Kənan Hacı - "Hacı İsgəndər" (Romandan bir hissə)
1918-ci ildə Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycanın azadlığı uğrunda savaşanda Hacı İsgəndər özünümüdafiə batalyonu yaradaraq ermənilərə qarşı döyüşüb misilsiz fədakarlıqlar göstərib və Nuru Paşa tərəfindən Xalq Qəhrəmanı ordeni ilə təltif edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Hacı İsgəndər daim təqib altında olub. Onu ölümdən o dövrdə Azərbaycana rəhbərlik etmiş Ruhulla Axundov xilas edib. 1937-ci il repressiyası zamanı Ruhulla Axundovla birlikdə Hacı İsgəndər də həbs edilib, həbsdə olduğu müddətdə ona erməni müstəntiqlər tərəfindən amansız işgəncələr verilib. Ağır işgəncələrə dözməyən Hacı İsgəndər həbsxanada vəfat etsə də onun meyidini ailəsinə verməyiblər. Hacı İsgəndər məzarı olmayan qəhrəmanlarımızdandır. “Hacı İsgəndər” romanı onun həyat və döyüş yolundan bəhs edir.
*****
İsgəndər Həcc ziyarətindən yenicə qayıtmışdı. Hörməti-izzəti bir az artmışdı, amma o, heç vaxt bununla qürrələnmirdi, özünü bir az da təvazökar aparırdı. Gələcəklə bağlı planları vardı. Tikintisi yarımçıq qalmış Cümə məscidinin günbəzini və minarələrini qaldırmaq istəyirdi. İstəyirdi ki, camaatın bir ibadət yeri olsun, ora yığışıb dini ayinləri icra etsinlər.
Gecələrin birində hardansa evə qayıdan İsgəndər Cümə məscidinin yanından keçəndə qəribə səslər eşitdi; su damcısını yada salan səs çalarları yoxdan var olan kimi eşidilib sanki şəlalə kimi gecəyə axdı. Bu kristal kimi şəffaf səs məscidin içindən gəlirdi, səs də demək olmazdı, gecəni deşən işıq şüası idi, insanı ahənrüba kimi öz içinə çəkən bir qüvvə idi. Sonra səs ağrıya, şikayətə çevrildi, dözülməz ağrı parça-parça olub ayaqları altına səpələndi.
Alnındakı soyuqluq İsgəndəri özünə gətirdi. Gecə parıltısını itirmişdi. Məscidin içindən qeybdən gəlirmiş kimi eşidilən zəif səs yoxa çıxmışdı. Məscid alınmaz sükut dağı kimi qarşısında ucalırdı.
Bir dəfə də məscidin böyründən keçəndə hündür qapı nəyləsə onu özünə cəlb elədi, diqqətlə baxanda onun Həzrət Əlini (ə.s) xatırlatdığının fərqinə vardı. Salavat çevirdi. Gecə gördüyü yuxunu xatırladı. Yuxusunda görürdü ki, məscid tədricən qartala çevrilir, minarələri də qoşa qanad kimi çırpınır, onu yerdən qaldırıb səmaya pərvazlandırır. Hükəma əhli yerdən heyrətlə bu mənzərəni seyr edirlər. Bu yuxunu öz bildiyi kimi yozdu; məscid yerdəki insanların laqeydliyindən inciyib öz sahibinin hüzuruna sığınır. Özünə söz verdi ki, bu müqəddəs məkanı tikdirib başa çatdıracaq.
Birinci işi kəndin küçələrinə fənərlər çəkdirmək oldu. Gecələr camaat vahiməli küçələrdən keçməyə qorxurdu, neçəsinin ayağı xəndəyə düşmüşdü, neçəsi daş-kəsəyə ilişib yıxılmış, qol-qıçını sındırmışdı. Arvad-uşaq üçün isə axşamlar küçəyə çıxmaq müşkül işə çevrilmişdi. Bələdiyyə idarəsi küçə fanarlarının sayını artırmaq və keyfiyyətini yaxşılaşdırmaq barədə qərar çıxarmışdı. İsgəndər bələdiyyə ilə danışıb bu işi öz üzərinə götürdü. Kəndin hər tərəfinə çuqun sütunlar basdırdılar, bu sütunların üstündəki fanarlar ağ neftlə yanırdı. Cibinin pulu ilə kənddə yanğın deposu düzəltdirdi. Əhali ondan razılıq edir, canına dua oxuyurdular. Bu dualar onu yaşadırdı, qoluna güc verirdi, düşüncələrini, fikirlərini ovxarlayırdı. Xəyallarındakı planları gerçəkləşdirmək istəyirdi.
