Edebiyyat.az » Təqdimat » Günel Mehri - Dostumun kitabı(esse).

Günel Mehri - Dostumun kitabı(esse).

Günel Mehri - Dostumun kitabı(esse).
Təqdimat
admin
Müəllif:
05:06, 21 iyul 2021
1 383
0
Günel Mehri - Dostumun kitabı(esse).





Epiqraf.

     “  Yazıçı Miri Rəsulzadənin imza günü. Tarix: 26 iyul, saat 17:00.”

-Ayyy... 

-Noldu?

 Anam bir anlıq gözünü televizordan çəkib təəccüblə mənə baxdı.

-Heç. Çoxdan gözlədiyim bir kitab təqdimatı var. Heyf, o vaxt burda olmayacam.

-Hansı kitab?

-Odur e. Stolun üstündəki. 

-Haqqında yazı yazdığın?

-Aha.

Anam kitabı əlinə alıb diqqətlə gözdən keçirdi:

-Qəbir Standup. Nə maraqlı adı var. 

-İçi də maraqlıdır... 

     Və mən kitabla bağlı duyğularımı səfərbər etmək üçün qulaqlıqlarımdan axıb gələn  “İlin fəsilləri” əsəri ilə başqa dalğaya kökləndim. Hələ beş daşın arasında Vivaldiyə rəhmət də oxudum: “Sağ ol, maestro”... 

    ...Nə qəribə bir dönəmdən keçirik. Hər şey elektronlaşır, insanlar bir-birinə bənzəyir, robot təfəkkürü formalaşır. Daha çox pul qazanmaq və ya şöhrətli olmaq ardınca qaçan insanlar bəlkə də həqiqi dəyərlərdən nə qədər uzaqlaşdıqlarının fərqində belə deyillər. Məsələn, fərqində deyillər ki, yaz fəslində hər gün yüzlərlə çiçək açılır və hərəsinin bir rayihəsi var. Və bir tək onların var oluşu həyatımızı nə qədər rəngləndirir. Ya da çoxumuz xəbər belə tutmuruq ki, hər gün yaşadığımız bu  kürənin dörd bir yanında minlərlə kitab dünyaya gəlir. Bəli, yazılmır, çap edilmir, məhz doğulur. Çünki bir kitabı ərsəyə gətirmək üçün nə qədər enerji sərf edilir, nə mərhələlərdən, çətinliklərdən keçilir, onu bir Allah bilir, bir də müəllif... 

      Mənə görə, hər kitabın özünəməxsus taleyi var. Bu dəqiqə masamın üstündən gözümə zillənən “Qəbir Standup”ın tale qisməti enişli-yoxuşlu oldu. Kitab nəşr edilər-edilməz pandemiya başladı. Elə mən kitab dükanına yol almaq  istəyirdim ki, eşitdim, pandemiyaya görə bütün dükanlar bağlıdır. Və o gündən aramızda qəribə gizlənpaç oyunu başladı. Bir neçə kəs kitabı dükandan kənar əldə etmək istəsəm də, alınmadı... Və nəhayət, soyuq qış günlərindən birində iş yerimə qonaq gəldi bu kitab. Gəldi deyəndə ki, bilmirəm ayaqlanıb gəldi, ya qanadlanıb gəldi, onu bilirəm ki, bir də gördüm, kitab ovuclarımın içindədir. Və ən əsası özüylə istisini də gətirib. Çün gələn kimi əvvəl buz kimi ovuclarımı, sonra qəlbimi qızdırdı.  Axı insanlar kimi hər kitabın da öz enerjisi var. Sən kitabı səhifələdikcə bu enerjini duyursan və onun əsirinə çevrilirsən. Ya da əksinə. Kitabı oxuduqca soyuyursan və bitirdiyin gün elə bil ağır yükdən xilas olursan. Bütün kitabları eyni ətir birləşdirsə də, kitab var səni əyləndirir, kitab var düşündürür, ya maarifləndirir. Kitab da var onu səhifələdikcə içində illərdən bəri yığılıb qalmış kin-küdurət uçub gedir və gündəlik problemlərdən bozarmış həyatına işıq seli axıb gəlir. Yazıçı Miri Rəsulzadənin kitabı kimi...  Və indi aylar öncə oxuyub bitirdiyim bu müsbət enerjili kitabı qarşıma qoyub düşünürəm, hansı yanından yazım ki, mübaliğə etmədən onun həqiqi dəyərini verə bilim? Sıxıntılı anımda əlimə alanda üzümdə təbəssüm yaradan, duzlu-məzəli miniatür yumorlarınımı, içimdə cücərib qalmış, Tanrıya yönəlik bəzi mübhəm suallarımı səssizcə cavablandıran neo-təsəvvüfümü, yoxsa mənə yoldaşlıq edib darıxmağa qoymayan ibrətamiz esselərimi anlatım?  Bu sualların ən gözəl cavabı da elə kitabın içindədir...

