Edebiyyat.az » Ədəbi tənqid » Rey Bredberi - "Yazıçılıq sənətində dzen"

Rey Bredberi - "Yazıçılıq sənətində dzen"

Rey Bredberi - "Yazıçılıq sənətində dzen"
Ədəbi tənqid
admin
Müəllif:
21:39, 29 dekabr 2020
2 207
0
Rey Bredberi - "Yazıçılıq sənətində dzen"



Həyat ağacına necə çıxmalı, özünə necə daş atmalı və yerə düşərkən, boynunu necə sındırmamalı və ruhdan necə düşməməli. Adı kitabın özündən uzun olan ön söz.
Bəzən mən, doqquz yaşımda olarkən, tələyə düşməmək və ələ keçməmək bacarığımı xatırlayıb, yaxşı mənada sarsılıram.
1929-cu ildə, 4-cü sinifdə oxuyan oğlan uşağı məktəb dostlarının istehzasına görə  necə oldu ki, Bak Rocersli komiksləri cırdı, bir ay sonra isə anladı ki, dostları geri qalmış adamlardı, və yenidən kolleksiya yığmağa başladı?
Bu güc və düşüncə hardan peyda olmuşdu? O zaman yaşadığım hansı həyəcanlar “mən sanki ölüyəm” demək cəsarətini verdi? Məni kim öldürürdü? Nədən iztirab çəkirəm? Və necə sağalım?
Şübhəsiz, bu suallara cavab vardı. Mən xəstəliyimi aşkar etdim: öz əllərimlə komiksləri çırdım. Sonra dərman tapdım – heç nəyi vecimə almadan yenidən kolleksiya yığmağa başladım.
Belə etdim. Və sağaldım. Müqavimət üçün gücü, həyatımı dəyişdirmək və hamı kimi olmamaq üçün iradəni hardan tapmışdım?
Şişirtmək istəmirəm, amma deyim ki, kimliyindən asılı olmayaraq, bu doqquz yaşlı oğlan çox xoşuma gəlir. Bu oğlansız mən sağ qalmazdım və indi bu kitaba ön söz yazmazdım.
Əlbəttə, çox şey mənim Bak Rocersi dəlicəsinə sevməyimdən irəli gəlirdi.  Mənə ağır idi ki, mənim sevimli qəhrəmanım,  həyatım məhv edilir. Sanki sənin ən yaxın dostun, ciyər paran, həyatının mənası olan kəs birdən birə boğulur və ya güllə ilə vurulur. Həlak olmuş dostları məzardan qurtarmaq mümkün deyil. Amma mən Bak Rocersə ikinci həyatı verə bilərdim! Və mən ona süni nəfəs verdim, o dirildi və dedi: “Bilirsən nə var? Qışqır. Hoppan. Oyna. Bu it uşaqlarını qayır. Onlar heç vaxt sənin kimi yaşaya bilməyəcəklər. Bəli. İrəli!”
Mən komiksləri toplayırdım, səyyar sirklərə və Ümumdünya sərgilərinə aşıq olurdum, və yazmağa başlayırdım. Soruşa bilərsiz, yazıçılıq nə öyrədir?
Birincisi, yazıçılıq xatırladır ki, biz sağıq, həyat – bir hədiyyədir, hüquq deyil. Əgər bizə həyatı bəxş ediblərsə,  bədəlini ödəməliyik. Həyat əvəz istəyir, cünki bizə böyük bir nemət – canlılığı vermişdir.
Qoy incəsənət bizi müharibələrdən və məhrumiyyətlərdən, paxıllıqdan, xəsislikdən, qocalıqdan və ölümdən  xilas edə bilməsin, amma o, bizə heç olmasa güc verə bilər.
İkincisi, yazıçılıq – sağ qalmaq məsələsidir. İstənilən sənətə, istənilən yaxşı əsərə də bu şamil edilir.
Bizim əksərimiz üçün yazmamaq – ölmək deməkdir.
Hər gün silahlanırıq, hərçənd bilirik ki, döyüşü sona qədər uda bilməyəcəyik, amma yenə də döyüşmək lazımdı, gücün yetənə qədər. Qalib olmaq cəhdi hansısa mənada hər günün sonunda qələbə deməkdir. Bir pianoçunun sözlərini xatırlayaq: “Bir gün məşq etməsəm, özüm eşidəcəyəm. İki gün məşq etməsəm, tənqidçilər eşidəcək. Üçüncü gün bunu bütün zal eşidəcək”.
Bu fikir yazıçılar üçün də keçərlidir. Əlbəttə, bir neçə gün yazmasan, sənin üslubun formasını itirməyəcək. Amma bilirsən nə olacaq? Dünya səni haqlayıb, ram etmək istəyəcək. Hər gün yazmasan, zəhər tədricən yığılaraq, səni məhv edəcək, və ya dəli olacaqsan. Yaradıcılıqdan məst olmaq, doymaq lazımdır, o zaman reallıq səni məhv etməz.
Çünki yazıçılıq sənin həzm edə biləcəyin qədər düzgün miqdarda  həyat doğruluğunu verir ki, sən bunu  qəbul edə biləsən.
Səyahətlər zamanı  anladım ki, hər gün yazmasam, özümü birtəhər hiss edirəm. İki gün yazmasam – məni üşütmə tutur. Üç gün – mən dəli olmaq həddinə çatıram. Dörd – mən ilan çalmış kimi, qıvrıla qıvrıla qalıram. Çap  makinasında bir saat  yazdığım zaman həmən gümrahlanıram. Artıq ayaqüstəyəm. Cin vurmuş kimi, dövrələyir və təmiz corab tələb edirəm.
Bu kitabda nədən bəhs ediləcək?
Axşama qədər sağ qalmaq üçün hər səhər bir çimdik zəhər qəbul edin. Qürubda – gün doğana qədər sağ qalmaq üçün yenə bir çimdik. İndi qəbul edilmiş mikrodozalı zəhər, gələcəkdə zəhərlənməmək üçün bir hazırlıqdır.
Həyatın qaynarında iş – həmin dozadır. Biz, doğmalarımız və dostlarımız, qəzet və televiziya vasitəsilə bizi sarsıdan dəhşətlər və dərdlərlə barışmaq üçün həyatın gözəl və nəcib hadisələrinə önəm veririk.
Dəhşətləri inkar etmək mümkün deyil. Kimin xərşəngdən ölmüş dostu olmayıb? Kimin ailəsində avtoqəzada ölüm hadisəsi, və ya xəsarət alanı olmayıb? Belə insanlar yoxdur.
Mənim yaxın çevrəmdə bir neçə qohumum və dostum avto qəzalarda həlak olmuşlar. Siyahı sonsuzdur, və yalnız yaradıcılıqla bu sonsuzluğa müqavimət göstərmək olar.
Bu o deməkdir ki, yaradıcılıq şəfa verir. Tam olmasa da. Sən heç vaxt  sevdiyin və itirdiyin insanların ölümü ilə barışa bilməyəcəksən.
Bunu deyə bilərəm: sağalmaq üçün ölümlə rastlaşarkən, yaradıcılığa tam baş vurmaq lazımdır. Keçmişdə yaşamış bütün sənətkarlar bunu yaxşı bilirdilər.
Burda toplanmış esseləri  müxtəlif vaxtda, 30 il ərzində yazmışam. Onların hamısında  bir həqiqətin əks-sədası duyulur – özünü partlayış kimi qəfildən aşkar etmənin və içindəki quyunun dərinliyinə valeh olmanın həqiqəti.
Hər səhər yuxudan oyanan kimi mərmiyə ayaq basıram. Bu mərmi – mən özüməm. Partlayandan sonra bütün gün ərzində özümü yığıram.
İndi növbə sizindir. Qalxın!