Çar imperiyası Qafqazı özünün nüfuz çənbərinə salandan sonra onun ərazilərində tam ağalıq eləyirdi. Xüsusilə Azərbaycan torpaqlarına əcnəbilərin, ən çox isə rus və ermənilərin axını başlanmışdı. Mövcud idarəçilik işlərində yerli adamlar yuxarıdan aşağıyadək sıxışdırılır, onların vəzifələri gəlmə əcnəbilər səxavətlə paylanırdı. Yeraltı, yerüstü sərvətləri mənimsəmək sahəsində görünməmiş bir canfəşanlıq göstərilirdi. Avropaya Gəncəbasardan mis, qızıl, şərab, Zaqataladan qoz, fındıq, Şəki, Qarabağ və Naxçıvandan barama, yun, heyvandarlıq məhsulları, Lənkərandan düyü, balıq məhsulları və meşə materialı daşınırdı. Xüsusilə Abşeron torpaqlarının neftli qatlarına başlanan kütləvi hücum daha vəhşiyanə idi. Neft sisternlərə, gəmilərin nəhəng çənlərinə doldurulub uzaqlara aparılır, millətimizə isə əsasən, qurudulub münbitləşdirilməsi bəlkə də heç zaman mümkün olmayan nəhəng, üfunətli göllər qalırdı.
Özünün Avropalı və Şimal qonşuları ilə apardığı uzun illik müharibələr Rusiyanı yoxsul və çarəsiz vəziyyətə saldığı halda Şərqdəki istilaları ona zənginlik, qüdrət və tərəqqi bəxş etmişdi. İndi o, vaxtilə qırğınlarla tutduğu ərazilərdə siyasətin “pambıqla baş kəsmək” üsullarına daha çox üstünlük verirdi. Qəsb edilmiş yerlərdə təhsilin inkişafına, ən başlıcası isə ali məktəblər yaradılmasına mümkün qədər imkan verilmədiyi halda hər il mərkəzi şəhərlərdəki təhsil ocaqlarında kənar millətlərə səxavətlə yer ayrılırdı. Kənar millətlər üçün təhsil pullu idi. Məqsəd öz siyasətini, tarixi-mədəni yığıntılarını ucqarlara yeritmək idi. Bu yolla başqa xalqları assimilyasiyaya məruz qoymaq istəyirdilər. Hacı İsgəndər bu məsələlər haqqında düşündükcə gələcəkdə yerlərdə məktəblər açmaq, bu məktəblərdə uşaqlara öz tarixini, dilini, ədəbiyyatını öyrədən müəllimlər yetişdirmək istəyirdi. Savadsızlıq hökm sürdükcə millət cəhalət bataqlığında boğulacaqdı. Zəmanəmiz özgə zəmanədir. Bir gün mütləq hürriyyət, ədalət, insaniyyət günəşi bizim üstümüzdə, bizim üfüqümüzdə də doğulacaqdı. Bunun üçün çalışmaq, iş görmək lazım idi. Hər dəfə Rusiyaya, Avropaya gəncləri oxumaq, təhsil almaq üçün yollayanda içində bu arzusu baş qaldırırdı. Arzusunu gerçəkləşdirmək üçün yollar axtarırdı.
Dəniz kənarındakı vətəgələrə baş çəkdikdən sonra evə qayıtdı, axşama döşəməplov sifariş verdi. Hacı İsgəndərin adətiydi, əziz qonağı gələndə həmişə arvadına döşəməplov bişirməyi tapşırardı. Böyük oğlu Əlihüseynlə dostu, sirdaşı Haşım bəyə və kəndin adlı-sanlı adamlarından olan Namulla bəyə xəbər yolladı ki, axşam bir ona baş çəksinlər. Haşım bəy Qafqazda tanınan və çox hörmətli tacirlərdən olmuş Hacı bəyin oğlu idi. İlk dini təhsilini ruhani atasından almışdı, atasının dostu Kərbəlayi Əzizin öz şəxsi mülkündə təsis etdiyi mədrəsədə ərəb, fars, türk, özbək, cığatay, rus dilləri və ədəbiyyatını, islam tarixini mükəmməl şəkildə öyrənmişdi. Özü də incə, zərif ruhlu qəzəllər yazırdı. Bu qabiliyyət ona babası Əliyar bəydən keçmişdi. Əliyar bəy şeir, sənət hamisi idi. Bir dəfə Əliyar bəy şamaxılı Mahmud ağa ilə birlikdə “Beytüs-səfa” şeir məclisinin qonağı olmuş fransız yazıçısı Aleksandr Dümanı evinə dəvət edir, Buzovnadakı mülkündə bir neçə gün qonaq saxlayır, şərəfinə ziyafətlər verir, şeir-muğam məclisləri təşkil edir. Düma Əliyar bəydən minnətdarlıqla ayrılır, yerli şairlərin, peşəkar muğam ustalarının ifalarından məmnun qaldığını dilə gətirir. Haşım bəy ruzisini tacirliklə qazansa da şair kimi böyük şöhrət qazanmışdı.
