Lətif Şüküroğlu - Yurd yeri.
Təqdimat
Lətif Şüküroğlu - Yurd yeri.
Əziz edebiyyat.az saytı və əziz Nemət bəy!
Təqdim etdiyim bu kiçik yazı mənim qədim dostum, istedadlı jurnalist, hərbçi və gözəl ziyalı Lətif Şüküroğluna məxsusudur. Lətiflə Zəngilanda keçirdiyimiz qısa tanışlıq və dostluq uzun illərdir davam edir. Bir-birimizi çox az görsək də, xəbərləşə bilirik. Lətif hərbi işdə çalışır, amma qələm yenə əlindədir. Elmi yaradıcılıqla məşqul olur, jurnalist kimi fəaliyyət göstərir və s. Bu qeydlər onun iri bir yazısından yalnız çınqılardır. Zəngilan həsrətimizə son qoyan taleyimizə şükürlər olsun! Şəhidlərimizə min rəhmət, ordumuza, ordumuzu irəli aparan sərkərdələrimizə can sağlığı arzulayırıq. İnşallah, Lətifin Azad Zəngilandan qeydləri ilə də tanış olarıq.
Azad Qaradərəli
LƏTİF ŞÜKÜROĞLU
“Taleyin izləri” kitabından
Yurd yeri
Köhnə məzarlığa çatıb ayaq saxladıq. Buradan Dərəli kəndinin və yaxınlığında yerləşən Qazançı kəndinin evləri oyuncaq qutular kimi görünürdü. Sanki ən hündür ağacları belə balacalaşdırıb miniatür formaya salmışdılar. Bir vaxtlar bu yerlərin axar-baxarlı kəndlərindən sayılan Karrarın quruca adından başqa heç nəyi qalmayıb. Kəndin evləri bir yana, məzarlığı da tamam dağılıb itmək üzrə idi və bu mənzərə adamın qəlbini ağrıdırdı.
Dağlara doğru uzanan cığırla üzüyuxarı qalxdıq. Keçmiş yurdgahın yerləşdiyi ərazi dağ döşündə kiçik bir düzənliyə oxşayırdı. Eni-boyu vur-tut səksən-doxsan addım olardı. Ərazisinin dörd bir yanını ot basmış bu yerin lap kənarında bir neçə irili-xırdalı sal daşın olduğu xeyli aralıdan gözə çarpır. Yaxınıaşıb diqqətlə baxırıq. Burada vaxtı ilə kənd qəbristanlığının yerləşdiyi qeyri-adi uzunluğa malik bu sal daşlardan, artıq yəqin etdiyimiz qəbir daşlarından bəlli idi. Bu qəbir daşlarının dəqiq yaşı bir yana, sayını müəyyənləşdirmək də asan deyildi. Altındakı torpaq çökdüyündən onların bir neçəsinin üstündə iri çatlar əmələ gəlmiş, əksəriyyəti müxtəlif hissələrə parçalanmışdı. Yüz, bəlkə də min illər ərzində yağışın-qarın, dağlardan qopub gələn daşın-çınqılın təsirindən əvvəlki görkəmindən əsər-əlamət qalmayan bu qəbir daşlarının altında kimlər yatır? Kimliklərini dəqiq bilməsək də, bu insanların indiki ölçülərlə azı iki metrə yaxın boyu olduğu yəqindir. Vaxtı ilə sal qaya parçalarından yonulub düzəldilmiş bu daşların bəzilərinin uzunluğu 3 metrə yaxın idi. Dostum Nəsiman tən ortadan bölünmüş bir qəbir daşının yan-yörəsinə səpələnmiş və üstünü ot basmiş daş parçalarını diqqətlə nəzərdən keçirib:
- Yəqin bunlar baş daşından qopub, - dedi.
Məzar yerindəki qəbir daşlarının eninin metr yarım, uzunluğunun az qala 3 metrə çatması dostumu heyrətə gətirmişdi.
- Görürsən də, babalarımız necə kişilər olublar? Belə kişilərin qarşısında düşmən dayana bilərdimi?