Yazıçılıq sevinci


“Həvəs”. “Həzz”. Bu sözləri nadir halda eşidirik. Bu sözlərlə yaşayan və yaradan insanlar da azdır.  Soruşsanız ki, sizi uzaqlara aparan yazıçının vasitələrində ən vacib tərkib nədir, deyərəm: onun coşqusu, gördüyü işdən həzz alması.
Hər kəsin sevdiyi yazıçılar var. Mən Dikkensi, Tveni, Vulfu, Şounu və başqalarını sevirəm. Onların hər birinin ehtirası, iştahı, istəkləri olmuşdur. Bu insanlar xırda və böyük  əsərlərin yaradılması sevincini yaşamışlar. Onlar bilirdilər ki, yaratmaq sevinci nədir. Bəzən  əsər yaratmaq asan olmurdu; onların şəxsi həyatlarında nələrin baş verməsi vacib deyil. Vacib olan onların əllərinin, ağıllarının əsərlərdə yaratdıqlarıdır, həmin əsərlərin fitri enerji və intellektual əzmlə doldurulmasıdır. Hətta nifrəti və ümidsizliyi onlar sevgi vasitəsilə ifadə edə bilmişlər.
Bunların hamısının hekayə yazmaqla nə əlaqəsi var? Əlaqə budur ki, əgər siz coşqusuz, sevgisiz, sevincsiz yazırsınızsa, siz bir yazar kimi yarımçıqsız. Bu o deməkdir ki, siz bir gözünüzlə alver bazarına, və ya avanqard qruplaşmaya baxırsız, və  daha özünüzə məxsus deyilsiz. Çünki yazıçı – sənətinə dəli kimi bağlı olmalıdır, o heyranlıqdan və yazı coşqusundan titrəməlidir. Belə yanma yoxdursa, yazıçı başqa işlə məşğul olmalıdır – qoy meyvə yığsın, arx qazsın, bu ona daha xeyirlidir.
Əsil sevginizi, əsil nifrətinizi nə zaman hekayə şəklində kağıza axıtmısınız?  Sonuncu dəfə nə zaman öz qərəzli fikrinizi azad edərək, kağıza bir şimşək kimi çırpmısınız? Həyatınızda ən yaxşı nədir, ən pis nədir, və bu haqda dünyaya pıçıltı və ya tam səslə, ürəkdən nə zaman demisiniz?
Məgər möcüzə deyilmi ki, bir gün diş həkimində olarkən, əlinizdəki bir dərgini kənara atıb, çap makinasına cumdunuz və öz coşqunuzu, əsəbinizi və iradınızı bildirdiniz. Nə vaxtsa mən belə etmişdim. “Bazaar” dərgisində fotoqraflar  insanların guya bərabər olduğunu nümayiş etdirmək üçün puertorikan gecəqondularından dekorasiya kimi istifadə edərək, arıq model qızların şəkillərini çəkirdilər. Bu fotoqraflar məni elə qəzəbləndirdilər ki, mən qaçıb çap makinası arxasında əyləşdim və “Günəş və kölgə” hekayəsini yazdım. Hekayə bir qoca puertorikalı haqqında idi, o, “Bazaar” dərgisinin fotoqrafının gününü qara edərək,  şalvarını aşağı salıb çəkilişlərə mane olurdu.
Son dəfə bax bu cür – yalnız qəzəbli etirazdan doğan bir hekayəni nə zaman yazmısınız? Son dəfə sizi gecə gəzintisi zamanı polis nə vaxt saxlayıb? Məni – tez-tez. Nəhayət, qəzəblənib, “Piyada” hekayəsini yazdım. Əlli il sonrakı dövrü təsvir edən hekayədə televiziyanın göstərdiyi deyil, əsil reallığı görmək, və süni hava ilə deyil, əsil hava ilə nəfəs almaq istəyən insanın həbs edilib ruhi xəstəxanaya yerləşdirilməsindən danışılırdı.
Beləliklə, mənim sadə tövsiyəm belədir. Dünyada ən çox istədiyiniz nədir? Nəyi sevirsiniz, nəyə nifrət edirsiniz?
Özünüzə oxşayan personajı yaradın. Ona əmr edin: qaç. Sonra da onun arxasınca yüyürün. Sevgi və ya nifrətlə dolu personaj özü sizi hekayənin sonuna gətirib çıxaracaq. Bu məsləhətlər sənətə yiyələnmiş, yəni qrammatikanı bilən və kifayət qədər ədəbiyyat biliklərinə malik olan yazıçılara aiddir, həmçinin yeni başlayanlar üçün də keçərlidir, hərçənd onlar texniki səbəblərdən yolda büdrəyə bilərlər. Bu zaman yenə də ehtiras köməyə gələr.
Deməli, hər hekayənin tarixçəsi hava məlumatı kimi oxunmalıdır: bu gün istidir, sabah hava sərin olacaq. Bu gün evi yandır. Sabah közərən kömürə tənqidin soyuq suyunu tök. Sabah düşünmək, düzəlişlər etmək, yenidən köçürmək üçün kifayət qədər vaxt olacaqdır. Bu gün isə alış – yan – partla! Sonrakı 6-7 qaralama əsil işgəncə olacaq. Odur ki, ilkin yazıdan niyə həzz almayasınız?
Vacib deyil ki, böyük tonqal yansın. Kiçik bir alov da kifayətdir: tramvay kimi mexaniki möcüzə, və ya səhər-səhər otluqda dovşan kimi atılıb düşən bir cüt tennis çəkməsi. Kiçik sevgiləri və xırda bəlaları axtarın, tapın və sözlərlə ifadə edin. Dadına baxın, kağıza dadızdırın. 
Tomas Vulf  insanlığı udub lava püskürürdü. Dikkens hər saat  başqa masa arxasında nahar edirdi. Molyer dünyanı dərk edib, cərrah bıçağına əl atırdı. Hara baxsanız, ədəbiyyat kosmosunda dahilər sevirlər və nifrət edirlər. Siz bu əbədi dəyərləri köhnəlmiş sayaraq, əsərlərinizdə onlardan imtina etmisiniz? Deməli, özünüzü həzzdən məhrum etmisiniz. Sevmək və sevilmək həzzindən, qəzəb və peşmanlıq həzzindən, beşikdən məzara qədər aparan rəqsli maskarada aludə olmaq həzzindən. Həyat qısa, iztirablar  mümkün, ölüm - qaçılmazdır...
1973
Qaçanda bərk qaç, dayananda – donub qal, və ya çardaqda əjdaha, və ya köhnə zəkanın yeni kabusları
Qaçanda bərk qaç, dayananda – donub qal. Istənilən canlıya baxın, eyni şeyi görəcəksiniz. Qaç, hoppan, dayan. Bir an içində yüksəlmək, qamçı zərbəsi kimi qəfildən yerindən qopub qaçmaq; bu an – həyatdasan, gələn an – yoxsan... Məhz buna görə yerdə həyat tükənmir. Xilas olmaq üçün həyat qaçmayanda, o donur. Baxın, cənnət quşu! Göründü və yox oldu! Fikir də belədir – peyda olub qeybə çəkilir.
Yazıçı  kərtənkələdən, quşlardan nə öyrənə bilər?  Bunu: həqiqət sürətdədir. Nə qədər sürətlə sözləri axıdırsansa, nə qədər sürətlə yazırsansa, o qədər dürüstsən. Donub qalanda  üslubu cilalayırsan. Sürətli qaçışlar arasında fasilələrdə bəs nə etməli? Buqələmun kimi bir çalardan digərinə keç, ətrafınla birgə dəyiş. Daş ol, toz içində qal, yağışla dolu çəlləkdə gizlən.  Və bütün bunlardan sənin ilk yazıçı uğurun alınacaq. Hekayəni çap edib 20 dollar ödəyəcəklər.
Oxucuların sümüyünə qədər təsir edən yeni ədəbiyyat növü nədən başlanır?
Adətən, onu təsadüfən əldə edirsən. Özün də bilmirsən, nə edirsən, birdən – bax, budur! Ədəbiyyatda inqilab etməyi düşünmürsən. Sənin yaratdığın öz həyatından və gecə qorxularından doğur.
İstənilən yazıçının istənilən janrda problemi – mövzuların dar çərçivəsində qalmağıdır. Mən Dikkensin, Edqar Ponun qorxulu hekayələri ilə böyümüşdüm, bu müəlliflərin təsiri ilə hekayələr yazırdım, yazdıqlarımın dili ağır və yöndəmsiz idi. Mən gənc idim, yamsılamaya aludə olmuşdum.  12 yaşımdan etibarən hər gün ən azı min söz yazırdım. İllər ərində arxamda Po, Uels, Berrouz və dərgilərdə nəşr edilən digər yazarlar dayanmışdı. Onları sevirdim, onlar  da məni həzm edirdilər. Sərbəst söz assosiasiyalarını kəşf edəndən sonra mən yamsılamanın mərmi dolu sahəsi ilə getməyi öyrəndim. Anladım ki, partlasan da, gərək öz sevinc və kədərindən partlayasan.
Mən sevdiyim və nifrət etdiyim nə vardısa, onlar haqqında kiçik qeydlər yazmağa başladım. 20-21 yaşımda mən hələ də özümü axtarırdım. Və 22 yaşımda  tapdım. Bir dəfə nahardan sonra makina arxasına keçib vərəqdə “Göl” sözünü yazdım və cəmi 2 saat ərzində hekayəni bitirdim. Hekayə sona çatanda burnumdan damcılar axırdı, saçlarım da biz-biz idi. Niyə? Həmən an anlamışdım ki, yaxşı bir hekayə yazmışam. On ildə ilk dəfə olaraq. Hekayəni ədəbiyyat agentinə göndərdim və 20 dollar qazandım. Sonralar 40 il ərzində “Göl” hekayəsi dəfələrlə çap edildi. 
Amma mən gənc olduğum üçün kəşfimə fikir vermədim, yenə də yamsılamaqda davam etdim. Elmi-fantastik hekayələrim pis idi, dedektivlərim isə dəhşətdi. Həmin illər mən isim və təyinlərdən ibarət uzun siyahılar tuturdum, sonralar həmin siyahıdakı sözlər mənə çox kömək etdi. Məsələn, göl, gecə, böcək, çardaq, zirzəmi, çağa, izdiham, gecə qatarı, dumanda fit, otkəsən, sirk, cırtdan, güzgülü labirint, skelet...  Bu isimlər çoxluğundan mən hekayələr yazırdım. İllər ərzində hekayə yaza-yaza siyahıları doldururdum. Mənə 40 il lazım oldu ki, dedektiv/triller/fantastika janrını öyrənib “Ölüm – tənhalıqdır” romanında onu işlədim.
Bu siyahılar niyə lazım idi? Sözlər ağlıma gəldikcə, onları unutmamaq üçün siyahılaşdırırdım. Siyahıdan bir söz seçib onun haqqında poema və ya esse yazırdım. Təxminən birinci səhifənin ortasında şeir hekayəyə çevrilirdi. Qəfildən personaj peyda olub “Bu mənəm” deyirdi, sonra da hekayəni mənim əvəzimə tamamlayırdı. Məsələn, “qarı” sözü iki hekayə yaratdı. “Bir qarı vardı” hekayəsində ölmək istəməyən qoca qadın cəsədini geri tələb edirdi, “İnanmamaq mövsümü” hekayəsində isə bir qarının nə vaxtsa cavan, gözəl qız olduğuna inanmayan uşaqlardan danışılırdı.
Görürsünüz, müşahidələr, fantaziyalar, qəribə fikirlər öz bəhrəsini verir. İdeya olarsa, hekayə tez yazılır. Siyahıdakı “çağa” sözü mənim özümə aiddir. Mən o dəhşəti xatırlayıram. Necə doğulduğumu bilirəm. Xatırlayıram ki, üçgünlük çağa beşikdə ağlayaraq, soyuq, təzyiqli dünyaya gəlişinə etiraz edirdi. Anamın sinəsini xatırlayıram. Məni sünnət etmək üçün əlində cərrah bıçağını tutan həkimi xatırlayıram. Bəli, hər şeyi xatırlayıram. Bütün bu xatirələr “Balaca qatil” hekayəsində istifadə edildi.
Siyahımda “damdakı əjdaha” sözləri vardı. Mən balaca olanda, İlinoysda yaşayırdıq, ayaqyolu isə evin yuxarı mərtəbəsində idi. İşığı yandırmaq üçün gərək dəhlizin ortasına qədər gedəydin. Atamdan xahiş edirdim ki, işığı söndürməsin, amma elektrik baha olduğuna görə işığı gecələr söndürürdülər. Gecə oyanıb ayaqyoluna getmək istəyirdim. Yarım saat yataqda əziyyət çəkirdim, ağrı məni məcbur edirdi ki, yataqdan qalxıb qaranlıq dəhlizə gedəm. Mənə elə gəlirdi ki, yuxarıda bir əjdaha var. Ona görə özümü məcbur edirdim ki, dəhlizdə qaçaraq işığı yandırana qədər yuxarı, əjdahanın olduğu yerə baxmayım.Amma hər dəfə həmin yerə baxıb qorxudan bağırırdım, yatmış valideynlərimin yanına qaçırdım. Atam deyinirdi ki, niyə belə qorxaq oğlu var. Anam mənimlə ayaqyoluna gedirdi, dəhlizdə gözləyirdi, sonra göz yaşları ilə sulanmış üzümdən öpüb titrəyən bədənimi yatağa qoyurdu. Bu hadisə hər gün təkrar edilirdi, hətta illər sonra mən çardaqdakı əjdahanı unuda bilmədim. 40 il sonra həmin əjdaha haqqında hekayə yazdım.
Hər kəsin öz əjdahası var. Bir gün o, aşağı enə bilər...
1986


