Edebiyyat.az » Proza » Keçmişin züyçüsü, gələcəyin küyçüsü olan intellektuallarıMIZa bir “MIZ”

Keçmişin züyçüsü, gələcəyin küyçüsü olan intellektuallarıMIZa bir “MIZ”

Keçmişin züyçüsü, gələcəyin küyçüsü olan intellektuallarıMIZa bir “MIZ”
Proza
Necef Esgerzade
Müəllif:
22:50, 17 oktyabr 2019
1 487
0
Aqşin Yenisey yazır...
Bu yazını daha yaxşı başa düşmək üçün bəşəri və elmi kültürün fərqini izah etməyə çalışdığımız “Adam həm fizika elmləri doktorudur, həm həci, cəmiyyət də bilmir, hansına inansın” başlıqlı yazımıza göz atmaq lazımdır. 
Peru yazıçısı məşhur Mario Varqas Lyosa müsahibələrinin birində latın Amerikası ədəbiyyatının dünyaya tanıdılmasında Fransa ədəbi mühitinin rolundan danışır və bizdə belə bir fikir yaradır ki, fransızlar latın amerikalı yazarlara (siyasi səbəbini demir, sözsüz ki) yardım əllərini uzatmasaydılar, latın Amerikası ədəbiyyatı da, tutalım, 1 milyard 300 milyon insanın təmsil olunduğu Hindistan ədəbiyyatı kimi özü üçün oxuyan bataqlıq çəyirtkəsi olacaqdı.
Doğrudan da, görəsən, bu gün dünyanı niyə maraqlandırmır ki, “ruhlar ölkəsi” Hindistanda 1,3 milyard insan bu gün nə yazır, nə oxuyur? Çünki Qərbin bu ölkədə hələ ki, siyasi-iqtisadi maraqlarının kəsişdiyi biri yoxdur. Məsələn, Orta Şərqdə kəsişən maraqlardan roman tarixinə dəxli olmayan Xalid Hüseyin kimi biri qazandı.   
Latın Amerikası yazıçılarının başına gələn eyni “məşhurlaşdırma” prosesi, olduğu kimi latın Amerikası futbolçularının da dadına çatdı. Və fikir vermisinizsə, bu alt qitənin ədəbiyyatı ilə futbolu eyni fəlsəfəyə, üsluba, texnikaya əsaslanır. Latın Amerikası ədəbiyyatında, futbolunda da olduğu kimi, Avropa ədəbiyyatından və futbolundan fərqli olaraq oyunun yox, oyunçunun texniki bacarığı əsas götürülür. Latın Amerikası ədəbiyyatında və futbolunda oyundan çox oyunçuya tamaşa edirsən.
Servantesin beş yüz əvvəl Avropada ifşa etdiyi cəngavərlik ruhu “yeni qitədə” hələ ki, dəbdən düşməyib. Özü öz ümidinə qalsaydı “cəngavərin” meydandan çıxarıldığı Avropa oyununda bu ədəbiyyat ciddi münasibətə layiq görülməyəcəkdi. Hətta bu qədər zırıltıdan sonra da Milan Kundera kimi roman tarixini əlinin içi kimi bilən və əsl romanı bu tarixdəki yerinə görə dəyərləndirən bir yazıçı öz yazı və müsahibələrində latın amerikalı yazıçılara vaxt və yer ayırmağa o qədər də həvəsli görünmür. 
Mətləbə yaxınlaşdıq. Zəifi öldürməlimi? Yoxsa ona əl uzatmalımı? Təbiət “öldür” deyir, cəmiyyət isə... hər cəmiyyətin öz fikri var. Bəzi cəmiyyətlər də təbiət kimi düşünür. Amma təbiətdən ağıl faktoruna görə ayrılan cəmiyyətlərin düşüncə mexanizmi fərqlidir. Onlar zəifin güclü yerlərini görməyi və qiymətləndirməyi, hətta pula çevirməyi bacarırlar.
Təxminən, üç yüz milyon il bundan əvvəl təkamül qatarına minən və mağara dövründən ta göydələnlər dövrünə qədər insanlarla eyni mətbəxi bölüşən tarakanlar özləri-özlərini əhlilləşdirdikləri üçün bu gün fiziki imkanlarına görə təbiətdə yaşayan həmcinslərindən daha zəifdirlər. Amma bu zəiflərin çox güclü bir bacarıqları var ki, təbiətin özü belə bu gücün necə yarandığından xəbərsizdir. Başları qoparıldıqda tarakanlar bir aya qədər yaşaya bilirlər və axırda ona görə ölmürlər ki, başları yoxdur, ona görə ölürlər ki, başları ilə bərabər ağızları da yoxdur. Başsız tarakan necəsə qidalana bilsə, başı heç yadına da düşməz. 
Bu gün müasir Azərbaycan ədəbiyyatı başsız qalsa da, aylardır necəsə bir yol tapıb qidalanan və buna görə də ölməyən, bəlkə də, ölə bilməyən tarakanın günündədir. Bir yandan da kütlə və kütləni təmsil edən şüur sahibləri onu əzir. Zəif ölməlidir! Kütlə təbiət kimi davranır, gücə sitayiş edir. Lyosa həmin müsahibəsində etiraf edir ki, fransızlar bizi adam yerinə qoyana qədər heç özümüz də özümüzü oxumurduq, fransızlar bizə özümüzü oxutdurdu. Əcaz Messidən futbol ulduzu düzəldə bilməkdir cəmiyyət şüurunun fərqi. Biz əcazı əzib öldürürük, bizə elə gəlir ki, ulduz anadan ulduz doğulmalıdır. “Şair gərək anadan şair doğulsun”, nə bilim, “tütəkçalan gərək anadangəlmə tütəkçalan olsun” kimi məsuliyyəti yazıq ananın seksual davranışlarının üstünə atan bir zehniyyətdir bu və bəşəri kültürün sosial-fəlsəfi təməllərindən biridir.  
Bu yazımızda artıq dünyanın hər yerində kütlə şüurunu təmsil edən bəşəri kültürün müasir ədəbiyyatımıza vurduğu mənəvi-psixoloji zərərlərdən danışacağıq. İllər öncə, şairlərimiz şəkilləri ilə deyil, şeirləri ilə müzakirə mövzusu olanda onlardan birinin həyat və yaradıcılığını bazara çıxarmaq üçün bəşəri kültürlə əlləşən tənqidçimizin yazısında belə bir cümlə oxumuşdum: “Şeiri şeir, hekayəsi hekayə, qanacaq, qabiliyyəti də öz yerində”. Bax bu cümlə bəşəri kültürün balaladığı cəmiyyətimizin ədəbiyyata yanaşmasının ruhunu, fəlsəfəsini, reallığını ifadə edən bir ayədir. Bizim şair və yazıçı bu cümlənin “şeiri şeir, hekayəsi hekayə” olan birinci hissəsini haqq etmək üçün, ikinci “qanacaq, qabiliyyət” hissəsini ömrünün Damokl qılıncına çevirməlidir. “Şeirin şeir, hekayənin hekayə” olması işin onda biridir, əsas məsələ “qanacaq-qabiliyyət” məsələsidir. Bəşəri kültür üçün vacib olan qanacaq-qabiliyyətdir. Hətta müəllifin “qanacaq-qabiliyyətinin” tumanın ətəyi uzun olsa, “şeirinin şeir, hekayəsinin hekayə” olmasına bir o qədər ehtiyac yoxdur. Sovet ədəbiyyatının təmsilçiləri məhz “qanacaq-qabiliyyət” hesabına “Roma vətəndaşı” ola bilmişdilər. 
Təhsildə elmi, tərbiyədə bəşəri kültürü əsas götürən sovet ittifaqı özünü necə bir bataqlığa saldığının fərqində deyildi. Bu sistem təkcə təhsil vermirdi, həm də tərbiyə verirdi. Təhsildə elmi kültürə əsaslansa da, tərbiyədə bəşəri kültürə söykənirdi. Dini boşluğun yerini doldurmaq üçün məktəblərdə on il şeir əzbərlətdirirdi öz vətəndaşına. Dini cahilliyi ədəbi cahilliklə əvəzləmişdi.
Bəşəri kültürün ikiüzlülüyü yeni dünyanın cahilli olmasından sonra başladı. Sovet ziyalısı yetmiş il içində tükəndi, ənənəyə çevrildi, həyatı yenidən mənalandırmaq bacarığını itirdi, özü-özünə yarınmağa başladı. 
Bəşəri kültür bu gün də şairi, yazıçını kimlərinsə (oxucunun deyil, əlbəttə), məsələn, xalqın, keçmişin, ənənənin zühuruna, gərdəyinə, üzgördüsünə hazırlayan, təqdim edən yengəlik iddiasındadır. Onu ələbaxanlığa öyrətmək üçün qaraçı ailə ənənələrində olduğu kimi, gələcəkdə daha yaxşı dilənsin deyə anadan olanda ayağının birini sındırdığı övladı olaraq görür. Bəşəri kültürün at oynatdığı cəmiyyətlərdə ziyalı, aydın zümrəsinin mənəvi şikəstliyi bu “qayğıkeş uzaqgörənliyin” nəticəsidir.  
