Azərbaycan Dillər Universitetində “Peşəkar tərcüməçinin sirri” adlı görüş keçirildi.
Təqdimat
Azərbaycan Dillər Universitetində “Peşəkar tərcüməçinin sirri” adlı görüş keçirildi.
Azərbaycan Dillər Universitetində Magistratura şöbəsi və Tərcümə fakültəsinin birgə təşkilatçılığı ilə tərcüməçi Elvin Abbasbəylinin təqdimatında “Peşəkar tərcüməçinin sirri” adlı görüş keçirilib.
KONKRET.az xəbər verir ki, Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva və Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova görüşün təşkil olunmasının əhəmiyyətindən danışıb, tədris ili ərzində Elvin Abbasbəylinin tələbələrlə faydalı təcrübələrini bölüşməsi haqqında fikirlərini bildiriblər.
Tədbir zamanı Elvin Abbasbəyli audio-vizual tərcümə və tərcüməçinin xüsusi etiketləri mövzusunda tələbələri maraqlandıran sualları cavablandıraraq şifahi, yazılı, ardıcıl, sinxron, ədəbi tərcümənin sirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin idarə heyəti sədrinin müavini, Azərbaycan Dillər Universitetindəki Avstriya Kitabxanasının elmi rəhbəri Vilayət Hacıyev tərcümə sahəsində öz peşəkar biliklərini tədbir iştirakçıları ilə bölüşüb.
Peşəkar tərcümə ilə məşğul olan tərcümə fakültəsinin məzunu Əli Əhmədov “Tərcümədə peşəkar olmaq üçün hansı addımlar atılmalıdır?” mövzusunda çıxış edib.
Tədbirdə iştirak edən Elvin Abbasbəylinin müəllimləri öz xoş təəsüratlarını bölüşüblər. Tədbir maraqlı diskussiyalarla başa çatıb.
Qeyd edək ki, Elvin Abbasbəyli Neftçala rayonunda müəllim ailəsində dünyaya gəlib. Orta təhsilini Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbdə, 1997-2001-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində alıb. Təhsilini davam etdirmək üçün Fransaya gedib. Azərbaycan Dillər Universitetinin sonuncu kursunda Fransa Səfirliyində bir aylıq təcrübə keçdikdən sonra o zamankı səfir Jan-Pyer Ginütün sayəsində xarici işlər naziri və digər nazirlərlə görüşlərində də tərcüməçilik edib. Fransa hökumətinin verdiyi təqaüdlə Strasburq Universitetinin nəzdində Yazılı və sinxron tərcüməçilik və beynəlxalq əlaqələr İnstitutunda (ITI-RI) öncə yazılı tərcümə, sonra sinxron tərcümə üzrə magistr diplomu alıb.
Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AIIC) ilk azərbaycanlı üzvüdür. Parisdə Sorbon Universitetinə daxil olan Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) Azərbaycan dilini tədris edir.
Sinxron tərcümə ilə yanaşı, yazılı tərcümə fəaliyyətilə də məşğul olan Elvin Abbasbəyli kitab tərcümələri üzərində işləyir və elmi məqalələr
yazır.
Mövzuya uyğun linklər: