Rövşən Yerfi - Ziyarət
(Baba dağına – övliya Həzrət Babaya gedilən ziyarət zamanı baş vermiş təfərrüatlar əsasında yazılmışdır.)
Neçə illərdir, hey arzulasalar da keçmiş məktəb dostları vaxt tapıb görüşüb bir yerə yığışa bilmirdilər. Hər dəfə birinin başına gözləmədəyi iş gəlir, ya da bir yarıtmaz hadisənin ucbatından niyyətləri alınmırdı.
Onlar dörd dost idilər – Saleh, Səfər, Şamil və Dəyanət. Aralarında iki-üç yaş fərqi olsa da məktəb illərindəki yoldaşlığı yadırğamamışdılar. İlin fəsilləri dəyişəndən-dəyişənə ya zəngləşib uzun-uzadı söhbətləşər, ya da bir-birlərinə işi düşəndə görüşərdilər. Qalan vaxt təsadüfən toyda, daha çox isə yas mərasimlərində rastlaşırdılar. Rastlaşdıqları üçün ölənə rəhmət oxusalar da, belə ayaqüstü görüşdən sonra hər dəfə günlərin birində toplaşıb ürək dolusu dərdləşmək, əylənmək arzusu ilə ayrılırdılar. Gəl ki, illər boyu bu dörd dostun dördünün də eyni anda qayğısız, boş olan vaxtı olmurdu.
Saleh müəllim şəhərdəki institutların birində işləyirdi. Əslində adi bir elmi işçi olduğu halda dolanışığın dərdindən, müqavilə yolu ilə başqa universitetlərdə də dərs deyirdi. Azmış kimi özəl məktəblərdən dəvət alanda çalışırdı ki, onların müraciətlərini də yola versin. Nə etsin, il-ildən uşaqlar böyüyür, ehtiyacları artırdı. Müəllimlikdən savayı əlindən nə iş gəlirdi ki, başqa qazanc yiyəsi də olsun. Odur ki, bütün günü üç-dörd ali məktəbin arasında qalıb dərs saatlarını bir-birinə calayan Saleh bu qaça-qovla ömrünün əllinci baharına yaxınlaşmışdı.
Səfər həkim Saleh müəllimdən yaşca kiçik olmasına baxmayaraq, o da dostu kimi saçlarını ağartmışdı. Gününün yarısını xəstəxanada,yarısını da özəl klinikada keçirirdi. Bütün günü xəstələrini səbrlə dinləyib, təmkinlə məsləhətlərini verirdi. Xəstələrin çoxluğu çox vaxt onu qane etsə də, bəzən yorulub işindən bezarlıq edirdi. Amma, sonra başa düşürdü ki, düz eləmir, xəstələri azalsa ruzisi də azalar. Uca Yaradanın əməlinə bax, - ürəyində düşünərdi, - kimlərəsə dərd verib üstümə göndərir, onların xəstəliyi ilə mənə də çörək verir.
Şamil ilə Dəyanət isə hüquqşünas idilər. Yaxın illərədək Şamil qonşu rayonların birində hakim işləyirdi. Növbəti hakim seçkisindən keçə bilmədiyi üçün indi vəkil işləyirdi. Səlahiyyəti kiçilsə də, işi pis getmirdi. Keçmiş hörməti hələ ki, karına gəlirdi. Dostları ruhdan düşməməyi, gələn seçkidə yenə hakimliyə qayıtmağa cəhd eləməyi məsləhət görürdülər. Düzünə qalsa özünün hakimlikdən ötrü ürəyi getmirdi, bu işdə işləməyi ən çox evdə arvadı, uşaqları istəyirdi. Qəlbən ağır bir yükdən qurtulmuşdu. Daim haqqla nahaqqın arasında əzilməkdən cana doymuşdu. Vəkil olandan bəri kimsəni cəzalandırmırdı, əksinə müdafiə edirdi. Onun müdafiəsi nə qədər əhəmiyyətli idi və ya mənasız idi, ayrı söhbətin mövzusudur. Qısası, indi o, yalnız xeyirxah işlə məşğul idi.
Şamildən fərqli olaraq Dəyanət çiyninə paqon taxan gündən özünü insanlığın əbədi xeyirxahı hesab edirdi. Cəmiyyətin qayda-qanunlarını polis işçisi kimi qorumaq, cinayətkarları zərərsizləşdirmək, əmin-amanlıq yaratmaq məgər xeyirxahlıq deyilmi? “Təsəvvür edin ki, bir gün polis işləməsin, - o, söhbət əsnasında deyərdi, - görün şəhərdə, ölkədə nələr baş verər, hərc-mərclik baş alıb gedər, özünüz fikirləşin... Şübhəsiz polis də insandı, robot deyil ki.., qanunu qorumaq pərdəsilə bəzən qanunsuzluqlar edilir...” Söhbətin həmişə bu yerində Dəyanət bütün iradlarla razılaşmırdı:
-Elə deyil. Siz birin bilirsiz, birini yox. Səbəblər var. Səbəblər araşdırılmalı, sonra nəticə çıxarılmalıdır. Heç vaxt tələsik qərar verməyin.
Yersiz tələsməyi sevməzdi, məqamını gözləyərdi. Xasiyyətində hər şeydən bir az vardı: insaf da, qəlbi genişlik də, gərək olarsa amansız, kobud da ola bilərdi. Onu buna peşəsi vadar etmişdi, müxtəlif xarakterli insanlarla münasibətdə adi xasiyyətin yiyəsi olmaqla işləmək mümkün deyildi.
Dörd dostu birləşdirən bir ümumi cəhət var idi: heç biri Allahsız deyildi. Hərənin ürəyində özünə görə ona qorxu və ehtiram vardı. Yaşları, həyat təcrübələri artdıqca ilahinin böyüklüyünü, qüdrətini daha çox dərk edirdilər. Ancaq özlərində olan naqislikləri hiss edirmişlər kimi tam Allah adamı olmağa tələsmirdilər. Belə olarsa, sanki nəyisə itirəcəklərindən qorxurdular.
-Allah adamın gərək qəlbində olsun. Orucdu, namazdı mütləq deyil. Adamlar var namaz qılır, əclaflığından da əl çəkmir. Dinlə məşğul olmaq ən yaxşısı pensiyaya çıxanda ... – Beləcə özlərinə bəraət verirdilər.
Ara bir aralarında mübahisə də düşürdü. Bu zaman yaşca böyük olan Saleh müəllimin fikrini daha önəmli sayırdılar:
-Müəllim çox bilir, o deyən düzdür.