Hacı İsgəndərin digər qonağı Namulla bəy də xeyirxah, əliaçıq bəylərdən idi. Kənd camaatı həmişə ondan razılıq edirdi. Hacı Zeynalabdin Tağıyev Hacı İsgəndərlə söhbətlərindən birində Namulla bəy haqqında belə demişdi: “O ki, bu qədər kasıb-kusubun qayğısına qalır, Allahtəala həmişə onun ruzisini yetirəcək”.
Məryəm xanım aynabənddən həyətə boylananda darvazanın ağzında fayton dayandığını gördü. Hacı İsgəndər imkanlı adam olsa da heç vaxt qapısında nökər-naib saxlamazdı. Ona görə də qonaqların pişvazına özü çıxdı.
Haşım bəy hündürboy, yaraşıqlı kişi idi. Həmişə zövqlə geyinərdi, başındakı buxara papaq ona xüsusi yaraşıq verirdi. İncə ruhlu şair, xoşrəftar insan olsa da cəsur, qorxubilməz idi. O vaxtlar arada-bərədə “lotu” adı ilə meydan sulayanlar var imiş, müxtəlif üsullarla camaatın gözünün odunu alır, var-yoxunu çapıb-talayırdılar. Bir gün şəhərdə lotubaşılardan biri Haşım bəyə ultimatum göndərir ki, bəs mənə filan vaxt filan qədər pulu verməsən, gülləni çaxacam təpənə. Haşım bəy də xeyli fikirləşəndən sonra xəbər gətirən adama deyir ki, get ona de ki, sabah səhər gəlib pulu aparsın. Səhərisi gün şərtləşdikləri kimi lotubaşı Haşım bəyin qapısının kandarını kəsdirir, Haşım bəy əlində tələb olunan məbləğ qapıya çıxır və pulları lotubaşıya göstərib deyir: “pul, mal-dövlət üçün kimisə qətlə yetirən sənin kimilər kişi yox, nakişidirlər!” Qəfildən piştovu çıxarıb lotubaşının kəlləsinə çıxır, lotubaşı elə yerindəcə canını tapşırır. Haşım bəy yerli polis idarəsinə gedib hadisəni danışır, onu idarədə saxlayırlar. Məhkəmə prosesində heç bir vəkilin köməyi olmadan özü özünü müdafiə edir və bəraət alır. Bu, görünməmiş bir hadisə idi və kənd camaatı uzun illər Haşım bəyin bu igidliyi haqqında danışırdı.
Namulla bəyin də namı hər yerdə yaxşılığa çəkilirdi. O da pulunu el üçün xərcləyənlərdən idi. İsgəndərin onların məsləhətinə ehtiyacı vardı. Qonaqlar üçün nəzərdə tutulmuş zalda geniş süfrə açılmışdı. Haşım bəyin zərif təbi belə məclislərdə dil açırdı. Bu dəfə də yeni yazdığı qəzəlini oxumazdan əvvəl ölkədəki vəziyyəti qısa müzakirə etdilər. Haşım bəyin zəkası, iti fəhmi siyasi vəziyyəti düzgün təhlil etməyə imkan verirdi. Birinci sözə də o, başladı:
“İmperiyanın sonu çatıb, bütün dayaqları çürüyüb. Lap yaxın zamanda çökəcək. Müstəmləkə xalqların öz azadlığı uğrunda mübarizəsi günü-gündən güclənməkdədir. Çar bu gücün qarşısında duruş gətirə bilməyəcək. Vətəndaş müharibələri də Rusiyanı pis günə qoyub”.
Namulla bəy dərindən köks ötürdü:
“Eeh, elə bilirsən bu bolşeviklər gələndən sonra bizim başımızı sığallayacaqlar? Nəyimiz var, tutub əlimizdən alacaqlar”.
Haşım bəy dostuyla razılaşmaq istəmədi:
“Namulla bəy, sən elə öz mal-dövlətinin hayındasan. İstəmirsən ki, millətimiz azadlığa çıxsın?”
“Çıxsın e, amma nə deyirsən de, mənim bu bolşeviklərdən heç gözüm su içmir, Haşım bəy”.