İlham pərisini necə tutmalı və qidalandırmalı


Bu asan deyil. Kim ilhamı tutmağa daha çox çalışırsa, ilham pərisi ondan uzaq qaçır. Kim ilham pərisinə arxasını çevirib zümzümə edə-edə öz işiylə məşğul olursa, ilham pərisi onun ardınca gizlicə gəlir.
İlham pərisi hardan gəlir və hara gedir? Onu necə tutub saxlamaq olar? Əminliklə deyirəm ki, ilham pərisini tutub saxlamaq üçün onu qidalandırmaq lazımdır, qonağı qarşıladığımız kimi, ona qulluq etmək lazımdır. Həyatımz boyu biz səsləri, görüntüləri, qoxuları, dadları – insanları, təbiəti, hadisələri özümüzə hopduraraq, təhtəlşüurda yığıb saxlayırıq. İlham pərisinin qidası bax, budur. Təhtəlşüur yazıçının ilham pərisidir. Hər insan həyat təcrübəsi, hissləri, xatirələri ilə fərqləndiyi üçün eyni hadisəni fərqli görürük, fərqli təsvir edirik.
Hər insan maraqlı və orijinaldır, sadəcə onu dindirməyi və anlamağı bacarmaq lazımdır. Ömrüm boyu mən atamla soyuq münasibətdə olmuşam. Amma ondan keçmiş haqqında danışmağı xahiş edəndə,  atamın səsi tədricən dəyişirdi, onun hekayətlərində ritm, məna, həqiqət, və əsil poeziya duyulurdu, çünki atam ilhama gəlirdi, həqiqət onun içindən çıxıb axırdı. 
Yazıçılar hər kəsdən – kişidən, qadından, uşaqdan bu səmimiyyəti, nəqletmə səmimiyyətini öyrənməlidirlər. Bəli, çoxu bunu bacarmır, nitqi kəsaddır, fikirlərini rəvan şəkildə ifadə edə bilmir. Amma mən anaların ilk övladları haqqında söhbətini eşitmişəm, mən nənələrin gənc qız olarkən rəqs gecələrində iştirakına dair xatirələrini dinləmişəm, qatar maşinistlərinin Amerika haqqında fikirlərini bilmişəm – onların hamısı bu hekayətləri nəql edərkən, əsil şair idilər.
Məndən soruşanda ki, ideyaları hardan tapıram, gülməyim gəlir. Axı ilham pərisi – bizim içimizdədir, təbiətimizdədir. Bilirik ki, daxilimizdə əcdadlarımızın, dostlarımızın  naxışlı izi var, və bir yanlış söz, və ya qəfil səs bu naxışı dağıdır.
Bəs nə etməli? İlham pərisini necə qidalandırmalı?
Hər gün şeir oxuyun. Poeziya beyin əzələlərini məşq etdirir, hisslərimizi açır və onları tonusda saxlayır.Poeziya – qatılaşmış, sıxlaşmış metaforadır, müqayisədir. İdeyalar bütün kitablarda səpələnmişdir, onları tapmaq lazım. 
“Qürubda sahil” hekayəm Robert Hillerin su pərisi haqqında şeirindən doğmuşdur. “Mülayim yağış” hekayəm Sara Tisdeylin yağış haqqında şeirindən yaranmışdır. Bayronun “Əvvəlkitək ay işığı gümüşləyir ətrafı” misralarından “Mars xronikaları” adlı romanımın fəsilləri peyda olmuşdur. Hər oxuduğum kitabda rast gəldiyim metaforalar məni valeh edir və hekayə yazmağa həvəsləndirirdi.
Hansı poeziyanı oxumalı? Sizi sarsıdan, riqqəyə gətirən istənilən şeiri oxuyun. Özünüzü məcbur etməyin, mütaliədən həzz almağa çalışın. Bizə daha nə lazımdır? Esse kitabları. Ağılla seçin, keçmişdə yazılmış kitabları rədd etməyin, formanı, rəngi, duyğuları daha yaxşı dərk etməyə təkan verən kitabları oxuyun. Niyə bu vacibdir? Çünki əgər siz oxucunu yaratdığınız dünyaya inandırmaq istəyirsinizsə, siz onun bütün hisslərinə təsir etməyi bacarmalısınız. Əgər oxucu, dərisində günəşin istisini hiss edirsə, küləyin sərinliyini duyursa, deməli, düz yoldasınız. Ən ağlasığmaz hadisələr o zaman inandırıcı görünür ki, oxucu özünü həmin hadisələrin içində hiss etsin.
Bəs roman, hekayə necə? Əlbəttə, onları da oxumaq lazımdır, lakin çalışın sizdən fərqli yazan və fərqli düşünən yazıçıları oxuyasınız. Bizim mədəniyyətimiz həm zir-zibillə, həm də əsil xəzinə ilə doludur. Zibili xəzinədən ayırmaq asan deyil, çünki insanlar öz fikirlərini bildirməkdən ehtiyat edirlər.  Mən məhz xəzinələri tapmağa çalışırdım. 60-cı illərdə O.Hakslini oxuyurdum, mən Tomas Vulfdan və C.Orueldən öyrənirdim, Berrouzun “Tarzan”ı məni valeh edirdi, mən Bertran Rasseli və Tomas Miksi tanıyırdım, daim çalışırdım irəli gedəm, artam, öyrənəm. Hər yaşın öz kitabı var, amma mən uşaqlıqda oxuduğum kitablara heç vaxt arxa çevirməmişəm, oxuduqlarım həmişə mənimlə qalmışdır.
Beləliklə, ilham pərisinin qidalandırılması  - macəra və maraq arxasınca sonsuz bir qaçışdır. Heç nə itmir – keyfiyyətsiz radio səhnələri, yaxşı tamaşa, uşaq şeirləri və ya simfoniya – hər şeydən yeni nəsə doğulur.
Və pul xətrinə həyatınız boyu topladığınızdan üz çevirməyin. İntellektual jurnallarda çap edilmək xətrinə sizdə olan, bişən materialdan imtina etməyin. İlham pərisini tutub saxlamaq üçün doyumsuz həyat eşqi olmalıdır.  İlhamın quruluşu olmalıdır. Bunun üçün 10-20 il ərzində hər gün min söz yazmaq, qrammatikanı, süjeti qurmağı öyrənmək lazımdır.  Dolğun həyat yaşayaraq və onu müşahidə edərək, kitab oxuyaraq və oxuduqlarının içinə girərək siz öz təkrarolunmaz “mən”inizi  qidalandırırsınız. Yazıçılıq sənətini inkişaf etdirərək, ilham pərisini hər an qarşılamağa hazır olursunuz. İlham pərisi münaqişəni, toqquşmanı, səs-küyü sevir. Yazarkən, qəhrəmanları döyüşdürün, bu o demək deyil ki, sakit əhvalatlar lazım deyil, əksinə, sakitlikdə bəzən həyəcanlı ehtiraslar gizlənir. Əmin olun: əgər siz əsil sevgini duyursunuzsa,  səmimi qəlbdən valeh olursunuzsa, həyəcanınız gah artır, gah azalırsa, nifrətiniz tüstülənirsə, demək, yaradıcı uğur daim sizinlə olacaqdır. Yaradıcılığın nüvəsi sizin hekayətin və qəhrəmanın nüvəsidir. Qəhrəman nə istəyir, nəyi xəyal edir, özünü necə göstərir?
Böyümək (inkişaf) üçün yaxşı qidalanmaq lazımdır. Öyrəndiklərinizi qoruyub saxlamaq üçün daim işləmək lazımdır. Təcrübə. Zəhmət. Sözlər poeziyaya çevrilir. Zaman burdadır. Sevgi burdadır. Hekayət burdadır. Doymuş adam özünün əbədiliyini qoruyub saxlayır və başqalarına ötürür. Bu əbədilik yay gecəsi nəhəng görünür. O həmişə nəhəng olmuşdur, çünki nəsə demək istəyən, və demək istəyənə qulaq asmaq istəyənlər həmişə var.