Müəllimin ruhən təmizlik və insanın ona təlabatı ilə bağlı söhbətlərini dostları həmişə maraqla dinləyirdilər. Bir gün görüşlərin birində müəllim gözlənilməz təklif irəli sürdü:
-Dostlar, çoxdandı könlümə bir müqəddəs yeri ziyarət etmək düşüb. (Yəqin Həccə getmək istəyir, - dostları düşündü.) Hərdən gözümün qabağına cavanlığımda gördüyüm gözəl mənzərələr, uca zirvələr, sıldırım daşlı qayalar, dibi görünməyən gen dərələr, şaqraq axan sular gəlir. Baxdıqca təbiətin əsrarəngizliyindən həzz alırsan. Yolboyu dörd fəslin dördünün də şahidi olursan.
-Sən haradan danışırsan? – Şamil hövsələsiz soruşdu.
-Həzrət Babadan!.. Elə ki, qurban olduğumun üstünə - dəniz səviyyəsindən üç min altı yüz metrdən çox yüksək olan zirvəyə səhər erkən qalxırsan, dayanıb Günəşin doğmasına, səhərin açılmasına tamaşa edirsən. Nə hisslər keçirirsən, sözlə ifadə etmək mümkün deyil, gərək o möhtəşəm mənzərəni gözlə görəsən. Hələ gecə Ay işığında topa-topa ulduzlara baxdıqca səma adama elə yaxın görünür ki, sanki əlini uzatsan catacaq... Bura bildiyimə görə ölkəmizdə ən yüksək zirvədə olan etiqad yeri, müqəddəs məkandır. Zirvədə Həzrət Babanın və anasının qəbri var. Həzrət Babanın mövcudluğu deyilənə görə, islamdan xeyli əvvələ - Musa peyğəmbərin vaxtına gedib çıxır. Həmin ərazidə Musa bulağı, Babanın xırman yeri var.
-O yüksəklikdə xırman yeri olar? – Dostlar təəccübləndilər: - Yəqin rəvayətdi...
Bu dəfəki görüşdə Dəyanət yox idi. Şamil ilə Səfər həmişəki kimi yenə onun danışdıqlarına etinasız qalmayıb acgözlüklə qulaq kəsilmişdilər. Saleh davam elədi:
-Rəvayət də olsa əsrlərdən nəsillərə ötürülüb. Bir həqiqət var ki, Babanın yaşadığı dövrü dəqiq kimsə bilmir. Bəlkə onun zamanında iqlim imkan verib həmin yüksəklikdə məhsul götürməyə. Gəlin xalqın inamı ilə mübahisə etməyək. Hə, Həzrət Babaya çatmamış Əriştəlik adlanan bir yer var. Orada eyni ölçülü, xırda - əriştə kimi kəsilmiş daşlar doludur. Camaatda belə inam var ki, o daşlardan bərəkət adına götürdüyünü evdə un qabına atırsan ki, heç vaxt çörəyin əskilməsin. Yolda qəbir hesab edilən böyük daş topası var. Nağıl edirlər ki, dünya müharibəsinə gedən bir cavan əhd eləyib ki, müharibədən salamat gəlsin, zirvə yaxınlığında dünyasını dəyişsin. Əhdi qəbul olub. O cavan əynində əsgər paltarı müharibədən qayıdıb həmin yerdə keçinmişdir. Adətə görə ziyarətə gələnlərin hər biri onun qəbri üstünə bir kiçik daş qoyurlar ki, qəbir itməsin... Hə, nə deyirsiz, tək də olsa, necə var bu yay ziyarətə gedəcəyəm. İlin doqquz ayından çoxu qarla örtüldüyündən ora yalnız yay aylarında getmək mümkündür. Deyirəm bəlkə üzümüzə gələn yay vaxt təyin edək, yığışaq dördümüz də bir yerdə gedək. Həm o gözəllikləri görək, həm də Babanı ziyarət edək. Ruhumuz təmizlənsin, üstündəki qarın paklığından bizə də bir pay düşsün...
-Avazın pis gəlmir, - Şamil inamsız danışdı, - oxuduğun Quran olsa. Kefdən danışırsan, bu yaşda, bu köklükdə bizdən dağa qalxan olar? Gedək yarı yolda leşimiz çıxsın biabır olaq camaatın içində...
-Düz deyirsən, piyada getmək çətin olar. Mən özüm də bilmirəm, yolun çətinliyinə axıracan tab gətirərəm, yoxsa yox. Cavanlığımda iki dəfə ayaqla zirvəyədək qalxmışam. Mən o yola bələdəm. Heyf, o günlərimdən... Amma çarəsini tapmışam, atla gedəcəyik. Atları kimdən alacağımı müəyyənləşdirmişəm, at yoluna da bələdəm. Minirsən atın tərkinə, iki-üç sərt yerdə ehtiyat üçün atdan düşürsən, vəssalam. At səni aparacaq düz qurban olduğumun üstünə. Qayıdanbaş yəhərdə oturmaqdan azca yanınız ağrıyacaq, o da bir-iki günə düzəlib gedəcək.
-Ay Səfər, nə susmusan, - Şamil bayaqdan dinməyən həkimə gileyləndi, - bu müəllim nə danışır? Sən bir həkim kimi fikrini bildir, bizdən at minən çıxar? Sən axırıncı dəfə nə vaxt at minmisən? Şəxsən mən iyirmi il olar at minməmişəm. Ötən il bir dəfə keçmiş dostlarla, o “skaçka” deyilən cıdır meydanına getmişdim. Həvəsləndirdilər ki, gəl ata min. Bir güclə köməkləşib mindim. At elə dörd-beş addım atmışdı, gördüm ay aman, özümü saxlaya bilmirəm, ləngər vururam, yıxılıb qol-qıçımı sındıracağam. Tez haray saldım, saxladılar atı. Salamat ikən atıldım yerə. Dedim, qardaş, at mənlik deyil...
Şamil danışdıqca Səfər gülməkdən uğunurdu:
-Əşşi, lap şücaət göstərmisən ki...
Səfərə qoşulub qəhqəhə çəkən Saleh Şamilə ürək-dirək verdi:
-Şamil, bu atlar sən görən atlardan olmayacaq. Qəti narahat olma. Sən minən at cıdır üçündür. Bu atlar isə fağır, sakit atlardır. Qaçağan deyillər, harda “dur” deyib yüyənini çəksən dinməzcə duracaq. Baba yoluna vərdiş, öyrəncəli atlardır, heç ruhunu da incitməyəcəklər.
-Belə əminliklə haradan bilirsən?
-Gedib-gələndən maraqlanıb öyrənmişəm. Nə qərara gəlirsiz? Birgə getsək əla olar, elə deyilmi?
-Mən etiraz etmirəm, - Səfər razılıq verdi, - məncə bu ziyarətdən heç nə itirmərik. Əksinə, qazanarıq, özümüzdəki mənəvi gücə tapınarıq.
