Edebiyyat.az » Proza » Ceyms Coys - Evelin

Ceyms Coys - Evelin

Ceyms Coys - Evelin
Proza
nemət
Müəllif:
13:35, 16 dekabr 2019
1 726
0
Ceyms Coys - Evelin
 



 O, pəncərənin önündə oturub gecənin küçəni istila etməsinə baxırdı. Başını pərdəyə dirəmişdi. Burnunda kretonun iyi qalırdı. Yorğun idi.
 Yoldan ötənlər az idi. Axırıncı ev sakini də mənzilinə getdi; qız onun başmaqlarının sement səki üzərindəki taqqıltısını eşidirdi, sonra şlak cığırla qırmızı binalar boyu xırçıldadı. Bir vaxtlar orda başqa uşaqlarla birgə oyun oynadıqları məndəcər yerləşirdi.
 Sonra Belfastdan bir nəfər bu məndəcəri aldı və orda evlər tikdi - özlərinin qara balaca daxmaları kimi yox, qırmızı kərpicdən, parıldayan damı olan evlər. Yerli uşaqlar əvvəl burda oynayırdılar - Divaynlar, Uoterslər, Dannlar, balaca şikəst Kou, o, onun qardaş və bacıları. Düzü, Ernst oynamırdı: artıq böyük oğlan idi. Ataları həmişə tikanlı çubuqla həyət boyu onların arxasına düşürdü; ancaq balaca Kou yolu gözdən qoymurdu, uzaqdan atanı görən kimi çatdırıb qışqırırdı. Heç nəyə baxmayaraq gözəl günlər idi. Ata birtəhər dayanırdı; bundan başqa ana da sağ idi. Bu çox əvvəl idi; indi onun özü də, qardaş-bacıları da böyümüş, anaları vəfat etmişdi. Tizzi Dann da ölmüşdü, Uoterslər isə İngiltərəyə qayıtmışdılar. Hər şey dəyişir. İndi də o, başqaları kimi gedəcək, evi tərk edəcək.
 Ev! Gözləri ilə otağı gəzdi, neçə il daldala hər həftə silib təmizlədiyi tanış əşyalara baxdı. Və hər dəfəsində bu qədər tozun necə olub yığıldığına təəccüb edirdi. Bəlkə heç vaxt ayrılacağını düşünmədiyi bu əşyaları bir də görməli olmayacaq. Bu illər ərzində axı o heç müqəddəs Marqarita-Mariya Alakokun rəngli litoqrafiyasının yanındakı sınmış fisqarmoniyanın üstündən asılan saralmış şəkildəki keşişin familiyasını da öyrənə bilmədi. O atasının məktəb yoldaşı olmuşdu. Şəkli qonaqlarına göstərən atası etinasız tonla deyərdi:
 - O indi Melburndadır.
O, evi tərk etmək, çıxıb getmək qərarına gəldi. Məntiqli hərəkətdirmi? O, qərarını hərtərəfli götür-qoy etməyə çalışdı. Evində heç olmasa başını soxacağı dam və bir tikə çörəyi var; bütün həyatını birgə yaşadığı insanlar var. Əlbəttə, həm evdə, həm işdə çox əziyyət çəkməli olmuşdu. Mağazada cavan bir oğlanla qaçdığını eşidəndə görəsən nə deyəcəklər? Ola bilsin onu axmaq adlandıracaqlar; yerinə elanla başqasını götürəcəklər.
 Heyven xanım sevinəcək. Həmişə ona ilişirdi, ələlxüsus, yanlarında kimsə olanda:
- Xanım Hill, məgər görmürsünüz ki, bu xanımlar gözləyir?
- Xanım Hill, cəld olun. Lütfən.
Mağazaya görə çox dərd çəkməyəcək.
Yeni evdə, uzaq yad ölkədə hər şey başqa cür olacaq.  