“Nə qədər pis olsa, indikindən yaxşı olacaq. Mən də bu zəmanəyə bir şeir yazmışam, istəyirəm yemək gələnəcən onu sizə oxuyum”.
“Oxu, Haşım bəy. Sənin qələmin xəncər kimi itidir, qabağına çıxanı doğrayır. Oxu.” – İsgəndər Saqibi dinləmək üçün yerini rahatladı.
Haşım bəy pencəyinin döş cibindən bükülü vərəq çıxarıb boğazını arıtladı və şeiri oxumağa başladı:
Qoydu qan bağrıma ol zülfi-qəra, kim-kimədür,
Nə qədər qısa mənə cövrü-cəfa, kim-kimədür.
Sən də ey dil, eləmə ahu-fəğanın tərkin,
Yandır aləmləri, ey bəxti qəra, kim-kimədür.
Dəgişib dövrü-zamanə, hərə bir nəğmə oxur,
Hökmranlıq eləyir şahə gəda, kim-kimədür.
Yaxşı ilə yamanə fərq qoyan yoxdur heç,
Ya Hüseyn olgilə, ya Şimri-dəğa, kim-kimədir.
Sözün həqqin demə xəlqə əbəs, yox eşidən,
Qaranı ağ oxu, ağı qəra, kim-kimədür.
O sənindür, bu mənim, keçdi o günlər, keçdi,
Varuvi kim aparır, olma riza, kim-kimədür.
Dadu-fəryad eləmə, pərdeyi-ismət getdi,
Düşdü əldən-ələ, məhv oldu həya, kim-kimədür.
Şeirə diqqət kəsilən Namulla bəy arada başını yelləyib “bəh-bəh, gözünə dönüm, yaman demisən!” deyirdi. Şairi alqışladılar. Namulla bəy dedi:
“Bu şeirə qiyməti Azər verə bilər. Biz bisavad adamlarıq. Amma doğru sözümdür, sən böyük şairsən, Haşım bəy!”
Haşım bəy tərifi xoşlayan adam deyildi.
“Namulla bəy, məni az təriflə. Biz Füzuli, Seyyid Əzim kimi dahilərin söz dəryasından bir damla götürməyə cəhd edənlərik. İstəyirik o dəryadan bir çömçə də biz götürək. Ancaq götürə bilirik ki?!”
İsgəndər dedi:
“Gərək Məşədi Azəri də çağıraydım. Xəbəriniz var da, Hacı Zeynalabdin Tağıyev Məşədinin “Həmvətənlərimə” kitabının çapını öz üzərinə götürüb”.
Haşım bəy eşitdiyi xəbərdən sevindi:
“Nə gözəl xəbər oldu! Məşədi Azər bizim ustadımızdır, həmişə ondan öyrənirik. Sabah yığışıb gedərik yanına, onu təbrik edərik”.
İsgəndər: “Siz Allah, gedəndə məni də özünüzlə aparın” dedi. Razılaşdılar.
Əlsuyu veriləndən sonra süfrəyə bir-birindən ətirli yeməklər daşındı Zəfəranlı döşəməplov, balıq, qoyun ətinin albuxaralı və şabalıdlı qovurması, kababı, kükü... Növbənöv xuruşlar, şərbətlər.
İsgəndər ayağa qalxıb qonaqları salamladı:
“Hamınız xoş gəlib səfa gətirmisiniz! İndi isə yeməyinizi soyutmayın! Haşım bəy “bismillahir rəhmanir rəhim” deyəndən sonra əllər yeməklərə uzandı. Sakitcə yeməklərini yedilər. Süfrə yığışdırılandan sonra Əlihüseyn qonaqların qarşısına samovar çayı qoydu. Nəhayət, İsgəndər niyyətini açıb onlara dedi:
“Siz ikiniz də mənim əziz qonağımsınız. Mənim sizdən gizlin heç bir işim yoxdur, ola da bilməz. Allaha şükürlər olsun, ruzimi yetirir, əlim çörəyə çatıb. Hər bir müsəlman üçün vacib olan ziyarət arzum da qəbul olundu, Allahımdan çox razıyam!
İkisi də bir ağızdan “Allah ziyarətini qəbul eləsin!” dedi.
İsgəndər əlini sinəsinə qoyub təşəkkür elədi və söhbətin ardını gətirdi:
“Bilirsiniz də, bir neçə il bundan əvvəl kəndimizdə Cümə məscidi tikilməyə başlamışdı. Allah Kəblə İmrana rəhmət eləsin! Niyyət eləmişdi ki, məscid hazır olsun, hər gün gəlib burda namaz qılacağam. Heyif, iş yarımçıq qaldı. İndi mənim ağlıma bir fikir gəlib. İstəyirəm ki, sizlərin dəstəyi sayəsində bu məscidin tikintisini başa çatdıram”.