-Sən, cənab vəkil, - Saleh Şamilə xüsusi müraciət etdi, - razısan? Yoldaşlığımız möhkələnər, dünyaya, həyata baxışlarımız zənginləşər, haqlıyammı?
O, tərəddüd keçirsə də etiraz etməyə çəkindi:
-Nə bilim. Daha sizin xətrinizə necə çətin olsa da gərək gedəm. Mən də razı.
-Qaldı Dəyanət, onun da razılığını alaram, - Saleh sevindi, - yol üçün lazım olan xırda-para şeyləri də özüm təşkil edəcəyəm. Allah qoysa, özünüzə də ləzzət verəcək – bir az əzablı ləzzət!.. Peşman olmazsız. Sizə ziyarətə gedənlərdən birinin başına gələn bir maraqlı hadisəni danışım. Bir nəfər zirvənin şimalndan, Qarxun tərəfdən zyarətə gəlir. Zirvədən qayıdanda yorğun olduğu üçün ləngiyir, yol yoldaşlarından geri qalır. Gecə vaxtı olduğundan bir cığıra düşüb qayıdır. Səhərə yaxın gəlib ətəkdəki Qurbangaha çatanda görür ki, bura başqa yerdir. Heç demə o, gəldiyi şimal tərəfə enmək əvəzinə cənuba, İsmayıllıya sarı enib. Neynəsin, on kilometrdən artıq yolu təzədən geri – zirvəyəmi qayıtsın. Yorgunluqdan addım atmağa heyi olmur. Deyir, daha keçib buradakı ziyarətçilərə qoşulub qayıdaram rayona. Şamaxıdan keçib gəlir Bakıya. Bir-neçə gün də Bakıda qalır. Dörd gündən sonra qayıdır evinə. Uzaqdan görür həyətində yas çadırı qurulub. Öyrənir ki, onun üçün üç mərasimi keçirilirmiş. Bir gün gözləyən yoldaşları onun qayıtmadığını görüb sıldırım qayalıqlarda itkin düşdüyünü, öldüyünü güman ediblər. Siz qorxmayın, biz tamam ayrı yolla gedəcəyik. Atla yolu səhv salmaq, belə hadisənin baş verməsi mümkün deyil...
Bir-neçə gün sonra Dəyanətlə görüşən Saleh onu da razılığa gətirdi. Qərara alındı ki, qarşıdakı yay mövsümündə ziyarət dövrü hamı vədələşdikləri gündə bir yerə yığışsınlar.
* * *
Yayın ortası vədə vaxtı gəlib çatdı. Dostlar yığışıb Həzrət Babanın şimal səmtinə yaxın kəndlərin birinə gəldilər. Saleh söz verdiyi kimi hərəyə bir at hazırlatmışdı: iki kürən, iki boz at. Köməkləşib boz atları Şamillə Dəyanət, kürən atları isə Səfərlə Saleh mindilər. Yeniyetmə çağlarından bəri at minməyən dostlar qorxu ilə yanaşı sevinc hissləri keçirirdilər. Onların içərisində cavanlığı və boy-buxunu ilə seçilən Dəyanət atını irəli sürüb döndü:
- “Ay moment,” atlarınızın yüyənini çəkin, mənə baxın, şəklinizi çəkəcəyəm.
Fotoaparatını heybədən çıxarıb gözünə yaxınlaşdırdı:
-Tökülüb itməyin, özünüzü şax tutun, xalq sizə baxacaq...
Üzlərinə təbəssüm yayıldı. Dəyanət şəkli çəkən kimi, Saleh onun ürəyindən keçəni duyub dedi:
-İndi sən sıraya qayıt. Mən sənin şəklini çəkəcəyəm.
Saleh şəkli çəkəndən sonra Dəyanət təəssüfləndi:
-Ətrafda bir adam olsaydı, xahiş edərdik dördümüzü də birlikdə çəkərdi. Olardı əsl “dörd müşketyor”.
-Yox, üç müşketyor və Dartanyan, yəni Dəyanət, - həkim də zarafatından qalmadı.
-Atları tələsdirməyin. Yüyənlərini boş tutun, özləri yavaş-yavaş gedəcəklər, - Saleh dostlarına xatırlatdı.
-Biz niyə səhər yox, axşam yola çıxdıq? – Şamil təəccübləndi.
-Günortanın yandırıcı istisinə düşməmək üçün...
Yol boyu çayqırağı uzanan bağların arasında, haradansa qarşılarına ağ saçlı bir nurani qoca çıxdı:
-Yəqin ki, Babaya gedirsiz, eləmi? Allah ziyarətinizi qəbul etsin. Soruşmaq eyib olmasın, ürəyinizdə niyyət tutub gedirsiz, yoxsa elə-belə gəzməyə gedirsiz?
“Çağırılmamış qonağın” gözlənilməz sualı hamını karıxdırdı, bilmədilər necə cavab versinlər. Bir-birilərinə baxdılar, nəzərlər Salehdə dayandı:
-Ay baba, illərdir bu yerlərə gəlmirik. Ürəyimiz istədi, niyyətimiz ziyarət etməkdir.
-Ay oğul, bilirsən niyə soruşuram, axır vaxtlar Babanı ziyarət edənlər çoxalıb. Əvvəllər belə idi ki, kimin niyyəti vardı, o gedərdi. Hər gedən də ruhən təmizlənmək, paklanmaq üçün bir pis xasiyyəti, zərərli vərdişi, içki içməyi, siqaret çəkməyi tövbə edərdi, ya da vacib olmayan bir təamı yeməkdən imtina edərdi. İnsanı dünya və axirət əzabından onun düzgün əməli, təmiz əxlaqı xilas edir. Bunun üçün gərək haramdan uzaq olub, nəfsinə hakim olmağı bacarasan. Vicdanı təmiz, qəlbi saf insan kamilləşir, özünə nəzarət etməyi bacarır. Belə adama kiminsə nəzarət etməsi lazım gəlmir. Yoxsa insan öz hisslərinin alətinə çevrilir, nəfsinin qulu olur. İndi gələnlərin çoxu turist kimi gəzməyə gəlir. Baba gəzinti yeri deyil. O, hər ziyarətçini qəbul eləmir, qəlbin gərək pak ola. Baba yolu ağır yoldur...
Qocanın dedikləri hamını təsirləndirmişdi. Niyyətin, arzunun qədəri yox idi, ancaq, nəyi tövbə etsinlər, bilmirdilər.
Hərə öz düşüncəsində ikən qocanın ani olaraq bağların arasında yoxa çıxmasına mat qaldılar. Nurani qoca qəfil gəldiyi sayaq, qəfil də gözdən itmişdi.