Yekun
Yadda saxladığım ilk kinoaktyor: Lon Çeynidir. İlk rəsmim skelet idi. İlk həyəcanlı marağım İlinoysda yay səmasındakı ulduzlardır.
İlk oxuduğum fantasik hekayələr “Amazing” jurnalındakı hekayələrdir.
11 yaşımda gələcək sənətimi seçdim. Fokusçu olmaq və bütün dünyanı gəzmək istəyirdim.
12 yaşımda mənə oyuncaq çap makinası hədiyyə etdilər və mən yazıçı olmaq qərarına gəldim. Amma yazıçı olana qədər 8 il keçdi, bu illər ərzində mən məktəbi bitirdim, Los-Ancelesin küçələrində qəzet satdım və 3 milyon söz yazdım.
İlk hekayəm  mən 20 yaşda olarkən çap edildi. O vaxtdan etibarən 250 hekayəm ABŞ-ın bütün jurnallarında işıq üzü gördü.
Kağız üzərində yeni dünyalar yaratdım və anladım ki, müəyyən mənada mən fokusçuyam.
Qısası, mən kütləvi əyləncə dövrünün hibrid törəməsiyəm, Nyu-York izdihamında tənhalığın rəmziyəm. 
1961


Velosiped sükanı arxasındakı sərxoş
1953-cü ildə mən “The Nation” jurnalı üçün elmi-fantastik əsərlərimin müdafiəsinə həsr edilmiş  məqalə yazdım. Bir neçə həftə sonra İtaliyadan B.Berensondan məktub gəldi. Berenson (incəsənət tarixçisi) yazırdı: “Hörmətli cənab Bredberi, 89 yaşımda ilk dəfə olaraq, sevdiyim sənət adamına məktub yazıram. Sizin məqalənizi oxudum və ilk dəfədir ki, fantaziyanı həyatla dolduran və bu prosesdən macəra yaşayırmış kimi həzz alaraq, işləyən sənətkara rast gəlirəm. Peşəkar yazıçılığı ağır sənayeyə çevirmiş işçilərin ah-naləsinə tam zidd olan bir fikir!”  
Beləliklə, 33 yaşımda mənim ikinci atam sayıla biləcək insandan xeyir-dua aldım. Hamının belə xeyir-duaya ehtiyacı var, kimsə, bizdən daha müdrik, daha yüksək birisi bizə deməlidir ki, biz dəli deyilik  və nə ediriksə, düz edirik! Bu normaldır və gözəldir!
Axı inamsız olmaq asandır - ətrafdakı yazıçıları, intellektualları görəndə, xəcalət çəkirsən, nədənsə hamı elə bilir ki, yazıçılıq – ağır, istirablı, məşəqqətli zəhmətdir, dəhşətli məşğuliyyətdir. Amma mənim üçün belə deyil. Mənim hekayətlərim özləri məni aparırdı, onlar məni çağırırdılar, mən gedirdim. Onlar qaçıb məni dişləyirdilər, mən hiss etdiyimi yazırdım. Hekayəni tamamlayanda, ideya dişlərini məndən çəkib uzaqlaşırdı.
Bax, beləcə yaşayırdım, sərxoş velosipedçi kimi. Bəli, mən həyat sərxoşu idim, bilmirdim hara gedirəm. Amma gedirdim, yolun yarısı dəhşət, yarısı  riqqət olsa da.
9 yaşımda Bak Rocers peyda oldu və mən onu sevdim. Mən onun haqqında qəzet məqalələrini yığırdım və sevgidən dəli olurdum. Dostlarım bu sevgini anlamırdılar. Mənə gülürdülər. Mən Bak Rocersli komiksləri cırıb atdım. Bir ay məktəbə getdim, amma özümü ölü kimi hiss edirdim. Bir gün acı-acı ağladım və özümdən soruşdum ki, niyə belə bədbəxtəm. Özüm də cavab verdim – Bak Rocersə görə. O yox olandan sonra həyat da mənim üçün yox olmuşdu. O zaman ağlıma bir fikir gəldi ki, dostlarım mənə dost deyillər, düşməndirlər, çünki Bak Rocersi məhv etməklə məni məhv etmişlər.
Mən yenidən komiksləri yığmağa başladım və o zamandan xoşbəxt oldum. Bundan sonra mən heç vaxt mənim maraqlarıma gülən insanların fikrini vecimə almadım.
Mənim beynim sözlərlə, obrazlarla dolurdu. Bir gün (30 il əvvəl) iki söz yazdım: “Uşaq otağı”. Bu otaq hardaydı? Keçmişdə? Yox. İndiki zamanda? Yox. Gələcəkdə? Bəli.  Mən gələcəkdəki uşaq otağını təsəvvürümə gətirərək yazmağa başladım. Bu otaqda rəflərdə televizorlar olmalıydı. Uşaq otağa gəlib Nil çayı! Sfinks! Ehramlar! – qışqıranda onlar ekranda görünməli idi.
Sonra ata-ana otağa gəlir. Mən onların dalınca qaçıram, hələ bilmirəm əhvalat necə davam edəcək. Otaqdakı ekranda Afrika, qızmar səhra, palmalar, şirlər görünür. İki saat sonra, çay içə-içə televizora diqqətlə baxan uşaqların yanında şirlər ekrandan otağa hoppanaraq ata-ananı parçaladılar.
Hekayə bitdi. 120 dəqiqə ərzində bir hekayə yarandı. Otaqdakı şirlər sirklərdə gördüyüm, kitablarda oxuduğum şirlərdən yaranmışdı. Bu şirlər mənim təhtəlşüurumda gizlənib hekayəmdə peyda olacaqları anı gözləyirdilər.
Mən beləyəm – hər şeyi yadda saxlayıram. 1932-ci ildə bir sirk tamaşasında idim. 12 yaşım vardı, sirki sevirdim. Artistlərdən biri əlini tamaşaçılara uzadıb qılıncla  uşaqların başı üstündə elektrik qığılcımları yaradırdı. O, mənə yaxınlaşanda, məni sanki cərəyan vurdu. Mister Elektriko çiynimə vurub, “əbədi yaşa!” – dedi.
Bir neçə həftə sonra mən Mars planeti haqqında ilk hekayələrimi yazmağa başladım. Və o zamandan dayanmadan yazıram. 20 yaşıma qədər mən gecələr yazırdım, hekayələrim kabuslarla, göldə boğulmuş dostlarla, zülmətdə uçan ruhlarla dolu idi. Mənə bu zülmətdən çıxaraq parlaq günəş altına çıxmağa və şərab üçün istifadə edilən zəncirotuları görməyə uzun illər tələb olundu. 17-22 yaşımda dinozavrlar haqqında təkliyimdən doğan bir neçə hekayə yazdım.
Bir dəfə arvadımla Kaliforniyada çimərlikdə gəzəndə köhnə bir tikilinin qalıqlarını gördüm.
- Dinozavrlar burda nə edir? – soruşdum. Arvadım cavab vermədi.
Gecə məni bir uğultu oyatdı. Duman şeypuru gecə qaranlığında uğuldayırdı. “Hə,  dinozavr uğultunu eşidib elə bildi ki, sevgilisi gəlir, amma başa düşür ki, bu sadəcə şeypurun səsidi və ürəyi partlayıb sahildə ölür”. Bu fikir ağlıma gələn kimi yataqdan qalxıb birnəfəsə “20 min dərinlikdəki əjdaha” hekayəsini yazdım və jurnala göndərdim. İki il sonra bu hekayənin əsasında film çəkildi.
Bütün yaradıcı fəaliyyətim, inkişafım, yeni işlərim uşaqlııqdan sevdiyim əjdahalarla bağlıdır. Mən gördüklərimi birbaşa yaza bilmirəm, mənim gördüklərim illər sonra hekayəyə çevrilir.
Gəncliyimdə Los-Ancelesin meksikan məhəlləsində yaşayırdım. Latinoamerikan hekayələrim illər sonra yazıldı. Yazdıqlarımı isə hələ çap etdirməmişdim. 1945-ci ildə  bir dostum məni Meksikaya dəvət etdi. Mən kasıb yaşayırdım, dostumla gedə bilməzdim. Dostum soruşdu ki, niyə hekayələrimi çap etdirmirəm. Mən bir neçə jurnala hekayələrimdən göndərmişdim, amma onları qəbul etməmişdilər. Nəhayət, qərara gəldim başqa ad altında 3 hekayəmi 3 ayrı jurnala göndərim. Və hekayələrim çap olundu! Min dollar qazandım. Bu pula mən Meksikaya getdim, mumiyalar saxlanan yeraltı zirzəmilərdə oldum. Onlar məni elə sarsıtmışdılar ki, dəhşətli yuxular görməyə başladım, elə bilirdim ölmüşəm və bu soyuq mumiyalarla bir yerdəyəm. Mən bu dəhşəti məhv etməliydim, “Növbəti şəxs” hekayəsini yazdım.
Bəlkə elə görünür ki, mən avtomat kimi yaşayırdım və işləyirdim. Amma belə deyildi. Daha çox işlədikcə, daha çox işləmək istəyirdim. Mən işə ac idim, xəsis idim, titrədirdim, işdən məst olurdum. Gecələr yatmırdım, çünki içimdəki əjdahalar azadlığa can atırdılar.
Belə çox yazmağımın başqa səbəbi də vardı: hər hekayəmə görə 20-40 dollar alırdım. O zamanlar kasıb yaşayırdım, ayda heç olmasa 2 hekayə çap etdirməliyidim ki, acından ölməyim.
Hər hekayəmdə məndən təzə nəsə vardı. Və bu gün aşkar edilmiş yeni “mən” dünənki “mən”dən azacıq fərqlənirdi.
1980
10 sentlik sərmayələr: “Farengeyt üzrə 4510
Özüm də bilmədən həqiqi mənada qəpiklik bir roman üzərində işləyirdim. 1941-ci ildən başlayaraq, mən qarajlarda oturub yazırdım. Qızlarım məni işdən ayırırdılar, mən də seçməli olurdum – ya işləyim, ya da qızlarımla oynayım. Mən qızlarımı seçirdim, amma bu, ailə büdcəsinə ziyan verirdi, çünki pul qazanmaq lazımdı. Mənə iş kabineti lazım idi, amma buna imkanım yoxdu.
Nəhayət, Kaliforniya universitetinin kitabxanasında makina işləri üçün zalı tapdım, orda 20 köhnə çap makinaları vardı və 10 sentə onlar yarim saatlıq icarəyə verilirdi. Pulu ödəyib dəli kimi sürətlə yazırdım ki, işi tamamlaya biləm. Mənim üçün zaman həqiqi mənada pul idi. Povestin ilk variantını 9 günə yazdım. 25 min söz.
Povest çap ediləndən sonra mən oxuculardan qəzəbli məktublar aldım. Hamı soruşurdu ki, niyə Klarissa yox olub. Mən özüm də onu xilas etmək istəyirdim, amma əsərdə dəyişiklik etmədim. Hesab edirəm ki, gənc yazarların əsərlərini yenidən işləmək olmaz. İlk variantda necə yazılıbsa, elə də qalmalıdır.
Və son kəşfim. Siz artıq anladınız ki, mən maraq və həzz dalğasında yazıram. Bu yaxınlarda fikir verdim ki, qəhrəmanların adları hansısa şirkət adlarıdır. Mənim hiyləgər təhtəlşüurum onlara bu adları vermişdi.
Amma mənə heç nə deməmişdi!
1982