Araya sükut çökdü. Namulla bəy çaxmaq çəkib qəlyanını odladı. Haşım bəy Namulla bəyin xasiyyətinə bələd idi, kişi qəlyanını çıxarmışdısa, ona fikirləşmək üçün vaxt vermək lazım idi. Birinci Haşım bəy dilləndi:
“Allah Kəblə İmrana da, o məscid üçün zəhmət çəkənlərə də qəni-qəni rəhmət eləsin! Qalanların Allah ömrünü uzun eləsin! Həci, sən nə deyirsənsə, biz o sözün arxasındayıq. Çox yaxşı fikirdir”.
Namulla bəy də zarafata saldı:
“Nə qədər ki, bu bolşeviklər pul-paramızı əlimizdən almayıb, xəzinənin ağzını açıb bu məscid üçün xərcləsək, yaxşıdır. Heç olmasa, bu dünyada axirətimizi qazanarıq”.
Gülüşdülər.
*****
Beləcə, məscidin bərpası üçün hazırlıq işləri görülməyə başladı.
Bircə Şeyx Əbasəlt də xeyir-dua versəydi... Hacı İsgəndər sübh tezdən oyanıb əynini geyindi, Məşədi Qərib məscidinə üz tutdu. Məscidin axundu Şeyx Əbasəlt adətən, məscidə xoruzun ikinci banında gələr, azanın vaxtında verilməsinə, dəstəmaz üçün su hazırlığına, namaz ibadətgahında xalı-xalçaların səliqəli döşənib-döşənməməsinə diqqət yetirərdi. Hamı gəlib yığışandan sonra yaşıl məxmərdən olan canamazını götürüb qabağa düşər, ibadətgahda adamların qarşısında yerə sərər, qara qotazlı möhürqabıdan möhürünü çıxarıb onun üstünə qoyar, qara dənəli Xorasan təsbehi ilə möhürün qarşısını bağlayar, sonra ağır hərəkətlə sübh namazına başlayardı. Ondan arxada dayanan pişnamaz, sonra da bütün ibadət əhli Axundun hərəkətlərini dəqiq icra etməklə namaz qılardılar.
Sübh ibadəti başa çatdı, adamlar çəkilib gedəndən sonra Axund rahat nəfəs aldı, pişnamazına səliqə-sahmana göz yetirməsini tapşırıb məscidin qapısından həyətə çıxdı. Baxdı ki, Hacı İsgəndər həyətdə durub onu gözləyir. Salamlaşdılar.
“Sübh tezdən gəlməkdə xeyirdimi, Hacı?”
“Ömrünüz xeyirə calansın, Şeyx! Sizinlə bir məsələni məsləhətləşmək istəyirəm”.
“Buyurginən. Atalar demişkən, məsləhətli don gen olar”.
“Cümə məscidinin tikintisi yarımçıq qalıb, bilirsiniz. İstəyirəm onu tikib başa çatdıraq”.
Şeyx Əbasəlt pilə kimi ağ saqqalına tumar çəkib gülümsədi. Əbasının ətəyini əlinə yığıb məscidin qarşısındakı daş səkinin üstə qoyulmuş döşəkçənin üstündə oturdu.
“Nə deyirəm, oğul. Allah xeyir versin! Bilirəm, sən halal adamsan, haramla işin olmaz. Nə qazanmısansa, öz zəhmətinlə qazanmısan. Allah bu işi başa çatdırmaqda sənə yardımçı olsun!”
Hacı İsgəndərin kefi duruldu. İndi yaxşı bir usta və günəmuzd işləyən fəhlələr tapmaq lazım idi.
****
Kənd camaatı məsciddə tikinti işlərinin getdiyini görüb sevinirdi. Hacı İsgəndər bütün günü işə nəzarət edirdi. Ustalar məscidin günbəzi üçün daş yonurdular. Kəndin cavanları könüllü şəkildə gəlib ustalar üçün fəhləlik edirdilər; kimisi kəc qarışdırır, kimisi qum daşıyır, kimisi də ustaya daş verirdi. Sevincdən Hacı İsgəndərin ürəyi köksünə sığmırdı, intizarla tikintinin başa çatacağı günü gözləyirdi.
Günorta namazını yenicə bitirmişdi ki, oğlu həyəcanla içəri girdi:
“Ata, idarədən gəliblər, səni soruşurlar. Görəsən nə məsələdir?”