Qocanın dediklərində həqiqət var idi, - Saleh müəllim düşündü. Ancaq, nəyi tövbə edəsən ki, sonra tövbəni pozmayasan. Əslində bu tövbə ürəkdən gəlməli idi. Daha zorən tapılmamalıydı.
-Hə, tövbə etməyə nə tapdınız? - Dostlarından soruşdu.
-Sən tapdın?
-Yox, istəyirəm görəm, siz nəyi tövbə etsəniz mən də onu edim.
-Sən yaxşısı, tapşırıqla qiymət yazmağı tövbə elə, - polis Dəyanət səsləndi.
-Deyirsən, çoxu ilə üz-göz olum, sonra da çıxarıb atsınlar məni işdən çölə? Bu mümkün olan iş deyil. Sən rüşvət almağı tərgidəndə, mən də tapşırığa baxmağı tövbə edərəm.
-Pul götürməyimi deyirsən? – Dəyanət təəccübləndi, - pul almasan işləməkmi olar? Bəs mən nə deyirəm, deyirəm ki, tapşırığa daha baxma, yalnız pul al.
-Bu da bizim insaflı bildiyimiz qanun keşikçimiz, danışdı keçdi başa, - Səfər həkim istehza ilə əlini-əlinə bərkdən vurdu.
-Qaqa, biz sizə baxanda insaflıyıq, – Dəyanət söz altında qalmadı, – biz soyduqlarımızı uzaqbaşı həbsxanaya göndəririk. Sizsə soyduqlarınızı nəinki yarımcan, bəzən o dünyalıq edirsiniz, göndərirsiz gedər-gəlməzə.
-Düz sözə zaval yoxdur, - vəkil Şamil söhbətə qarışdı, - nə var onu da deyir.
-Hə burda deyiblər, paqon-paqonun ayağını basmaz. Şamil keçdi müdafiəyə, vəkilliyinə, - Saleh gülümsədi.
-Yox, müəllim, mən daha paqon taxmıram, - Şamil irad tutdu.
-Nə olsun, çörəyini ki, onların arasında qazanırsan...
-Gəlin yaxşısı, işə gecikməyi tövbə edək, - Dəyanət təzə təklif irəli sürdü, - bu çox pis vərdişdi. Sizi bilmirəm, işə gecikməyimə görə mənim başım hər dəfə ağrıyıb...
-Bizim günahımız budursa, heç nə. Həccə gedənlərin arasında adamlar taniyiram ki, ömründə nə məscid tanıyıb, nə namaz bilib? Gələndən sonra içki içənləri demirəm...
-Zarafatı boşlayın, - Saleh onların sözünü kəsdi, - lazım deyil lağlağı etmək. Söhbət ciddi məsələlərdən gedir. Öyrənmisiz özünə sərf eləməyən işdə aldaq gəlməyi, Həzrət Baba sizə adi gəlməsin... Yaşlılardan eşitmişəm ki, ardıcıl olaraq yeddi il Babanı ziyarət edən şəxs hər il bir pis vərdişdən tövbə edərsə, yeddi il ərzində qazandığı təmizlənmə, inam nəticəsində bir həcc savabına bərabər savaba yetişə bilər. Gücünüz çatır rüşvət almağı tövbə edin...
Salehin səsinin tonunun dəyişdiyini görən yoldaşları dinməyib susdular. O dostlarının xətirlərinə dəyəcəyindən ehtiyatlanıb səsini yumşaldaraq davam etdi:
-Gəlin tövbə ilə bağlı sizə bir əhvalat danışım. Demək bir nəfər çox araq içirmiş. O qədər içirmiş ki, xəstəlik tapır, həkimin də qadağasına əhəmiyyət vermirmiş. Kimsəyə qulaq asmadığını görən ailəsi tövbə məqsədilə onu yay aylarının birində Babaya ziyarətə gətirir. Canı da ağrıdığından daha inad etməyib ziyarət zamanı tövbə edir ki, oğlunun toyunadək “dilinə araq vurmayacaq”. Üstündən bir-iki il keçir, bu adam sağalır. Toylarda, şadyanalıqlarda pivə, çaxır içir, amma tövbə etdiyi üçün araq içmir. Beləcə dözür. Bir gün görür ki, nəfsi hədsiz araq istəyir. Neynəsin, necə etsin? Qorxurdu tövbəni pozsa Baba cəzalandırar. Oğlunun da beş yaşı var. Tövbəsinin vaxtına – oğluna toy etməsinədək azından gərək on üç il gözləyəydi... Birdən ağlına bir fikir gəlir: yadına düşür ki, ötən payız oğlunu sünnət elədibsə də imkansızlığından şadyanalıq məclisi qurmamışdı. Qərarə gəlir ki, fərqi nədir, toy elə toydur də, böyük toya hələ çox var, oğlu üçün kiçik toy eləsin, toyda tövbəsindən çıxsın. Tez borc-xərc edib bütün yaxın dost-tanışına, qohum-əqrəbasına hay vurur ki, haydı, filan günü gəlin, oğluma kiçik toy edirəm.
Həyətində mağar qurur. Yemək-içməyi, aşıq-sazandanı, hər şeyi elə təşkil etdirir ki, böyük toydan heç fərqlənmir. Bir gəlini çatışmır bu toyun. Toy başlayan kimi əhdinə çatdığını hesab edib çoxdan həsrətində olduğu araqdan gillədir.
Toyun ortasında göyün üzünü qəfil bir qara bulud örtür, dalısıyca bir yağış yağır, tut ucundan göyə çıx... Küçələri, mağarı, hər tərəfi sel suları bürüyür. Adamlar çaşqınlıqdan bilmirlər nə etsinlər. Xoşbəxtlikdən bu hal uzun çəkmir. Az vaxt keçir bütün sular xətərsiz-itkisiz axıb çəkilib gedir. Hamı bu möcüzəyə heyrətlənir: bir anın işində baş verən seldən bir saat sonra əsər-əlamət qalmır...
O gözlənilməz yağışdan, seldən sarsılan həmin adam deyilənə görə toyun səhərindən dindara çevrilibmiş...
* * *
Atlılar xeyli gedib, sürətlə axan dağ çayını keçərək böyük, qol-budaqlı ağaclarla əhatələnmiş geniş, yaşıl ormanlığa çıxdılar.
- Nə gözəl yerdir, - Dəyanət heyrətini büruzə verdi, - bir dənə burada da şəklimi çəkin.