Vizantiyam: “Zəncirotu şərabı”
Əksər kitablarım kimi, “Zəncirotu şərabı” qəfildən yarandı. 20 yaşlarımda mən şəxsi yazı metodumu kəşf etmişdim. Hər səhər yuxudan oyanan kimi masaya qaçıb ağlıma gələn istənilən sözləri, söz zəncirlərini yazırdım. Sonra bu sözlərdən qəhrəmanlar yaranırdı və hekayə alınırdı. Bu gözlənilməz və xoş idi. Tezliklə anladım ki, ömrüm boyu belə işləyəcəm. Həyatım boyu mən obrazları yığırdım, onları qoruyub saxlayırdım və unudurdum. Mən sözlərlə həmin obrazları geri qaytarmaq istəyirdim. Bu bir oyun idi. Mən gördüyüm hər şeyi yadda saxlayırdım – çiçəklənən zəncirotunu, qardaşım və atamla yığdığım üzümü, nənəmin pəncərəsi önündə ağcaqanad buludlarını, qızıl arıları... Mən hisslərimə mane olmurdum, çünki anlamışdım ki, yazıçılıq sənətində təəccüb və gözlənilməzlik  əhəmiyyətlidir.
“Zəncirotu şərabı” böyük adamın içindəki balaca oğlansız yarana bilməzdi.  Mən həyatı və ölümü, işığı və zülməti, gəncliyi və qocalığı, ağlı və səfehliyi, sevinci və dəhşəti – hər şeyi balaca oğlanın gözü ilə görüb yadda saxlamışdım. Bu uşaq ağaclardan sallanır,  yarasa kostyumu geyirdi, 12 yaşı olanda ağacdan əl çəkib oyuncaq çap makinasında ilk “romanını” yazdı.
Və son xatirəm. Uçan fənərlər.
İndi uçan fənər yoxdur, amma 1925-ci ildə İlinoysda  vardı. Müstəqillik günündə gecə vaxtı babamla evin qarşısındakı çəmənliyə çıxdıq, bütün qohumlarım burdaydı. Ortada tonqal yanırdı, hər kəsin əlində kağız şar vardı, şarları isti hava ilə doldurub yuxarı, yay səmasına atırdılar, zolaqlı fənərlər əllərimizdən uçub yuxulu şəhərin üzərindən ulduzlara yüksəlirdi.
Hamı susaraq fənərlərə baxırdı. Amma kimsə nəsə deməliydi.
Qoy mən deyim.
Zirzəmidə şərab gözləyir.
Ailəm qaranlıqda evin qarşısında əyləşib.
Uçan fənər qaranlıq səmada yanır.
Niyə belədir?
Çünki mən belə deyirəm.
1974.


Marsa uzun yol
Mən İlinoysdan Marsa, Qırmızı planetə necə gedib çatdım? Bunu iki nəfər bilir. Onlardan biri dostum Norman Korvindir, o, Mars hekayələrimi dinləyən ilk adamdı, ikincisi isə gələcək redaktorum Uolter Bredberi (qohumum deyildi) idi, o, mənim ideyamı bəyənmiş və romanı tamamlamağa sövq etmişdi.
1949-cu ildə mən roman üzərində işləyərkən, “əgərlər” məni çox düşündürürdü.
Əgər 19 yaşımda olarkən, Norman Korvinin radiotamaşalarını eşitməsəydim, onlara aşiq olmasaydım?
Əgər ilk hekayələr kitabımı Korvinə göndərməsəydim və sonralar onunla dost olmasaydım?
Əgər onun məsləhətinə qulaq asmayıb 1949-cu ildə Nyu-Yorka getməsəydim?
Cavab sadədir: “Mars xronikaları” yazılmayacaqdı.
Korvinin məsləhəti ilə hamilə arvadımı Los-Ancelesdə qoyub, cibimdəki 40 dollar ilə Nyu-Yorka getdim. Korvin  məni redaktorlarla tanış edirdi. Hamı soruşurdu:
- Romanı gətirmisiniz?
Cavab verirdim ki, 50 qısa hekayəmi və köhnə çap makinamı gətirmişəm. Amma mənim çüğlayan yaradıcı fantaziyamın bəhrəsi olan dahi hekayələrim heç kimə lazım deyildi.
Əgər bir gün U.Bredberi ilə nahar etməsəydim, və o mənə romanım haqqında sual verməsəydi, mən də deməsəydim ki, hələ kiçik hekayələr yazıram – nə olardı?
U.Bredberi dedi:
- Mənə elə gəlir ki, siz artıq romanı yazmısınız.
- Necə? Nə vaxt?
- Axı sizin dörd il ərzində Mars haqqında yazdığınız hekayələrinizi nəsə birləşdirir. Onları bir yerə toplamaq lazımdır.
- Aman allah! 1944-cü ildə  Şervud Andersonun “Vaynsburq, Oqayo” kitabını oxudum, kitab məni elə sarsıtdı ki, belə bir güclü əsər yazmaq istədim, amma hadisələr Marsda cərəyan etməliydi. Mən qəhrəmanların qısa təsvirini hazırladım, amma sonra o qeydlərimi itirdim!
- Gedin və bütün Mars hekayələrini bir yerə toplayın, sabah onları mənə gətirin. Xoşuma gəlsə, müqavilə bağlayarıq və mən sizə avans verərəm.
Adi bir Nyu-York  gecəsi idi. Mən tər içində, yarıçılpaq  halda makinam arxasında əyləşib gecə saat üçə qədər marslılardan yazdım.
Günorta, yorğun halda hekayələrimi U.Bredberinin qarşısına qoydum.
- Siz yazdınız? Sabah müqavilə bağlayarıq, avansa çek alarsınız.
- Bəlkə başqa hekayələrimi də çap edəsiniz?
Üç gün sonra Nyu-Yorkdan gedəndə cibimdə iki müqavilə və 1500 dollarlıq iki çek vardı.
“Mars xronikaları” kitabı 1950-ci ildə çap edildi. Mən hələ bilmirdim ki, nə yaratmışam. Yazda Çikaqoda olarkən, İncəsənət institutuna dostumla nahara getdim. Pilləkəndə xeyli adam gördüm. Elə bildim turistlərdir, amma insanlar məni görən kimi dövrəyə aldılar, sən demə, bu mənim oxucularımdı, onlar “Mars xronikaları” kitabı üçün mənə təşəkkür edirdilər. Bu görüşdən sonra həyatım tamam dəyişdi.
“Əgərlərin” siyahısı tükənmirdi. Əgər Meqqiyə evlənməsəydim, nə olardı? Əgər evləndiyimin ilk həftəsində Don Konqdon ədəbiyyat üzrə agentim olmasaydı və 43 il mənimlə əməkdaşlıq etməsəydi? Əgər mən bir kitab dükanında Kristofer İşervudla rastlaşmasaydım? Mən ona kitabımın imzalanmış nüsxəsini verdim. Üç gün sonra o mənə zəng edib dedi ki, bu əla kitab haqqında “Tomorrow” jurnalında rəy yazacaq.
Bir neçə aydan sonra isə İşervud bildirdi ki, tanınmış ingilis filosofu Cerald Herd mənimlə tanış olmaq istəyir, bizə qonaq gələcək.
- Bizə gəlmək olmaz!
- Niyə?
- Təzə köçmüşük, mebelimiz yoxdur, - dedim.
- Cerald yerdə də əyləşə bilər.
Cerald bizə gəldi və yeganə kürsümüzdə əyləşdi. Mən, Meqqi və İşervud isə yerdə əyləşdik. Sonra Herd və Oldos Haksli məni çaya dəvət etdilər və soruşdular:
- Bilirsinizmi siz kimsiniz?
- Kiməm?
- Siz şairsiniz... – hər ikisi dedi.
6 iyul, 1990.


