Azad Qaradərəli: "Mən siyasətə qarışmıram" deyən yazıçılara ürəyimdə gülürəm
İlk müsahibimiz tanınmış yazıçı Azad Qaradərəlidir. Azad müəllimi 65 illik yubileyi münasibəti ilə təbrik edirəm. Azad Qaradərəli imzasını ona görə sevirəm ki, o cəsarətli mövqeyə sahibdir və həqiqətləri yazır.
Azad Qaradərəli 1954-cü ildə doğulub.Universitetin filologiya fakültəsində təhsil alıb. İlk ciddi qələm təcrübələrinə tələbə ikən başlayıb. Gənc yaşlarından hekayələri radioda səslənib, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Sonralar “Azərbaycan”, “Ulduz” jurnallarında, müstəqillik dövründə isə “Yazı” dərgisində və başqa mətbu orqanlarda, habelə sosial şəbəkələrdə hekayələri, romanları və esseləri yayımlanır.
İlk kitabı “Dumduru su” (hekayələr) 1987-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb.
Daha sonra “Ulartı”, “Qar ağlığı” və “Burda yer fırlanmırdı” nəsr kitabları nəşr olunub. Bunların ardınca “Burda kişi var?” (hekayələr), “Müharibə uşaqları” (silsilə hekayələr) “Şəhərcik”, “Kuma-Manıç çökəkliyi”, “Əllidən bir kəm” (romanlar),“Renessans həsrəti” (2 cilddə esselər, müüsahibələr) və “Süd gölü”( İstanbul, Kaynak yayınları, hekayələr) kitabları işıq üzü görüb. Hekayələri rus, türk, polyak və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə və ABŞ-da saytlarda, jurnallarda və antologiyalarda yayımlanıb.
O, Azadlıq radiosunun hekayə müsabiqəsinin (2011-ci il) qaliblərindən olmuş və Polşa haqqında hekayələr müsabiqəsində xüsusi diploma layiq görülmüşdür.
Uzun müddət radioda çalışıb. Müstəqil “Yazı” ədəbiyyat dərgisinin təsisçisi və baş redaktorudur.
Ailəlidir. Dörd qızı, bir oğlu var.
Sual: Texnologiyanın sürətli inkişafına görə ədəbiyyat aktuallığını itiribmi?
Cavab:-Xeyir. Ədəbiyyat, sadəcə yerini dəyişib bir az. Kağızdan bilgisayara, ordan da internetə sıçrayıb. Amma kağız bütün zamanların sınaqdan çıxmış formatı kimi hələ uzun zaman ədəbiyyata yol yoldaşı olacaq.
Azad Qaradərəlinin Türkiyədə çap olunan kitabı
Azərbaycan ədəbiyyatında bəşəri düşüncə tərzi varmı? Yoxsa lokal təfəkkürdən xilas ola bilməmişik?
Bəşəri düşüncədən xali ədəbiyyat ədəbiyyat deyil, gündəlik şoudur. Ədəbiyyat ciddi sənət növüdür. Burada bütün sənət növlərinə yer var. Musiqi, heykəltaraşlıq, teatr, kino, balet və sair kimi incəsənət növlərinin nüvəsi ədəbiyyatdan gəlir. Fəlsəfənin, gibernetikanın, astronomiyanın və astrologiyanın, hətta dinin özü də ədəbiyyatdan faydalanıb zaman-zaman.
Yazıçının Türkiyədə kitab fuarında kitabının imza günündən fraqment
Hüseyn Ərəblinski üzüyünü girov qoyub tamaşa hazırlamaq üçün pul götürürdü. İndi isə insanlar sənətini satıb üzük alır. Sizcə o gündən bu günə nələr dəyişib?
Bilmirəm, "Mənim üzüyüm" adlı essemi oxumusunuzmu? "Renessans həsrəti" kitablarımın 1-ci, yoxsa 2-ci cildində gedib, hansısa saytda da olmalıdır, indi məni qısnadığınız bu dar macalda dəqiq deyə bilməyəcəyəm, orada buna bənzər nəsə var. "Yazı"nın çapında təntidiyim zamanlar mən də Ərəblinskini xatırlamışam, amma nə yazıqlar ki, mənim ümumiyyətlə üzüyüm olmayıb. Mənim doğulub boya-başa çatdığım Zəngilan rayonunun bir tərəfi əski Zəngəzur mahalı, bir tərəfi də Qaradağ, Təbriz ətrafına yaxın yerlər olub və buralarda əski patrialxal ənənələr möhkəm mühafizə olunur. Bizdə üzük taxan kişiyə yaxşı baxmayıblar. Ona görə də üzüyüm olmayıb heç vaxt. Amma üzüyüm olmasa da yaxşı dostlarım və sözü sevən, sözə qiymət verən yaxın ətrafım, həmfikirlərim və oxucularım var. Onlar "Yazı"nı da, Azad Qaradərəlini də həmişə ayaqda saxlayıblar. O ki qaldı sənəti üzüyə dəyişənlər, bunlar həmişə olub. Çox sevdiyim bir ifadə var: LƏL HƏR YERDƏ VƏ HƏR ADAMDA OLMUR. Ləl burada təbii ki, sənəti ehtiva edir. Bir var SƏNƏTKARLAR, bir də var SƏNƏTBAZLAR...
Ali Məktəbin 1-ci kursunda oxuduğu zaman
Yalan ayaq tutar yeriməz deyərlər. Amma biz əksini görürük yalan artıq çox böyük sürətlə həqiqəti ötüb keçib. Mükafatlar, ordenlər alıb. Həqiqət isə axsaya-axsaya qalıb. Bir küncə qısılıb. Bu barədə nə düşünürsünüz?
Baltikyanı ölkələrdən birində adını unutduğum yazıçının qəribə bir hekayəsi var: lal bir kişi ucqar kənddəki tənha yaşadığı evində hər gün saatlarla taqqataqla nəsə taqqıldadır, yonur, günün sonunda çıxıb harasa gedir, bir də yatanda qayıdır. Adamlar bu şikəst adama heç fikir vermir. Nə iş görür, niyə taqqıltı edir, dərdi, azarı nədir və sair. Bu hal illərlə davam edir. Və bir gün o taqqıltı kəsilir. Üç gün, beş gün, on gün, bir ay o kişidən xəbər çıxmır. Axırda adamlar onun arxadan kilidli qapısını sındırıb içəri girirlər və şok olurlar: bu ev taxtadan yonulmuş şahanə heykəllərlə doludur! Adam isə sonuncu işini işləyib bitirərkən yıxılıb ölüb. Təsəvvür edirsiniz, bu adamın heç adını da bilmirdilər kənd sakinləri! Onun yaratdığı sənət isə əbədi yaşayır o kənd adamlarının, sonra ölkə sənətçilərinin və xalqın yaddaşında. Sənət özü bir mükafatdır - əvvəl tanrı tərəfindən onu yaradacaq müəllifə, sonra isə o müəllifin mənsub olduğu xalqa tanrı tərəfindən verilən mükafat! Tanrının mükafatına mükafat qoşmaq asilikdir, əbləhlikdir, sənətin gücünü, qüdrətini anlamamaqdır. "Əli və Nino"ya nə mükafat verə bilərsən? Hansı ki, onu kimin yazdığını doğru-dürüst bilmirsən?! Yaxud "Peyqəmbər"ə nə mükafat ki, heç adam kimi yaşamağa da qoymadılar müəllifini?! Yeri gəlmişkən, mən "Peyqəmbər" və onun müəllifini "Əllidən bir kəm" romanımda öz adıma "mükafatlandırmağa" cəhd etmişəm - hansı ki, Cavidin və onun "Peyqəmbər"inin buna qəti ehtiyacı yoxdur. Sizin sözünüzə qüvvət, Cavid deyirdi:
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar...
"Renessans həsrəti- 2" kitabının Bakıdakı təqdimatıAbsurd teatrın aktyorları və tamaşaçıları kimlərdir?
Hər halda yenə ədəbiyyata aiddir bu sual. Amma ədəbiyyatın bir ucu, yuxarıda dediyim kimi harasa gedib çıxacaqdır. "Mən siyasətə qarışmıram" deyən yazıçılara ürəyimdə gülürəm. “Sən siyasətlə məşqul olmasan da, siyasət səninlə məşqul olacaq" deyimi var axı. Yazıçı zamanın oğludur və üzünü divara çevirib nə qədər oturacaqdır? Bir gün o divardan yorulub bezəndə, arxaya boylananda istər-istəməz onu təhdid edən həqiqətlərlə üz-üzə gələcək. Onda absurd teatr da kömək etməyəcək. Baxın, sovet ideologiyasını biz azərbaycanlılar yaratmamışıq, amma ona ən çox əməl edən biz olmuşuq. Bircə Bulqakov, bircə Brodski, bircə Platonov yetişdirə bildikmi? Yetişdirə bilmədik. Əvəzində Cavidi, Çəmənzəminlini özümüzünkülər gedər-gəlməzə göndərdi ki, birdən dahi olar, mən qalaram. Amma heç zibil də olmadılar. Yenə Cavid qaldı, Çəmənzəminli qaldı. Yaxud Sabir Əhmədlini götürün. Qardaşım, sənin yazdığın zir-zibili orda-burda milyon tirajla da çap etdirsələr. xeyri yoxdur! Sən elə uzaq başı xalq yazıçısı olaraq qalacaqsan. Sabir Əhmədli isə xalqın yazıçısı adını çoxdan qazanıb. O ki qaldı o Fəxri xiyabana göz dikməyinə, məncə buna da ümid eləmə, bu xalq həmişə sənin xalqın olmayacaq, bir gün ayılacaq, Sabir Əhmədlinin xalqı olduğunu anlayacaq. Onda Fəxri xiyabandakılara da təzədən baxılacaq. Ən azı "Müsavat cəlladlarının güllələdiyi" adamın* qəbrini oradan götürməyə gücü çatacaq bu xalqın. Və onda absurd teatrın aktyorları da, müəllifi də, tamaşaçıları da canını hara qoyacaq, allah bilir...