-Buranın adı “Dədə Günəş baba”dır. Kimin qurbanı varsa Babanı ziyarət edəndən sonra qurbanlıq qoyunları burada kəsirlər. Ona görə buraya “Qurbangah” da deyirlər. Babanı ziyarət etmək imkanı olmayanlar Dədə Günəş babadan geri dönürlər. Əsas at yolu bax buradan üzüyuxarı başlayır, - Saleh dostlarına məlumat verdi, - Qurbangaha qədər maşınla gələnlər, qalan yolu piyada qalxırlar. İndi axşam saat səkkizdi. Allah qoysa üç saata “Aman evi” deyilən sığınacağa çatacağıq. Orada dörd-beş saat dincəlib səhərə yaxın qalan iki saatlıq yolu da qət edərək zirvədə Günəşi qarşılayacayıq.
-Amin, Allah qoysa.., - dostlar səsləndilər.
Ağacların kölgəsində cərgələnmiş avtobusların, müxtəlif formalı minik maşınlarının markalarının çoxluğu dostları təəccübləndirdi. Çəmənliklərdə palaz sərib qərar tutan kişilər, qadınlar ocaq qalayır, samovar qaynadır, kəsilmiş qurban ətindən iri qazanlarda xörək hazırlayirdılar. Çəmənliklərin arası ilə ağaran ensiz cığırlar qıvrıla – qıvrıla axan çayın kənarı ilə, üzüyuxarı təpələrə doğru uzanırdı. Çayın o biri sahilində otlayan qoyun sürüləri, çobanların alaçıqları görünürdü. Qurbangahdan uzaqlaşdıqca cığırlar azalıb bir böyük, enli, tozlu cığıra çevrilirdi. Yol gah iki tərəfdən əhatələnmiş iri zirinc kollarının arasından, gah da aşağısında dibi görünməyən xəndəyin sürüşkən, hər an yuvarlanmaq təhlükəsi olan çınqıl daşlarının üstündın keçib getdikcə yüksəkliyə qalxırdı. Ayaqla gedən adamların ehtiyatla keçdikləri yerdən atların qorxusuz keçmələri atlıları heyrətləndirirdi:
-Bu, atların peşəkarlığından, vərdişkarlığındandı, yoxsa ayaqlarına vurulmuş nallara arxayınçılıqdandı? – Dəyanət aralarında bilici hesab etdikləri müəllimdən soruşdu.
-Elə hamısından, - Saleh həvəslə izah etdi, - həm vərdişdilər, həm də ayaqlarındakı nal onlara müvazinətini saxlamağa imkan verir.
Qarşıda yol az sulu, ensiz dərəboyu yuxarı qalxırdı. Atlar qumlu palçığın içərisi ilə tövşüyə-tövşüyə dərəni qalxıb, geniş yamaca çıxdılar.
-Müəllim, - arxadan gələn Şamilin səsı eşidildi, - sən bələdsən, bilərsən. Nə qədər gəlmişik? Hələ çoxmu qalıb?
Sual hamının marağında olan sual idi. Atlar kimi əziyyət çəkməsələr də, iki saatdan çox yəhərdə adət etmədikləri tərzdə oturmaqdan bədənlərinə az da olsa yorğunluq yayılmışdı.
-Hələ harasıdır, - Saleh dostlarının darıxmalarına gülümsədi, - hələ çox... Demək olar ki, hələlik yolun dörddə birini gəlmişik. Yarı olanda deyəcəyəm.
Bir qədər də irəliləmişdilər ki, önlərindəki yamacda iki yekəpər qoyun itinin onlara tərəf baxıb acıqla hürmələrini gördülər:
-Elə bunların yeri çatmırdı, - Səfər deyindi, - üstümüzə cumsalar nə edəcəyik? Dəyanət , bəlkə, sən bunları sakitləşdirəsən, hər hal səni eşidərlər...
Hamının üzünə təbəssüm qondu. Saleh Dəyanətdən əvvəl dilləndi:
-Qorxmayın, yaxınlıqda qoyun sürüsünün yatağı yerləşir. Bu itlər yəqin həmin sürünündür. Fikir verməyin, hürüb-hürüb sakitləşəcəklər. Yox, əgər üstlərinə getsəniz, cırnatsanız hücum edəcəklər.
Dəyanət də dözmədi:
-Səfər, zənnində yanılmamısan, onlar məni eşidəcəklər. Ancaq, bilsələr ki, sən də ölü, meyit yaransan, vay halına, didəcəklər səni...
Uzaqda qoyun sürüsü otlayırdı.İtlər irəlidə gedən Salehlə Dəyanətin on addımlığınadək gəlib dayandılar. Arxada gələn Səfərlə Şamil ehtiyatlanıb atları saxladılar.
-Dedim axı, qorxmayın, gəlin. Sadəcə saymayıb heç nə etməyin, - Saleh onlara tərəf dönüb səsləndi.
-Belə çıxır ki, biz piyada gedə bilməzdik, - Dəyanət qayğılandı.
-Elə deyil, itlər gəlib gedən piyadalara dəymirlər, görüb alışıblar. Onların narahatlığına səbəb bizim atlı olmağımızdır. Nəbadə onlara acıqlanasız, üzlərinə belə baxmayın, - Saleh təkrarən xəbərdarlıq etdi.
Onlara diqqət yetirilmədiyini görən itlər bir az hürəndən sonra sakitləşdilər. Qarşıdakı yoxuşda yolu piyada gedən çoxlu yeniyetmə oğlanlar və qızlar, onların arxasınca addımlayan beş qadın görsənirdi. Qadınlardan biri qucağında körpə uşaq aparırdı. Səfər körpə aparan qadının qarasına gileyləndi:
- Belə çətin yolu körpə ilə getmək olar? Nə ağılla o körpəni özü ilə aparır?
-Bəlkə uşağı olmayıb, nəzir-niyazla buna nail olub. Niyyət edib ki, körpəsini Babanın üstünə - hüzuruna aparsın, – Şamil onun təəccübünə irad tutdu.
-Mən hələ kiçik yaşlarımda eşitmişəm ki, övladı olmayanlar Həzrət Babanı ziyarət edir, çoxlarının da bu niyyətdən sonra övladı olur. Bu da bir inamdır, - müəllim vəkilin sözünə qüvvət verdi.
-Əgər uşağa bir şey olsa, xəstələnsə onda necə olacaq? Bax görürsüz, yuxarı qalxdıqca hava get-gedə soyuyur. Hələ gecə necə soyuq olacaq, Allah bilir...
-Həkim düz deyir, axşam düşdükcə hava soyuyur. Gəlin bir az dayanıb dincələk, atların təri soyusun. Biz də əynimizi ehtiyat üçün götürdüyümüz paltarlarla qalınlaşdıraq, - Dəyanət təklif etdi.
