bütün səmanı sarmışdılar, fəza onlarla dolub-daşırdı. Bəziləri geyimli, bəziləri çılpaq vəziyyətdə idilər. Bəziləri nəhr kimi, bəziləri işıq kimiydilər. Geyimdə olanlar əyinlərindəkinin əmanət olduğunu bilirdilər. Çılpaq olanlar isə dünya evinə biganə olanlar idilər.

Onlar Yerin və Göyün varisləri idilər... 

İbn Ərəbi

“Fəna risaləsi” əsərindən 

 

Cəhanın şikvə etmə hər nə isə inqilabından,

Nə möhnət yüz yerə, məqami-imtahandır bu.

Haşım bəy Saqib

 

Mən bu fəna fasiləsində

qaranlığı yorğan təki üstündən atan

Günəşəm...

Müəllif  

                                        Proloq

Gözlərimi açanda hər yerin boşluq olduğunu gördüm. Ruh yoxsa cism olduğumu ayırd edə bilmirdim. Sanki hava içində hava kimi idim. Hara baxırdınsa, boşluq idi. Bulanıq fəzada bir ins-cins gözə dəymirdi. Qeybdən sehrli bir səs dalğa-dalğa ətrafa yayıldı:

-Fəna fasiləsindəyik... 

Belə başa düşdüm ki, başqa bir dünyaya gəlib düşmüşəm. İlk ağlıma gələn burdan qaçıb qurtarmaq oldu. Amma necə? Bunu bilmirdim. Göy üzü böyüklüyündə bir kağıza gəldiyim başqa bir dünyanın rəsmlərini çəkmək istədim. Ulduzların soyuğu hübab varlığımı titrətdi, axı mənim əlim-ayağım yox idi, ayaqlarım da yox idi, təkcə gözlərim vardı. Gözlərim boşluq içində qamaşırdı, qaşınırdı. Gəldiyim yer üçün darıxmağa başlamışdım, heç cür yeni halıma uyğunlaşa bilmirdim. Qeybdən gələn səs sanki mənə toxtaqlıq gətirdi:

“Dünya evinə xoş gəldin, övladım! Burda hara baxsan, sənin üzündür, odur ki, sənin gözlərin hər yerdən sənə baxır. Göy üzü sənin güzgündür, bu güzgüdə özünə bax və özünü tanı. Özünü tanısan, bu dünyanı da tanıyacaqsan”. 

“Bu dünyada məndən başqa bir kimsə varmı?” – deyə soruşdum.

“Ayağın yer tutanda bu dünyanın insanlarını da tanıyacaqsan. O zaman sənə bəsirət gözü də lazım olacaq. Heç nə sənin üçün asan olmayacaq. Öz ayaqlarına əziyyət verməli olacaqsan. Unutma ki, yolu başqalarının ayağı ilə getmək olmaz”. 

Mənim dünya ilə tanışlığım belə başladı. 

 

                                         I fəsil 

Mötəbər qonağı aparan araba Şah Abbas karvansarasının xarabalıqları önündən keçəndə qonaq faytonçuya arabanı saxlamağı işarə etdi. 

-Deyirəm, bəlkə bir az dincələk? – yol yoldaşına tərəf çevrilib istəyini dilə gətirdi.

Moyne ətrafda  gördüyü mənzərələri gözünə, yaddaşına köçürməyə çalışırdı deyin yanında oturmuş adamın nə dediyini anışdıra bilmədi. Küt nəzərlərini ona zillədi.

-Düşək dincimizi alaq, deyirəm, - qonaq dediyini təkrarladı. 

Moynenin üzü büzüşdü, incə tərzdə asqırdı və arabadan aşağı hoppandı. 

-Düşək, düşək, müsyö, - dedi. 

Dörd kazak arabadan çadırları düşürüb yolun kənarına düzdü. Yaxınlıqdakı divar qalıqlarına söykənmiş çadırdan bir neçə nəfər çıxıb onlara tərəf yüyürdü. Zadəgan geyimli qonağın qarşısında təzim edib ona: “xoş gəldin” - dedilər və çadıra ötürdülər. İçəridə dövrələmə un kisələri düzülmüşdü və üst-başı una bulaşmış fəhlələr bu kisələrin üstündə oturub demi tüstülədirdilər. Şirin tənbəki qoxusu ətrafa yayılmışdı. Qonaqları görüncə hamı bir nəfər kimi ayağa qalxdı. Sinidə duz-çörək gətirdilər. Mötəbər qonaq çörəkdən bir tikə kəsib duza batırdı və ağzına qoydu. Moyne də təzə bişmiş isti çörəkdən bir dilim qopardı. Ləzzətlə başını yelləyib baş barmağını yuxarı qaldırdı, yəni ki, əladır. Zadəgan qiyafəli qonaq da məmnunluqla gülümsədi. 