İlk qələm təcrübələrini yazdığı tələbəlik dövrü
Azad fikirli gənc yazarlar işsizliyə, səfalətə, küçələrdə qalmağa məhkum olunur. Siz çıxış yolunu nədə görürsünüz?
Sizə bir ideya verim: bütün zamanlarda fəal gənclər özləri özlərinə maliyyə mənbələri yaratmağa cəhd ediblər. Bunun üçün müəyyən layihələr, sindikatlar qurublar. Bu gün bizim ölkə nə yazıq ki, xammal mənbəyi olan, ticarətə qurşanmışların ölkəsidir. Məsələn, yüz gənc bir yerə yığışıb Türkiyə kimi ölkənin iri istehsal obyektləri ilə birgə Bakıda əvvəl kiçik biznes sahələri, məsələn yarımfabrikantlar qura bilər. Sonra həmin yarımfabrikantların istehsal elədiyi məhsulları elə özlərinin yaratdıqları satış mərkəzlərində satıb mənfəət əldə edə bilərlər. Bilirəm, fantastika kimi görünür, amma hər uğurlu işin mayasında fantastika var. Bunun sayəsində qəzet, jurnal, saytlar yaratmaq olar, kitab çapı ilə məşqul olmaq olar və sair. Yadıma Çörçilin söylədiyi bir pritça düşür bu yerdə: iki qurbağa ayranla dolu bidona düşür. Çox çabalasalar da, bayıra çıxa bilmirlər. Birinci qurbağa elə bir-iki cəhddən sonra təslim olur, gedir bidonun dibinə və ölür. İkinci qurbağa isə səhərəcən çabalayır və sonda möcüzə deyil, məntiqdən doğan nəticə baş verir. Qurbağa ayranı o qədər çalxalayır ki, əmələ gələn yağ onun üzünə yığılır və ikinci qurbağa o yağın üstünə çıxaraq ölümdən xilas olur. Bax, gənclərə o çabalayan qurbağa olmağı məsləhət görərdim. Dayanmaq ölümə bərabərdir. Bir də dil öyrənin. Xüsusilə ingilis, alman, fransız dilindən tərcümələr, ən çox da bədii tərcümələr sizi yaşadar.
Böyük öndərin məzarı başında. Ankara, Əsri məzarlığı
Əgər sizə repressiya qurbanlarından ancaq bir nəfəri xilas etmək imkanı versəydilər, kimi xilas edərdiniz?
Əvvəla, mənə bu imkanı verən niyə xəsislik edir? Mən tutalım, Cavidlə Çəmənzəminlini necə ayırım? Müşfiqlə Almas İldırımı necə ayırım? Bəs Mandelştam? Bəs Axmatova? Yox, xahiş edərdim, mənə azı 20 adamı xilas etmək imkanı versinlər. Hələ İspaniyada faşistlərinin güllələdiyi Lorka da var axı?! Onsuz da real deyil, irrealdır, qoy çox imkan yaratsınlar!
Sizcə Qarabağda olmayan, müharibəni görməyən, qaçqınlarla, köçkünlərlə ünsiyyəti olmayan, onların sığınacaqlarını görməyən adam Qarabağ itkisi, qaçqın, köçkün iztirabları haqqında əsər yaza bilərmi?