Atları saxlayıb yerə düşdülər. Gün batmışdı, daha bir saat da keçəcək hava qaralmağa başlayacaqdı. Avqust ayı olsa da günortanın istisindən əsər-əlamət qalmamışdı. Yüngül sərin meh əsirdi. Meh əsdikcə bədənlərinin tərləmiş yerləri üşüyürdü.
Onlar gətirdikləri əlavə yun köynəklərdən hələlik ən naziyini əyinlərinə geyindilər. Buradan – yüksəklikdən aşağıda qalan enli, böyük dərələri, şişman təpələri, uzaqda axan dağ şəlaləsini, gəldikləri dolana-dolana qalxan cığırı seyr etmək ləzzət verirdi. Cığırın aşağı başında adamların piyada gələn yeni dəstələri görünürdü. Saleh müəllim xəyala daldı:
-Eh, buradan aşağını seyr etdikcə rus şairi Puşkinin “Qafqaz” şeiri yadıma düşür.
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən
Tutmuşam tək uçurum, qarlı dağ üstündə qərar...
Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar...
-Ay kişi, yenə oturduz, - Dəyanət yerə oturmuş dostlarını qınadı, - guya neçə saatdır atın belində oturan siz deyilsiz? Durun bir az gəzişin, qol-qıçınız açılsın.
-O oturmaq, bu oturmaqdan deyil. Vərdiş deyilik dayana, yəhər yanımızı əzir.
-Burda bir şəkil çəkdirsək necə olar? Arxada da o şəlalə düşsün, hə?
-Pis olmaz. Şəkil məsələsi sənlikdir. Sən həm də bizim fotoqrafımızsan axı, - Səfər qımışdı.
Şəkilçəkdirmə bitdikdən sonra könüllərinə bulaq suyu içmək düşdü:
-Ay Saleh, buralarda bulaq olar?
-Var, qabaqdakı sərt yoxuşun ətəyində. İncinmirsizsə oradək ayaqla gedək.
-Söz yox, həqiqətən mənzərələr gözəldir, baxmaqdan göz doymur. Hər tərəf yamyaşıl, al-əlvan gözəl çiçəklər...
-Səfər, Allah qoysa, Babanın zirvəsində ağ qarı, daşların altından boylanan təzə-tər çiçəkləri seyr edəndə, gör nə hisslər keçirəcəksən, baharı duyacaqsan, - Saleh onun sevincinə qoşuldu, - doğru söz imiş, bu yolda ilin hər fəslini görmüş olursan.
Təravətli, yaşıl otlardan doymaq bilməyən atları arxasınca yüyənindən tutub, çəkib aparmaq çətin bir iş olmuşdu. Başını otlardan ayırmaq istəməyən at Dəyanəti hövsələdən çıxarmışdı.
-Ə, zalımoğlunun atı dayanmadan hey, yeyir. Deyəsən bunu ac saxlayıblar. Nə qədər otlamaq olar? Bizim yazığımız gəldi ki, dinclərini alsınlar, başladılar ağ eləməyə...
-Sudan çox içməyin, qayıdanbaşı içərsiz, - Saleh bulağa yaxınlaşdıqları zaman məsləhətindən qalmadı, - dahi Nizaminin sözləri yadınızdan çıxmasın: ”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.”
-Müəllim, çox sağ ol, aydındır, başa düşdük, - gülümsədilər.
Sərin külək əsdikcə göyün üzərindəki ağ buludlar topalaşıb çoxalırdılar. Buludların mavi səmanı örtməsi Salehin heç xoşuna gəlmirdi. Belə gedərsə, bu o demək idi ki, ən azından gecə ulduzlara, Ay işığına həsrət qalacaqdılar. Üfüqün şimal tərəfində, dağların zirvəsində bozarmağa başlayan duman yaxşı heç nə vəd etmirdi.
-O görsənən duman artıb bizə çatsa gəlişimizin ləzzəti itəcək, - Saleh irəlicədən təəssüfləndi.
-Niyə? – Şamil soruşdu.
-Duman olsa, yan-yörəndə beş-altı metr məsafədən uzağı görməyəcəksən. Cığırla gedib, cığırla da qayıdacaqsan, dağların gözəlliyini, əzəmətini görməyə də həsrət qalacaqsan.
Atları minməyə bir-birilərinə kömək edib, yenidən yola düzəldilər. Az getmişdilər ki, qarşılarına ciğirla aşağı enən iki qadın, üç kişi çıxdı.
-Ziyarətiniz qəbul olsun!
Saleh bilirdi ki, Babadan qayıdanlara belə demək gərək-dir.
-Allah sizə də qismət eləsin, - gələnlər də atları daxili həsəd hissi ilə süzüb cavab verdilər.
-Necə ziyarət etdiz, çətinliyiniz oldumu?
-Şükür Allaha, elə çətinliyimiz olmadı, ancaq, Babanın üstü çox soyuqdur, bəzi yerləri düm ağ qarla örtülüdür. Siz atla axıradək gedəcəksiniz?
-Əlbəttə, bəs necə?
-Onda sizin üçün çətin nə var ki, - ən cavanı həsədini gizlətməyi bacarmadı.
Onlardan aralanıb əlli-altmış metr getmişdilər, bayaq uzaqdan gördükləri piyada gedən beş qadına, (hansı ki, biri qucağında körpə uşaq aparırdı,) bir az irəlidə isə hay-küylə yoxuşları çıxan yeniyetmə oğlan və qızlara çatdılar.
Qadınlardan biri digərinə deyirdi:
-Bu bəxtəvərlərə bax, oturublar özləri üçün atın belində, dünya veclərinə deyil. Qoysaydılar atların birinin quyruğundan yapışıb mən də gedərdim.
-Yazıq atlar bellərindəkini güclə aparırlar, hələ bir səni də sürüməlidirlər. Görmürsən, aralarında heç arıq olanı yoxdu. Yəqin havayı yeyənlərdəndir...
Atlılar söhbəti eşitsələr də gülümsəyib özlərini eşitməzliyə vurdular. Qadınlardan sonra diqqətlərini yeniyetmələrin hamısından öndə gedən cavan oğlanla qızın mehribancasına əl-ələ verib getməkləpi cəlb etdi. Dik yoxuşda qız üç-dörd addmdan bir nəfəsini dərmək üçün ayaq saxlayır, qolunu oğlanın belinə dolayaraq, az qala özünü onun üstünə yıxırdı.”Yox, bunlar bacı qardaşa oxşamırlar, - dostlar düşündülər, - bacı qardaşa bu qədər sarılmaz. Bəlkə, nişanlıdılar? Baş açıq, qollar çiyinədək açıq, əynindəki ətəyi dizdən kəsilən şalvar – cins “şortik” darlıqdan partlayacaq sanki... Belə də pirə ziyarətə getmək olar? Elə bil bulvara gəzməyə çıxıblar. Xeyr, bunlar heç nişanlıya da oxşamırlar. Nə qədər qeyrətsizləşəsən ki, nişanlının bütün əzalarının çöldə qalmasına əhəmiyyət verməyəsən. Özünün vicdanı, isməti olmadığı halda kiməsə nəsə demək, ağıl vermək olar? Allah başa salsın...”
