Azad Qaradərəli - Bu cahanın sevmədiyi Məlik Cahan
“Yazı” dərgisini təsis edərkən qarşıma qoyduğum ilk məsələlərdən biri istedadlı gəncləri çap etmək idi. İnsafən, bu işin öhdəsindən müəyyən dərəcədə gələ bildik. Dərgiyə - mənim, yaxud digər əməkdaşların ünvanına göndərilən gənclərin nisbətən uğur vəd edən yazılarını çap etmişik. Hətta olub ki, bizə yazı göndərməyən gəncləri özüm axtarıb tapmış, şeir, yaxud hekayələrini istəmişik...
Ötən ilin bu günü – 9 yanvarda intihar etmiş istedadlı gənc Məlik Cahanla təəssüf ki, əlaqəmiz olmayıb. Bilənlər bilir, mən çoxlu gənc yazarlar haqqında silsilə esselər də yazmışam ki, o yazılar həm qəzet və dərgilərdə, həm saytlarda, həm də iki cildlik “Renessans həsrəti” kitabımda dərc olunub. Nə yazıq ki, Məlik Cahanı yalnız intihar xəbərindən bir gün sonra tanıdım, şeirlərini oxuyub çox böyük acı hissi yaşadım. Birinci ona görə ki, bu gəncin ilk qələm təcrübələri onun böyük gələcəyindən xəbər verir. İkincisi isə, o mənim facebookda dostluğumda varmış...
Axı niyə?! Niyə mənə heç nə yazmayıb?
Sonradan bildim ki, son dərəcə abırlı, aşırı dərəcədə həyalı bir gənc olub...
Ay dad! Ədəbiyyata gəlmək istiyən biri üçün indi bir sifət bəs eləməz ki... İndiki sırtıq, simasız, abırsız və aşırı dərəcədə əxlaqsız olan gənclər kimi də deyil... İçib, çəkib sosial şəbəkələrdə ağnayan, gündə bir arvad alıb boşayan, yazısı ilə deyil yazmaq istədikləri ilə gündəmə gəlmək istəyənlər kimi də deyil...
Amma qardaşım, şeirlərindən boylanan o istedadlı gənclə fotolarından boylanan ürkək tələbənin eyniliyi yaşatmazdı ki səni... Necə ki yaşatmadı da...
...Bir neçə şeirini oxuyandan sonra uzun zaman Məliyin kompüterimin işgüzar masasındakı qovluğuna yaxın düşə bilmədim. Elə bil ilan vardı o qovluqda. Cəmi bir-iki şeiri oxuyandan sonra bağlamışdım. Niyə axı? Səbəb nə idi?
Lap bu günlərdə qovluğa düşməyən, başqa bir saytdan tapdığım bir şeiri oxuyandan sonra bu sirri çözə bildim: mən gənc şairin (hə, bu şeirləri yazan adama gözünü qırpmadan şair deyə bilərsən!) ölüm səbəbinin bu qovluqda gizləndiyini fəhmlə hiss edibmişəm... Amma qovluq tam deyilmiş. Yalnız o məşum şeiri tapandan sonra anladım bunu.
Keçək o “məşum” şeirə:
Dodağının boyası
Gün batışı qırmızısı.
Boyu bir yetmiş iki
sarı-gümüşü saçlar…”
Metrodan çıxan kimi
sənə zillənir “aclar”.
Və sən də hiss edirsən ki,
gözlərinə gedən yolda tıxac var.
Biz kənd uşaqları şəhərə gələndə ilk məhəbbətimizi yaşayarıq. Hə, hə! Kənddə nə ilk məhəbbət, canım. Orada hər şeyə yer var, bircə ilk məhəbbətə yoxdur. Mən, şəxsən kəndimizdən 12-13 kilometr aralıda yerləşən qəsəbədə 9-10-cu sinifləri oxumağa gələnəcən bilmədim məhəbbət nədir... (Kitablardan oxuduğum xəyali məhəbbət xaric.)
Və bizim bu istedad qəbiristanı şəhərlərdə ilk oxumuz həmişə daşa dəyər, ilk məhəbbətin alovu qarsar bizi, yanıb-yaxılarıq. Kimisi bu savaşda sınıb-sınıxar, yıxılsa da durar, arxaya baxmadan yürüyər, bərkiyib sitallaşar, özünə ip atdırmaz. Kimisi də əyilər, sınar, özünü dikəltmək əvəzinə o “eynəkli qız”ların qurbanı kimi dəli-divanə olar, içib meyxanələr küncündə sürünər, sonda gücü özünə çatar, canına qəsd edər... Mövlud Mövlud kimi, Məlik Cahan kimi...
Sənə dost məsləhəti,
hər zaman biraz saxla
sevginin yanında kin.
Çox danışanlardan və
çox susanlardan çəkin.
Fırtınaya hamilə
hər sükut,eynəkli qız.
Bir də güvən ipini
tarım tut,eynəkli qız.
Məni yandıran o idi ki, Məliyin intihar səbəbini 600 manata bağlayırdılar. Yox, yenə də yox! Məlik kimilər nə ali məktəbdən qovulmağına görə, nə neçə yüzsə manata görə intihar etməzdi. Təki o qız ona yox deməydi. Təki Məliyin İlham Pərisi olmağa razılıq verəydi. Təki... Təki... Təki...