Mənim sözlərimdə qürurla yanaşı, bir az təkəbbür də sezmək olardı. Bununla sanki “görürsən də, mən necə kişilərin nəvəsiyəm”, deyirdim. Nəsiman bunu sezsə də, üstünü vurmadı, hələ sözümə qüvvət də verdi: “Mən indiyədək belə iri qəbir daşları görməmişəm”, dedi.
Əslində, bunlar sinə daşları idi. Əksəriyyətinin rəngi günəşdən, yağışdan boz-bulanıq, bir qədər də göyümtül rəng almış bu daşların materialı da qəribə idi. Qaya parçalarından qoparıldığı şübhə doğurmasa da, üstündəki ovuntu izləri onları müasir dövrün betonuna oxşadırdı. Ancaq kənarlarındakı çapıqlardan, ovuntu parçalarından onların nə vaxtsa sal daş olduğu aydın görünürdü. Bu daşların qədim qoç fiqurlarının yonulduğu materialın eynisi olduğunu demək olardı. Bəziləri tamami ilə çökmüş, üstünü torpaq örtmüşdü.
Sinə daşları ilə müqayisədə baş daşları elə də böyük deyildi və üstündəki yazılar çoxdan silindiyindən adi çapıqlar kimi görünürdü. Bu daşların bir neçə kilometr aralıdakı Xustub dağının qayalıqlarından çapılıb gətirildiyini və burada ustalar tərəfindən yonulduğunu söyləyirdilər. Deyilənə görə, hər dəfə daş lazım olanda bütöv qaya parçaları kəndirlə sarınıb at-ulaqla buraya gətirilib və yonularaq hərəsindən bir neçə sinə daşı hazırlanıb.
Məzarlıqdan bir az yuxarıda, yastana bənzər ərazidə yerləşmiş qədim yurd yerlərindən isə ara-sıra gözə dəyən torpaq kahalardan başqa əsər-əlamət qalmamışdı. Bu kahaların, kiçik yarğanlara oxşayan uçqunların nə vaxtsa yurd yerləri olduğu yəqin idi. Biz burada xeyli dayanıb ətrafa, həm aşağıya, həm də yuxarıya doğru uzanan, baxdıqca göz oxşayan mənzərələrə tamaşa etdik. Dərə yuxarı qalxan hava axını heç bir ağacın olmadığı bu ərazidə xoş sərinlik yaratmışdı. Yay vaxtı, hələ günəşin batmasına neçə saat qalmasına baxmayaraq, burada isti hiss olunmurdu. Əksinə, yay günəşi hələ yüksəkdə olsa da, adamın canına qəribə bir sərinlik yayılır, ətrafdakı dağ çiçəklərinin, otların ətri bir-birinə qarışıb məstedici bir ovqat yaradırdı. İkimiz də otların üstündə oturub gah aşağıdakı kəndlərə, gah da üzüyuxarı uzanan cığırın dolana-dolana qalxdığı yaşıl donlu dağlara baxırdıq. Buranın yurd yeri kimi seçilməsi yəqin sahənin yastana bənzəməsi və yüngül havası ilə bağlı olub. Hava o qədər yüngül idi ki, hər nəfəs aldıqca ciyərlərinin bir an içərisində təmiz hava ilə necə dolmasını hiss edir, qollarını açıb uçmaq istəyirsən.
Dərəlidən xeyli aşağıda, iki dağ arasında, günəş işığında bəyaz xətt kimi görünən Oxçu çayı uzanıb gedir. Öz başlanğıcını Qazangöldən götürən Oxçu çayı dağ bulaqlarının sularını cəmləyib Araza qovuşdurur. Qıvrılmış ilana oxşayan çayın suları günəş şəfəqlərini əks etdirdikcə, elə bil ətraf dağların üzü gülürdü...
Həmin gün kəndə çox gec qayıtdıq. Hava artıq qaralmışdı. Yolboyu hər ikimiz daha çox susduq. Bəlkə də qədim yurd yerindən aldığımız təəssüratı azaltmaq istəmirdik. Ancaq hər ikimizin eyni şeylər haqqında düşündüyü şübhəsiz idi.
Ertəsi gün və sonrakı həftə baş verənlər də həmin günün təəssüratını azalda bilmədi. Əksinə, qədim yurd yerində gördüklərim gözlərim önündən bir an belə çəkilmir, günlər keçdikcə, sanki daha canlı şəkil alırdı.