Dəyanət yanaşı getdiyi Səfərə sarı pıçıldadı:
-Bəzi xoşqeyrətlər adamın üzünə dururlar ki, şalvar mini, dar yubkadan abırlıdır. Daha beləsi yox də, paltarlı çılpaqlıqdır bu...
-Elə düşündükləri üçün də indi don geyinən azalıb, əksəriyyətinin arxası çöldə qalıb. Mən qadında günah görmürəm. Hər şey kişidən asılıdır...
-Bilirsən, mənim nəzərimcə açıq-saçıqlıqla və ya dar paltarla özgə kişilərdə ehtiras oyatmağa çalışan qadınların ürəklərinin sultanı yoxdur. Belələri ərləri, gəzdikləri olsa da daim qəlblərinin kişisinin axtarışındadırlar. Qəlbinin kişisini tapan qadın bədənini heç vaxt çöldə qoymaz.
-Haqlısan...
Onlar oğlan və qızdan baxışlarını ikrahla döndərib, yanlarından ötərək növbəti zirvəyə tərəf yol aldılar. Hava getdikcə qaralırdı, çox keçməyəcəkdi ətraf tamamilə qaranlıqlaşacaqdı.
-Müəllim, yolu yarı etmişik, yoxsa yox? – Şamil yenə darıxqanlıqla soruşdu.
-İrəlidə cığır hamar, sal daşlara çatacaq. Ora yolun keçilməsi çətin sayılan yerlərindən biridir. Həmin yeri keçsək yolu yarılacayıq.
Saleh ürəyində arzulayırdı ki, kaş tam qaranlıq düşənəcən bu ağır keçidi - sərt yoxuşlu daşlıq qayanı keçsinlər. Qaranlıqda daşların üzərində cığırı ayırd etmək çətin olur. Belə olanda adamın azması, atların sal daşların üzərində müvazinətini saxlaya bilməyib sürüşməsi ehtimalları artırdı.
Otuz-qırx metr getmişdilər, yarımqaranlıqda ağarıb işıldayan sal daşları görən Saleh sevinclə çığırdı:
-Çatmışıq, dediyim daş qayalığa çatmışıq!.. Düşün daha atlardan. Bu keçiddən atla keçmək qorxuludur, məsləhət deyil. Atın ayağı sürüşərsə, atqarışıq üzüaşağı yuvarlana bilərsiz. Gəlin dalımca, atın yüyənindən tutub arxanızca çəkin. Qaranlıq oturuşana qədər bu daşlıq qayanı keçməlıyik.
Hamı atlardan düşdü.
-Gəzməyimiz yaxşıdır, oturmaqdan yanımız ağrıyır, - Səfər atının yüyənindən çəkib, Salehin atının ardınca qayaya sarı yollandı.
-Heyf əziyyətimə, güclə minmişdim, - Şamil heyfsiləndi, - əşşi, bəsdi də otladın, - ata çımxırdı, - gəl görək, daşların arasında da gözünü otdan çəkmir...
O, axıra qalmamaq üçün Dəyanətdən önə keçdi.
-Daşların üstü ilə ehtiyatla yeriyin, atları çox qısnamayın, onlar cığırlara bələddilər, keçəcəklər, - Saleh irəlidə gedə-gedə xəbərdarlıqlarını davam etdirirdi. Yol əvvəlcə sola, sonra sərt yoxuşla sağa dönürdü. Arxası sıldırım yüksəkliyin üstü ilə keçən yol boyu ensiz cığırlar ayaq altından qaçan xırda daşlarla dolu idi. Elə bil bu daşları incəliklə kəsib doğramış mişarın dişləri qayanın sinəsində naxışlar vurmuşdu. Dönüb yana baxdıqda dərənin dibi çətinliklə seçilirdi. Sıldırım göz işlədikcə uzanırdı. Adam yuxarıdan aşağıya baxanda vahimə bürüyür, başı hərlənirdi. Odur ki, yolu qalxdıqca cığırdan kənara baxmaq qorxulu idi.
Qayanın üstünə qalxanların yoxuşun dikliyindən dizləri ağrıyır, nəfəsləri çiyinlərindən çıxırdı. Bir neçə dəqiqə dayanıb ayaqüstü dinclərini aldılar. Sonra yenə nəfəsləri təntiyənədək yüyənləri çəkə-çəkə üzüyuxarı addımladılar. Xoşbəxtlikdən daş qayanın üstünə qalxan yol yüz metrdən çox olmazdı, yoxsa daim oturaq işə vərdiş dostların taqətləri kəsiləcəkdi.
Hamıdan irəlidə gedən Saleh aşırımın üstünə təzəcə çatmışdı ki, üzü tutulmuş səmadan yağan yağışın onları haqladığını duydu:
-Yoldaşlar, cəld olun, yağış başladı. Nə qədər yer islanmayıb tez tərpənin. Yer islansa ayağınızın altı sürüşəcək. Çatmısız, tez gəlin birgə yağışdan qorunaq...
Yağışın qorxusundan diribaşlaşan dostlar iki-üç dəqiqənin ərzində aşırımın üstünə, qayanın iri daşlarının arasında daldanacağa yığışdılar.
-İslanmamaq üçün götürülən salafanlar kimin heybəsindədir? – Dəyanət yağışın canına yaydığı soyuqdan əsə-əsə qışqırdı: - Kimdədirsə ləngimədən çıxarıb paylasın, çəkək üstümüzə.
Bir-birinə baxıb salafanların kimdə olduğunu xatırlamağa çalışdılar.
-Məndədir, mənim heybəmdədir, - Səfər əl-ayağa düşdü. Bir göz qirpımında bükülü salafanları heybədən çıxarıb payladı. Amma, yalnız başlarına və çiyinlərinə çatan örtük könüllərincə olmadı.
-Gərək daha böyüyünü götürəydik, ya da bir böyük plaş olsaydı, hamımız altına yığışardıq, - Şamil heyfsiləndi.
-Günorta elə isti, günəşli hava idi, adamın ağlına gələrdimi yağış yağar? Nə yaxşı ki, bu salafanı da ehtiyat üçün götürmüşük. Yəqin ki, ötəri buluddur, çox keçməz yağış dayanar, yolumuza davam edərik, - Saleh yüyəni əllərindən buraxmadan, əsən küləyin soyuğundan böyük sal qaya parçasının külək tutmazında çöməlib, bir-birinə qısılan dostlarını ürəkləndirdi.