Hacı İsgəndər fəhmli adam idi, o saat anladı ki, onu məscidin tikintisinə görə çağırırlar. Tövrünü pozmadan eyvana çıxdı, həyət qapısının ağzında iki nəfər hökümət adamının dayandığını gördü.
“Hacı, rəis deyir vaxtı olanda bir idarəyə baş çəksin”.
Bunu deyib cavab gözləmədən qapıda gözləyən faytona minib getdilər. Hacının ovqatı təlx oldu. “Görəsən nə mız qoyacaqlar? Bunlar adamı xeyirliyə çağırmaz. Qarının ağrısı nədir, bilirəm. İstəmirlər ki, camaatın ibadət yeri olsun, xalqı dinindən ayrı salmaq istəyirlər. Amma özlərinin şəhərdə bir neçə yerdə kilsəsi var”. Bu düşüncələrlə hökümət idarəsinə yollandı.
Kəndin kələ-kötür yolları faytonu yırğaladıqca Hacı İsgəndərin beynindəki fikirlər də çalxalanırdı. Yolda Qoçu İslamla rastlaşdı. Qoçu İslam kəmali-ədəblə baş əyib Hacıyla ikiəlli görüşdü.
“Hacı, eşitdim məscidi remont elətdirirsən. Allah xeyir versin! Bizdən nə kömək lazımdısa, canla-başla qulluğunda hazıram!” – deyib bığlarına tumar çəkdi.
Hacı razılıqla başını tərpətdi.
“Allah səndən razı olsun! Bu sözləri ki, dedin, elə kömək etmiş oldun. Lotu-potuynan neynirsən? Dinc dolanırlar yoxsa şuluq salırlar?” – Hacı Qoçuyla yüngülcə zarafatlaşmaq istədi ki, bir az eyni açılsın.
Qoçu İslam digər qoçulardan fərqli olaraq özüylə heç vaxt cangüdən gəzdirməzdi, yalquzaq kimi tək gəzib-dolanardı. Başkəsənlər, xuliqanlar, avaralar onunla rastlaşanda qorxudan yollarını dəyişirdilər. Kənd camaatı hansısa quldurdan, xuliqandan şikayət edəndə həmin adamı tapıb küçənin ortasında güllələyərdi. Deyirdi “onsuz da bu ruslar, ermənilər başımıza min oyun açır, köpək uşaqlarının kökünü kəsmək olmur, pərpətöyün kimi gün-gündən artıb çoxalırlar. Siz də bu yandan camaata göz verib işıq vermirsiniz. Adam olun, adam kimi dolanın. Kasıb-kusubla işiniz olmasın. Eşidib-bilsəm, kəllənizi göyə sovuracam!”
Qoçu İslam varlıların, xalqın malını yeyənlərin qənimi idi, kasıb-füqəranı həmişə himayə edərdi. Buna görə də xalq içində ona qarşı böyük rəğbət vardı. Bilirdi ki, Hacı İsgəndər xalqın xeyrinə-şərinə yarıyan adamdır, kasıblara əl yetirəndir, ona qarşı hörmət və ehtiramı vardı.
İndi Hacı soruşanda ki, “bu lotu-potular dinc dolanır ya yox”, Qoçu İslam qeyri-ixtiyari əlini belindəki tapançanın üstünə qoydu:
“Hacı, cızığından çıxanın dərmanı bir güllədir. Ağızları nədi dinc dolanmasınlar? Vallah, bu xalq yazıqdı, urusdar göz açmağa qoymur, erməniləri it kimi üstümüzə qısqırdırlar. Doyşana qaç diyirlər, tazıya tut. Vallah, Hacı, mən bu milləti belə aciz, fağır görmək istəmirəm. Yaxşı ki, sənin kimi qeyrətli, camaat üçün canı yanan kişilər var, yoxsa bu bədbəxtlərin halı necə olar? Ona görə Allahtəala ruzini sənin başından tökür”.
Hacı İsgəndər gülümsəyib əlini Qoçu İslamın çiyninə qoydu və ona bir rəvayət danışdı:
“Belə rəvayət edirlər ki, Abbasilər sülaləsinin xəlifəliyi dövründə Məhəmməd əl – ibni Səmmaq adında dərin bilikli, iti zəkalı və çox hazırcavab bir alim yaşayıbmış. Günlərin birində bu alim xəlifənin hüzuruna gəlir. İçəri girəndə görür ki, xəlifə ağzını marçıldadaraq, ayağını yelləyərək, əlindəki bardaqdan ləzzətlə su içir. Xəlifə onu görüb qaşlarını qaldıraraq deyir:
“Ya ibn Səmmaq, mənə elə bir nəsihət ver ki, ondan ibrət götürə bilim”.