...Çox gərildim bu yazını yazanda. Sənin ölüm günündü, neynim? Durum şeirlərinin fəzilətindən, istedadının “gələcəyindənmi” yazım? Kimə lazım olacaq ki, bunlar? Mən bunları ən azı sənin intiharından bircə gün qabaq yazsaydım... Heyhat! Yaza bilmədim. Yazmadım. Sən axı azı mənim facebook dostumuydun! Qışqıra, hayqıra, şeirlərini messencerimin gözünə dürtə bilərdin... İndi bunlar kimə lazımdır axı?..
Hə, bir az gərilimi götürmək üçün incə kədər bulaşmış köhnə xatirəni burda qeyd edirəm. Tələbəlik illərimizdə, yəni azı 45 il əvvəl bir istedadlı dostum vardı. Dərs oxumazdı həşəbəxeybər! Hər il azı iki fənndən kəsiri qalardı. Hətta bir il kursda da qalmışdı. Ədəbi savadı çox dayaz idi. Üstəlik kəmhövsələ və davaxordu. Qafiyəpərdaz idi, bu səbəbdən də fakültədə az-maz nüfuzu vardı. Amma adamın üstündə allah var, yaltaq-yalaq deyildi, dikdəhrə idi. Hər gün yazdıqlarını mənə oxuyar, bəyənmədiyimi görüb az qalırdı ağlasın. Bir gün yataqxanadakı qapımızı hirslə açıb içəri girdi, az qala ağlaya-ağlaya dedi:”Qağa, o ləçər məni atkaz elədi!.. Ürəyim partlıyır... ”
Kimi dediyini bilirdim. Ona görə gülümsündüm və dedim:”Ay qardaş, o qız şeir yazmaq üçündür, ilham almaq üçündür... Sənin ananın gəlini olmaq üçün deyil... Özünü üzmə...”
“Üzmürəm, dedi. Sonra hirslə barmağını göyə tuşlayıb bağırdı: ”Əvəzində ona bədahətən iki misra demişəm:
Mən səni sevirəm, ay gözəl pəri,
Sən məni sevməsən, qardaşın ölsün...
Otağımızı qəhqəhə səsi bürüdü. Dostum kiridi. Bizə qoşulub o da güldü. Sonra gedib araq alıb o misraları yuduq...
Qışqırmaq, hayqırmaq istəyirəm:
“Ay Məlik! Sən axı niyə bir onca il dözmədin. Niyə onca il dişini dişinə sıxıb o “Eynəkli qız”ın acığına gözəl şeirlərini yazıb tanınan biri olmadın? Axı onca il sonra o qız sənin kölgənə çevrilə bilərdi. Axı o sənin kim olduğunu, kim ola biləcəyini hardan biləydi?
Eh, ay Məlik, niyə bu qədər tələskənlik elədin? Türklərin bir sözü var: aceleci... Acele acelecilik etdin deyir onlar... Yəni əcələ tez çatdırdın özünü. Sən coğrafiya oxuyurdun, bilməm Tomas Eliotu bilirdinmi? Bizim dilə çevrilən o qalın kitabını demirəm, orda Tomas Eliot yoxdur, ingiliscə oxuya bilmişdinmi, vaxtın çatmışmıydı ingiliscəni öyrənməyə? Ya mənim kimi heç olmasa türkcə höccələmişmiydin?
Kaş ki başqalarını demirəm, bax bu şeirini oxuyaydın:
Tanrılardan pek anlamam: ama sanırım ırmak
Güçlü boz bir tanrıdır-somurtkan, ele geçmez ve serkeş,
Bir yere kadar sabırlı, sınırdır diye bilindi önceleri;
Yararlıydı bir ticaret yolu olarak, güven vermezdi;
Sonra köprü mimarları önündeki mesele oldu yalnız.
Bir kez çözüldü mü mesele, unuttular boz tanrıyı
Kentlerde oturanlar- o yine de aman vermez kaldı, daima,
Terketmedi kendi mevsimlerini, taşkınlığını, yıkıcı,
İnsanların unutmayı seçtiğinin hatırlatıcısı.
Makinaya tapanların gönlünden, gözünden düşmüş,
ama bekliyor,
Gözetliyor ve bekliyor.
O şeirləri yazan Eliotun bu möhürlü misralarının açmasını bilməmiş olmazdın. Kaş. bilsəydin... Kaş bir az dərinə baş vursaydın, kaş qəvvaslıq elmindən hali olsaydın...
Olmayan qəvvas bəhri-mərifət arf degil... – deyən dahi Füzuli nə qədər haqlıydı.
Gözləmədin ki. Dayanmadın ki. Dözmədin ki... Bir halda ki, “onu”, o “eynəkli qız”ı bağışlamışdın, onda niyə o məşum addımı atdın?
Hə, hə. Sən onu bağışlamışdın. Hətta gör necə bağışlamışdın – lap müdriklər kimi:
Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.
Sənin adın Məliksə də, yanında Cahan da vardı axı. Bu cahan sənə neyləmişdi ki, onu belə qatilə çevirdin? Bildik, “Eynəkli qız”ı bildik. Bəs?..
Məlik, səndən sonra yenə şeir yazılır, yalan söylənilir, yaltaqlıq başda əyləşdirilir, kiçik qızlara təcavüz edilir, eynəkli qızlar şairlərə eynəyin üstündən baxır...
Amma Məlik, inan sənin misraların getdi daha. Yazılmaz daha... Bunlar heç yazılmaz:
Amma...
Bütün gözəl cümlələrin "amma"sı var.
Ayrılığın izləri var əllərimdə,
bir də səni düşünəndə,
ürəyimin ağrıması, yanması var...