Edebiyyat.az » Proza » İdealist fəlsəfədə şüur

İdealist fəlsəfədə şüur

İdealist fəlsəfədə şüur
Proza
Necef Esgerzade
Müəllif:
11:30, 11 dekabr 2019
2 227
0
Yeni dövr Nitşenin mühüm hökmü ilə– «Allah ölmüşdür»– özünü büruzə vermişdir. «Şən elmlər» əsərində o belə bir hadisəni təsvir edir: Siz ağılsız bir adam haqqında bu fikri eşitmisinizmi ki, günün günorta çağı fanarı yandıraraq bazara qaçmış və qışqırmışdır. «Mən allahı axtarıram! Mən allahı axtarıram!» Bu zaman ora toplaşanların əksəriyyəti allaha inanmayanlar olduğundan, hay– küy, gülüş hər yeri bürümüşdür. Biri deyir: «O necə olub, itmişmidir» digəri deyir: «O yəqin uşaq kimi azmışdır» onda ağılsız adam kütlənin içərisinə qaçıb qışqırır, «Hanı o!». «Allah haradadır?»– Mən bunu sizə demək istəyirdim ki, allahı biz öldürmüşük, mən və siz!». Nəhayət, o fanarı yerə atır, fanar sınır və sönür. «Mən həddən artıq tez gəlmişəm. Mənim saatım yetişməyib. Bu möcüzə hələ yoldadır və bizə gəlib çatmamışdır. Onun gəlişi haqqında xəbəri insanın qulaq­ları eşitməmişdir. Bunun üçün vaxt lazımdır.
Gətirdiyimiz mətndə iki momentə fikir vermək lazımdır. Bi­rincisi, insanlar «Allahı öldürürlər». Lakin bu hərəkəti edərkən on­lar allah haqqında bir şey bilmirlər. Başqa sözlə desək, onlardan heç biri qarşısına şüurlu məqsəd qoymamışdır. Bu məqsəd isə yəqin Al­lahdan imtina etmək, sivilizasiya strukturundan Allah ideyasını çıxarmaqdır. Bunu isə təkrar edirəm, onlar qarşılarına qoymamış­lar. Haydegger sonralar bu prosesi ontoloji «əhəmiyyətsizləşmə», «on­­toloji nihilizm» adlandıraraq, bununla bərabər etiraf edirdi ki, Allahdan imtina edilməsi bu və ya digər təlimin, yaxud fəlsəfi prin­siplərin və s. nəticəsi deyildir. Allahdan imtina, yaxud nihilizm, Hay­deggerin fikrincə, «bu, yer kürəsinin elə xalqlarının ümumdün­ya– tarixi hərəkatıdır ki, onlar Yeni dövrün təsir dairəsinə daxil olmuşlar».
Ümumiyyətlə, allah ideyası– bu bütöv sivilizasiya struk­turu­dur. Bütövlükdə dünyanın, eləcə də ayrı– ayrı adamların izahının ölçüsünü göstərir. Bu da özlüyündə adamlara instinktlər stixiyasının əlində avara olmasına imkan vermir, onlardan tələb edirdi ki, öz varlıqlarını tələb olunan səviyyədə qursunlar. Bura maddi– iqtisadi maraq və təlabatların əsiri olmamaq aid idi. Allah ideyasından im­tina insanın həyatının üsullarının zəruri formada dəyişilməsi, əməl­lərin başa düşülməsi deməkdir. Mütləqdən imtina nəticəsində bə­şəriyyət əbədiyyətdən uzaqlaşır, özünün fikir, əməl və hisslərinin hə­min anlayış ilə nisbətini yoxlamaqdan azad olur. İnsan özü yer üzə­rində allah olmaq, təbiətin padşahı olmaq istəyir. O, öz əqlində öz fərdiliyini müstəqilləşdirmişdir. Bu situasiyanı Nitşe də hiss etmiş, hə­min fikri dəlinin «siz allahı öldürdünüz»– sözlərində ifadə etmişdir.
Bizim üçün vacib olan odur ki, Allahdan imtina insanların ye­ni mənəvi təcrübəsinin formalaşmasından xəbər verir. Bu o demək­dir ki, şüurun formalaşmasının əvvəlki mexanizmi, onun anlamı və izahı dağıdılmışdır. Əgər allah yoxdursa, deməli, mənəvi təcrübədə həmin ilahi səviyyə də yoxdur. Şüur problemi yeni şəraitdə– insanın fövqəlhissi qüvvənin qəyyumluğundan və hakimiyyətindən azad olması ilə yenidən işlənir. İndi insan iki dünyaya– real və axirət dünyasına mənsubluğu etiraf etmir. O, öz mənşəyini təbii təkamül, sonralar Darvin təlimi ilə əlaqələndirir. Həmin təlimə görə, insan heyvanlar aləmindən yaranmışdır. Rus filosofları N.Berdyayev və Vl.Solovyov insanın mənşəyinin bu cür əhəmiyyətsizliyini qəbul etmirdilər. Onların fikrincə, bu konsepsiyada ziddiyyətlər vardır. Bir tərəfdən, insan özünün mənəvi plebey mənşəyinə– meymundan yaranmasına inanır, digər tərəfdən isə mənəvi aristokratizm iddiası ilə çıxış edir. Həmin aristokratizm Yerdə bütün əməllərində özünü Allahla bərabərləşdirir; meymun Allah olmaq istəyir. Vl.Solovyov bu ziddiyyəti aşağıdakı sözlərlə ifadə etmişdir: adamlar meymundan yaranıb, ona görə də bir– birini sevməlidir. Məlumdur ki, bir fenomen kimi məhəbbəti meymun təbiətinə aid etmək olmaz. Ülvi məhəbbət isə insandan başqa heç bir canlıya xas olan bir şey deyildir. Rus filosofu insanın mənşəyinin təbii– elmi nəzəriyyəsi ilə razılaşanları belə ələ salırdı.
Yeni dövrün Avropa filosofları və mütəfəkkirləri əsasən «ontoloji nihilizm» nəzəriyyəsini qəbul etmiş və onu əsaslandırmağa cəhd göstərmişlər. Onlar insanı hər şeyin əsası və başlanğıcı elan edirdilər. İnsandan başqa heç kim özünü insan kimi təsdiq etdirə bilməz. İnsan dünyanın imkanı və şərtidir. İnsan öz fəaliyyəti ilə öz dünyasının imkanı və şərtidir. İnsan öz fəaliyyəti ilə öz dünyasını yaradır. Yeganə və şübhə eilməyən reallıq kimi fərd və onun şüuru elan olunmuşdu. Yeni Avropa fəlsəfəsinin banisi P.Dekarta görə, «mən düşünürəm» aktı insanın dünyada mövcudluğunun və dünyanın özünün mövcudluğunun ən sadə, etibarlı əsasıdır. Oyektiv dünyanın (Allah, təbiət, insanlar, hətta mənim öz bədənimin) mövcudluğuna şübhə etmək olar, lakin şübhə etmək olmaz ki, mən fikirləşirəm, mən hiss edirəm, deməli, hər şeydən əvvəl, fikirləşən, hiss edən varlıq kimi mövcudam. Fəlsəfə subyekti yüksəldərək, insan fəaliyyətini və qabiliyyətini mütləqləşdirmişdir.
Yeni dövrdə şüurun şərhində Plotindən fərqli iki səviyyəyə üstünlük verilirdi. Bunlar: refleksiya və mülahizələr səviyyəsi ilə hiss, emosiya və instinklər səviyyəsidir. Plotin terminologiyasında bu, mənəvi təcrübənin orta və aşağı səviyyələridir. «Allahın ölümü» və mənəvi təcrübənin strukturunun transformasiyası– eyni sırada duran hadisələrdəndir. «Allahın ölümü» adamların «yeni» populya­siyası ilə müşayiət olunmuşdur. Həmin adamlar allahla mistik birlik qabiliyyətini itirmişdir. Mənəvilik tərəfindən mistifikasiyadan qor­xaraq, böyük ruh yüksəkliyi ilə hər bir rasional konstruksiyanı qəbul etmişlər. Onlar orta əsrlərə mənəvi xaç yürüşü elan etmiş, bununla da klassik qədim dövrdən özləri üçün dayaq axtarmağa başlamışdılar.
Antik mütəfəkkirlər əmin idilər ki, bizim şüurumuzda olan predmet və hadisələrin obrazlarının xarici aləmdə real analoqları mövcuddur. Dünya əqldə əks olunur. «Mən»in reallığının yüksəldil­məsinin yeni Avropa tendensiyası bir tərəfdən, şüurun antik şərhinin əleyhinə olmayıb, digər tərəfdən isə şüurun mahiyyətinin bu cür naturalist şərhinin imkanlarına şübhəylə yanaşmaq da bura aid edilməlidir. Nəticədə şüurun antik obrazının tənqidi başlan­mışdır. Arqumentlər belə idi: Əgər şüurda olan izlər sadəcə olaraq hallyusinasiyadırsa, bizə kim zəmanət verə bilər ki, şüurda olan obraz reallıqda olan obyektin eynidir? Heç kim belə bir faktı rədd etmirdi ki, bizdə predmetlərin obrazları vardır. Lakin bizdən kənarda real analoqların mövcud olması problematik elan olunur­du. Şüurda olanla şüurdan kənarda olanın eyniliyinə şübhə şüurun Dekart modelinin çıxış nöqtəsi idi. O, şüur probleminə antik modellə müqayisədə yanaşmanın özünü dəyişdirdi. Şeylərin yeganə həqiqi mövcudluğu onlarda fikrin mövcudluğu kimi qəbul edilirdi. İlahi ilə əlaqədən imtina edilməsi şəraitində fikir şəxsiyyətin, subyektin vəziyyəti kimi şərh olunurdu. Belə hesab olunurdu ki, insan fikri özü özünü doğurur və özü özünü determinə edir. Təfəkkür aktları avtomatdır. Buradan şüurun yeni metaforası yaranır: o, yunanların təsəvvür etdiyi kimi, real şeylərin obrazlarının əks olunduğu mum lövhə deyildir, dünya ilə ünsiyyətdən əvvəl ideya və obrazların yığıldığı hansısa qabdır. Orteqa– Qasset bu metaforanı belə izah edirdi: «Şeylər şüura kənardan daxil olmur, onlar orada ideyalar kimi saxlanılır». Fəlsəfi fikir tarixində bu cür təlim antik realizmdən fərqli olaraq idealizm adlanmışdır. Şüurun anlamında klassik qədimliyə qayıdış eyni zamanda onun aradan qaldırılması idi: antik və Yeni dövr şüurunun metaforaları əks mənalara malik olmuşdur. Lakin bir məsələdə onlar üst– üstə düşürdülər: şüurun məzmunu predmetliklə əlaqələndirilirdi, nə antiklik, nə yeni dövr şüuru mənəvi təcrübənin mənəviliklə ilahiliyin birləşməsi sirrinin baş tutması kimi əlaqələndirmirdilər. Antiklik hələ bu sirrə bələd deyildi. Yeni dövr isə şüurun təbiəti haqqında düşüncələrində onu rədd edirdi. Lakin yeni dövr mütəfəkkirləri orta əsr dünyagörüşün­dən nə qədər imtina etsələr də, onunla əlaqəni (xüsusilə daxili aləmlə iş vərdişləri ilə bağlı) qoruyub saxlamışdılar. Orta əsrlərdə insanın daxili aləminə daha çox diqqət yetirmək məsələsinin işlənməyən cəhətləri Yeni Avropa mədəniyyətinin əsası olmuşdur. Şüur– özünü dərkdir. Yeni dövrün gəldiyi ən böyük nəticə bu idi. Özünüdərk altında şüur özünü bilir, öz strukturu və məzmununu aydınlaşdırır.
Təsadüfi deyildir ki, Dekartı allahın varlığının sübutundan çox, insanı əhatə edən dünyanın mövcudluğunun metafizik əsaslan­dırıl­ması maraqlandırırdı. Şüur obyektiv– təbii dünyanın aşkarlan­ması, onun mövcudluğunun sübut edilməsi vasitəsidir. Şüur özünü­dərk aktlarında ancaq predmet məzmununa diqqət yetirirdi, yəni obyektiv– predmet dünyasının xarakteristikası ilə bağlı olan məz­muna diqqət yetirirdi. Bu mənada Yeni dövr şüurun antik anlamını təkrar edirdi. Şüur problemini təxəyyül kimi az– çox işləyən alman filosofu İ.Kant olmuşdur. Ona görə insanın şüurunda bütöv, tam haqqında bilik faktları bilavasitə vardır. Fərd tərəfindən hətta bütün ömrü boyu idrakı aktların vasitəsilə biliyi əldə etmək olmaz. Halbuki bu bilik bizdə vardır. Biz onu özümüzü anlayan kimi aşkar edirik. Deməli, onlar bizə idrakı cəhətlərdən əvvəl apriori verilmiş­dir. Biz aşkar edirik ki, bizim şüurda necəsə müəyyən bilik vardır. Bu bilik dünyanın məkanlı və zamanlı olduğunu, səbəblə şərtlən­diyi­ni, eləcə də xeyir və şər olduğunu aşkar edir. Bilavasitə bizdə mövcud olan bilik bizim xarici aləm, həmçinin özümüz haqqında idrakımızın imkanları şərtlərini təşkil edir. Başqa cür deməkdə mümkündür. İnsan özünü «Mən» kimi dərk etdiyi zaman, o, artıq özünün daxili aləminin müəyyən məzmunu ilə iş görməyə məcbur olur. Onda məntiqi təfəkkür, dil qabiliyyəti var, dünyanı məkanda və zamanda qaydaya salınmış kimi qavrayır, o, nəyi isə seçə bilir, gözəlliyi hiss edə bilir və s.
Kant fəlsəfi cəhətdən bizim biliklərimizin bünövrəsini əsaslan­dırmağa cəhd etmişdir. Onun fikrincə, şüur forması bütün biliklərin sələfləridir. Bu isə o deməkdir ki, ilk bilik kimi «mən fikirləşirəm» fəlsəfi aktını aydınlaşdırana qədər (əslində bütün bəşəri biliklər buna əsaslanır) nə varsa, insan şüurunun strukturunda işləyir. İnsan «mən fikirləşirəm» aktını kəşf edənə qədər işləyir. Şüur– yaradı­cılıqdır. İnsan hadisə səviyyəsində (hisslərlə verilən) dünyanın yara­dıl­ması missiyasını öz üzərinə götürür, nəticədə o, «kiçik allah» olur. (Leybnits), təbiətin ali qanunvericisi olur (Kant). Dekart və Kan­tdan sonra şüurun varlıqda iştirakçı olduğu etiraf olunmuşdur. Şüuru subyektin intellektual fəaliyyəti hesab edən Yeni dövr filosofları şüurun təbiəti haqqında bəzi nəzərdən qaçan qeydlərdən çıxış edirdilər. Birincisi, şüur təcrübəsinin məzmununa dəfələrlə təkrar olunan, sonsuz sayda edilə bilən faktlar daxildir. Məsələn, düşüncənin məkan– zaman formaları, mühakimə kateqoriyaları, həmişə, bütün hallarda eyni formada daimilik prinsipinə tabe olur. Şüurun faktlarını şüurun özü vasitəsilə yoxlamaq olar. İkincisi, o məzmun şüur məzmunu kimi etiraf edilir, müşahidə edilmək kateqoriyasına cavab verir. Deməli, Dekart şüurla ruhun predmet– məntiqi məzmunu ilə eyniləşdirilməsinin əsasını qoymuşdur. Şüur təcrübəsinin dini və mistik komponentləri itirildi, burada məntiq qaydaları təntənə çalır. Belə bir əqidə yarandı ki, bütün dünya, şeylər məntiq qaydaları əsasında yaranmış və onun qanunları əsasında mövcuddur. Burada şüura bir məqsəd müəyyənləşdirilirdi. Hər şeyi həmin məntiqə uyğünlaşdırmaq! Bu zamandan şüuru id­rak­dan fərqləndirmədilər. İnsanlar dünyanın obrazını onların mə­nəvi təcrübəsinin strukturuna müvafiq şəkildə yaratmışlar. «İnsan düşündüyü kateqoriyalarda yaşamaq məcburiyyətindədir» (L.Şes­tov). Əslində o, ekzistensial kateqoriyalarla deyil, məntiqi kateqoriyalarla fikirləşir. Yeni dövr adamı bu cür dünya obrazını, öz həyatının üsulunu qavrayır. Şüur necədirsə, insan varlığı da elədir və əksinə.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)