Çöldə başı bağlı qadınlar təzə yoğrulmuş xəmirdən kündə kəsir, yuxayan üstündə yayır, sonra onu közlə qızardılmış sacın üstünə sərirdilər. Tez-tez oxlovla yaymanı o biri tərəfinə çevirirdilər ki, hər iki üzü bişsin. İçəridə xidmət göstərən növrəstə cavan xəncərin qınına bağlanmış kiçik bıçağını çıxarıb qənarədən asılan cəmdəyin dərisini bir göz qırpımında soyub boğazından çıxartdı. Bir azdan əti basdırma edib şişə çəkdilər, ətrafı kabab qoxusu bürürdü. Qonaqlar bu həngaməni maraqla izləyirdilər. Kazaklar isə açıqlıqda qonaqların çadırını qurmaqla məşğul idilər. Onlar qonaqlara qulluq göstərmək üçün canfəşanlıq edirdilər. Bu, ətrafdakı qarmaqarışıqlıq və səs-küyün fonunda aydın nəzərə çarpırdı. 

Eşitmişdilər ki, bu yerlərin insanları hədsiz dərəcədə qonaqpərvər olurlar. Qonağı evə gələn ilahi varlıq hesab edirdilər. Deyirdilər, qonaq açmayan qapı bağlı qalar. İndi gözləriylə gördükləri bu mənzərə qonaqların kefini durultmuşdu. 

Moyne gözlərini qıyıb artıq günbanata sarı əyilməkdə olan günəşə baxırdı. Gözlərindəki heyranlıq hissi bığ yağı çəkilmiş eşmə bığlarını güldürürdü. Adama elə gəlirdi ki, o, günəş şüaları altında çimir. Hər yerə sanki Şərq melodiyalarının tozu hopmuşdu. Boz təpələrin arxasındakı dağ o qədər qəribə şəkildə fərlqənirdi ki, zənn edirdin, kimsə onu  zarafat xatirinə bura yerləşdirib. Dağ, formasına görə insan əlinin barmaqlarını xatırladırdı. Bu dağın rəsmini çəkmək keçdi könlündən. 

Qayçıquyruq qaranquşun qanadlarında yaz gəlmişdi. Toyların, el şənliklərinin sapa düzülən vaxtıydı. Yazın bircə ilıq nəfəsindən dağlar da sanki qış yuxusundan ayılmışdı. Tərənin, yarpızın rəngi bulağın gözünə düşürdü, dumduru sular yaşıla çalırdı. Dağlara səs düşməyinə düşmüşdü, amma hələ ağ çalmasını başından götürməmişdi. Torpaq sinəsini boşaltdıqca, bar-bəhrəsini insanlara bəxş etdikcə əməlli-başlı nəfəs almağa başlamışdı.  Qaranquş palçığı dövrü idi, bu, on gün çəkirdi. Qaranquş ancaq ilin-günün bu vədəsində özünə yuva tikirdi. Çünki bu dövrdə palçıq çox möhkəm, özü də yapışqanlı olur. Buna görə qaranquşun yuvası bərk olur, elə bil kirəcdən hörülüb. El-obada həmin günlərdə kərpic kəsərdilər. Bu vaxtlar qəliblənən kərpic daş misallı olardı. 

Moynenin sifətinin cizgiləri heyrətamiz dərəcədə saf idi. Molbertini və fırçasını götürüb gördüklərini kətana köçürməyə tələsirdi. Özünü elə ləzzətlə, elə rahatlıqla unutmuşdu ki, elə bil bu dünyanın adamı deyildi. Yolun yorğunluğu da bir anda canından sivişib çıxmışdı. Ətrafda biçinçilər ot biçirdilər, arada nəfəs dərib otu təkatlı arabaya yığırdılar. Yerdə sanki yamyaşıl tonqallar çatmışdılar. Uzaqda, dağın döşünə səpələnmiş komalar elə bil yuxuda idi. Boz ürgə hərdən əyilib tənbəl-tənbəl dodağının ucu ilə bozarmış qanqalları qırpırdı. İri bir köpək yenicə biçilmiş otun üstündə uzanıb özünü günə verirdi. 

