AZAD QARADƏRƏLİ - NEMƏT MƏTİNİN YAZI PİRAMİDASI, yaxud COVİD – 19 günlərində ədəbiyyat söhbəti
Bizim gəncliyimizin müğənnisi Demis Russos haqqında əfsanələr dolaşırdı – guya o özünü axtalatdırmışdı ki, səsi təmiz qalsın.
Balzak gənc yazıçılara qadınlardan uzaq durmağı məsləhət verəndə Jorj Sand əsəbləşirdi. Amma nahaq, Jorj xanım, axı müsyö Balzakın bir cümləsini belə yaza bilmədi ömrü boyu. (Bir tərəfdən də kişinin qızı da haqlı: nədən desən keçmək olar, qadından əsla!)
Azərbaycana dönsək... Mirzə Cəlil əsər üzərində işləyərkən ağlayıb ona mane olan körpəsini quyuya atmaq istəmişdi...
Cabbar Qaryağdıoğlu gərək ki, 70 yaşınacan evlənməmişdi – bu da səsini hifz etməkçün idi.
Bir məşhur müğənnimiz ona oxumağı qadağan etdiyinə görə qardaşını həbs etdirmişdi.
Bir məşhur yazıçı oğlunu onun kommunist düşüncələrini bölüşmədiyi üçün intihar etmək vəziyyətinə çatdırmışdı.
Bu da mən - Azad Qaradərəli haqqında: ana yurdumu ermənilər işğal etdikdən sonra bağrım çatlamaq əvəzinə, abırsızcasına qələmə sarılıb yazıçı oldum... Bu da düz iyirmi il əvvəl yazdığım fikir: “Əgər yazdıqlarını hamı bəyənirsə, demək səndə nəsə qaydasında deyil. Özündən (yazdıqlarından) şübhələnməyə əsasın var.”
***
Belə ağır günlərdə ədəbiyyat söhbətləri türklər demiş, iyi gələr fikrindəyəm.
Ağır günlər deyəndə ki, yazıçı üçün, yaxud yazıçı olmaq istəyənlər üçün əsl məqamdır. Vallah ciddi sözümdür. Bağlı qapı, dörd divar axtarmırdınızmı? Buyurun, əfəndim, bu da sizə bağlı qapı! Bu da dörd divar! Əyləşin, yazın...
Hə, indi də deyəcəksiniz psixoloji halımız-filan... Qardaşım, öz psixologiyasını kökləyə bilməyən birisi onlarla insanın cəm olduğu “ölkə - roman”da nə edə bilər?
Unutmayın, bu “ölkə”nin prezidenti də, naziri də, polisi də, həkimi də, hakimi də sizsiniz... Elə müəllimi, psixoloqu da...
***
Hərdən özümə sual verirəm: mən yazıçıyamsa, niyə çoxlu sayda esselər, məqalələr yazmışam?
Cavabım zaman-zaman dəyişib.
- Lap gənclik illərində rayonda yaşayanda hekayələrimlə yanaşı, oxuduğum və bəyəndiyim kitablar haqqında rayon qəzetində, sonralar isə paytaxt qəzet-jurnallarında resenziyalar yazırdım – kitablardan aldığım həzzi oxucularla bölüşmək istəyi idi bu.
- Sonrakı illərdə bu istək başqa cür yozulmalıdır: uzun zaman öz yazılarım haqqında, demək olar ki, fikir bildirmək amacıyla yazılar yazılmadı, çünki həmyaşıdım olan, yaxud məndən beş aşağı, beş yuxarı yaş fərqi olan nəsildaşlarım vəzifədə olan 60-cılar haqqında yazıb ənam, qonorar, iş və “sağ ol” almağa girişmişdilər. (Əlbəttə, sonralar yazmağa başladılar.) Ona görə də bəzi nəsildaşlarım haqqında esselər və tanıtım məqalələri yazmağa başladım.
