Tatyana Çerniqovskaya - Kitabların sonu nə olacaq?
Söhbət
Tatyana Çerniqovskaya - Kitabların sonu nə olacaq?
Psixoloq Tatyana Çerniqovskaya mütaliyənin gələcəyi və gələcək bədii ədəbiyyat haqqında danışır:
İnsanlar getdikcə daha çox xarici məlumat daşıyıcılarına etibar etməyə başlayır və bu da diqqətimizə, yaddaşımıza təsirsiz ötüşmür. Beləliklə, bölünmüş şüur fenomeni yaranmağa başlayır; idraki proseslərdə müxtəlif elektron qurğular iştirak etməyə başlayır, şəxsiyyətin sərhədləri isə yer dəyişdirir. Bundan başqa, şəbəkədə məlumatın hipermətn formada yerləşdirilməsi mətnin mənimsənilməsini dəyişdirir.Nevrologiya və psixolinqvistika üzrə mütəxəssis Tatyana Çerniqovskaya ilə mütaliənin və onunla əlaqəli idraki proseslərin necə dəyişdiyi barədə söhbət etdik.
– Siz necə düşünürsünüz, mütaliə prosesi rəqəmsal dövr və onunla əlaqəli psixoloji mexanizmlərə necə çevrilir?
– Sivilizasiyasının erkən mərhələsində zahiri yaddaş (ingilis dilli mütəxəssislər bunu “external memory” adlandırır) icad edilmişdir – bu, təcrübədə məlumatın bioloji substratdan kənara çıxmasını göstərən, insanlıq tarixinin mühüm hadisəsidir. Başqa sözlə desək, məlumat potensial olaraq ölümsüzləşir. Məhz bu məqsədlə (məlumatı gələcək nəsillərə çatdırmaq) bəşəriyyət bütün tarixi boyunca yaddaşı insan beynindən daha etibarlı bir yerə köçürməyin yollarını axtarmışdır. Bu baxımdan yazı son dərəcə dəyərli hesab oluna bilər və biz hamımız yadda saxlamalıyıq ki, əldə etdiyimiz hər şey – bütün bu sivilizasiya və texnologiyalar yazı və mətnlər sayəsində mövcuddur.
İndi biz tamamilə fərqli bir vəziyyətdəyik, bir çox yeniliklər baş verir. İctimai yerlərdə mətnləri şəkillər əvəz etməyə başlayıb. İnformasiya başqa bir sahəyə keçib, hər şey elektron daşıyıçılara köçürülüb. Ancaq məsələ daşıyıcıda deyil. Adi kitab, yoxsa elektron kitab oxumaq bir-birindən çox da fərqlənmir, önəmli olan odur ki, biz fərqli oxu üsulundan istifadə etməyə başlamışıq. Bu qeyri-xətti oxu deyildir, bu, digər mətnlərə istinad edən hipermətnlərdir. Əlbəttə ki, hipermətnlər kompüter və internetin icadından əvvəl meydana gəlmişdir. Amma bu mühitin elektron formada yığılması mahiyyət etibarilə hipermətndir.
– Zehni proseslər baxımından tam olaraq nə dəyişir?
– Biz hamımız daha çox xarici məlumat daşıyıcılarına etibar edirik. Başqa sözlə, bizə hər hansı bir məlumatı yadda saxlamağa ehtiyac yoxdur, axtardığımızı tapmaq üçün internetə baxmaq daha asandır. Bütün bunlar indi bölünmüş şüur adlandırılan anlayışla əlaqəlidir. Bu termin iki kontekstdə istifadə olunur. Birinci halda, bizim bəzi işləri həmişə digər insanlarla birlikdə etdiyimiz nəzərdə tutulur. İkinci kontekst daha maraqlıdır – burada şüur və bütün zehni prosedurlar mən və mənim idraki funksiyalarımın bir hissəsini ötürdüyüm müxtəlif qurğular arasında bölünüb. Burada maraqlı bir sual yaranır: bəs mən, əslində bir şəxsiyyət kimi harada bitirəm? Çünki, belə çıxır ki, mənim zehni proseslərimin bir çox iştirakçısı vardır.
Mütaliə bir sıra proseslərlə – psixoloji və ya daha çox idraki, diqqət və yaddaşın təşkili ilə əlaqəlidir. Beləliklə, yaddaş eyni zamanda insan beynində də fərqli bir şəkildə təşkil olunmağa başlanır. Yuxarıda qeyd elədiyim kimi, biz məlumatı özümüzdə yox, xaricdə axtarırıq. Biz beynimizə yönəlib məlumatın özünü xatırlamağa çalışmaq əvəzinə, məlumatın olduğu yeri xatırlamağa çalışırıq. Və əgər yaxınlıqda kompüter yoxdursa, biz kompüteri virtual olaraq xatırlamağa, məlumatın kompüterdə hansı qovluqda olduğunu yada salmağa çalışırıq. Yəni, bu tamamilə fərqli bir şeydir.
– Bu yeni oxu mexanikası nəyə gətirib çıxaracaq? Ümumiyyətlə, kitabların sonu nə olacaq?
– Umberto Eko, bir neçə il əvvəl Sankt Peterburqda keçirdiyi bir mühazirədə belə deyirdi: (hələ onda kompüter dövrü elə də inkişaf etməmişdi), biz kitab əvəzinə əlyazma (vərəq) oxumağa başlamışıq. Biz səhifə-səhifə oxumuruq, sanki bir mətni sonsuz şəkildə genişləndiririk. Yəqin indi deyəcəksiniz ki, səhifələri kitab kimi vərəqləyən proqramlar var (“oxucu”), lakin mən təkrar edirəm, burada məsələ fiziki hərəkətdə deyil, materialın, məlumatın necə yerləşdirilməsindədir.