Rəssam işıq axınlarının bürüdüyü açıq səma altında özünə yer seçdi. Ətrafdakılar onun çevik hərəkətlərinə maraqla baxırdı. 

Mötəbər qonaq ona mane olmaq istəmədi, tərcüməçisi vasitəsilə yerli camaatla söhbətə girişdi. Kababçının hərəkətlərini diqqətlə izləyib heyranlığını dilə gətirdi:

-Bu yeməyin hazırlanma qaydasını mənə də öyrədin. Qoxusu lap adamı məst edir.

Kababçı geri çevrilib gülümsədi:

-Müsyö, siz hələ bir bu tikənin dadına baxın, - deyib şişi qonağa tərəf uzatdı. 

Qonaq şişdən bir tikə qoparıb ağzına apardı, tikə ağzını yandırsa da ləzzətlə çeynəməyə başladı. 

Gecə karvansarada yatağına uzanmamışdan əvvəl dəftərinə bu qeydləri yazdı:

“Bir ləzzətli xörək növünə rast gələndə elə həmin dəqiqə onun necə hazırlanmasını soruşuram. Kabab mənim səyahət boyu rast gəldiyim ən dadlı, ən ləzzətli yeməkdir. İndi mən sizə kababın necə hazırlanması haqda məlumat verəcəyəm. Əminəm ki, siz onu yeyəndə məni minnətdarlıqla yad edəcəksiniz.  

Bir parça qoyun əti götürün, əgər tapa bilsəniz, döş əti olsun. Onu tikə-tikə doğrayın, soğan, duz, istiotla qarışdırıb basdırma edin. Onu bir qaba yığın və on beş dəqiqə saxlayın. Manqal qalayıb köz düşənə qədər gözləyin. Sonra isə tikələri dəmir və ya ağac şişlərə keçirib odun üstündə qızarana kimi o tərəf-bu tərəfə çevirin. Şiş tapmasanız, tüfənginizin süngüsündən şiş kimi istifadə edin. Kabab bişəndən sonra üstünə bir az sumaq əlavə edin. Onda daha ləzzətli olacaq. Hazır olandan sonra dadına baxın”.

Bu sətirləri oxuduqdan sonra yəqin ki, qonağın kim olduğunu bildiniz. Bəli, özüdür ki, var – bu mötəbər adam Aleksandr Düma idi. Axşamkı cah-cəlal, gecə yarısınadək uzanan məclis yazıçıda dərin təəssüratlar oyatmışdı. Qafqazlıların qonaqpərvər olduğunu eşitmişdi, amma mehmannəvazlığın bu qədərini ilk dəfə idi ki, görürdü. Gecə uyğu çağından xeyli keçsə də qonaqlar heç yatmaq istəmirdilər. Yolun yorğunluğu və pəncərədən süzülən ay işığı kirpiklərini ağırlaşdı. Moynenin xorultusu Dümanın yuxusuna mane ola bilmədi. 

Gecə yuxuda günəşi gördü, müftəxor günəş başını üfüqə qoyub özü üçün istirahət edirdi. O, günəşlə söhbət etmək istədi. 

“Ey, bəsdir orada avaralandın, düş gəl, bir az səninlə dərdləşək”.

Günəş də eləmə tənbəllik, dığırlana-dığırlana gəlib Dümanın düz qabağında dayandı. 

Yazıçı ona sual verdi:

-Bu vecsiz həyatdan yorulmadınmı? 

Günəş təəccüblə onu süzüb cavab verdi:

-Görünür, sən buraların adamı deyilsən, ona görə məni yaxşı tanımırsan. Bura Şərq ölkəsidir. Mənim işim isə sən düşündüyün kimi asan deyil. Hər gün bu yerlərə işıq saçmaq, nur paylamaq Sizif əməyidir. Amma mən bu işdən sonsuz ləzzət alıram. Bacarırsansa, bir təcrübədən keçir, sən də özünü yandır, işığını dünyaya səpələ. 

Düma elə yuxudaca anlayır ki, bu, mümkün olan iş deyil. Günəşdən üzr istəyir və onlar beləcə, isinişib dostlaşırlar. 

Səhər yuxudan olduqca gümrah vəziyyətdə ayıldı. Axırıncı dəfə nə vaxt belə rahat yatdığını xatırlamırdı. Günəş naxışlı pəncərədən onu salamladı. Çəmənlikdə asudəliklə otlayan göy atın yalı günəşin şüaları altında işım-işım işıldayırdı. Düma atın duruşuna heyran-heyran baxmaqda idi. Bu bənzərsiz atın iri, qara gözləri, uzun yalı, mütənasib biçimli sağrısı, quyruğu göz oxşayırdı. 

Xidmətçilər həyətdə canfəşanlıqla ora-bura qaçır, səhər yeməyi üçün tədarük görürdülər. 

-Əliyar bəyin Firəngistandan hörmətli qonağı gəlib. Gərəkdir ki, onu adımıza layiq qarşılayıb yola salaq. 

Xidmətçilərə göstəriş verən çərkəzi çuxa geyinmiş, başına buxara dərisindən külah qoymuş gənc belə deyirdi. 

Qapı astaca döyüldü və xidmətçilərdən biri qapının ağzında göründü:

-Müsyö, Əliyar bəy sizinlə görüşmək istəyir.

Düma tez-tələsik özünü qaydaya saldı, Moynenin çiynindən tutub silkələdi:

-Ey, rəssam, tez qalx. Bəy bizi qarşılamağa gəlib. 

Moyne hövlnak yerindən qalxıb əvvəlcə harda olduğunu kəsdirə bilmədi, xeyli müddət döyüküb ətrafı gözdən keçirdi. Dümanı görüncə özünə gəldi, gərnəşib çiyinlərini oynatdı və əsnədi. Şişmiş gözlərini bərəldib başını yellədi.

-Şitəngilik etmə, dost. Qalx, yuyun, özünü səliqəyə sal. Bəy bizi gözləyir, - Düma amiranə tərzdə ona təpindi. 

Geniş eyvanda mütəkkələr düzülmüş, çay süfrəsi hazırlanmışdı. Az keçməmiş Əliyar bəy qapının ağzında göründü. Dümaya məlumat verilmişdi ki, o, bu yerlərin çox hörmətli adamıdır. Açıqfikirli, maarifpərvər adam olan Əliyar bəy bir neçə dil bilirdi, klassik ədəbiyyatın dərin bilicisi kimi ad-san qazanmışdı. Mütəmadi olaraq Buzovnadakı mülkündə şeir, sənət məclisləri keçirərdi. Şamaxıda fəaliyyət göstərən “Beytül-səfa” məclisinin rəhbəri Mahmud ağa ilə də yaxın dost idilər. Dəfələrlə onun qonağı olmuş, təşkil etdiyi məclislərdə iştirak etmişdi. Həştərxan səfərindən qayıdanda ona çatdırdılar ki, fransız yazıçısı Aleksandr Düma Şamaxıda Mahmud ağanın qonağıdır. Əliyar bəy bu fürsəti ildən verə bilməzdi. Tez adamları vasitəsilə xəbər yolladı ki, hörmətli qonaq orada səfərini başa vurunca Bakıya təşrif buyursa, bizi son dərəcə şərəfyab edər. Xəbəri yolladıqdan sonra qonağın gəlişi üçün hazırlıqlar görmək üçün xidmətçilərinə göstərişlər verdi. Qonaq yüksək səviyyədə qarşılanmalı idi. 

Əliyar bəy hazırlıq işləriylə özü maraqlanır, bazarlıq dalınca göndərdiyi eşikağasının keyfiyyətli düyü alıb-almadığını yoxlayırdı. Kişmiş, albuxara, şabalıd, ərik qurusu, zəfəran bəyin yaxın tanışı, məşhur tacir Zülfüqar bəyin dükanından alınmışdı. Zənənlərin başı biş-düşə qarışmışdı, qazanlar ocağın üstündə buğlanmaqda idi. 

Eşikağası Əmirqulu bazarlıqdan təzə xəbərlə qayıtdı:

-Bəy, o Firəngistandan gələn qonağ Bakı yolunun üstündəki karvansarada düşüb. İzn versəydiniz, gedib onu gətirərdik.

Əliyar bəy xəbəri eşidincə mehtərə göstəriş verdi ki, atını gətirsin. Göy at səfərə çıxacaqlarını hiss edib səbirsizcəsinə ayaqlarını yerə döyürdü. 

-Qonağı gətirməyə özüm gedəcəm. Hacı bəyə deyin, hazırlaşsın. O da mənimlə gedəcək. – Əliyar bəy mehtərə səsləndi.

