Edebiyyat.az » Proza » Jasmin - Süpürgəçi qadın

Jasmin - Süpürgəçi qadın

Jasmin - Süpürgəçi qadın
Proza
admin
Müəllif:
18:33, 22 fevral 2022
2 525
1
Jasmin - Süpürgəçi qadın




- Ana... Ana...

Sonuncu eşitdiyim qızımın fəryadı oldu. Nurayım, gözəl üzlüm mənim. Bu nə fəryad idi, Allahım eşitdirdi mənə? Buna necə dözə bilər bir ana axı? Nə oldu axı? Heç cürə xatırlaya bilmirəm. Son xatırladığım, mən işdə idim və bugün qızım imtahandan çıxıb, yanıma gələcəkdi. Bəli, imtahandan. Mənim Nurayım artıq böyük qızdır. Bu il ali məktəbə sənəd verəcək, bu gün də imtahanı idi. İmtahandan sonra iş yerimə gələcəkdi. Gəldi də. Mənə dedilər, qızın gəlib, amma sonra... Bu anadək bütün hadisələri xatırlayıram və sonra “Ana” fəryadı... Ana üçün ən ağırı övladının fəryadını eşitməkdir. Göz bəbəyim kimi qoruyub böyütdüyüm qızımı kim, necə incitdi axı? Siz bilmərsiz bəlkə analığı. Bu başqa bir can üçün yaşamaqdır, yalnız onun üçün var olmaqdır. Necə ki, mən Nurayım üçün 17 il var oldum. 17 il onun üçün yaşadım. Baxmayaraq ki 35 yaşım var idi, amma saçlarım ağ dəni çoxdan özünə sakin etmişdi. 

Unutdum, sizə özümü tanıtmadım. Mənim adım Səbinədir. 35 yaşım var. Bir gözəl-göyçək qızım var, Nurayım. Həyatımın, yaşamımın yeganə məqsədi. Nurayımın atası, bizə elə öyrətmişdilər, həyat yoldaşım yox, uşağımın atası. Deyirdilər, ayıbdır adı ilə çağırmaq, ya da bir başqa cür xitab etmək. Mən də uşağımın anası idim, həyat yoldaşı yox. Həyatıma yoldaş olmadı onsuz da. Heç uşağıma atalıq belə eləmədi. Sual edərsiz bəlkə də, həyatımı belə insanla necə bölüşmək fikrinə gəldim, nəyə görə razılıq verdim. Bilirsiz, bizdə ər seçimini ata-anamız edirdi. Əsas qızın yaşı 18-dən o yana keçməsin, mütləq ərə getsin. Sonrası Allaha təvəkkül. İndiki kimi yadımdadır, atamla anamın mübahisəsi:

-Ay kişi, neynirsən? Artıq neçənci adamdır yox deyirsən. Qızın 17 yaşı var, bugün-sabah 18 olacaq. Adımız çıxacaq. 

-Kəs səsini, arvad. Otur oturduğun yerdə. Mən bilirəm, neynirəm. Ac-yalavaca qız verməyəcəm ki? Biz onlara qız veririk, bəs bizim çarımız nə olacaq?! 

-Ac-yalavaca qız vermirsənsə, bəs özün niyə yetim kimi gəlmişdin qapımıza?

-Qələtini elə, otur yerində. Sən hələ şükür elə ki, səni mən aldım. Yaşın 18-i keçirdi, üzünə baxan da yox idi. İndi isə mənim işimə qarışma. Qız mənim deyil? İstədiyimə verərəm. Niyə böyütmüşəm onu?! Sənə bax, qızı böyüt, özüm qalım belə. 

Söhbətin sonunda anam çımxırıb çıxdı otaqdan. Məni görüb, “Az, neynirsən burada? Get, həyəti yu.” dedi. Mən onda dinməz-söyləməz anamın tapşırdığı işi yerinə yetirməyə getdim. Bu hadisədən bir həftə keçməmiş dedilər ki, artıq bu evlə vidalaşmalıyam. Məni satmaq üçün adam tapmışdılar. Bəli, satmaq üçün. Bunun başqa adı ola bilməzdi. Bakıda yaşayan atamın dostunun oğluna... məndən düz 9 yaş böyük idi, atama nə qədər nə verdiyini bilmirəm, amma dodaqları qulaqlarının dibinə qədər çatmışdı. Əyri dişləri damağına yerləşmirdi. Bəlkə də ən xoşbəxt günü idi. Mənim isə ən bədbəxt. Həyatımın 17 illik dönəmində ən bədbəxt...Sonra nə olacağını ağlıma da gətirə bilməzdim. Özümü evdə gərəksiz yer tutan əşya kimi hiss edirdim və məni çarına satmaq üçün müştəri tapmışdılar. 