Bəşəri kültür fərdin yox, kütlənin yanındadır, gizli siyasi maraqları var, sanki. Bəşəri kültürün döşündən süd əmən, qocaların züyçüsü, cavanların küyçüsü olan yerli intellektualları“MIZ” da “Azərbaycanda müasir ədəbiyyat yoxdur” deməklə özlərini cəmiyyətin deyil, təbiətin bir parçası olaraq çiy ət dövründə ilişib qalmış Alyaska sakini, “Kol adam” kimi aparırlar.     
Ölkədə pis-yaxşı kitab yazıldığı, oxunduğu üçün əndişələnən, lənət tapançasının darağını həmişə dolu saxlayan, gecələr gözünə yuxu getməyən, tabu və ehkamların əldən gedəcəyi qorxusu ilə çıldırmış və bunun baş verməməsi üçün ədəbi mövhumatın gücünü hərəkətə gətirməkdən ötrü əlinə qələm alıb fətvalar qaralayan bu kahin düşüncəsinin amacı nədir?
Bu gün Avropa intellektualları romanı bir ədəbi janr kimi xilas etməyin yollarını müzakirə edərkən, bəşəri kültür qarovulçusu olan bizim intellektualların ədəbiyyatı yerli-dibli yox etmək niyyəti bir amok psixozu halına gəlmiş vəziyyətdədir. Əgər siz bizim bəşəri kültürçülərə on yeddinci əsrin maarifçisi gözü ilə baxsanız, önünüzdə əsəbi, önyarğılı, lakin büt kimi soyuq bir inkivizisiya məhkəməsinin üzvünü görəcəksiniz, yox, əgər siz ona on doqquzuncu əsrin modernist gözü ilə nəzər yetirsəniz, bu dəfə qarşınızda yaramaz bir burjua əxlaqçısının dayandığına şahid olacaqsınız. Cəhənnəm, onu iyirminci əsrin post-modernisti kimi süzsəniz, o, qəfildən arxanızda “hande hox” deyən deyən bir alman əsgəri kimi peyda olacaq. 
Bütün hallarda o, kütlə şüurunun təmsilçisi kimi yan-yörənizdə qisas almaq üçün zühur edəcək. “Nəyin qisasını, əcəba?” Həyatı yenidən mənalandıra bilməməyinin qisasını! Özünün yaratmadığı dəyərlərə bostan müqəvvası təyin olunmasının qisasını! Elmi-mədəni proseslərin önündə addımlamaq əvəzinə, arxasınca süründüyünün qisasını! Yoxsa o nə üçün yazılarında, statuslarında, müsahibələrində kütlənin, ümuminin, sözə inzibati nəzarət funksiyasına məsulmuş kimi davranan yekdil heyətin adından danışsın ki? Bəyəm onun öz fikri yoxdur?
Dərd və faciə orasındadır ki, yoxdur. Çünki o sənətə yaşadığı həyatın gerçəkliklərindən baxmır, başqa cəmiyyətin gerçəkliklərini ifadə edən başqa kitabların arasından boylanır. O, kitabın qurdu yox, qurdun nə olduğunu bilməyən balaca, rəngli balığıdır. Əlindəki kitabı alsan, nəfəsi kəsiləcək. Kitab onun okeanı yox, akvariumudur. O, genişlik yox, darısqallıq, balacalıq davası edir, kosmosa, genişliyə uçanlar onu əsəbiləşdirir. O, sakini olduğu bəşəri kültürdə üfüq yox, künc axtarır. Lazımsızlığından intellektual, estetik həzz alır. Onun iradı, tənqidi ətrafını böyük görmək istəyindən yaranmır, əksinə, o, var gücü ilə çalışır ki, ətrafını kiçiltsin ki, ona yuxarıdan aşağı baxa bilsin.   