Hacı bəy Əliyar bəyin böyük oğlu idi. Boy-buxunlu, şüvərək oğlan idi. Çərkəzi çuxa, buxara papaq ona çox yaraşırdı. Arzularının çözələnən vaxtı idi. Atası hiss etmişdi ki, oğlu sevgi mərəzinə mübtəla olub. Üstünü vurmurdu, öz cavanlığı gəlib dururdu gözünün qarşısında. Fikirləşirdi ki, eyb etməz, sevib-sevilən vaxtıdır. Axır bir gözələ könlünü verməlidir. Əsas odur, nəslimizə, adımıza-sanımıza layiq nəsildən olsun.

Beləcə, ata-bala atlanıb yola çıxdılar. Yol boyu Hacı bəy dinib-danışmadı. Bu susqunluq Əliyar bəyi darıxdırırdı.

-Yaman fikrə getmisən. Gəmilərin batmayıb ki? –Ata çəpəki oğluna nəzər saldı. 

-Yox, gecəni narahat yatmışam, yuxudan doymamışam. – Hacı bəy atasının zənnini azdırmaq istədi.

Əliyar bəy bığaltı qımışdı:

-Yaxşı, de görək kimdir sənin yuxunu qaçıran? 

Atasının bu sözündən Hacı bəyin rəngi allandı, pul kimi qızardı. Bilmədi nə desin. Əliyar bəy əlini oğlunun enli kürəyinə vurub söhbətə məzə qatmaq istədi:

-Yekə kişisən, atandan söz gizlədirsən? Sən keçən yolları mən çoxdan keçmişəm, bala. Artıq evlənmək vaxtın yetişib. Qonağı yola salaq, səni baş-göz eləcəyəm, inşallah. 

Hacı bəyin bığ yeri çoxdan tərləmişdi. Atası kimi savadlı, elmli oğlan idi. Əliyar bəy bütün işlərini onunla məsləhətləşirdi. Ərəb-fars dilləriylə yanaşı rus dilini də yaxşı bilirdi. Əliyar bəy övladlarına yaxşı təhsil vermişdi, kasıb balalarının da oxuyub təhsil alması üçün çalışır, bu yolda varını əsirgəmirdi. Buna görə varlılar da, kasıblar da onun hörmətini saxlayır, xətrini əziz tuturdular. Hacı bəy də ədəb-ərkanı ilə seçilir, atasının adına xələl gətirəcək hərəkətlərə yol vermirdi. Tay-tuşları qumara, əyyaşlığa meyl etsə də, o, avaraçılıqla gün keçirən cavanlardan gen gəzirdi. Atasıyla söhbətlərində onları nəzərdə tutaraq deyirdi:

-Ata, bu bisavad, elm işığından məhrum olan uşaqlara baxıram, ürəyim ağrıyır. Onlar üçün həyatın mənası ancaq qumar oynamaq, küçələrdə avaralanmaq, əyyaşlıq etməkdən ibarətdir. Nə üçün yaşadıqlarını soruşsan, gözlərini döyə-döyə qalacaqlar. Beyinləri kirəc bağlayıb, dünya-aləm işlərindən, elm-ürfandan bilmərrə anlamazlar. Bu cavanların halı nolacaq? Axı millətin inkişaf etməsi üçün elm, təhsil lazımdır, cavanlarımız isə qaranlıq bir mühitdə böyüyür, ömürləri heç-puç olur.

Əliyar bəy oğlunun ağıllı gözlərindəki təəssüf hissini bölüşürdü:

-Dərdimiz böyükdür, oğlum. Ürəfa əhli ilə xal arasında keçilməz bir uçurum yaranıb. Müsəlmanlar uşqola uşaq vermək istəmir. Heç uşqolun nə olduğunu belə anlamırlar. Mollaxana da uşaqlarımıza dünyəvi biliklər vermək istəmir. Bəs necə olsun? Danışanda da adama kafir damğası vurub susdururlar. Tək-tük oxuyanlarımız var, onları da məmləkətdən didərgin salıblar.  

Ata ilə oğul arasında bu tipli söhbətlər çox olurdu. Hacı bəy ilk təhsilini mollaxanada alsa da dünyəvi elmləri də öyrənmişdi. O dövrdə Bakı iqtisadi mərkəz kimi Rusiya imperiyasının həyatında əhəmiyyətli rol oynayırdı. Bakı sürətlə inkişaf edərək Rusiyanın iri sənaye-ticarət mərkəzinə çevrilməsinə baxmayaraq hələ də şəhərin özünüidarə orqanı yox idi. Rus imperiyası Bakı tacirlərinə Dərbənddə, Petrovsk-portda, Həştərxanda, Səmərqənddə və digər vilayətlərdə ticarət mərkəzləri açmağa icazə vermişdi. Ticari əlaqələr qurmaq üçün isə tacirlərdən savad, rus dilini bilmək tələb olunurdu. Əliyar bəyin təhsili, geniş dünyagörüşü ona yaranmış şəraitdən uğurla yararlanmaq fürsətini verdi və o, ticarətini genişləndirməyə başladı. Bu işdə onun ən yaxın köməkçisi Hacı bəy idi. 