Görəsən, o torpaqların əsl sahibləri olan babalarımızın varlığını, nə vaxtsa həmin ərazilərdə yaşadıqlarını sübüta yetirən məzar daşları indi yerində dururmu? Buna ümidim azdır. Tarixin bir parçası olan minlərcə yurd yerimiz kimi, həmin yurdun son nişanələri ya çalınıb, ya dağıdılıb, izlərimiz itirilməyibmi? Yadların tapdağında son daş parçalarının da ovulub torpağa qarışmadığına, ya da məqsədli şəkildə yox edilmədiyinə kim zəmanət verə bilər?
Bu üzücü düşüncələr içində qovrularkən bir fikir bütün varlığıma hakim kəsildi. Dünənimiz bizdən asılı olan və olmayan səbəblərdən itirildi. Dünəni nə vaxtsa bərpa edə biləcəyikmi? Bu sualın cavabı da qaranlıq qalır. Bəs dünənimizdən sabaha gedən bugünümüz? Hər birimizin, hər bir ailənin, nəslin, kökün keçmişdən başlanan bugünü. Bunu ki, hələ itirmədən hansı şəkildəsə, ən azı fərdi yaddaş süzgəcindən keçirib sabaha ünvanlaya bilərik. Qoy bir ailənin, bir nəslin tarixçəsi olsun. Hətta lazımi qədər cilalanmasın. Eyib etməz. Zamanı gələndə bu parçaları toplayıb bütövləşdirmək olar, yaxud buna cəhd göstərən başqa biri tapılar. Ancaq parçalarsız bütöv mövcud olmadığı kimi, heç nədən nəsə yaratmaq da mümkün deyil. Təkcə buna görə bir nəslin hələlik yalnız kiçik bir dairəyə məlum tarixini yaddaşdan kağıza köçürməyə qərar verdim. Mənim hekayəm belə başladı.
Həcər xanım
Mən Həcər xanımı görəndə təqribən 84-85 yaşı olardı. Mütənasib bədən quruluşu, ağ sifəti, uzun və düz boynu, amiranə duruşu və danışıq tərzi, yaşının ağbirçək çağında da qaməti əyilməmiş bu xanım ilk görüşdən adama çox güclü təsir bağışlayırdı. Bir söz demədən belə fikirlərinə hakim kəsilir, baxışları adamı sanki durdurur, bir qədər sərt olanda isə əzirdi. Ancaq ilk baxışda zəhmli görünən bu xanım danışmağa başlayan kimi rahatlıq tapırdın. İşlətdiyi xoş sözlər, əsilzadə xanımlara məxsus incə davranışı, eyni tərzdə gülümsəməsi təsəvvürlərini tam dəyişir, ona qarşı adama rahatlıq gətirən bir inam yaradırdı. Heç vaxt çox danışmır, fikirlərini tam aydın çatdırır, qarşısındakını səbirlə dinləyirdi. Ancaq nəvələrinin, ya başqa birisinin eyni sözü ona ikinci dəfə təkrar etdirməsinə qəzəbi tutanda üzünün mehriban ifadəsi qəflətən dəyişir, görkəminə uyğun bir forma alırdı. Ondan yaşca kiçik olan həyat yoldaşı da bu qadından sanki çəkinir, hər sözünə dərhal və sorğu-sualsız əməl etməyə çalışırdı. Bəlkə də mənə belə gəlmişdi, deyə bilmərəm. Ancaq necə olsa da, onların qarşılıqlı münasibətlərində buna bənzər halları neçə dəfə müşahidə etmişdim. Bir də, uşaq vaxtı, həm də qonaq qaldığı bir evdə adamın gözündən nəsə çətin yayına bilərdi.