Nəhənglərin çiynində
Robotlar muzeyində təxəyyülün təzahürü
Artıq 10 ildir ki, gələcəkdə yaşayan bir oğlan haqqında əsər yazıram. Oğlan muzeyə gəlir, Qədim Roma, İsgəndəriyyə zallarından keçib, Qədim Yunanıstan zalına daxil olur. Süni çəmənlikdə, zeytun ağacı altında əyləşmiş Platondan oğlan soruşur:
- Respublikanızda vəziyyət necədir?
- Əyləş, danışım, - Platon deyir. O, bildiklərindən danışır, Sokrat da söhbətə qoşulur.
Bu oğlan başqa suallar da verə bilərdi, məsələn, nə üçün Amerikada elmi fantastikaya biganə idilər? Niyə yalnız son 30 ildə bu sahəyə maraq yaranmışdı?
Oğlan başqa sual da verə bilərdi: dəyişiklik dalğasına kim təkan verdi? Kim məcbur etdi ki, müəllimlər və kitabxanaçılar diqqətlə qulaq asmağa başlasınlar? Kim illüstrasiya sahəsinə incəsənəti qaytardı?
Bu suallara özüm cavab verməli olacağam.
Cavab: tələbələr. Gənclər. Uşaqlar. Onlar mütaliə və rəsmdə inqilaba başçılıq etdilər. İlk dəfə olaraq uşaqlar öyrədən oldular. Əvvəllər biliklər yuxarıdan aşağı verilirdi, tanrılar deyirdi, uşaqlar dinləyirdi. Amma zaman gəldi, ağır ehram devrildi, aşağıda olanlar zirvəyə yüksəldilər. Bu necə baş verdi?
20-30-cu illərdə məktəb proqramında  elmi-fantastik əsər yox idi, kitabxanalarda da bu janrda kitablar çox az idi. İdeya, fantaziya və nağıl üçün darıxmış uşaqlar fantastik əsərləri oxumağa başladılar. Uşaqlar hiss edirdilər ki, insaniyyətin, bəşəriyyətin tarixi – ideyaların, qərarların axtarışıdır. Fantaziyasız reallıq yoxdur. İtkilərin təhlili olmadan xeyir yoxdur. Təxəyyül yoxdursa, iradə yoxdur. Xəyal yoxdursa, mümkün qərarlar yoxdur. Fantastika gələcəyi təsvir edərək, bu günkü yollarda uzanıb qalmış itləri müalicə edir. Dolanbac yol – bizim yolumuzdur, metafora – dərmanımızdır.
İnsan ideyaların Qoruyucusu olduğu üçün problemləri həll etməyə qadirdir. Yeni texnologiyalar yaratmaqla, zamana qənaət edir, zamanı ölçür, zamandan öyrənir və irəli gedirik. Biz kirli mühitdə yaşayırıq? Onu təmizləyə bilərik. Yerimiz dardır? Genişləndirə bilərik. Göydəki ulduzu istəyirik? Biz ulduza çatarıq. Günəşin odunu götürə bilərikmi? Bəli, götürüb dünyanı işıqlandırarıq.
Hara baxsan, problem görürsən. Diqqətlə baxsan – problemin həll olunma yolunu görərsən.
Kosmik eranın uşaqları xəyallarını və fantaziyalarını şəkilli görmək istədilər, nəticədə şəkilli fantastika kitabları yarandı.
Gəlin, uşaqlar kimi olaq. Kitabxanaları marslılar, elflər, kosmonaftlar ilə dolduraq.
1980.


Gizli zəka
Heç vaxt İrlandiyaya getməyi arzulamamışam. Bir gün Con Hyuston məni dəvət etdi və soruşdu ki, İrlandiyaya gedib, “Mobi Dik” filmi üçün ssenari yazmaq istərdimmi?
Mən ailəmlə yola düşdüm. 9 ay ssenari üzərində işlədim, yaşamaq istəmədiyim ölkədə yaşadım. Mən İrlandiya haqqında heç nə bilmirdim. Kilsə maraqsız idi, hava – pis. Kasıbçılıq yolverilməzdi.   Çap makinası arxasında əyləşib ağ balinanı tutmaq istərkən, təhtəlşüurum diqqətlə insanlara qulaq asır, İrlandiyanı öyrənməyə çalışırdı.
Ədəbiyyat tarixindən bilirik ki, güclü yazıçılar hansısa janrı daha da yaxşı etmək istəmişlər. Mən də istədim. Qəfildən anladım ki, İrlandiya tarixi haqqında çox şeyləri bilirəm. Mən gizli zəkama təşəkkür edib, xatirələrimdəki şəhərləri, gecələri, havanı, heyvanları, velosipedləri, kilsələri, kinoteatrları, qaçışları canlandırdım. Artıq çox yüngül şəkildə işləyirdm. Nəticədə yazıçılıqla bağlı müəyyən fikirlər yarandı.
Biz  getdikcə artan gərginlik yaradırıq, sonra icazə veririk və gərginlik gülüşlə əvəz olunur.
Biz artan kədəri yaradırıq, və “Ağlayın!” dedikdə, oxucuların göz yaşlarına ümid edirik.
Biz artan təcavüzü yaradırıq, od vurub qaçırıq. Biz qəribə sevgi gərginliyini yaradırıq, bu zaman  xeyli gərginliklər bir-birinə sarılaraq, dəyişir və başqa hadisələr cərəyan edir.
İstənilən gərginlik azad olmağı, boşalmağı, yekunu axtarır. Əgər gərginlik çıxmasa, incəsənət yarımcıq qalar, məqsədinə çatmaz. Bəzən roman gərginliklə tamamlanır, boşalma isə nəzərdə tutulur. Oxucu özü ideyanı kəşf edir.
Bunu bilməmək yaradıcılığın məğzini bilməmək deməkdir, çünki yaradıcılığın nüvəsi – insan həyatıdır. Yazıçılara bunu deyə bilərəm.
Mənə məzəli olmayan zarafatlar lazım deyil.
Mənə gülməyə icazə verməyənlərə güləcəm.
Məni ağlamağa qoymayanlara fikir verməyəcəm.
Hara vurmaq lazım olduğunu deməsəniz, mənim əvəzimə yumruqları işləyməyin,
Mən özüm sizin cavabınızı yumruqlarımla verə bilərəm.
Və ən əsası, hara qusa biləcəyim yeri göstərmirsinizsə, ürəyimi bulandırmayın.
Ürəkbulandırıcı filmlər yaradanlar, ürəkbulandırıcı kitablar və pyeslər yazanlar unudurlar ki,  zəhər həm bədəni, həm də zəkanı zəhərləyir. Zəhərlənmədən xilas olmaq üçün qusmaq lazımdır. Lakin yeni intellektuallar boğazımıza yun topalarını dürtüb qusmağa imkan vermirlər ki, sağlam olaq. Onlar bilmir ki, xəstəlikdən qurtulmaq üçün içindəki iyrənclikləri məhv etməlisən.
İncəsənətin estetikası hər şeyi əhatə edir, hər qorxunun, sevincin sənətdə yeri var. Demirəm ki, əsərlər xoşbəxt sonluqla bitməlidir. Lakin sonluqlar əsərdə toplanan enerjiyə, partlayışla azad olan enerjiyə uyğun olmalıdır.
Əgər Meksika məni parlaq günəşli gündə zülmətiylə sarsıtdısa, İrlandiya dumanın udduğu günəşlə sarsıtdı. Meksikada eşitdiyim təbil səsləri məni dəfn mərasiminə yönəltdi. İrlandiyadakı təbil səsləri məni pablara apardı. O zamanlar yazdığım pyeslər xoşbəxt  olmaq istəyirdilər, mən onların tələbatlarından, qəribə sevinclərindən və sadə həyəcanlarından çıxış edərək, yazırdım.
Odur ki, bu minvalla İrlandiya haqqında yarım düjin pyes yazdım və yenə yazacam. Bilirsinizmi ki, Eyredə insanlar velosiped sürərkən baş başa dəyib kontuziyadan illərlə əziyyət çəkirlər? Bu haqda bir pyesim var. Bilirsinizmi ki, hər axşam İrlandiya kinoteatrlarında film qurtarandan sonra milli himn çalınır, tamaşaçılar isə bu dəhşətli musiqi başlamazdan əvvəl çıxışa tərəf qaçaraq, tıxac yaradırlar? Mən bunu görmüşəm. Mən onlarla birgə qaçmışam. Sonra da “Himndən əvvəlki qaçış” pyesini yazmışam. Siz bilirsinizmi ki, İrlandiyanın əyalət yerlərində qatı dumanda gecə vaxtı gedərkən, faraları yandırmadan avtomobili yüksək sürətlə sürmək lazımdır? Bu haqda da yazmışam. İrlandiyalını gözəlliyə aşıq edən nədir – bu, onun qanındadır, içdiyi viski onun dilini açır və o, arfa səsi altında şeir  demeyə başlayır. Səbəbini bilmirəm, gizli “mən”imdən soruşuram, o da cavab verir.
Özümü uğursuz və müflis olmuş dəyərsiz biri hesab edərək, İrlandiya haqqında bir aktlı pyeslər, esselər, şeir və roman da yazdım. Mən zəngin idim, amma bundan xəbərim yoxdu. Hamımız zənginik, içimizdəki mudriklik xəzinəsindən bixəbərik.
Görürsünüz, hekayələrim məni dönə-dönə öyrədir, xatırladır ki, özünə, təbiətinə, təhtəlşüuruna inanmaq lazımdır.
Bu gündən sonra həmişə mən daim nəsə yeni bir şey öyrənməyə çalışacam. Nəsə fikrimdən çıxsa, gizli zəkama müraciət edib onun nələri yadda saxladığını öyrənəcəm.
Biz heç vaxt fəaliyyətsiz deyilik.
Biz daim dolan qablarıq.
Sadəcə anlamaq lazımdır ki, bu qaba yığılanlar dünya gözəlliyinə necə qatılacaqdır.
Zaman. Zaman səhnə kimidir. Zaman dəliliklə, ixtiralarla doludur; o gümrahlıq verir, eyni zamanda bizi əzir. Ya çox danışır, ya da az. Yalnız bir şey daimidir – ideyalar, fikirlər. Onlar bütün dünyaya yayılır. Bu gün ideyalar yalnız kağız üzərində deyil, onlar yamsılanır, elektrikləşir, kip bağlanır və dünyaya verilir ki, insanları həvəsləndirsin və ya zəiflətsin. Çox az film, roman, şeir, hekayə, rəsm, pyes var ki, onlarda zəmanəmizin ən böyük problemi yerini tapsın: mənəvi dəyərləri anlamayan insan və onun maraqlı alətləri, insan və onun mexaniki uşaqları, insan və robotlar – və nəticədə mənəviyyatsızlığa gətirib çıxarır.
Mən istəyirəm ki, pyeslərim əyləndirsin, təkan versin, dəhşətə gətirsin, çünki yaxşı hekayə yazıb emosiyaları tam təsvir etmək çox vacibdir. Qoy tamaşaçı gecə ayılıb desin: “Bax müəllif  bunu demək istəyirmiş!”. Və ya: “O bizi nəzərdə tuturdu! Bizim dünyamızı, problemlərimizi, sevincimizi və kədərimizi!”
Mən darıxdırıcı islahatçı olmaq istəmirəm. Mən qaçaraq zamanı tutmaq, hisslərimi ona doldurmaq, onu görmək və eşitmək, ona toxunmaq, ətrini hiss etmək istəyirəm, və ümid edirəm ki, başqaları mənimlə birgə ideyaların və ideya törədən makinaların ardınca qaçacaqlar.
1965