Günəş isti şüaları ilə kəndin qalay damlarını, boş yollarını qovurduğu vaxtda qəfildən əjdaha kimi böyük bir bulud göyə yüksəldi, dənizin üstündə dayandı, qabardı, küləklə birləşib günəşin qarşısını kəsdilər. Sonra dünyanın harasına enəcəyini bilmirmiş kimi qıvrıldı, qopuq, kəsik bir neçə parçasını kəndin tozlu-tozanaqlı yollarına püskürdü. Günəşin bal təbəssümündən əsər-əlamət qalmadı. Paslı dəmir rənginə çalan yelbeyin buludlar səmada qıvrıla-qıvrıla sancı çəkirdi.

Külək susdu, iki sərt bulud yağı kimi üz-üzə dayandı. Sonra buludlar toqquşdu, müdhiş ağızlarını açıb bir-birlərinə qızılı dillərini göstərdilər və göy guruldadı. Qəbristanlığın başı üstündə rəngsiz bir duman çevrəsi yarandı. Sübhün mehi boz dumanı qəbristanlığın başına dolandırırdı. İki atlı bu dumanda görünməz oldular. 

Səsin havasıyla yeriyirdilər. Hacı bəy narazı-narazı dilləndi:

-Bir dəqiqənin içində günəş it-bata düşdü e...

-Allahın işidi... – Əliyar bəyin təmkinli səsi karıxıb qalmış oğlunun dağınıq fikirlərini bir yerə yığdı. 

Arada atdan enib piyada getdilər. Elə yeriyirdilər ki, sanki gərmə tapdalayırdılar.

-Bu gedişlə havaxt çatarıq? – Hacı bəy növbəti dəfə nigarançılığını dilə gətirdi.

-Yol gedənindir, oğul,- Əliyar bəy bu dəfə də kəsə cavab verdi.

Atların nəfəsi dumanı yun kimi didə-didə yolçulara cığır açırdı. Novxanı sahillərindən keçəndə qumsallıqda küləyin ayaq izlərinə tamaşa etdilər. Külək fərraş kimi suları o qədər rəhmsizcəsinə qamçılamışdı ki, dənizin üzü gömgöy olmuşdu.

Yolda Əlimirzə kişi ilə rastlaşdılar. O, pəhləvan cüssəli adam idi, hər qolunda bir şir gücü vardı.

-Sübh tezdən hara belə, Əliyar bəy? – Əlimirzə kişinin göy gurultusunu andıran səsi elə bil küləyin müqavimətini qırdı. 

-Çox hörmətli qonağımız gəlib. Onu qarşılamağa gedirik. Yaxşı, bəs sən xeyr olar?

-Bəy, bizim də Tiflisdən pəhləvan dostlarımız təşrif buyurublar. Kömürçü meydanında qərarlaşıblar. Onları qarşılamağa gedirəm. 

Əliyar bəy Əlimirzə kişinin xətrini çox istəyirdi. O, hər şeyin yerini, vaxtını, çəkisini, enini, uzununu, qiymətini dəqiq bilirdi. Ağa ağ, qaraya qara deyir, pisi pisləyir, yaxşını tərifləyirdi. Həddini aşan olsa, yumruğunun zərbi ilə onun dərsini verirdi. -Əlimirzə kişi, yolundan qalma. Qayıdanda ayağını bizim tərəfə qoyarsan. Qonaqları yaxşı qarşılamaq lazımdır. Sənin kabab bişirməyindən olmaz. Zəhmətin dəyərləndiriləcək. – Əliyar bəy Əlimirzə kişiyə tapşırığını verəndən sonra ovcuna pul da basdı.

Əlimirzə kişi pulu götürmək istəmirdi:

-A bəy, bu nə xəcalətdir verirsən? Mən hər zaman sənin qulluğunda hazıram.

-Götür, halalındır. Sən zəhmətkeş adamsan, halallıqla çörək qazanırsan. Dediyimi unutma.

-Baş üstə, bəy! – Əlimirzə kişi əlini gözünün üstünə qoyub baş əydi. Yolları haçalandı. 