Alim cavabında deyir:
“Ya əmirəlmöminin! Təsəvvür et ki, qızmar bir səhradasan, susuzluqdan dodaqların quruyub, ciyərin od tutub yanır. Hər keçən dəqiqə susuzluğun daha da artır və su tapıb içməsən, öləcəksən. Bu dəm biri əlində bir bardaq sərin su sənə yaxınlaşır və həmin suyun əvəzində səndən bütün var-dövltini istəyir. Belə halla üzləşsən, nə edərsən?”
Xəlifə düşünmədən dərhal cavab verir:
“Bircə an da tərəddüd etmədən bütün sərvətimi verib, o suyu alaram”.
“Belə isə bir bardaq su dəyərində olan sərvətinlə lovğalanıb qürrələnmə”.
Qoçu İslam Hacı İsgəndərin söhbətindən məmnun qaldı. Beləcə, ayrıldılar. Heç bir il keçməmiş ermənilər Bakıya hücum edəndə Qoçu İslam Hacı İsgəndərin yaratdığı özünümüdafiə dəstələrinə ən çox kömək edən adam olacaqdı. Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. İçərişəhərdən Qoçu Əlabbas, Keşlədən Qoçu Musa, Maştağadan Qoçu Nəcəfqulu, Qoçu Əziz, Qaladan Qoçu Kəblə Hacıbala və digər qoçular ermənilərə qarşı misilsiz igidliklər göstərdilər. Hələ Hacı İsgəndər bütün gücünü Cümə məscidinin tikintisinə yönəltmişdi. Olacaqlardan çoxları kimi xəbərsiz idi. O, hamı kimi deyildi, fəhmli adam idi, bir sıra qəribəlikləri vardı, dənizdə balıqlar da onun bu qəribəliklərinə öyrəşmişdilər. Səhər qarşısına bir bəd üzlü adam çıxdısa, yoldan qayıdırdı. Qoçu İslam bəd adam deyildi, amma yenə də ürəyində bir səksəkə vardı. Bilirdi ki, onu xeyirliyə çağırmırlar. Faytona qoşulmuş at da yolu könülsüz, ayaqlarını sürüyə-sürüyə gedirdi.
Bələdiyyə sədri Semyonov onu təkəbbürlə qarşıladı:
“Bu nə özbaşınalıqdı, Hacı? Belə yaramaz. Bir iş görəndə niyə bizimlə məsləhətləşmirsiniz?”
Hacı tövrünü pozmadı, sakitcə dilləndi:
“Cənab Semyonov, nə qəbahət etmişik? Camaat üçün məscid tikdiririk də”.
Semyonov gümüşü portsiqarını çıxarıb papiros alışdırdı, dərindən qullab vurub saymazyana Hacı İsgəndərin üzünə üfürdü.
“Bu qədər saymazyanalıq olmaz. Tikintiyə başlamaq üçün icazə almaq lazım idi. Dünya görmüş adamsınız, bunu da sizə başa salmaq lazım idi?”
“Bu məscidin tikintisinə icazə verilib ki, tikilib. Gördüyünüz kimi, tikinti yarımçıq qalıb, biz də istədik ki, işi başa çatdıraq”.
“Olmaz! Qəti şəkildə olmaz! Tikintini dayandırın və bir də belə səhvlərə yol verməyin!”
Hacı İsgəndər bilmədi nə desin. Araya uzun bir sükut çökdü. Semyonov başını aşağı salıb masanın üstündəki sənədlərlə məşğul olmağa başladı. Hacı İsgəndər gözlədi ki, Semyonov daha nə deyəcək. Semyonov isə ona əhəmiyyət vermirdi. Uzun sürən gərginliyi onun quru, soyuq səsi bir az da tarıma çəkdi:
“Gedə bilərsiniz!”
Hacı başını qaldırıb onun üzünə deyil, başı üstündən asılmış çarın portretinə baxdı və heç nə demədən qalxıb kabinetdən çıxdı. Ürəyində dediklərini Semyonov eşidə bilməzdi.
“Sizin də axırınız çatıb. Az qalıb, çox az...”
****
Nə evə, nə də məscidə getmədi. Balıqlarla dərdləşmək üçün dənizə tələsdi. Dəniz də hirsindən göyərmişdi, balıqları ondan gizləyirdi. İstəmədi onu kimsə görsün. Kimsəsiz bir yerdə qayalardan birinin üstünə çıxıb çöməldi, gözünü əlçatmaz üfüqlərə zillədi. Bu dəfə yuxusunu deyil, dərdini suya danışdı. “Ruslar gəlib mənim torpağımda kilsə ucalda bilir, mən öz torpağımda məscid tikdirə bilmirəm. Belə də harınlıq olar? Üstəlik, ordan-burdan erməniləri də gətirib doldurublar bura. Fitnəkarlıqla məşğuldurlar. Yersiz gəldi, yerli, qaç, buna deyiblər. On iki il bundan qabaq müsəlmanları qırıb tökdülər, bəs olmadı, yenə altdan-altdan planlar qururlar. Bunların başında Andronik köpəkoğlu durur. Qanımıza susayıblar. Nəsə eləmək lazımdır... Bu gedişatın axırı heç də yaxşı şeylər vəd eləmir”.
Köşkünə gedib samovarı doldurdu, özünə yaxşı çay dəmlədi. Yorğunluğunu indi hiss elədi. Həsir kresloya çöküb çaydan qurtumlaya-qurtumlaya mürgü döyməyə başladı.
***
Gilavar əsirdi. Dənizin üzündə yeddi rəngin hər çeşidini görmək olurdu. Qayıqlar ağır-ağır tərpənir, tilovlar gözləyir, adamlar susurdular. Kim bilir, suyun dərinliyində, kələ-kötür qayalar arasında bu rənglər görünürmü? Görəsən Qızıl balıq ovdan qayıdıbmı? Göy qurşağı kimi parıldayan pullarını göstərərək qədim dövr kralları kimi ağır-ağır alicənab ədasıyla gəzirmi? Bəlkə də qızıl, zümrüd, inci, mərcan, sədəf içində alışıb-yanan sarayı üçün darıxır? O qovuğunun zümrüd pəncərəsindən nə qədər faciələr seyr etmişdi, nə qədər tilovlar qırmışdı. Axır ki, kiminsə tilovunu seçməli və bu yorucu ömrü başa vurmalı idi. Nə qədər ki, hər yeri parlaqlığını, əti dadını itirməyib, ömrünü bitirməliydi. Yoxsa günlərin bir günündə dərisi yapışqanlı, murdar bir vəhşinin dişinə keçə bilərdi. Yaxşısı budur ki, sulardan kənar dünyada yaşayan ağıllı bir məxluqa özünü təslim etsin, böyük, zəngin bir süfrəyə qoyulsun, qalibiyyətlə keçirdiyi ömrünü ağ şərabla başa vursun.
Gedib tilovlardan birini imsilədi. Bu, balıqçı Rəhmanın tilovudur. Rəhmanın eyibləri çoxdur, o, acgözdür, xeyirgüdəndir. Kasıb olmağına kasıbdır, amma mənliyi yoxdur. O hesab edirdi ki, insan kasıb olsa da qürurunu itirməməlidir. Sonra o biri tilova yaxınlaşdı, imsilədi. Bu da balıqçı Sabirin tilovudur. Onun da hap-gopundan heç olmaz. Yaman ağciyərdir. Qızıl balığın cəsarətli adamlardan xoşu gəlirdi. Bir zərbə ilə qorxağın tilovundakı qarmağı dümdüz etdi. Beş qayıqdan sallanan tilovların hamısını imsilədi, heç birini bəyənmədi.
O, öz qayasının kənarında durmuşdu. Fosforlu tilovların, civəli qırmaqların lacivərd aləmdə işıqlandırdığı meydanı seyr edirdi. Mərcanlar şəhərinin düz ortasında on beş dənə gözəl-qəşəng fənər yellənirdi. Qonşu qovuqlardan çıxan mərcan balıqları fənərlərə hücum edir və axmaqcasına tora düşürdülər. Gözləri böyümüş halda yuxarı çıxarılan zaman dönüb yenə aşağıya gəlir, elə bil yuxarıdakı həyatı görməkdən vahimələnirdilər. Qızıl balıqdan imdad diləyirdilər: “Bizi xilas et!” Qızıl balıq fikirləşirdi; gedib bir dişlək vursa, o işıq saçan ipin işini bitirə bilər. Amma getmirdi, onların heç birini xilas etmək istəmirdi. Bilirdi ki, onları xilas etmək asandır, amma onun bildiyi başqa şey də vardı. Tilova ilişən həmcinslərini qurtarmaq üçün o işıq saçan ipi bərabər qırmaq zərurətini bütün balıqların dərk etməsi lazım idi. Qızıl balıq bu işi tək başına görə bilməzdi, bəs o özü tutulanda necə olacaqdı? Onda tilovu kim kəsəcəkdi? İpi kəsmək onlardan hansınınsa ağlına gələcəkdimi?