- Özümün yaşadıqlarımı gənclərin də yaşamamsı üçün onlar haqqında esselər yazdım, fikir bildirdim, yekə çıxsa da, yol göstərməyə çalışdım.
- Hər bir yazıçının potensial tənqidçilik, esseçilik istəyi də olmamış deyil və məndə də bu hiss baş qaldıra bilərdi...
Bəlkə 5-ci, 6-cı səbəblər də var. Amma ən mühümləri bunlar idi.
Səbəblərdən 3-cünü xüsusi qeyd etməliyəm. Bəli, son on-on beş ildir ki, həm “Yazı” dərgisində, həm saytlarda gənclər haqqında xeyli esselər və tanıtım yazıları yazmışam. Hətta bəzən tənqidi yazılar da olub. Və qəzet-jurnallarda, saytlarda səpələnmiş bu yazıların hamısını bir yerə yığıb iki hissəlik “Renessans həsrəti” (iki cildlik, təxminən 700 səhifəlik) kitablarımda nəşr etdirdim. Onu da deyim ki, az keçməz, kitabın 3-cü cildi ilə də qarşılaşmış olarsınız...
Hə, 3-cü bəndə qayıdaq. Mən gənclər haqqında çox yazdım. Bəziləri tam ürəyimdən gələn, artıq onluğa vuranların yazıları haqda idisə, bəziləri avansa hesablanmış yazılar idi. Hətta çox sərt tənqidi yazılar da yazmışam – təbii bu kəsib atmaq deyil, müalicə etmək, tövsiyə vermək şəklində olub...
Mən gənclər haqqında bəzən mətbuatda deyil, onların özlərinə məktub şəklində də yazıram – göndərdikləri hekayələri, yaxud şeirləri oxuyub, məsləhətlərimi verirəm. Çoxsaylı suallarını cavablandırıram. Bəzən bunlar şifahi şəkildə də olur – üzbəüz oturub söhbət edəndə söylədiklərimi nəzərdə tuturam...
***
Bu cür uzun bir girişdən sonra belə gənclərdən daha biri haqqında yazmaq qərarına gəldim.
Nemət Mətin, təbir caizsə hekayə gəncdir. Yəni, özündə və üzündə bir hekayə adam naxışı var - yazıçıya yaraşmayan çox utancaq və məsum görüntüsü o naxışlara kölgə salsa belə. “Yazıçıya yaraşmayan” dedim, yanlış anlaşılmasın: yazıçı bir az sırtıqtəhər (üzr istəyirəm, bundan daha uyğun olan ifadə tapmadım) olmalı, hər sözdən sınmamalı, özünə inamlı olmalı, bir qədər də eldə deyilən kimi dikdəhrə olmalıdır. Yəni qəddini şax tuta bilən, ustadı bildiyi birisinin yanında belə bildiyini, yaxud yazdığını sübut etməyi bacaran, bildiyini dədəsinə verməyən olmalıdır. Lakin bu dediklərim həyasızlıq anlamına gəlməməlidir...