Kitab yazma sənətində dzen


Bu adı cəlbedici olduğu üçün seçdim. Amma yazdıqlarım ciddidir. İlk şüar – İŞLƏ.
İkincisi – GƏRGİN OLMA, ƏZƏLƏLƏRİ BOŞALT, SƏRBƏSTLƏŞ.
Üçüncüsü – DÜŞÜNMƏ!
Dzen-buddizmin nə dəxli? Yazıçılığın nə dəxli? Mənə nə dəxli? Və sizə nə dəxli?
Birincisi, o qədər də xoş olmayan İŞLƏ sözünə baxaq. Bütün ömrümüz boyu işləyirik. Çalışmaq lazımdır ki, siz işin qulu olmayasınız, əksinə, iş ilə əməkdaşlıq edəsiniz. Biz həmçinin darıxmamaq və ya pul qazanmaq üçün  işləyirik. Tezliklə pul qazanmaq  arzusu həyatın mənasına çevrilir və pul qazanmaq xətrinə işləmək darıxdırıcı olur. Ona görə işə nifrət edirik.
Bəzi yazarlar isə hesab edirlər ki, yazıçı üçün jurnalda kiçik bir məqalə ilə çıxış etməklə, və ya gündə bir-iki söz  və ya abzas yazmaqla yaradıcı insan olursan.
Lakin hər iki fikir – pula görə çox işləmək, və ya az yazmaq –yanlışdır və yalandır.
Kommersiya bazarında pula görə yazmaq yalandır.
İntellektual jurnalların ətrafında birləşən ədəbiyyat yekəxanalarının dar dairəsində şöhrət qazanmaq üçün yazmaq yalandır.
Gənc yazarlar yeni nəsə yaratdıqları fikri ilə özlərini aldadırlar, halbuki yalnız Virciniya Vulfu, Uilyam Folkneri və Cek Keruakı yamsılayırlar. Avanqard yalançı elə bilir ki, incə yalanına görə onu yadda saxlayacaqlar.
Mən inanmaq istəyirəm ki, bu yazımı oxuyanları yalan maraqlandırmır. Yaradıcılıqla məşğul olan hər kəs özünəməxsus nəyisə axtarıb tapmağa çalışır. Şöhrət və pul istəyirsiz – buyurun, amma onları dürüst və yaxşı əsərə görə əldə edin. Bu o deməkdir ki, nə qədər ki, makina arxasında əyləşib yazırsınız, pul və şöhrət sizi düşündürməməlidir, əks halda yazdıqlarınız yalan olacaq.
Yazıçıların kommersiyaya meyli haqqında çox eşidirik, amma onların ədəbiyyat qruplarına necə meyl etməsi haqqında heç nə bilmirik. Yazıçı üçün ən yüksək mükafat nədir? Budur mükafat – oxucu yanınıza qaçıb,  həyəcanla “Sizin kitab əladır! Maraqlıdır!” – deyəndə. Məhz həmən an sizin yazıçı əməyinizin dəyəri var. Hətta ən qatı kommersiya yazarı bu anı gözləyir. Elitar yazarlardan ən sünisi belə bu an üçün yaşayır. Və müdrik Tanrı tez-tez belə anları yazıçılara hədiyyə edir. Məhz buna görə makulatura yazan bir yazar qəfildən bir ideya ilə alışıb yanır, sürətlə irəli qaçır, sayıqlayır, titrədir, nəfəsi kəsilir və cani-könüldən yazmağa başlayır. Olur ki, əlində qaz lələyi tutmuş müəllifə istilik gəlir və o, yazı mürəkkəbindən dürüst yazar tərinə görə imtina edir. Xeyli  qaz lələyi işlədəndən sonra o, tam boşalmış halda yazdığı əsərin yatağından qalxır. Soruşa bilərsiniz ki, nə baş verdi? Bu iki yalançını həqiqəti yazmağa nə vadar etdi? Yenə əvvələ qayıdım.
İŞLƏ – hər ikisi işləyirdi. İşə başlayan kimi, o öz ritmini tapır. Mexaniki olan hər şey yox olur, bədən özü idarə edir. Müdafiə itir. O zaman nə baş verir?
İnsan boşalır.
GƏRGİNLİK AZALIR və üçüncü məsləhətimə əməl etmək qalır – DÜŞÜNMƏMƏK!
Düşünmədən yazmaq insanı daha da boşaldır, sərbəstləşdirir və yaradıcı səmərəliliyi, məhsuldarlığı artırır.
- Ola bilməz! – deyirsiz, - eyni anda həm işləmək, həm boşalmaq? Əsəb gərginliyi içində olmadan necə yazarsan?
Bunu idmançılar, rəssamlar, alpinistlər, dzen-buddaçılar, hətta mən bacarıram.
Mən bacarıramsa, deməli, siz də bacara bilərsiniz!
Mənim şüarlarımı başqa ardıcıllıqla da düzmək olar. Məsələn, əvvəl boşal, və ya düşünmə, sonra işlə. Amma daha rahat olması üçün belə siralayaq, və əlavə də edək:
İŞLƏ. BOŞAL. DÜŞÜNMƏ. BOŞAL. DAHA ÇOX BOŞAL.
İşlə. Mən əminəm ki, nə vaxtsa kəmiyyət keyfiyyətə keçir. Dahi Mikelancelo, da Vinçi, Tintoretto milyon şəkillər çəkib, kəmiyyət yığıb və nəhayət, keyfiyyətə keçiblər.
Dahi cərrah da belə işləyir, minlərlə bədəni kəsir ki, tələb olunan anda insan həyatını xilas edə bilsin.
Kəmiyyətlə təcrübə qazanılır. Keyfiyyət təcrübədən doğur.  
Sənətkar artıq, lazımsız olandan imtina etməlidir. Sənətkarın istedadı onun demədiyindədir, aydın hisslərin sadə ifadəsindədir, getdiyi yolda düz istiqamətidir. Yazıçı elə çox işləməlidir ki, sanki zəkası barmaqlarının ucundadır. Gərgin iş ilə, kəmiyyətli təcrübənin toplanması ilə insan özünü ona mane olan vəzifələrdən azad edir. Rəssam tənqidçilərin tərifi və ya rəsmlərə görə alacağı pul haqqında düşünməməlidir. O, fırçanın ucundan kətana axan gözəlliyi düşünməlidir.
Cərrah qazancı deyil, əlindəki bıçaq altında döyünən insan həyatını düşünməlidir.
Yazıçı barmaqlarına imkan verməlidir ki, qəhrəmanların tarixi üzərində gəzişsinlər, bu qəhrəmanlar qəribə xəyalları və ideyaları ilə sizinlə birgə qaçmağa razıdırlar.
Demək, gərgin iş insanı sərbəst edir və onu “fikri at!” halətinə gətirib çıxarır. Ona görə işə təkəbbürlə baxmaq lazım deyil, bir il ərzində yazdığınız 45 ya 52 hekayə uğursuzluq demək deyil. Uğursuzluq – təslim olmaqdır. Siz dayanmadan inkişaf edirsiniz! Uğursuzluq ola bilməz! Proses gedir. İş görülür. Nəticə yaxşı olarsa, nəsə öyrənmiş olacaqsınız. Nəticə pisdirsə, daha cox öyrənəcəksiniz. Yerinə yetirilmiş iş – öyrənilməli dərsdir. İşləmirsənsə, inkişaf etmirsən, sıxılırsan, əsəbi olursan və bütün yaradıcı prosesi darmadağın edirsən.
Bilirsinizmi, biz işləmək xətrinə işləmirik. Biz, daxilimizdəki həqiqəti azadlığa buraxmaq yollarını axtarırıq.