Ağrılı-acılı 17 ilimi keçirtdiyim evimlə vidalaşmalı oldum. Sanki 17 ilimi həyatımdan silmişdilər. Ağlayırdım. Nə qədər də məni mal kimi satmış olsalar da, mən atam-anam üçün ağlayırdım. Elə ilk dəfə ərimin əlinin ağırlığını da toy gecəsində bildim. Mənim ağladığımı görüb, üzümə şillə vurdu.

-Bayquş qızı, bayquş! Mən evimə arvad gətirmişəm ya bayquş, bilmirəm.

 İlk gün öz sözünü demişdi. Elə bu minvalla 7 ilimi keçirtdim bu adamla. Keçirtmədim, yox, məhv etdim. Nurayım olandan sonra mənə lap düşmən kəsilmişdi. Qız doğmuşdum. Dediyindən zatım xarab imiş...qız doğacaq qədər xarab... Amma mən qızımı sevirdim. Yeganə sevinc mənbəyim idi. Hərdən gecələr elə vəhşiyə dönürdü, qorxurdum, Nurayıma zərər verər. Uşağıma sipər olurdum bütün gecə. Gözümü qırpmadan keçirdirdim gecələri. Bu illərdə əzabımla yanaşı yaşadığım ən gözəl hiss idi analıq. Mən uşağımla nəfəs alırdım. Hərdən düşünürdüm, bəs mənim anam? Bəs o necə oldu məni sevmədi? Bilmirəm. Əlbət sevgi sarıdan mən Allahın qəzəbli vaxtına düşdüşdüm. Nə valideynlərim, nə də ərim məni sevmədi. Qonşuluqdakı Sevinc deyirdi ki, günah məndədir, arvad olub ərimi saxlaya bilmirəmmiş əlimdə. Amma mən anlamırdım, axı nə etməliydim ki? Mənə öyrətdiklərinin hamısını edirdim. Bişirirdim, yığışdırırdım, yuyurdum. Ərim gələndə susub otururdum. Hirslənib çığıranda səsimi çıxartmırdım. Çıxardıb, nə deyəcəkdim ki? Heç nəyə hirsləndiyini bilmirdim. Bircə ata-anamı söyürdü. Məni və qızımı lənətləyirdi. Hətta uşaq ağlamasın deyə min hoqqa çıxarırdım. Çox qorxurdum. Qızımı öldürər deyə çox qorxurdum. 

Həyatımın bu qorxulu dönəmi 7 il davam etdi. Nurayım artıq məktəbin birinci sinifinə gedirdi. Əyninə paltarı özüm tikmişdim. Sevinc vermişdi parçanı. Sağolsun, lazım olmayan şey olanda, atmazdı, mənə verərdi. Yaxşı ki məktəb də bütün kitablarını təmin edirdi. Yoxsa atası ona bir qəpik belə xərcləmək istəmirdi. Bir sözü var idi: “qız nədir, oxumaq nədir? Oxuyub, nə olacaq? Sənin kimi zatı xarab?!” Qız doğulmaq bir lənət idimi, görəsən?!

Onunla yaşadığım yeddinci ilin baharına qədəm qoyurduq. Bir gecə evə qadınla gəldi. Çox içmişdi. Sarmaş-dolaş girdilər evə. Məni görüb üzü döndü, başladı yenə söyməyə. Son sözü - “topla zir-ziblini, çıx evimdən” oldu. “O qızını da götür özünlə” nə deyəcəyimi bilmədim. Deyə də bilməzdim, gözü dönmüşdü. Əlində mətbəxdən götürdüyü bıçaq var idi. Qızıma xətər yetirər deyə qorxduğumdan az-maz olan bütün pal-paltarımı yığıb, çıxdım evdən. Beləcə yeddi ilimi məhv etdiyim evi tərk etməli oldum. Həyatımın 24 ili keçmişdi. Yalnız onda bildim ki, mənə ərimdən heç nə düşmür, çünki bizdə kəbin imiş və mən ondan heç nə istəyə bilmərəm.

Həmin gecə hara pənah aparacağımı bilmədiyimdən Sevincin evinə sığınmalı oldum. Yalvar-yaxır iş tapanadək bizə kiçik künc verməsini xahiş etdim. Sağolsun, razılaşdı. 

O gecəni yatmadım. Tək olsa idim, o evdən getməyib, məni öldürməyinə razı olardım. Axı bizə elə demişdilər: “Ər evindən yalnız kəfənin çıxar”. Amma Nurayıma qıya bilməzdim. Mənim mələk balam. Qızımı qorumaq üçün ölümdən qaçmışdım. Əslində heç yaşamırdım ki. Çoxdan ölmüşdüm, yaşatdığım var idi. Siz yaşayan ölülər görmüsünüzmü? Özlərini önəmsəməyənlər. Həyatın girdabında batmamaq üçün sadəcə addımlayanlar. İçində özləri boyda qəbirstanlıq daşıyanlar. Bir şeirdə oxumuşdum sonralar. Şair belə deyirdi:

“Ey mənim daş ürəklim, İçində kimin ölüb?” 

