VAQİF OSMANLI YAZIR: AZAD QARADƏRƏLİ - 70
Martın 5-i çağdaş Azərbaycan ədəbi mühitində öz mövqeyi, yaradıcılıq üslubu, dəst-xətti olan, 14 romanın, yüzlərlə hekayənin, esselərin, 3 cildlik ədəbi tənqid, təhlil və memuarlar toplanmış "Renesans həsrəti" kitablarının müəllifi tanınmış yazıçı, pedaqoq, esseist, jurnalist, naşir AZAD QARADƏRƏLİNİN 70 illik yubileyidir. Azad müəllimin yaradıcılığını əhatə edən düşüncələrimdən ərsəyə gələn "SÖZÜN AZADI" kitabımdan bir hissə ilə onu təbrik edir, sağlam, mənalı söz ömrü arzulayıram. Onun yeni-yeni əsərlərini gözləyirik. Yaradıcılıq yanğınız, enerjiniz tükənməsin, Azad müəllim!
“SU KİMİDİR SÖZ – MURDARLIQ GÖTÜRMƏZ”
Ədəbi zamanın “strateji yüksəkliyini” fəth edən Azad o müstəsna yazıçılardandır ki, həyatda bütün itirdiklərini də, bütün qazandıqlarını da ədəbiyyatın sərvətinə çevirməyi bacarır.
Rahid Ulusel
Azad Qaradərəli ilahi Vətən sevgili insandır:
“Biz hamımız gəldi-gedərik. Ən uzunömürlü olan Vətəndir, torpaqdır. Onu isə zaman-zaman qanla, tərlə suvarmasan, bar verməz. Kiminin qanından, kiminin tərindən bu torpağa düşəndə, o güclü və uzunömürlü olur. Allah hamımızın ömründən kəsib Vətənimizə versin.”
Azad Qaradərəli, Tehran Əlişanoğlunun təbiriylə desək, riski sevən insandır. Bu risk onun iki dəfə işini itirməsi ilə nəticələnib. Nə olsun, belə rəzil, gülünc əngəllərlə onu dayandırmaq mümkün olsaydı, o, Azad olmazdı. Əsilində “risk” sözünü “cəsarət”in sinonimi kimi anlayıram. Azad müəllim həyat sınaqlarının önündə “dizləri titrəyənlər”dən deyil. Doğulandan ən çox eşitdiyi anasının “qorxma!” sözü olubsa, niyə qorxmalıdır ki?! Qorxsa, ananın ruhu inciyər.
F.Kafkanın əsərlərindən bir məqam yadıma düşdü. Taybatay açılmış darvazanın qabağında dayanan adam içəri daxil olmağa cürət eləmir, bəlkə də “ürək eləmir” desək, daha doğru olar. Bir müddət keçəndən sonra orada var-gəl edən keşikçi qapıları örtür. O isə tərəddüd içərisində inamsızlıqla əvvəlki yerində dayanıb gözünü bağlı qapıya zilləyib. Bir azdan keşikçi qapıları aralayıb, “bu darvaza yalnız sənin üçün açıq qoyulmuşdu, buradan yalnız səni içəri buraxmalıydıq”, - deyir. Bilmirəm o ürəksiz adam həmin anın fəlsəfəsini anladımı? Çətin. Çünki cəsarətsizlər “ürəkli” olmur...
Azad Qaradərəli ürəkli və zəngin insandır. M.Y.Lermontovun təbirincə desək, bir qəlbin tarixi bir ölkənin tarixindən zəngindir. Bunu onun tükənməz həyat enerjisi, yaratmaq eşqi və məhsuldar yaradıcılığı sübut edir. “Yaradıcılıq peşədir. Onu başqa sahələrin ayağına verəndə bu “xəyanət”i bağışlaya bilmir.” Bu Azad müəllimin qənaətidir. Sözə ürəkdən vurulanlar xəyanət bilməzlər. Həqiqətdən qorxan cəsarətsizlərin yazmağa tərəddüd etdikləri həqiqətləri Azad Qaradərəli ürəklə yazır. Ədəbiyyatın güzgüsü həqiqətdir.
Azad Qaradərəli əmindir ki, böyük ədəbiyyatın anaları çoxdur - uğurlu ədəbi nümunələr “sindromların, əzabların döşlərindən əmərək yaranıb...”
“L.N.Tolstoydan - “necə yaşayırsınız?” - soruşduqda: “Allaha şükür, narahat!” - cavabını verərdi.
Məşhur fransız müğənnisi Moris Şevalye səksən yaşı tamam olanda “necə yaşayırsınız?” sualına belə cavab vermişdir: “əla, ələlxüsus da düşünəndə, başqa cür necə ola bilər?”
Azad müəllimin yubileyi öncəsi bir görüşümüzdə bu sualı ona da ünvanladım. Cavabı:
“Mən bütün ömrümü at üstündə yaşamışam. Əvvəl anamın məni qısqılayan hədələri: “Oxuyub adam olmasan, oğul demərəm sənə!” Sonra özümün ağlım kəsəndən oxumaqla paralel işləməyim, kənddə ot biçmək, odun yığmaq, at sürmək(!) və yazmaq, yazmaq...
Ömrümün finişini yenə at üstəyəm - piyadalığı heç sevmədim...
Mən at üstə necə yazdım, əcəba?!”
***
“Duracaq yer” olmayan dünyada üzü Tanrıya öz içindən boylanan Azadın ayağının altındakı daşların çopuru da, çay daşı kimi sürüşkəni də olub... Ancaq ən əsası odur ki, mənalı və əqidəli yolda Tanrısına asi olanlar içərisində üzü dost qapısı Tanrı dərgahına bir yazıçı kimi gedə bilər!” (Teyfur Çələbi).
“Söz libasındadı, dimdik gəzir, ac-acına qalar, amma əzmini, qürurunu xərcləməz, ömrünü xərcləsə belə...”
Azad Qaradərəli özünü belə tanıdır və tanıyır...
04.03.2023