Edebiyyat.az » Teatr » Aydın Canıyev - Teatr " YUĞ"dan başlayır... “Kukla Teatrı”nda “YUĞ”un... SONUncu tamaşasından təəssüratlarım

Aydın Canıyev - Teatr " YUĞ"dan başlayır... “Kukla Teatrı”nda “YUĞ”un... SONUncu tamaşasından təəssüratlarım

Aydın Canıyev -  Teatr " YUĞ"dan başlayır... “Kukla Teatrı”nda “YUĞ”un... SONUncu tamaşasından təəssüratlarım
Teatr
Necef Esgerzade
Müəllif:
12:35, 22 aprel 2019
3 295
0
Teatr “YUĞ”dan başlayır...
 
 - “Kukla Teatrı”nda “YUĞ”un... SONUncu tamaşasından təəssüratlarım -
  Mənim üçün teatr tamaşası klassik anlamda var – ziyalılığın və kübarlığın zövq ifadəsi olaraq. Düşüncəmdə heç nə bu prinsipə sirayət edə bilməyib – nə bərbad hala salınan teatrlar tamaşalarıyla birgə, nə də aktyorların şit emoji yaradan sünilikləriylə. “Klassik tamaşaçı” anlamında dostların dəvətini qəbul etdim.
 İki məqamın üç halına sevindim: a) dəvət olunmağıma, b) tamaşanın “YUĞ”a məxsusluğuna və a) illərlə həmkarım, dostum, dəyərli sənətkar saydıqlarımı TEATRDA tamaşaçı kimi görməyimə, b) tamaşadan zövq almağıma, v) sevincimin “rəsmi” hissəsinin sonucda tamaşaya çevrilməsinə.
 YERSİZ GÖRÜNSƏ də, YERİ VAR:
 Bir gün Şah Vəzirlə ölkəyə gəzməyə çıxır, qəbristanlıqların birində görür ki, başdaşılarında maksimum yaş həddi 2 ili keçmir. Təlaşla Vəzirə göstəriş verir ki, tez, öyrən gör burada uşaq ölümü niyə bu qədər çoxdur. Bölgənin VVAQ rəisini tapırlar. Qardaş hesabat verir:
 - Şah sağ olsun, qəti narahat olmayın. Bu qəbristanlıqdakılar hərəsi 80-90, hətta 100 il ömür yaşayıblar. Bizdə qayda budur ki, mənalı keçən günləri ömür sayırıq, o da gəlir maksimum 2 ilə çatır.
 Dünənki günü ömrümün mənalı günləri aktivinə yazaraq, keçək tamaşaya.
 “YUĞ” Vaqif İbrahimoğlu ilə assosiasiya verir. Bu gün Mehriban Ələkbərzadənin sərəncamındadır. Mən qəddarlıq edib deməyəcəm ki, Vaqif İbrahimoğlu teatr yaratsa da, məktəb yaratmadı. Üstündən pauza ilə keçək!
 Rejissoru Ramiz Həsənoğlu olan SON tamaşanın – “Sonuncu”nun təəssüratlarını bir azdan bölüşəcəm: teatrın artıq 5 əməkdar artisti var, əməkdar mədəniyyət xadimi də az deyil, digər teatr titulluları da həmçinin... Artıq “YUĞ”un kartotekasında Azərbaycanın və dünyanın önəmli simalarının yaradıcılıq nümunələri də üz ağardır!
 Bu cür zəngin saxlanca malik “YUĞ”da bəxtim(iz)ə kollektivin üç nümayəndəsini izləmək düşdü. Üçündən biri də bugünkü tamaşaçının teatr səhnəmizə İlahinin lütfü saydığı Hikmət Rəhimov idi – tamaşa bitdiyi üçün və ifasına etirazım olmadığına görə, xahiş edirəm alqışlarınız gəlsin, lütfən!
 Mövzu-ssenari tərəfinə gəldikdə, fəlsəfə açmayacam: böyük mənada ideya-bədii, fəlsəfi-dramturji çözümə heç cəhd etməyəcəm. Amma bütün dünya teatr səhnəsində oynanılan bütün əsərlərdən daha vacib, daha effektli sayıram – bu yazını da ona görə yazdım.
 1) Siyasətimizdəki, 2) Ədəbiyyatımızdakı, 3) Ailə-məişət İnstitutumuzdakı və eləcə də digər NƏSİLLƏRARASI MÜNASİBƏTLƏRDƏ hakim olan çat, sən demə, TEATRDA DA varmış!!!
 Bugünkü TEATR cameəsindəki durumun dolğun ifadəsi olaraq, “Sonuncu”nun ssenari müəllifinə, rejissoruna, aktyorlarına təşəkkürlər!
 Nəinki özümün, eləcə də indiyə qədər digərlərinin də bu ağrılardan xəbərsiz olmağına pis oldum! Mən ağlıma gətirməzdim ki, “postmodernizm təfəkkürü” teatr cameəsinə də ayaq açıbmış! – “YUĞ”a təşəkkür!
 Tamaşa boyu içdən gələn gülüşlərim də oldu, yaş da kipriklərimi islatdı, boğazım da qəhərləndi, qeyir-iradi və səmimi alqışladığım da. Az qala başımı o qədər irəli uzadıb öndəkiləri narahat etməyim də: daha yaxşı eşitmək, aktyorların üzündəki mimikalarını, necə nəfəs almalarını belə görmək, eşitmək üçün!
 Doğrudan, mən aktyor ifasına tamaşa edirdim!
 Xahiş edirəm, alqışlayın Fərhad İsrafilovu və Hikmət Rəhimovu!
 “Mən cavan olanda qocaların zəmanəsiydi, indi qocalmışam, cavanların zəmanəsidi” – “Əlisöhbət Qələndərli”lərin ömrünü puça çıxaran əsas amillərdən biridir. Təkcə sevdiyi qıza yiyə durmaq cəsarətsizliyi yox: “Kişi qorxaq olmamalıdır”.
 Üstəlik də, əgər AKTYORUN ƏN BÖYÜK PROBLEMİ... yaşamaqdırsa!
 Hələ bunu bilən “həmkar” həm də “suka”dırsa və səni lağ hədəfinə çevirirsə, əlbəttə ki, “Əlisöhbət Qələndərli”lər  gedib evdə Teatr Xadimləri İttifaqı və haçansa işlədiyi kollektivlərin rəhbərləri və dostları bir yana, hər gün ona zavod çörəyinin yarısını 150 qram kolbasayla nisyə verən satıcıdan belə... xəbərsiz öləcəklər!
 Dəhşət budur ki, Mikayıl Mirzə, Məlik Dadaşov ola bilməyən aktyorlara bu gün zavod çörəyinin yarısını 150 qram kolbasayla nisyə verən satıcıların sayğısı qədər də qayğı yoxdur. Hələ üstəlik də bütün digər sahələrdə mövcud olan intriqabazlıq aktyorlar içində daha yeydirsə!
 Mən teatrşünas deyiləm, səhnə quruluşu, dekorasiya, rəssamlıq, musiqi tərtibatı və s. haqqında söz deməyəcəm - ən azından... rejissor Ramiz Həsənoğlu kimi nəhəngdir. Aktyor ifasına gəldikdə isə razı qaldığımı deyim: çığır-bağırdan qulağımı tutmadım, süni olaraq gülən olmadı, mən də o süni gülüşlərin içində dişimi ağartmadım.
 Əlbəttə ki, mən bu sətirləri sizin Ramiz Həsənoğlunu alqışlarınızın sədaları altında yazıram.
 Həə, onu da deyim ki, mənim yerimdə siz o tamaşada olsaydınız, birinizin yadına düşəcəkdi ki, belə bir məzmunda tamaşa olub, siz də haçansa baxmısınız, yaxud da bu tamaşa da hansısa “tənha adamın teartı”nın improvizasiyasıdır, bəlkə də bir başqası Fuad Poladovun ifasında oxşar olanı xatırlayacaqdı. Dedim axı: mən “klassik tamaşaçı” kimi baxdım və alqışladım: Ramiz Həsənoğlunu, Fərhad İsrafilovu və Hikmət Rəhimovu!
 Bu tamaşanın mahiyyətini anlatmaq üçün belə deyirəm: hesab edin ki, aktyorlarımızın durumu haqqında Aydın Canıyevin çox kəskin və sərt SONUNCU yazısını oxumuş oldunuz!
 Əgər hardansa eşitsəniz, elanını görsəniz, mütləq bilet alın və gedin bu tamaşaya baxın!
 Əmin olun: siz teatra getməkdən, tamaşaya baxmaqdan zövq alacaqsınız. Hələ bir üstəlik gedib yeyib-içəcəksiniz də ki, aldığınız təəssüratın ömrünü uzadasınız. Belə etsəniz, ömrünüzün aktivinə daha bir mənalı gün yazmış olacaqsınız!
 p.s. tamaşanın əvvəlindən sonunadək Azərbaycan teatr tarixinin ünlü isimlərinin səhnə vasitəsiylə, dialoqlarla təqdimatı bir alayı ləzzətdir!
 Əziz oxucu! Deyir yalançının şahidi yanında olar. Mən də şahid dalınca İsfahana gedənlərdən deyiləm. Dəyərli tamaşaçılardan biri Əzizə İsmayılovanın da təəssüratını sizin Məhkəmənizə "cinayət işi"nin materiallarına qoşma kimi əlavə edirəm:
  QOŞMA
 
