Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - KVADRATBAŞLARIN DÜNYASI

VAQİF OSMANOV - KVADRATBAŞLARIN DÜNYASI

VAQİF OSMANOV - KVADRATBAŞLARIN DÜNYASI
Ədəbi tənqid
nemət
Müəllif:
20:27, 18 aprel 2020
1 365
0
VAQİF OSMANOV - KVADRATBAŞLARIN DÜNYASI




 

O gün dostumuz Nemət Mətin məni "Yeni dünya"ya dəvət etdi. Yox, nə çay evidi, nə kafedi "Yeni dünya". Dünyamızı çənginə alan Taclıbəyim dünyanı o qədər bulaşdırıb, bizim gözümüzü qorxudub ki, kafe, restoranın yollarını unutmuşuq. Taclıbəyim öldürən "gözəl"di, sevib-sevdirən yox. Hə, Nemətin yeni dünyası bilirsiniz haradı? 34 il əvvəl öldürücü şüalarla insanlığa qənim kəsilən məşhur cəhənnəm Çernobıl. Bu gün isə dünyanın gül bülbülü, bülbül gülü çağıran tərtəmiz cənnəti.

"İnsan ayağı dəymədiyindən yaşıllaşan" Çernobıla çağırır bizi Nemət. Sən demə, cənnət insan nəfəsi, ayağı dəyməyən yerlərmiş. Azadlıq da oradaymış, gözəllik də, ədalət də. Quşlar, ağaclar çox adil hökmdarmış, Azadlıq hökmdarı...

İnsan əliylə dünyaya gələn Taclıbəyim bizim sinəmizə çöküb "əcəl himni" oxutdurur. İnsanlığın "əcəl xoru"nda hamımızın ölgün səsi aydınca eşidilir, kim öz naləsini tanımır ki? Bu "cırtdan gözəl" mikroskopla zorla görünür, fil boyda olsaydı neylərdi, görəsən?...

Görəsən, "mis kəşf olunandan, misin korroziyasından sonra rəngini bildiyimiz göylər də belə "gözəl" ölüm kabusu içindədirmi? Orada da Taclıbəyimlər varmı? Göylərdən xəbər verən Qaqarinlər də qeybə çəkilib, kisə yox soruşaq. Göylər bizi qəbul edərmi? Göylərə getsək oranı da yerlər kimi it gününə salacağıq yəqin ki. Buna şübhə yoxdur. Yerdə bircə təmiz ada qalıb - Çernobıl. Nemətin dəvətini qəbul edib oraya gedirəm. Oranı da pis günə qoyub geri qayıda biləcəyəmmi?Yerdə insanlar etibarını itirib. Sərxoş, ayaqları sözünə baxmayan adama yaxınlaşıb yerdən qaldırmağa da qorxuruq, birdən onun sevgilisi Taclıbəyim olar, bizə qısqanar sərxoş sevgilisini, üzümüzə asqırar. Taclıbəyim Əzrayıl deyil ki, qapını asta-asta tıqqıldadıb aça və deyə: "gəlmişəm". Çox "qansız gözəl"di. Səssiz-səmirsiz küçədə qoluna girir və "səni sevirəm" söyləyir. Hünərin var sevmə...

Nemətin "mən"inin sualı məni tərsinə vurulmuş solaxay şillə kimi ayıltdı:

"Görəsən ömrü boyu insanlıq üçün heç nə etmədən yüz il yaşamaq dəyərlidir, yoxsa otuz yaşda nəinki bir neçə insana, hətta bir ölkənin vətəndaşlarına yardım edərək cavan ölmək?".

Bilirəm, Nemət bu sualın cavabını yaxşı bilir. İnanıram ki, cavabımız üst-ustə düşəcək, sualın ikinci hissəsini bizimlə həmfikir olanlar təsdiqləyəcək. "Bunu bizə Taclıbəyimin "dərs"ləri öyrətdi. Buna görə Taclıbəyimin sevgisinə "hə" deyə bilərik. Ölüm boğazımızı qıdıqlamasa ağıla gələn deyildik. Ağıllandıqmı? Hələ dəqiq bilmirəm. Taclıbəyim bizi "boşayandan" sonra hər şeyi unudub hər kəs öz "hava"sını oynadacaq oynamaq həvəsi olmayan fağırlara. Təki içimizdəki İnsanlığı veməyək Taclıbəyim "gözəl"in ağuşuna...

Əminin danışdığı hekayə doğrudan da ibrətamizdir. Amma "Ac həriflər"də deyildiyi kimi, "noolsun?". Nə qədər belə müdrik hekayələr uydursaq da , uydurduğumuz lap elə həqiqət olsa da, Yumrubaşların başı düzəlmir ki, düzəlmir. Düşünməyə əziyyət çəkən Yumrubaşlar Kvadratbaşlara çevrilir, robotbaş oluruq. Qananın da, qanmayanın da əmrinə quluq, mütiyik, köləyik, dahi Sabir demişkən, "Dinmə!" deyiləndə dinmirik. Ağlamağı "pəpə, məmə" istəməyi də bacarmırıq. Robotbaşıq axı...

Nemətin "mən"i düz vurğulayır: "Robotun nifrət hissi, dünyanı ələ keçirmək istəyi, yıxmaq, öldürmək məqsədi olmur", insanlardan fərqli olaraq...

Belə getsə bu çeşid-çeşid mənfi xasiyyətləri də öyrədəcəyik robota, hətta söyüş söyməyi də .

Robotun başı kvadrat olsa da, Yumrubaş kimi düşünməyəydi, kaş...

Yeni dünyamız Çernobıl kimimi olacaq, Nemət? İnsansız, insanlıqsız...

 

16.04.2020.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)