      İlk dəfə kitabı əlimə alanda təəccüblənmişdim. Müəllifin adı lap xırda hərflərlə yazılmışdı kitabın bir küncündə. Bu xırdaca detal çox söz deyirdi. Deyirdi ki, müəllif nə qədər təvazökar biridir və əsərini  ön planda, daha üstün məqamda tutur. Sonra kitabın üz qabığındakı qeydlərə baxdım: “Qəbir Standup – Neo-Təvəssüf... New York Times bestselleri deyil... Bu kitab 10 milyon satılmayıb...” Yenidən təvazökar ismarıclar.  Sonra Miri Rəsulzadənin özü haqqında yazdığı kiçik ön sözdəki fikirlərə  diqqət kəsildim: “Klassik yaşayışa və anti-modernizmə ev sahibliyi edən yazar dil bilmir, ali təhsili yoxdur...” Bax bu məqamda filosof şairimiz Nizami Gəncəvini xatırladım. Böyük Nizami də möhtəşəm təhsilini qədim Gəncə kitabxanasındakı kitablardan bəhrələnə-bəhrələnə almışdı. Eynən “Bir qalanın  sirri” kino-filminin Elşəni kimi... Demək ki, əlahəzrət diplom həyatımızı şəkilləndirəcək gücə malik deyil və bu gözəlim dünyada onsuz da keçinmək və üstəlik insanlara ziya bəxş edən aydına çevrilmək olar... Miri Rəsulzadənin yazılarını illərdir izləyirəm və nə qədər geniş mütaliəli olduğundan xəbərdaram. Bunu mən demirəm, yazılarında toxunduğu qlobal mövzular deyir, Allaha xitabən yazılmış mənalı monoloqları deyir, hekayələrindəki dəqiqliklə işlənmiş xarakterlər deyir. Düzdür, yazıçının qələmindən istedad damır, amma yalnız istedad və zəhmət birləşəndə belə gözəl bəhrə verir. Bu ki heç kimə sirr deyil...

     Amma mənə görə, Miri Rəsulzadənin qələm bəhrələri iki istiqamətdə maraqlıdır. Birincisi,   yazılarında cəsarətlə toxunduğu məqamların onun şəxsiyyəti ilə üzvi surətdə bağlılığıdır. Bəzən olur, yazıçı ya şair danışır e geninə-boluna, amma və lakin əmələ gəlincə rakursunu dəyişdirir. Mirinin yazısı və xarakteri isə əkiz qardaş kimidir.  Miri Rəsulzadənin yaradıcılığında ikinci cəlbedici məqamsa yazarın özünəməxsus qələmidir. Bal kimi şirindir bu qələm, nəqli axıcıdır, ona görə də birnəfəsə oxunub gedir. 

    ...Kitabı bitirirəm. Və bu səfər də üz qabığının arxasında yazılanlar diqqətimi çəkir. Müəllif deyir ki, ilk şərhi aranızda günahsız olan yazsın... Aramızda günahsız olan varmı, yoxmu, bilmirəm, Miri bəy! Amma bilirəm ki, biri var, cəsarəti, hadisələrə fərqli reaksiyaları və satılmamış qələmiylə görüşümüzə gəlib, özü də kitabından bizə xitab edir, deyir ki, ruhuna düş, gör nəyə ehtiyacı var...

    Təqdimat mərasiminə sayılı günlər qalıb. Çoxdan gözləyirdik bu günü. Atalar gözəl deyib ki, gec olsun, güc olsun. Atalardan danışmışkən, sözü gedən kitabın müəllifi Miri Rəsulzadə üç ildir, tək yazılarının yox, həm də şirin-şəkər “Smaylik”in atasıdır. Amma Smaylik” hələ kitab oxuya bilmir. Arabir atasının göz nurunu əlinə alıb üstündəki multfilm personajına oxşar əmiyə baxır və təbəssüm edir. Hə, indi təbəssüm edir, əminəm ki, gün gələcək və o, atasının kitabını səhifələdikcə çox həyati məsələlərdən xəbərdar olacaq. Və onda üzündəki təbəssümün işığı daha da çoxalacaq...      

      Epiloq. Gözəl bir yay gecəsidir. O qədər səssiz bir gecə ki, mən kitabın içindən axıb gələn cümlələri duymuş kimiyəm. Bilirsinizmi, indi kitab nələr pıçıldayır? Deyir ki, geyinin-keçinin, təbəssümünüzü də götürüb gəlin. Yolunuzu gözləyən yepyeni neo-təsəvvüf var... 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)