Yaza bilər. Sizə deyim ki, Qarabağ haqqında ən yaxşı əsərlər elə onu görməyənlər tərəfindən yazılacaq. Niyə, çünki indi Qarabağ da siyasi alverə çevrilib. Qarabağ da siyasiləşib. Orda da, burda da oynayırlar. Qarabağ üstündə hər iki tərəfdə oyun gedir. Deputat kürsüsü, vəzifə kürsüsü Qarabağdan ötədir. Bir də ortada küllü miqdarda para var. Baxın, Qaçqınkomun nəvəsinin maşın kolleksiyasını nümayiş etdirmişdilər internetdə. Qarabağdan yazanların bir çoxu indi imitasiya edir. O tribuna şairləri, o yalançı qəhrəman yazıçılar üçün Qarabağ pul, qonarar, ad, şöhrət deməkdir. Koroğludan sonra çoxları atasının gözünü çıxartdı ki, o da Koroğlu olsun, amma onlara Koroğlu demədilər, Kor kişinin oğlu dedilər. "Vətənpərvərlik əclafların son sığınacaq yeridir" deyən dahi necə də haqlı idi. Bax, "Müharibə uşaqları" adlı silsilə hekayələr yazmışam. Komitədə işləyəndə bəh-bəhlə qarşılamışdılar, hətta kitabı plana da salmışdılar. Oradan çıxandan sonra kitab getdi işinin dalınca. Niyə? Çünki mən onların dediyini yazmamışdım sonda. Amma o hekayələr kitabını biz Rasim Qaraca ilə minimum tirajla buraxası olduq. Mən isə əminəm: gün gələcək, onu böyük tirajlarla nəşr edəcəklər. Yazıya pozu yoxdur axı.
İranda "Buta" dərgisində "Lal çayın sahilində" hekayəsi çap olunub
65 yaşınız olur, bu münasibətlə sizi ədəbiyyat.az kollektivi adından təbrik edirəm. Bu 65 ildə nələr qazandınız, nələr itirdiniz?
Qazancım böyükdür. Təmiz ad, açıq alın, həqiqəti yazmaqdan bir addım çəkinməyən yazıçı imici, yaxşı ata, ailə başçısı, yaxş dost adı qazanmışam. Amma itirdiyimlə müqayisədə bunlar çox zəif işartılardır: el itirmişəm, oba itirmişəm, qəbiristanlıq itirmişəm, Qarabağ boyda yurd itirmişəm. Ən böyük arzum bilirsən nədir? Ölmədən öncə bilgisayarımı da çiynimdən asıb Qaradərəyə getmək, o uçuq komamızı qaralayıb düzəltmək və orada son hekayəmi yazıb babalarımın qəbrinin yanında uyumaq.
Yazıçının Türkiyənin Ulusal Televiziya Kanalına verdiyi müsahibə - https://www.youtube.com/watch?v=8M233N-NSic&fbclid=IwAR3Bybi-nVwRa3LhbtIHbHQGB5XiDSccHVS3SW-rS8SgpV1NN2_C66nnCaQ
ABŞ-da çıxan Müasir Azərbaycan nəsr antologiyasında yazıçının "Dəli Sərvərin dəli olmağı" hekayəsi çap olunub.
Son olaraq nə demək istəyirsiniz? Saytımıza hansı arzularınız, hansı iradlarınız var?
Son olaraq nə deyim ki? Saytınızın yaranması özü bir hadisədir. Səs dalıncan getməyin. Oxucu toplamaq üçün ucuz sensasiyalara qaçmayın. Ciddi sənəti təbliğ edin. Qoy beş adam oxusun, nə olar? Məgər Nizamini, Nəsimini indi Azərbaycanda hamı anlayır? Qətiyyən. Sadəcə küyə düşüblər. Onlar ikisi də elitanın yazarlarıdır. Elitar yazarlara, ciddi imzalara yer ayırın. Yaltaqlığı vətənsevərlikdən fərqləndirən müəlliflərlə işləyin. Dillər öyrənin. Rus, ingilis və türk dillərində buraxmağa çalışın saytınızı gələcəkdə. Yaşınız çox azdır, öyrənin və ədəbiyyatımızın nadir nümunələrini ("Qan içində", "Dünyanın arşını", "Yanar ürək", "Qətl günü"...) ingiliscəyə, türkcəyə çevirib dünyaya çıxardın. Və özünüzə maddi dəstək axtarın. Azərbaycanda olmayacaq, bilirəm. amma dünyada bizdən olan milyonçular var. Onlarla əlaqə qurun, saytınızı onlara tanıdın. Bəlkə əlləri gəldi, başları açıldı, bu manıslardan ayrılıb ciddi sənətə yatırım etdilər. Olmasa, qəminiz kəm. Onu da özünüz yaradın. Çabalayan qurbağa olun.
Özümə qalanda, saytınıza hər cür dəstək verməyə hazıram. Nə yazıq ki, maddidən başqa. Ən son yazımı sizdə paylaşacağıma söz verirəm. Simanızı qoruyun. Uğurlarınız bol olsun!
------------------------------------------------------------------------------------------------------------------------
*Söhbət antimilli birinin – Əli Bayramovun Fəxri xiyabanda olan qəbrindən gedir.
Söhbətləşdi: Nicat Həşimzadə