Bizim bəşəri kültürçü yaşadığı həyatı zəka “ürününə” çevirə bilmir, çünki yaşadığı həyat deyə bir şey yoxdur. Fikir istehsalçısı yox, istehlakçısı olan, bu gün ölsə, sabah yaddan çıxacaq bu tipi müasir Azərbaycan ədəbiyyatında iki məsələ maraqlandırır; bir, bu ədəbiyyat toplu zövqə uyğun etika və estetikaya kənizlik edirmi, etmirmi? İki, günümüzün şair və yazıçılarının damarlarından axan qanda ənənəçiliyin faiz göstəricilərinin vəziyyəti necədir? Onun, özbəkcə desək, ən böyük qəbahəti oxucu ilə xalqı qarışıq salmasıdır, oxucunu ədəbi bir vahid kimi, tək kimi kütlədən, kütləvi zövqdən ayıra bilməməsidir. O, şairi, yazıçını tək təsəvvür edə bilmədiyi kimi, oxucunu da tək təsəvvür edə bilmir. Özü yaradıcı olmadığı üçün ona yaradıcılıq prosesi maraqlı deyil, O, şeirdə əzab çəkən şairi tanımır, şairi, yazıçını yaradan prosesə bələd deyil, onun işi proses şairi, yazıçını yaratdıqdan sonra başlayır. O, duyğunun, hissin şeirə, romana hardan və necə gəldiyini bilmir, bilsə, özü yazardı. Onu cin atına mindirən budur. Amma yekəxanalığa bax ki, oxucuya şairdəki, şeirdəki duyğunun yerini göstərmək istəyir. Onun göstərdiyi yönə baxan olmayanda da Füzulinin, Qətibinin tükünü yandırıb o biri dünyadan əlavə qüvvələr istəyir.  
Bəşəri kültürçümüz sənətin ta mağara zamanından dəyişmək istədiyi və dəyişdiyi iki şeyə nəzarət edir; əxlaq və ənənəyə! Tolstoyun başdan-ayağa insan xarakterlərindən ibarət nəsrindən sonra Kafkanın dünyanın özünün, ümumiyyətlə, xaraktersizlik mühiti olduğuna gəlib çıxan dünya ədəbiyyatından xəbərsizdir. Floberdə xoşbəxtliyi çölündə, Prustda içində axtaran insan haqqında heç nə eşitməyib. Onu Taqorda yara kimi sızıldayan Salman Rüşdidə xəncər kimi kəsən hind ədəbiyyatının keçdiyi yolda görən olmayıb. Onun Füzulidə  başlayıb, Bəxtiyar Vahabzadədə bitən balaca bir dünyası var. Oxuduğu kitablar onu dünyaya çıxartmaq əvəzinə öz komasına təpib. Ona görə başqalarının da dünya iştahasını öldürür. Post-insan deyib imam Əlidən yapışır, məscidə sığınan şairi öpür, bağrına basır. Çünki onun ən böyük arzusu budur; ədəbiyyatı funksionallığını itirmiş ölü həqiqətlərin təriyində görmək!
Əgər sizin bizim bəşəri kültürçünü rəhmətlik Yunqun üstünə götürüb, “hocam, bax gör bunun arxetipi nədir, bu, özünü niyə belə aparır” deyə soruşmaq fürsətiniz olsaydı, Yunqdan bu cavabı eşidəcəkdiniz: “Bunun arxetipi İran ağsaqqalıdır”. 
Ədəbiyyata bu ağsaqqal yanaşmaların nəticəsidir ki, yüz ildir aşağı-yuxarı eyni adamlar, xarakterlər avaralanır hekayə və romanlarımızda. Bayaq yazdığım kimi bizim ədəbiyyatın qəhrəmanı alman ədəbiyyatındakı Verterdən Qrenuya uzanan təkamülü yaşamayıb. Niyə? Çünki bəşəri kültürümüz bütün eksperimental cəhdləri baltalayır. Ağzını heç vaxt xeyirə açmır.
Müasir yazıçı olmaq təhlükəsi olan birini gördükdə onu əzməyə fürsət axtarır. Meyxanadan tutmuş boyunduruqlu bir sovet şairinin iki cüt qafiyəsi haqqında deyilmiş hər bir təsadüfi kəlmə müasirliyə can atan hər bir gəncin linç olunması ilə nəticələnir. Halbuki dünyanın hər yerində bədii əsərlərə yeni mövzular, yeni ədəbi personajlar intellektual mühitindən gəlir. Məsələn, madam Bovarini Marks tanış etmişdi Floberlə, yaxud Harri Halleni tapmaqda Herman Hesseyə Yunqun xeyli köməyi dəymişdi və s. Bizim bəşəri kültürçü intellektualdan bu günəcən kor it xeyir görməyib, nəinki ədəbiyyat. 
Sənət hər şeyi yenidən mənalandırmaq ehtiyacıdır! Yeni mənalar isə heç bir halda keçmişə xidmət edə bilməz. Həyatı yenidən mənalandırmaq istəyənlərin arxasınca Çinə qədər get!

Mənbə: oxu.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)