 Aziza Ismailova: ... Məzmununa gəlsək, mənim anladığım:
 
 İki nəslin eyni nöqtədə kəsişmək məcburiyyətində qalan, amma bir-birini qəbul edə bilməyən düyün nöqtəsi... Hardasa "atalar və oğullar" xəttinin paralelindən keçən bir yanaşma sərgilənirdi...
 
 Hadisələr iki nəsil aktyor arasında cərəyan edirdi... Bu deyəni o qəbul etmirdi, o deyəni bu. Hər ikisinin də özünə görə arqumenti vardı və əslində hər ikisi də haqlı idi. Kəsişmirdi, yan-yana, didişə-didişə, paralel gedirdi iki nəsil..
 
 Geniş anlamda hər ikisi bədbəxt idi. Amma bu bədbəxtliyin açıqlaması, bildiyimiz "bədbəxtlik" qədər bəsit deyil...
 
 Ramiz Həsənoğlu o "bədbəxt"liyə elə bir don biçmişdi ki, görməsən, təsəvvüründə yaranan hər şey yanlış olacaq..
 
 Məna yükü çox dərin idi, mesajları bəzən çox sərt, bəzən "mədənicə çılpaq" idi... Hər kəs özü üçün bir təsvir verə bilər... Mən belə gördüm.
 
 Adamı yormadan düşündürən o qədər məqamlar vardı ki... Yəni yerində gülürsən, sonra güldüyün səhnənin əslində nə mesaj verdiyini düşünürsən...
 
 Düşünürəm ki, 25 yaşdan aşağı, keçmiş kino və tamaşalarımızdan xəbərsiz, o illərin nəhəng hesab olunan aktyorlarını tanımayanlar üçün darıxdırıcı ola bilər, çünki replikaların mənasını anlamaq üçün bu fon bilgiləri mütləqdir.
 
 35-dən yuxarı isə hər kəs üçün hər şey aydın görünəcək - hər nə qədər fərqli prizma və təəssürat yaratsa belə.
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)