Yenə də şüarlara qayıdırıq. İşlə - sərbəst ol – düşünmə. Üçü də vahid bir prosesdə. Yalnız bu zaman əsil yaradıcılıq alınır. Lakin düzgün fikirlərsiz iş mənasızdır. Bəli, yazıçı özü haqqında həqiqəti bilmək istəyirsə, Coysun, Kamünün, Tennesi Uilyamsın təsirindən qurtulmalıdır. O, kütləvi tirajlardan alacağı pulu düşünməməlidir. O, özü-özünə sual verməlidir: “Mən bu dünya haqqında nə düşünürəm? Nəyi sevirəm, nəyə nifrət edirəm? Nədən qorxuram?” – və bu haqda kağızda danışmalıdır.
O zaman hisslərin, uzun müddətli gərgin işin nəticəsində yazıçının yazı üslubü aydınlaşacaqdır; yazıçı sərbəst olacaq, çünki fikirləri dürüstdür. Nəhayət, yazıçı özünü görə biləcək. Onun daxili nuru gecələr divarlarda əks olunacaqdır. Və düşdüyü halət – iş, sərbəstləşmək və düşünməmək haləti -  düz ürəyindən kağıza axacaqdır.
Bu axında nə axtarırıq? Dünya üçün əvəzsiz olan insanı. Yeganə insanı. Sizi. Şekspir, Molyer və başqları kimi siz də - “nadir tapıntısınız”, fərqli şəxsiyyətsiniz, fərdsiniz,  qiymətini bilmədiyimiz bir dəyərsiniz.
Bəs biz niyə itirik? Yanlış məqsədlər bizi itirir. Şöhrət istəyirik, özü də tez bir zamanda. Pul istəyirik – həmən an. Unutmayaq ki, şöhrəti və pulu bizə yalnız o zaman verəcəklər ki, biz özümüzün ən yaxşı, yeganə, fərdi həqiqətimizi dünyaya bəxş edək!
İmkan verin dünya sizin vasitənizlə nur saçsın. Dünya nurunu kağıza yönəldin. Özünüzün unikal nurlu naxışlarınızı yaradın. Və o zaman sizi yeni bir kimyəvi element kimi kəşf edib cədvələ salacaq və ad qoyacaqlar! Və o zaman əsil mözüzə! – siz ədəbiyyat jurnallarında tanınacaqsınız, və bir gün, əsərləriniz haqqında oxucudan “Əla yazılıb!” sözlərini eşidəndə, sevincdən az qala uçacaqsınız.
Peşəkar yetərsizlik hissi təcrübənin azlığından irəli gəlir. Demək, işləmək, təcrübə qazanmaq lazımdır ki, özünü balıq suda sərbəst hiss edən kimi, sən də sərbəst olasan.
Dünyada yalnız bir tip tarix var. Sizin tarixiniz. Əgər siz öz tarixinizi yazsanız, onu ədəbiyyat jurnalı bəlkə də aldı.
Mənim bəzi hekayələrimi “Weird Tales” jurnalına qəbul etmədilər, amma “Harper’s”-ə qəbul etdilər, “Planet Stories” jurnalına qəbul etmədilər, amma “Mademoiselle”-ə qəbul etdilər. Niyə? Çünki mən həmişə öz tariximi yazmışam. Onları elmi-fantastika, dedektiv və ya başqa cür adlandırsalar da, əslində, hər yaxşı əhvalat – unikal həqiqət mövqeyindən unikal insanın yazdığı bir əhvalatdır.
Qeyd edim ki, yamsılama – təzə yazmağa başlayan yazıçı üçün təbii və lazımlı mərhələdir. Hazırlıq mərhələsində yazıçı öz ideyalarının inkişaf edə biləcəyi mühiti seçməlidir. Əgər ona Heminqueyin fəlsəfəsi yaxındırsa, o, Heminqueyi yamsılayacaq. İş və yamsılama öyrənmə prosesində yanaşı gedir. Yamsılama özünün ilkin məqsədlərinin sərhədini aşarkən, yaradıcı inkişafa mane olmağa başlayır.  Özünün unikal tarixini kəşf etmək üçün kiməsə illər lazımdır, kiməsə - bir neçə ay. 22 yaşıma qədər milyonlarla yamsılama sözlərindən sonra mən sərbəstləşdim və məhz “mənə” məxsus olan fantastik hekayəni yazdım.
Öz ədəbiyyat sahənizi seçə bilmək əhəmiyyətlidir. Əgər gələcək dünyalarla maraqlanırsınızsa, enerjinizi elmi fantastikaya yönəltməlisiniz. Səmimi sevilən hər hansı bir ədəbiyyat sahəsi yazıçı üçün pis olmur; sənətkara mücərrədlik, əqli mülahizələr ziyan gətirir.
Niyə indi “yaradıcı” əsərlər azdır? Mənə elə gəlir ki, müəlliflərin əksəriyyəti mənim dediyim iş qaydasından xəbərsizdir. Biz ədəbiyyatı elitar və kommersiya hissələrinə ayırırıq, amma orta mövqedə dayanan (həm fərdlər üçün, həm də kütlə üçün) əsərləri danırıq.
İllər öncə mən anladım ki, həyatımda işin necə böyük rolu var. Vaxt gələcək, ədəbiyyat incəliklərindən və kommersiya meyillərindən azad olmuş hisslərinizlə həqiqəti kağıza axıdan zaman, qəhrəmanlar sizin yerinizə əhvalatı yazacaqlar.
Yadda saxlayn: süjet – sizin personajlarınızın inanılmaz məqsədlərə yönələn yoldakı izləridir. Süjet hərəkətdən əvvəl yarana bilməz. İnsan qaçır, qovur, məqsədə çatır. Bu hərəkət mexaniki ola bilməz, o, yalnız dinamikdir. Odur ki, kənara çəkilin və personajlara, barmaqlarınıza, bədəninizə, qanınıza  sərbəstlik verin. Onlara iş görməyə imkan yaradın.
Problemlərin həllini dzendə axtarın. Dzen fəlsəfə kimi, bədahətən nə istədiklərini bilən insanların ardınca gedir. Hər tornaçı, hər heykəltəraş, hər rəqqasə bu sözü heç eşitməsələr də, dzen prinsiplərindən istifadə edir.
Belə məsəl var, övladına bələd olan ata müdrikdir. Biz belə deyə bilərik: təhtəlşüuruna bələd olan – yazıçıdır. Həm bələddir, həm də imkan verir ki, təhtəlşüur dünyanı necə, hansı şəkildə gördüyü haqda danışsın. Şiller deyirdi ki, yaradan insan ağıl qapısındakı keşikçiləri yox etməlidir.
Dediklərimə əlavə olaraq, Oldos Hakslinin “Amfibiyanın tərbiyə olunması” və Doroteya Brandın “Necə yazıçı olmalı” kitablarını oxumağı məsləhət görərdim.
Yazıçılıq sənəti haqqında dediklərimi işdə sınayın. əgər yazıçı əməyinizdən narazısınızsa, mənim metodumu sınayın.
Bəlkə də o zaman siz işinizin yeni təyinatını kəşf edəcəksiniz.
Bu SEVGİ olacaqdır.
1973.

Tərcümə: Sima Ənnağı
Mənbə: ceylanmumoglu.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)