Bəli, mən artıq daş ürəkli idim. İçimdə də özüm ölmüşdüm. Mən ölmüşdüm. Amma bu daş ürək bircə Nurayımla pambığa dönürdü. Mənim mələk simalım. 

Nurayımı düşünüb, yatmadım o gecə. Mən artıq evsiz-eşiksiz, uşağını yaşatmağa çalışan qadın idim. 24 yaşında qoca qadın. Bilirsiz, bir qadın olaraq həyatın qadına qarşı olan bütün amansızlığını öz üzərimdə hiss etmişəm bu illərdə. Yalnız orta təhsilli olan, tək uşaq böyüdən bir qadına olan münasibəti azından-çoxundan siz də bilmiş olarsız. Gəzdiyim iş yerlərindəki hər münasibətdə qadınlığımı alçaltmağa can atan insanlar var idi. İnsanlar yox, yox, onlar insan deyildilər, onlar insan cildində idilər. Qulaqlarım dünyanın bəlkə də ən alçaq təkliflərinə şahid olurdu. O an öz qadınlığımı lənətləyirdim. Özümə, varlığıma nifrət edirdim. Bir qadın olmağın ağırlığı bu qədər baha biçilməməli idi. İçimdəki üsyanım yalnız göz yaşlarım idi. Bir təskinliyim var idi, evimə dönəndə boynumu qucaqlayan Nurayım. Ana olmaq cənnət qədər var imiş. Mənim cənnət qoxulum. Cənnət qoxulum mənim yaşamaq əzmim oldu. 

Çox yerdə işlədim, qab yuyan, xadimə - təhsilsiz birinə təklif edilə biləcək bütün işlər. Aşağı səviyyəli iş kimi baxmırdım onlara, amma insanlar mənə elə baxırdı. Onların baxışlarından yayınmaq üçün başımı belə qaldırmırdım. Artıq bu illər ərzində qadınlığımı belə unutmuşdum. İş yerlərinin dəyişməsi, kirayə qaldığım yerlərdə ev sahibləri ilə danışmalar. Mən artıq əvvəlki Səbinə deyildim. Həyatın ağrı-acısı ilə döyülmüş, dəyişmiş Səbinə idim. Saçlarımın dəni çoxalmış, qəddim əyilmişdi. Əllərim qabar-qabar idi, amma ürəyimin qabarına çata bilməzdi. Gücümün də əvvəlki tək olmadığını hiss edirdim. Artıq işlədiyim yerlərin müdirləri də bunu düşünmədən üzümə şillə kimi vururdular: “Bizi işçi lazımdır, zarayan qadın yox”. Mən amma heç vaxt zarımamışam. Sadəcə az qidalandığımdan, axı Nurayımın xərcləri var idi, baş gicəllənmələri olurdu. 

10 ilimi necə xərcləyib, başa vurduğumu dərk edə bilmirəm. İndi son bir ildi ki, MKİS-də süpürgəçi kimi işləyirdim. Küçələri süpürürdüm. Oradakı qadınlardan öyrənmişdim ki, üz-gözümü yaylıqla bağlasam, özümü toz-torpaqdan qoruyaram. Həm də...həm də məni üzdən tanımazlar. Axı qızım utana bilərdi. Düzdür, mələk üzlüm heç zaman bunu mənə deməyib. Həmişə gəlib, əllərimdən öpərdi. Amma mən anayam, uşağımı hər cürə qorumalıyam. Bugün də gələcəkdi Nurayım yanıma, imtahanı verib, gələcəkdi. Boynuma sarılacaqdı. Amma nəsə oldu. Son xatırladığım mənə qızımın gəlir xəbərini verməkləri oldu. Başımı qaldırıb Nurayımı gördüm. Allahım o necə də gözəl gülürdü. İti-iti addımlarla mənə yaxınlaşırdı. Yanından böyük ağ avtomobil şütüyüb keçdi. Birdən bərk ağrı hiss etdim bədənimdə və Nurayımın fəryadını. Mələyim, axı niyə çığırdın elə? Mənim ana ürəyim buna necə dözər?! Uzaqdan səslər gəlir. Nurayımın səsi.

-Ana, ana! Aç gözlərini, yalvarıram. – Səsim batıb ya nədir, heç nə deyə bilmirəm. – Qızım, mən səni gör bilmirəm. – deyə bilmədim... Və dərin qaranlıq məni ağuşuna aldı.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)