 Onda o, ərdə olacaq - o, Evelin. Onda ona hörmət qoyacaqlar. Onunla anası kimi rəftar edəcəklər. On doqquz yaşı keçməsinə baxmayaraq, hətta indinin özündə belə tez-tez atasının kobudluğundan qorxur. Əmindir ki, buna görə ürək döyünməsi başlayıb. Böyüdükləri müddətdə atası onu Herri ilə Ernsti döydüyü kimi döyməyib; ancaq bir az əvvəl o, Evelini hədələməyə başladı ki, təkcə mərhum anasına görə ona əl qaldırmır. İndi isə onu heç kim qoruya bilməz. Ernst ölüb, Herri isə kilsələrin bəzədilməsi ilə məşğul olduğundan həmişə yollardadır. Bundan başqa, şənbə günləri pula görə fasiləsiz didişmələr sadəcə dözülməz idi. O, həmişə bütün məvacibini - yeddi şillinqi - verirdi, Herri də hər zaman bacardığı qədər göndərirdi, ancaq atalarından pul almaq böyük zəhmət tələb edirdi. Atası deyirdi ki, o bədxərcdir, başıboşdur, və zəhmət haqqlarını göyə sovurmaq üçün ona vermək fikrində deyil və daha çox şey deyirdi. Çünki şənbə günləri onla dil tapmaq olmurdu. Axırda heç nəyə baxmayaraq pul verib soruşurdu ki, bazar naharına ərzaq alacaqmı. Onda mağazalara götürülür, əlində qara dəri pul kisəsini sıxıb kütləni yararaq keçir, evə çox gec, bazarlıqla yüklənmiş vəziyyətlə qayıdırdı. Təsərrüfatı idarə etmək, himayəsində qalan iki balaca qardaşının vaxtında məktəbə getməsinə, vaxtında yemək yemələrinə nəzarət etmək çox çətin idi. Çətin iş, çətin həyat. Getməyə qərar verdikdə isə həyat onun gözünə elə də pis görünmədi.
 Frenklə birgə başqa həyat axtarışana yollanmaq qərarına gəlmişdi. Frenk çox mehriban, qoçaq, vicdanlı idi. Onunla mütləq axşam paroxodu ilə gedəcək, onun arvadı olacaq, BuenosAyresdə, Frenkin Evelinin gəlişini gözləyən evində yaşayacaq. İlk görüşləri necə yaxşı xatırlayır; o əsas küçədə Evelinin tez-tez getdiyi evdə yaşayırdı. Darvazanın qabağında dayanmış, kepkası peysərinə sürüşmüş, bir çəngə saçı da bürünc rəngli üzünə düşürdü. Sonra onlar tanış oldular. Hər axşam onunla mağazada görüşüb, evə yola salırdı. Bir dəfə onu "Qaraçı qızı"na da aparmışdı. Onunla yanaşı, adət etmədiyi yaxşı yerlərdə oturanda Frenklə elə fəxr edirdi ki. Frenk musiqini sevir və özü də bir az oxuyurdu. Hamı bilirdi ki, o, Evelinə vurulub. Frenk "dənizçini sevmiş" qız haqda oxuyanda qəribə xoş utanclıq hissləri keçirirdi. O qədər uzaq diyarlardan danışırdı ki. Gəmidə şagird kimi başlamış, ayda bir funta Kanadaya üzən Allen xəttinin paroxodlarında xidmət etmişdi. Xidmət etdiyi müxtəlif paroxod və xəttlərin adını sadalayırdı. Bir vaxtlar Magellan boğazında üzmüşdü və qorxunc pataqonlar haqda danışırdı. Dediyinə görə, indi Buenos-Ayresdə yerləşmiş, vətəninə isə məzuniyyətə gəlmişdi. Atası hər şeyi öyrəndi və onun haqda fikirləşməyi belə Evelinə qadağan etdi.
 - Bu dənizçiləri yaxşı tanıyıram, - o dedi.
 Bir dəfə atası Frenklə dalaşdı, bundan sonra sevgilisi ilə gizlində görüşməli oldu. Küçədə axşam düşürdü. Dizində olan iki məktubun ağ ləkəsi yaxıldı. Biri Herriyə idi, biri atasına. Sevimlisi Ernst idi, ancaq Herrini də çox istəyirdi. Atası axır vaxtlar aşkar qocalmışdı; onun həyatında Evelinin yeri çox görünəcək. Hərdən çox mehriban ola bilirdi. Bu yaxınlarda xəstələnib, bir gün yatağa düşdü, o isə qızına ruhlar haqda hekayələr oxuyur və ocaqda yağlı çörək tikələrini qızardırdı. Anası sağ olanda bir dəfə Haut-Hillə piknikə getmişdilər. Yadındadır atası uşaqları güldürmək üçün anasının şlyapasını başına keçirmişdi.
 Vaxt keçir, o isə pəncərənin yanında başını pəncərəyə söykəyib kreton iyini içinə çəkirdi. Küçədən, uzaqdan şarmanka səsi gəlirdi. Musiqi tanış idi. Qəribədir, şarmanka bunu məhz bu axşam çalmağa başladı ki, anasına verdiyi vədi - bacardığı qədər evlərini gec tərk etmək, yadına salsın. O, anasının vəfatından öncəki sonuncu gecəni xatırladı: yenə dəhlizin o tayındakı darısqal və qaranlıq otaqda idi, küçədə isə qəmli italyan nəğməsi çalınırdı. Şarmanka çalana o vaxt altı pens verib çıxıb getməyini tapşırdılar. Atasının özündənrazı tərzdə xəstənin otağına girib söylədiyi sözlərini xatırladı:
- Lənətə gəlmiş italyanlar! Bura da gəlib çıxdılar.
 Anasının onun gözünün qabağında keçmiş həyatı kədərlə varlığını dəlib keçdi. Gözə görünməyən fədakarlıqlarla dolu, dəliliklə başa çatmış həyatı. Yenidən anasının müti inadkarlıqla təkrarladığı sözlərini eşidib titrəməyə başladı: "Səfanın sonu ağrıdır! Həzzin sonu ağrıdır!" Qorxu içində dik atıldı. Qaçmaq! Qaçmaq lazımdır! Frenk onu xilas edəcək. O, ona həyat verəcək. Bəlkə məhəbbət də verdi. Yaşamaq istəyir. Niyə bədbəxt olmalıdır? Xoşbəxt olmağa haqqı var. Frenk onu qucaqlayıb bağrına basacaq. O Evelini xilas edəcək.
 O, tələsən camaatın içində Nort-Uoll limanında dayanmışdı. Frenk onun əllərindən tutmuşdu, elə hey səyahətdən danışırdı. Əllərində kisə olan əsgərlər limana yığışırdı. Pavilyonun enli qapılarından sahilə yan almış illüminatorlarla işıqlandırılmış qara nəhəng paroxodu gördü. Evelin susurdu. Yanaqlarının necə ağarıb soyuduğunu hiss etdi. Ümidsizliyinin içində var-gəl edə dua edirdi ki, tanrı başına ağıl qoysun, vəzifəsinin nədən ibarət olduğunu ona işarə etsin. Paroxod dumana uzun, həzin fit verdi. Getsə, sabah Frenklə artıq Buenos-Ayresə gedən yolda, açıq dənizdə olacaq. Biletlər artıq alınıb. Frenkin bütün bu elədiklərindən sonra geri çəkilmək olarmı? Ümidsizlik ürəkbulanma gətirdi və o, sakit, coşqun dualar edirdi. Dayanmadan dodaqlarını qımıldadırdı.
 Zəng ürəyini qopartdı. Frenkin əllərini sıxmasını hiss etdi.
- Gedək!
Yox! Yox! Yox! Ağlasığmazdır. Bütün dənizlərin dalğaları qəlbinin ətrafında tufan qaldırdı. O, onu bu girdaba sürükləyirdi; o, onu batıracaq. Əlləri həyacanla dəmir sürahidən yapışdı. Onu çəkib aparmış tufana fəryad qopartdı.
- Evelin! Evi!
Frenk baryerə doğru atıldı və onu arxasınca çağırdı. Kimsə ona qışqırdı, ancaq o, hələ də çağırırdı. Evelin solğun bənizini ona tərəf qətiyyətsiz və köməksiz heyvan kimi döndərdi. Gözləri Frenkə sevmədən, vidalaşmadan, tanımadan baxırdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)