Edebiyyat.az » Təqdimat » Xəyalə Quliyeva - Qalaktika kəşf edən qadın və biz...

Xəyalə Quliyeva - Qalaktika kəşf edən qadın və biz...

Xəyalə Quliyeva - Qalaktika kəşf edən qadın və biz...
Təqdimat
admin
Müəllif:
08:07, 14 dekabr 2021
2 028
0
Xəyalə Quliyeva - Qalaktika kəşf edən qadın və biz...


 Burçin Mutlu, Yerdən 359 işıq ili uzaqda olan  və PGC 1000714 kataloq nömrəsi  ilə qeydiyyata alınan qalaktikanı kəşf edib. Həmin qalaktika populyar elmi mediyada “Burçinin qalaktikası” adı ilə məşhurdur. 
Burçin Mutlu haqqında internetdə axtarış verib, oxuya bilərsiniz. Yazının məqsədi Burçin Mutlu Pakdilin kəşfinin dəhşətli miqyası fonunda bizik, əziz xanımlar biz! Burçin Mutlu Pakdil və biz! Bizi birləşdirən və ayıran xüsusiyyətlər nələrdir?Ayıran çox xüsusiyyət tapa bilərik, fərqliliyimiz “n” qədərdir... Onun Amerikada təhsilindən tutmuş, Astronom olmasınadək... Hansı birimiz Astronom oluruq ki?... Hansı birimiz ulduzlar, planetlər üzrə alim olmaq istədik, anamız da bizimlə razılaşdı? Qohumlarımız bir “mız” qoymadı... xalamızın baldızının qızının qaynanası: “A bala, ulduz-zad nədir, müəllim ol, uşaq hazırla, pul qazan. Həmişəlik çörək!” tipli “məsləhətlər” vermədi? Ya da nə vaxt biz həqiqətən də  gecəmizi-gündüzə qatıb, gözümüzün nuruna qıyıb, Burçin Mutlu Pakdil qədər oxuduq, amma valideyinlərimiz, bizim qarşımızı kəsib, bizi qalaktika kəşf etməyə qoymadı? Təbii ki, heç vaxt! Mən demirəm hərəmiz bir qalaktika kəşf edib, cehizlərimizin içinə əlavə edək, onsuz da, qalaktika kəşf etmək  orta statistik bir xanım üçün ən yaxşı halda əlçatmaz  uzaqlıqda yerləşən bir arzu ola bilər və  buna çatmaq üçün təhsilin ilk pillələrindən tutmuş,yuxarıyacan fərqli və yüksək savad yiyəsi olmalısan. Bir neçə Ali Məktəb bitirməlisən və Xaricdə Təhsil almalısan. Fərqliliklərimizi az-çox sadaladıq. Bəs oxşarlığımız varmı? Əlbətdə ki, var! Hər ikimiz ağıllı və şüurlu insanlarıq, iradəmiz var, seçim edə bilirik.
Məcbur deyil ki, biz hamı bir başdan dayanıb, qalaktika kəşf etmək arzusuna düşsün... Amma məhz bu cür, iradəli və savadlı insanları, xüsusən də xanımları görüb, özümüzə bir sualı mütləq verməliyik. Mənim həmcinsim qalaktika kəşf edib, bəs mən nə etmişəm? Nə ilə məşğulam? İntellektual inkişafımda hansı pillədəyəm? Nələrə nail olmuşam həyatda? Bunların neçə faizi şəxsən öz əzmimlə həyata keçib? İndi  mənim həyatımın qayəsi nədir? Övladlarım üçün intellektual mənada nümunəyəmmi? Deyiləmsə, niyə deyiləm? Nümunəyəmsə, daha nələri öyrənməliyəm? Bizim evdə kitab prioritetdirmi? Kiçik də olsa evimizin bir guşəsində kitabxana yarada bilmişikmi? Kitaba pul xərcləyirikmi? Ya elektron(pdf) ya kağız, fərqi yoxdur, həyatımızda Kitab neçənci yerdədir?
 Bu sualları özümüzə həyatımız boyunca mütləq heç olmasa bir dəfə verməliyik və cavabı bizim üçün həyati bir önəm daşımalıdır! 
 Biz hələ “Bu gün nə bişirim?” Sualının qarşısında  aciz bir duruma düşürük, başqaları bizdən 359 milyon  işıq ili uzaqlıqda olan qalaktika kəşf edir!
Yəqin, bəziləri deyəcək ki, əşi mənə qalaktika lazımdır? Neyniyirəm qalaktikanı? Bəli, əzizim, düzünü desəm heç mənə də qalaktika lazım deyil. Nəinki, 359 milyon işıq ili, hətta, 1 işıq ili uzaqlıqda olsa da  mənə də lazım deyil. Amma söhbət hər hansı bir elmi sıçrayışın, kəşfin, ixtiranın bizə lazım olub-olmamasından getmir. Söhbət ondan gedir ki, biz hələ məişət qayğılarından yaxamızı qurtara bilmirik,  dolabda qab-qacağı düzüb, bitirə bilmirik, başqası planetləri düzür...
“Əsas yaxşı adam olmaqdır!” tezisi də var. Bu cür hallarda çox səslənir. Bəli, yaxşı adam olmaq əsasdır. Amma intellektual olmaq, oxumaq, inkişaf etmək, nəinki, özünü, hətta, özündən sonra gələn bir nəslin həqiqətən də savadlı olmasına zəmin yaradır. Savadlı ananın  savadlı övladı olur, savadlı nənə, bir nəslin elm mayakı olur... Sözsüz, istisnalar da ol bilər. Amma çox vaxt elə bu cür olur.
Nə edək, biz də ulduz kəşf edək? Təbii, bu yaşdan sonra çətin məsələdir, amma istəsək ulduz kəşf edən alimləri öz evimizdə yetişdirə bilərik! 
Necə?
Kitab oxumaqla!




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)