Həcər xanımın bütün bəhs etdiyim və etmədiyim xüsusiyyətləri genindən gəlirdi. Əsilli-nəsilli bəy qızı olan Həcər xanım gözünü açandan dunyanı belə görmüşdü. Bəy ailəsində tərbiyə alması onun dünyagörüşü, davranışı ilə yanaşı, xarakterinə də öz təsirini gəstərmişdi. Zəngilan rayonu Bəsitçay boyu kəndlərin əksəriyyətinin, onlarca mülkün, geniş ərazilərin, böyük var-dövlətin sahibi olan Nəriman bəyin qızı başqa cür ola da bilməzdi. Ona yaxşı təhsil, tərbiyə vermiş, zadəgan aləminin qanun-qaydalarına uyğun davranmağı öyrətmişdilər. Yetişdiyi mühitin ən üstün cəhətlərini mənimsətmək üçün müəllimlər tutmuş, musiqi, rəqs dərsləri keçmişdilər. Həcər xanım da atasının ümidlərini doğrultmaq üçün lazımınca səy göstərmiş, bütün öyrədilənləri sinədəftərinə həkk eləmişdi. Deyilənlərə görə, yiyələndiyi bu keyfiyyətləri o, cəmiyyət içərisində dəfələrlə məharətlə nümayiş etdirmişdi. Ancaq quruluşun dəyişməsi, sovetləşmənin başlanması ilə Həcər xanımın arzuları kimi, bacarıqlarını yüksək cəmiyyətə təqdim etmək imkanları da suya düşmüşdü. Malik olduqlarının böyük hissəsinin zorla əllərindən alınması və yeni quruluşun öz qaydalarını qəbul etdirməsi səbəbindən Nəriman bəyin üç övladından ən kiçiyi olan ikinci qızını da sadə həyat tərzi keçirmək məcburiyyəti qarşısında qoymuşdu. Təkcə statusuna, ailə vəziyyətinə deyil, həm də təhsil və dünyagörüşünə görə ona uyğun gəlməyən birisi ilə ailə həyatı qurmalı olmuşdu. Yeganə təsəllisi bu evliliyin öz istəyi ilə baş tutması, seçdiyi insanın xoşxasiyyət və mərd olması idi.
Atam məni onun yanına, Rəzdərə kəndinə atası Nəriman bəylə maraqlandığım və Gəncədən yay tətilini keçirməyə kəndə gəlmiş nəvəsi ilə bir yerdə olmağım üçün aparmışdı.
Rəzdərə kəndi Zəngilanın ən mənzərəli guşələrindən birində yerləşirdi. Dağlarla əhatələnmiş kəndin yuxarısı Top meşəsinə dirənir, ətəyindən suyu göz yaşı kimi dupduru Bəsitçay axır, çay vadisi boyunca isə əsrarəngiz təbii çinar meşəsi uzanırdı. Sahəsinə görə dunyada ikinci, Avropada birinci olan bu çinar meşəsi Zəngilanın ən füsunkar yerlərindən biri idi. Ötən əsrin 70-ci illərində təbii qoruq elan edilmiş (ona Bəsitçay qoruğu adı verilmişdi) bu ərazi indi erməni işğalçıları tərəfindən talan olunmaqdadır. Artıq təsdiqini tapmış məlumatlara görə, yüz illərin şahidi olan xan çinarlar amansız vəhşiliklə doğranıb müxtəlif məkanlardakı mebel fabriklərinə daşınır. (Zəngilan rayonu işğaldan azad edildikdən sonra məlum oldu ki, qoruq ərazisindəki neçə yüz yaşı olan xan çinarlar, həqiqətən, Ermənistanda və başqa yerlərdə qiymətli mebel materialı kimi istifadə olunmaq üçün kəsilib məhv edilib. Erməni vəhşiliyinin növbəti sübutu olan bu ekoloji terror Zəngilanın digər meşələrindən, Laçının, Kəlbəcərin, Qubadlının meşə və bağlarından da yan keçməyib.)
“Çinar meşəsi” Zəngilana yaxından-uzaqdan gələn qonaqların ilk öncə görməyə can atdıqları göz oxşayan, əsrarəngsiz məkanlardan biri idi. Yaxşı yadımdadır, rayona gələn dostlarımla da təbiət qoynuna səfərimiz məhz oradan başlayırdı. Atam da dostlarımın gəlişinə sevinər, ya öz maşınında aparar, ya da tanışlardan birinin vasitəsi ilə bizi “Çinar meşəsi”nə yola salar, imkan düşdükcə özü də bizimlə birlikdə hər qarışına bələd olduğu bu yerləri gəzməkdən zövq alardı. Adətən yayda baş tutan belə səfərlərdə dostlarla bütün günümüzü “Çinar meşəsi”ndə, Bəsitçayın sahilində keçirər, gəzib dolandıqdan sonra bizim üçün hazırlanmış ləzzətli təamlardan dadar, bir də gecəyarısı geri dönərdik. “Çinar meşəsi” ilə sonuncu görüşüm də iki tələbə dostumla birgə olmuşdu. Dağlardan axıb gələn Bəsitçayın şəffaf sularında üzən balıqları, xan çinarların sularda bərq vuran əksini seyr etməkdən doymazdıq. Çinarların bəzilərinin gövdəsini 4-5 adam birlikdə qol açıb qucaqlaya bilmirdi. Daha qocamanlarının koğuşunda isə bir neçə adam yağışdan rahatca daldalana bilərdi. Bütün bu mənzərələri sözlə ifadə etmək mümkündürmü?! Bu qüdrət hər adama nəsib olmur. Gərək Müşfiq, Səməd, ya da Musa Yaqub olasan. Onda təbiət möcüzələrini seyr edib:
Çaylar qaranlıqda bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr, - deyə bilərsən.
Heç vaxt soruşmasam da inanıram ki, dostlarım da çinar meşəsi ilə həmin sonuncu görüşdən eyni təəssüratla ayrılıblar.
... Həcər xanım atamgilin dədə-baba kirvəsi idi. Bu qohumluq bizim uşaqlıq çağlarımızda da davam etdirilirdi.
Mən Həcər xanımın yanında iki həftə qaldım. Həmin vaxt onun böyük oğlundan olan bir nəvəsi kəndə yay tətilinə, istirahətə gəlmişdi. Həcər xanım hər səhər bizi oyatmaq üçün adam göndərir, hərdən də özü yatdığımız otağa gəlirdi. Biz onun hər şeyi sanki nəzarətdə saxlayan baxışları altında yuyunur, az qala hər gün dəyişdirilən dəsmalla yaxşı-yaxşı qurulanır, sonra süfrə başına gəlirdik. Burada bizi südlüaş, təzə kərə yağı, şan balı və hərdən soyutma yumurta gözləyirdi. Süfrəyə düzülən dadlı təamlar adamın iştahını açırdı. Hərdən iştahımız olmayanda belə, yeməkdən imtina üçün heç bir bəhanənin qəbul edilmədiyini yaxşı bildiyimizdən sakitcə səhər yeməyini yeyər və çaya getməyə icazə istəyərdik. Artıq o da məlum idi ki, çayda çimməyə yalnız əvvəlcədən tapşırığını almış qonşu uşağı ilə birlikdə gedə bilərdik. Çaydan təyin edilmiş vaxtda qayıdır, azı bir saat kitab oxuyurduq. Doğrusu, bu, Həcər xanımın nəvəsinin xoşuna gəlməsə də, mən dərhal kitabı götürür, həvəslə oxumağa başlayırdım. Məndən iki yaş böyük olan nəvə isə hər dəfə bir bəhanə axtarır, təklikdə məni nənəsindən qorxmaqda günahlandırır, “sən olmasan, heç mənə də kitab oxutmazlar”, deyirdi. Ancaq bu inciklik çox tez də keçib gedir, növbəti oyunda biz yenidən dostlaşırdıq.
Həcər xanımın yanına gələn qohumlar, hətta kənd adamları onunla böyük etiramla, bir az da çəkinə-çəkinə danışır, bir dəfə də olsun sözünü kəsmirdilər. Ancaq bütün bunlar qorxudan, yaxud ona xoş görünmək istəyindən irəli gəlmirdi. Əksinə, mənim tanıdığım adamların hamısı ona səmimi qəlbdən belə münasibət göstərirdilər. Bu əsilzadə xanımın yerişi-duruşu, təkcə məclislərdə deyil, elə hər yerdə özünü aparması, danışığı, bir sözlə, hər şeyi onları valeh edirdi. Qadınlar ondan xanım-xatınlığı, gənc qızlar nəzakət qaydalarını, ümumiyyətlə, mədəniyyət öyrənirdilər. O, ətrafındakı insanların hamısı üçün bir məktəb idi. Sovet təhsil sisteminin öyrətmədiyi, öyrətmək istəmədiyi bir məktəb. Onun yaradıcıları olan əsilzadə ailələri artıq uzun illər əvvəl tarix səhnəsindən zorla çıxarılsalar da, yaratdıqları dəyərlər itməmişdi. Həcər xanım kimi əsil xanımlar bu dəyərlərin daşıyıcıları olaraq onu nəsildən-nəslə çatdırırdılar.
Mənə elə gəlirdi ki, kənd qadınları yaşının ahıl çağında da öz şuxluğunu, xanımlığını qoruyub-saxlayan bu insanı görəndə öz güzəranlarının ağırlığını bir qədər də olsa unutmağa, zahiri görünüşlərinin qayğısına qalmağa çalışırdılar. Onlar qısa müddətdə qadın olduqlarının fərqinə varır, bu duyğunu qəlblərinin dərinliyindən aşkara çıxaran Həcər xanıma minnətdar olurdular.
Həcər xanımın geyimi göz oxşayırdı. Paltarı əynində şux dayanır, təzə və səliqəli görünür, belindəki gümüş kəmər isə sanki alışıb yanırdı. Ayağındakı rəngbərəng corablar, ən müasir dəbli ayaqqabılar, hərdən çiyninə saldığı qara yun şal və başına bağladığı ipək yaylıqlar ona çox yaraşırdı. Az qala hər gün yeni paltar geyinir, xoş ətirlərdən istifadə edir, evdə də, çöldə də eyni qaydada şux yeriyirdi. Həmin vaxtdan mən oxuduğum bədii əsərlərin xanım qəhrəmanları haqqında fikirləşəndə qeyri-ixtiyari gözlərimin qarşısında Həcər xanım canlanır. Bir nasirin, yaxud dramaturqun təsvir etdiyi əsilzadə xanımlarda tanış cizgiləri tapmayanda həmin əsərin həyatiliyinə istər-istəməz şübhə edirdim. Həcər xanım mənim yaddaşımda öz dövrünün etalon insanı, əsilzadəliyin bariz təcəssümü kimi qalıb və onu həmişə ilk dəfə gördüyüm kimi xatırlayıram.
Artıq haqq dünyasına qovuşmuş Həcər xanımın 4 övladı, iki oğlu, iki qızı olub. Qızlarından biri cavanlığında rəhmətə gedib. İkinci qızının bir oğlu və qızı vardı və Zəngilan rayonunun işğalına qədər həmin ərazidə yaşayırdılar. Təəssüf ki, özləri də oğul-uşaq sahibi olan qız nəvələrinin sonrakı taleyi barədə məlumatım yoxdur. Oğlanları İsfəndiyar və Nadirə gəlincə onlardan böyüyü İsfəndiyar Gəncədə, Nadir Bakıda yaşayırdılar. İllər əvvəl Allahın rəhmətinə qovuşmuş qardaşlar həyatlarını elmlə bağlamışdılar. Hər ikisi elmlər namizədi, dosent idilər. İsfəndiyar Gəncə Dövlət Universitetində, Nadirsə Neft-kimya İnstitutunda (indiki Neft Akademiyası) işləyirdilər. İsfəndiyar ömrünün son illərində Gəncə şəhər orta məktəblərindən birinin direktoru olmuşdu. Nadirin oğlanları İdris və Əliheydər ataları kimi mühəndis ixtisasını seçiblər. Qızı Zülfürüz xanım isə tibb sahəsində fəlsəfə doktorudur. İsfəndiyarın övladları da müxtəlif ixtisaslar üzrə ali təhsil almışdılar. İndi onlardan Şamxal və Cəbi həyatdadırlar. Böyük qardaşlar olan Qafarla, Rüstəm isə neçə il əvvəl dünyalarını dəyişiblər. Yəqin onların ruhu da istəkli nənələri Həcər xanımın ruhu ilə qovuşub.
Səhih məlumatım olmasa da, əsilzadələr ailəsinin sonuncu nümayəndəsi Həcər xanımın kötücələri və sonrakı yetirmələrinin nəsildən, kökdən gələn yaxşı nə varsa bu gün layiqincə davam etdirdiklərinə əminəm. El aşığı əbəs deməyib ki:
Ot bitər kök üstə əsli nə isə,
Yovşan bəsləməklə cəmənzar olmaz.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində
LALƏ HÜSEYNOVA - SİRR