Əliyar bəyin Nəsrani məhəlləsindəki dükanına oğrular basqın edəndə onları Əlimirzə kişi zərərsizləşdirmişdi. Dükanın palıd ağacından düzəldilmiş qoşalay qapısı vardı. Layların yuxarı hissələri tağvari üslubda düzəldilmiş, ortasında bürüncdən tökmə aypara və ulduzlar vardı. Dəstəkləri bürüncdən idi, qapının parıltısı göz qamaşdırırdı. Dükanın içində sol tərəfdə xarici mallar, sağ tərəfdə isə vitrində qoz, fındıq ləpələri, püstə, badam, şabalıd, kişmiş, ləbləbi, noğul və başqa şirniyyat qoyulmuşdu. Qapıyla üzbəüz tərəfdə tirmə parçadan tikilmiş balaca kisələrdə Hindistandan, Çindən, Şərq ölkələrindən gətirilmiş al-əlvan, ətri küçəyə yayılan ədviyyat düzülmüşdü. Hər kisənin yanında dördkünc taxtacıqların üstündə iki dildə - türk dilində ərəb əlifbası ilə yaşıl rəngdə, rus dilində kiril əlifbasıyla qara rəngdə ədvaların adları yazılmışdı. Dükanın ortasında yaşıl, sarı və qırmızı saplardan toxunmuş xalının üstündə iki oturacaq və masa qoyulmuşdu. Masanın üstündə qədim masa vardı. Onun alt hissəsi bürünc qadın fiqurundan, yuxarısı qadının əlləri üstündə quraşdırılmış çini qabdan ibarət idi. Qab hissələrə bölünmüşdü. Hər bölməyə dükanda olan ərzaqlardan nümunələr qoyulmuşdu. Masanın arxasında müştərilərə qəhvə və çay təklif edilir, nümunələrdən dadmaq xahiş olunurdu. Bəzən ədvaların dadına baxanlar alıcılardan çox olurdu. Əliyar bəy bundan heç də rəncidəhal olmazdı. 

O, ticarətin qanunlarını yaxşı bilirdi. Hər dəfə dükanlara baş çəkəndə satıcılara müştəri ilə necə davranmaq haqda təlimatlar verirdi. Yatağan adamla heç arası olmazdı.

-Yatağan adamın heç vaxt çörəyi olmaz. Yatan öküzə yem qalmaz, deyiblər. Hələ günəş bircə dəfə də olsun, məni yatan yerdə tutmayıb. Kişi deyilən kəs sübh tezdən işinin başında olmalıdır.

Əliyar bəyin bu tipli söhbətləri el içində zərb-məsələ çevrilmişdi. Tənbəl adamla rastlaşanda deyirdilər:

-Əliyar bəy bilirsən də, nə deyib? Deyib ki, yatan öküzə yem qalmaz. 

Tənbəl adamlar Əliyar bəyin gözünə görünməzdilər, uzaqdan onun atını görüncə özlərini dalda yerə verib gözdən yayınırdılar. Bilirdilər ki, bəy onlara itin sözünü deyib abırlarını verəcək. Əkin-biçinlə məşğul olan əli qabarlı adamları görəndə Əliyar bəyin gözləri gülürdü. Yaxınlaşıb: - İşin irəli, ay kişi! Yorulmayasan! – deyirdi. Bu söz əkinçilərə əlavə güc verirdi, bir anda yorğunluqları canlarından çıxırdı, daha da həvəslə işləyirdilər. Onların ayaqüstü söhbətləri də elə əkin-biçindən olurdu. Buzovna camaatı mərdxasiyyət, xoşqılıq,  qocaları ağır oturub batman gələn idi. Əlləri torpaq ətirli, nəfəsləri torpaq qoxulu bu sadə insanlar üçün zəhmət həyatın ən ali həqiqəti idi. Yay istini çölə-düzə hovxura-hovxura, tərləyə-tərləyə gələndə də, qışın şaxtasında-boranında da onların kürəklərindən zəhmət təri axırdı. 