Nemətin yazıları da özü kimi təmizdir. O adamtanıyandır. Həyatda gördüyünü mətnə daşımağı bacarandır. “Maraqlısı odur ki, O, yoldaşının ölümü ilə barışmayıb. Hər gün şəhərdəki saatın altında dayanaraq sevgilisini gözləyir.“ (“Məscid yolunda gülləri qoxulamaq”)
Nemətin həcmcə kiçik hekayələrində mistik bir aura hakimdir. Ölməyə hazırlaşan ruhun bədənlə söhbəti bu baxımdan maraqlıdır. Bəlkə də gənc dostumuz bu ağır situasiyanı – kəskin psixoloji durumu yetərincə aşa bilməyib, amma oxucunu təsirləndirəcək dərəcədə təsvir edib məncə. Hər halda ilk qələm təcrübələrini edən bir gənc üçün qənaətbəxşdir:
“Bu gün sonuncu görüşümüzdür. Sən susacaqsan, bilirəm. Sən mənsiz danışa bilməyəcəksən. Sənə can verən mən idim. Mən də səni tərk edirəm. Sən çaşqınlıq içindəsən. Mənsiz bir günün olmayıb. Sən ilk dəfə yıxılıb dizini yaralayanda qonşunun sənin halına yanmasına kövrəlmişdin. Sən ilk dəfə məktəbə gedəndə parta yoldaşın olan yaşıl göz qıza vurulanda ürəyin titrəmişdi.” (“Ayrılıq”)
Nemətin hekayələrində hadisə var, amma hadisəçilik deyil. Bu mətnlərdə artıq söz ya yoxdur, ya da çox azdır. Onun təsviri klassik təbiət təsviri deyil, bəlkə yazıçı görümü, kəşfidir: ” Gilavar yerə düşmüş yarpaqlara sığal çəkirdi. Park boyu düzülən işıq dirəklərində intihar etmiş lampalar vaxtı çatdığı üçün söndürüldü.” (Sözügedən hekayə)
Lakin Nemətin bütün mətnləri haqqında bu sözləri demək olmaz. “Gizlənqaç” hekayəsində müəllif mücərrədliyə varmış, demək istədiyini deməmiş, yaxud deyə bilməmişdir. Elə hekayənin birinci cümləsindən başlayır dağınıqlıq: ”Yazın ayağı gəlmişdi” cümləsi ilk baxışda maraqlı görünsə də, oxucuya heç nə demir, hətta onu çaşdırır.
Hekayənin içi oxucu üçün maraq doğuracaq olsa da, ümumən işlənmə mexanizmi qüsurludur. Qızı öldüyü üçün başqa bir qız uşağını ata ona görə öldürüb qızının yanında basdırır ki, qızı qəbirdə tək qorxmasın. Bu şizofreniyalı atanın ruh halı kimi oxucuya nəsə deyə bilər, lakin heç detektiv yazı stili üçün də bu priyom yerinə düşmür – “ujas” filmlərində rast gəldiyimiz səhnələr də daxil, bu obrazın qüsurlarını qələm örtə bilmir. Üstəlik, bu atanın nədən belə bir yola əl atdığı hekayədə açılmır – onun haçansa yaşadığı travma və ya başqa bir şeylə bu ştrixi vermək olardı...
Hesab edirəm ki, gənc dostumuz mətnlərini yayımlamaqda tələsməməli, dəmə qoymalıdır ki, sonradan özü də çiy yerlərini fəhm edib mətnə bir də qayıda bilsin...
Amma bu müəllifin yazıları onun yazıçı gələcəyindən xəbər vermədədir.
Çünki onun mətnlərinə baxa-baxa bir piramida gördüm sanki. Bu piramidadan sürüşüb yıxılmaq da var, onun təpəsində qərarlaşmaq da. İkincinin olacağından əminliklə yazdım bu sətirləri. (Piramida deyəndə, göz önünə ilk olaraq Misir piramidaları gəlir. Bu möhtəşəm abidələrin bir adı da ehramdır. Piramidadan ehrama keçid artıq sənətdir. Cizginin, tikintinin sənətə dönüşü möhtəşəm işdir. Belə sənətin qarşısında şapka çıxarıblar.)
***
Mən bu esseni yazanda sosial şəbəkələrdə, televiziyalarda hamı əsrin bəlası olan korona virusdan danışırdı. Küçələr bomboş, insansızdı. Nigarançılıqla düşündüm: ”Əcaba, bizim gənc müəlliflər nə edirlər?”
Özüm özümə təskinlik verdim: inanıram ki, onlar yazıçılıq işinin fərdi iş, təkbaşına döyüş olduğunu anlayıblar. Və bu ağır günlərdə belə özlərini bir odaya qapadıb yazırlar.
Belə olmasa, bu essenin bir mənası olmaz ki...
18.03.2020