Müasir elektron dünyada müəlliflik anlayışı pozulur. Biz internetdə daima müxtəlif növ məlumatlarla qarşılaşırıq, bu məlumatlar asanlıqla kəsilir, yapışdırılır, yenidən tərtib edilir və biz oxuduğumuz mətnlərin müəllifinin kim olduğunu təyin eləyə bilmirik. Bu barədə mənə uzun illər bundan əvvəl – hələ kompüter və internetlə əlaqə olmayanda – Vyacheslav Vsevolodoviç İvanov demişdir. O vaxt o, müəlliflik anlayışının yox olacağını, kimin yazdığının deyil, nə yazıldığının əhəmiyyətli olacağını düşünürdü.
Yalnız məhdud bir çevrə üçün yazılmış kitablar olacaqdır, başqaları onları qəbul etməyəcəklər. Və getdikcə ədəbiyyatla daha az əlaqəsi olan ədəbi tullantılar yaranacaq. Beləliklə, elit ədəbiyyat (və təhsil) daha da elitar və qapalı olacaqdır, daha dogrusu hər nə qədər əlçatan olsa da, heç kim onu oxuya bilməyəcəkdir.
Mətnlərin hipermətn formada yerləşdirilməsi oxucuların çox ciddi təbəqələşməsinə gətirib çıxaracaq. Oxucu sadəcə oxucu deyil, eyni zamanda həmmüəllifdir – bu barədə Tsvetayeva da yazmışdır. Oxucunun təfsirinin dərinliyi nə oxuduğundan, indiyə qədər nə oxumuş olduğundan, necə kökləndiyindən asılıdır. Yəni mətn donuq daş formaları deyil. Mətn həmişə canlıdır, Lotman və bir çox digərlərinin də qeyd etdiyi kimi mətn məlumatı genişləndirir. Və mətn onu kimin oxuduğuna bağlı olaraq dəyişir. Kitab yazan biri ingilis dilli ədəbiyyatda theory of mind (idrak nəzəriyyəsi) adlanan nəzəriyyəyə əsaslanmalıdır. Yəni, bu kitab kimin üçün nəzərdə tutulur sualına cavab verməlidir.
Kitab yazanlar onu kim üçün yazırlar? Məsələn, Umberto Ekonun “Gülün adı” və ya Kerollun “Alis” əsərləri. Bunlar kim üçün yazılıblar? Birinci kitab sadə oxucu tərəfindən dedektiv əsər kimi oxuna bilər, məhz buna görə də o, bestsellerdir. Yəni bu kitab dünyada çoxlu sayda mükəmməl ziyalılar olduğu üçün yox, dedektiv əsər kimi oxunduğu üçün ən çox satılanlar arasındadır. Digər tərəfdən isə bu əsər xeyli allüziyaları, tarixi assosiasiyaları ilə birlikdə çox həssas, yüksək zəkalı oxucu üçün nəzərdə tutulmuşdur. “Alis” isə əlbəttə ki, uşaqlar üçün yazılmışdır. Əslində isə bu, dünyanın quruluşu barədə nəhəng bir işdir.
Bu təbəqələşməyə yəqin ki, məlumat bolluğu yol açacaqdır, çünki mütəxəssis olmayan, sadə insana bütün bunları anlamaq, keyfiyyətli məlumat tapmaq çox çətindir.
Bəli, mən hesab edirəm ki, informasiya asanlıqla əldə edilir deyə onun dəyəri anlaşılmır. Təbii ki, mən bir elm adamı kimi Google-a etibar edə bilmərəm. Ancaq istənilən şəxs hər hansısa bir məlumatı bir neçə saniyədə əldə eləyə bilər. Və məlumatın belə asan tapılması demək olar ki, onun dəyərini azaldır. Digər tərəfdən isə məlumatın çoxluğu həm də onun yoxluğu deməkdir, çap olunmuş məhsulların sayı elə sürətlə böyüyür ki, insan beyni bütün bunları emal edə bilməz.
Bütün bunlarla əlaqəli gördüyüm ən təhlükəli şey isə insanın mütaliə marağının itməsidir. Onlar üçün əyləncəli şəkillərə baxmaq daha asandır. Burada həmin təbəqələşmə yenidən baş verir. Nə üçün bəzilərinə beynini mürəkkəb məsələlərlə yükləmək daha maraqlıdır? Məsələn, mürəkkəb bir film izləmək, hətta onu anlaya bilmək hər kəs üçün deyil, lakin sonra bu film haqqında şərhləri və təhlilləri axtarıb tapmağı, oxuyub anlamağa çalışmağı hamı bacarar.
Beləliklə, kitabların sonu nə olacaq sualına qayıtsaq, mən hesab edirəm ki, təkcə bizdə deyil, bütün dünyada təhsildə nə baş verirsə, kitablarla da təxminən eynisi olacaq. Yalnız məhdud bir çevrə üçün yazılmış kitablar olacaqdır, başqaları onları qəbul etməyəcəklər. Və getdikcə ədəbiyyatla daha az əlaqəsi olan ədəbi tullantılar yaranacaq. Beləliklə, elit ədəbiyyat (və təhsil) daha da elitar və qapalı olacaqdır, daha dogrusu hər nə qədər əlçatan olsa da, heç kim onu oxuyub anlaya bilməyəcəkdir.
Tərcümə: Abzas
Mənbə: Ceylanmumoglu.com
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
İlya Repin - İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə...
Yuval Noah Hararinin Ümumdünya Davos İqtisadi Forumunda çıxışı
Umberto Eko: Ədəbiyyatın bəzi funksiyaları haqqında
Maral Yaqubova - Bədii ədəbiyyatda məkan anlayışı (interdisiplinar yanaşma)
İdealist fəlsəfədə şüur
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