Qoyun-quzunu da Təmənnis deyilən yerə buraxırdılar ki, dişləri ot görsün, bütün günü tövlədə vurnuxmaqdan qıçları keyiyən qoyunlar çölü görən kimi ətrafa səpələnirdilər. Əliyar bəy deyirdi ki, mal-heyvan bu həndəvərin otunu qırpıb qurtarıb, təzə otlaqlar tapmaq lazımdır. Əlimirzə kişi də anlayırdı ki, Əliyar bəy sözü ona ünvanlayıb, böyük oğlu Gülbalaya məzəmmətedici nəzər salanda uşaq o saat bilirdi ki, iş nə yerdədir. Atası sürünün təhər-tövründən, qurdbasan sürü itlərinin üzgün görkəmindən, çobanların xısınlaşmasından duyuq düşmüşdü ki, işlər qaydasında deyil. Odur ki, işini bəri başdan möhkəm tutmuş, xeyli gəzib-dolaşandan sonra axarlı-baxarlı bir yeri gözaltı eləmişdi. İndi qoyun-quzu həmin yerdə şirəli otlardan qırpa-qırpa quyruqlarını yelləyirdilər.

Ata-oğul yol boyu ilin yaxşı gəlməyindən, otun-suyun bol olduğundan danışırdılar. 

-Gedib baxarıq, əgər işdi, sürü yaza gümrah çıxıb, öləni-itəni yoxdursa, onda çobana bir çəpiş bağışlayacağam. Yox, əgər pis baxıbsa, vay onun halına. – Əliyar bəy sürüyə yaxşı baxan çobanları hər dəfə belə mükafatlandırırdı.  

 

...Onlar karvansaraya çatanda qonaqlar hələ yuxudan oyanmamışdılar. Xidmətçilər əl-ayağa düşəndən sonra qonaqlar eyvanda göründü. Dilnaca ehtiyac olmadı. Əliyar bəy Düma ilə çox səmimi görüşdü, bir-birlərini xoş sözlər yağışına tutdular. Ali qonaq Əliyar bəyin fransızcasına heyran qaldı.

-Burda gördüyüm hər bir insan məni heyrətləndirməklə məşğuldur. Əliyar bəy, sizin sorağını çox eşitmişəm. Bu yerlərin sayılıb-seçilən adamlarındansınız. Çoxdandı ki, sizinlə görüşmək arzusunda idim. Amma fransızca bu qədər səlis danışmağınız məni heyrətləndirdi. 

Əliyar bəy təvazökarcasına gülümsədi:

-Mən də sizin kimi hörmətli bir yazıçıyla görüşümdən çox məmnunam. Bizə şərəf verdiniz.  

Qonaqlar mütəkkələrə dirsəklənib yerlərini rahatlayandan sonra məclis rəvan axara düşdü. Hamı Düma ilə Əliyar bəyin söhbətinə diqqət kəsilmişdi. Düma Bakının iqlimi, adət-ənənələri, təbiəti, dəniziylə bağlı çoxlu suallar verirdi, Əliyar bəy də həvəslə bu sualları cavablandırır, qonağına geniş məlumat verirdi. 

Bal, qaymaq, nehrə yağı, motal pendiri qonaqların ağzını dada gətirdi. 

-Biz çox yerdə çay içmişik, burdakı çayın dadı heç yerdə yoxdur. Bunu necə dəmləyirsiniz? – deyə Aleksandr Düma ora-bura qaçan xidmətçidən soruşdu. 

Əliyar bəy bu karvansarada çoxdan tanıdığı çayçı Fərəci səslədi. Çayçı Fərəc çiynindəki çay dəsmalını götürüb özünü qaydaya saldı və qonaqların qarşısında təzim etdi.

-Ay Fərəc, bizim hörmətli qonağımız sənin çayını yaman bəyənib. Deyir bunu necə dəmləyirsiz ki, adamın bütün yorğunluğunu canından çıxarır? – Əliyar bəy bəy çayçıya sual verdi.

Çayçı Fərəc qonaqların qarşısında bir az özünü itirən kimi oldu, boğazını arıtlayıb fikirlərini nizama salmağa çalışdı. 

-Bəy, bunun heç bir sirri yoxdu ki, - sadəlövhcəsinə dilləndi, - təbii bulaq suyunu mis samovarda qaynadırıq, mis samovarda qaynadılan çay daha dadlı olur. Bilirsiniz bunun cana necə faydası var? Bizdə belə deyirlər:

Çayın biri qaydadır,

ikisi cana faydadır,

üçü nəhsdir,

dördü bəsdir,

çıxdı beşə, vur on beşə.

çay nədir, say nədir?

Dilmanc çayçı Fərəcin dediklərini Dümaya tərcümə etdi. Düma eşitdiklərini həmişə böyründə gəzdirdiyi dəftərçəsinə qeyd elədi. Əliyar bəy çayçı Fərəcə başıyla razılığını bildirdi. 


(ardı var)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)