Hava daha qaranlıqlaşmışdı. Göyün üzü qaramtıl buludlarla örtüldüyündən nə Ay, nə də ulduzlar görünmürdü. Ancaq, çox uzaqdan – onlardan geri aşağılarda, həm də irəlidə, yoxuşlarda parıldayan xırda, nöqtəvari işıqlar görünürdü. Bu ziyarətə gələnlər və qayıdanların əllərindəki fanarların işıqları idi.
-Görəsən saat neçədir? – Dəyanət qısılıb oturmaqdan darıxdı.
-Doqquz tamam, ona işləyib, - birisi cavab verdi.
-Müəllimin deməsinə görə burada yolu yarı etmişik. Allah eləsin yağış tez kəssin, yolumuzdan qalmayaq, “Aman evinə” yetişək, dincəlib yemək yeyək, - Şamil əlini-əlinə sürtüb dilləndi.
-Sən də elə yeməyin dərdindəsən, - Səfər ona sözünü bitirməyə imkan vermədi, - yağışa dözərik, əsas odu ki, külək dayansın. Külək dayanmasa vay halımıza, soyuq bizi birtəhər edəcək.
-Əşşi, qorxmayın, bu yol bəzən belə də olur, daha artıq əzablı-əziyyətli... Mən hələ eşitməmişəm ki, kimsə ziyarətin yolunda soyuğa, yağışa düşsün, sonra da ağır xəstələnsin. Geri qayıdanadək olan soyuq canımızdan çıxacaq. Bundan arxayın olun. Bir baxın yağış yavaşıdı. Dedim axı, ötəri buluddur, - Saleh sevinib yerindən ayağa qalxdı, - durun düzələk yolumuza, hərəkət etməklə bədənimiz istilənsin.
-Atların yəhərləri islanıb, indi necə oturacayıq atda? – Dostlar təəssüfləndilər.
-Neyləyə bilərik, yenə şükür, çox yağmadı, - Saleh təskinlik verdi, - eybi yox, bir az piyada gedək, həm bizim, həm də yəhərlərin islantısı qurumağa başlasın.
Onlar bayaqkı qaydada sıra ilə atları arxalarınca çəkə-çəkə yenidən üzüyuxarı səmtlənən cığırla addımladılar. Lakin, yol islandığından ayaq altındakı torpaq palçığa çevrilib ayaqqabılara yapışır, yeriməyi ağırlaşdırırdı. Rahatlıq üçün geyindikləri nazik idman ayaqqabıları yeridikcə palçıqdan islanıb qaralır, qaloşu xatırladırdı.
-Yox, belə getmək əziyyətlidir, - Şamil şikayətləndi, - yəhər olsun da yaş, mən ata minirəm.
O, atını yaxınlıqdakı yarğanın kənarına çəkib, özünü birtəhər yəhərin üstünə atdı.
-Yavaş-yavaş öyrənirsən at minməyi, - Dəyanət onun at minməyinə güldü, - şəhərə qayıdanda atçapma idmanında məşqçi işləyə bilərsən.
-Sən zarafat elə, az arıqlasam, problem yoxdur, - Şamil zarafatı həqiqət kimi qəbul etmək istədi.
-Belə çıxır ki, bizim sənin qədər ağlımız yoxdu? – Səfər də yorulub addımını saxladı, - atları minmək gərəkdir, gilli palçıqda getmək olmur.
Səfər atını mindikdən sonra, Dəyanətlə Saleh də atlarına mindilər.
-Diqqətli olun, yoxuşlarda at sürüşə bilər, atları tələsdirməyin, - Saleh arxasınca gələn dostlarına xatırlatmaqla, bir növ bələdçilik vəzifəsini yerli-yerində həyata keçirirdi.
Yoxuşlar qurtarmaq bilmirdi. Atlar səriştəli olduğundan ayaqları altında torpaq sürüşən zaman səndirləsələr də müvazinətlərini itirmirdilər. Yaş yəhərdə oturmaqla canlarını palçığın əzabından qurtaran dostların atın üstündə küləyə tuş gələn nəm bədənlərini soyuq hava üşütməyə başlamışdı.
-Gərək ata minməyəydik, bir qədər də piyada gedib hərəkət hesabına canımızı istilədəydik, - Saleh heyifsiləndi, - ətrafda kol-kos da yoxdur ki, yığıb od qalayıb, qızınasan, pal-paltar da quruya...
Dillənib onun dediklərinə nəsə əlavə edən olmadı. Təkcə o məlum idi ki, dayanmağın yeri yox idi. Mümkün qədər tez, istehkama bənzər “Aman evi” deyilən yerə çatmalıydılar. Növbəti yoxuşu qalxıb növbəti yamaca çıxmışdılar, üstlərinə yağan yağış damcıları onları yenidən həyəcanlandırdı:
-Ay aman, yenə başladı yağmağa...
-İndi bəs neyləyək? İslanıb soyuqdan öləcəyik.
-Görəsən Aman evinə çox qalmışıq, yoxsa az? Tez-tez gedib necə var özümüzü ora çatdırmalıyıq.
-Yox, məncə tələsməyək, - Saleh etiraz etdi, - gəlin yenə daldanacaq tapıb yağışın dayanmasını gözləyək. Nəzərə almaq lazımdır ki, Aman evi buradan da yüksəklikdədir. Əgər orada da belə küləkli yağışa düşsək kələyimiz kəsiləcək...
Qaranlıqda, boş çöllükdə sığınacaq tapmaq elə də asan deyildi. Bir qədər irəlidə, cığırdan aralı, sol tərəfdə iki metr hündürlükdə tinləri yumru üçbucağa oxşayan iri daş parçasasının qaraltısı göründü.
-Tapmışam, gəlin, - Saleh sevinclə yoldaşlarını səslədi, - gəlin, bu böyük daşın külək tutmazına sığınaq, yağış bitəndə yenə yolumuza davam edərik.
Dostlara elə gəldi ki, bu iri daş qaya parçası onlari təkcə küləkdən deyil, yağışdan da qoruyacaq. Odur ki, tez atların başını daşa sarı döndərib qızınmağa tələsdilər. Atlardan düşüb, üstlərini salafanla örtüb, iri daşın dibində çöməlib yenidən bir-birilərinə qısıldılar. Daş küləyin qarşısını alsa da, onları çəpəki yağan yağışdan qoruya bilmədi.
-Hərə atının yüyənini əlinə dolayıb bərk saxlasın. Eşidirsiz, əlinizdən buraxsanız, sonra gərək bu qaranlıq gecədə at axtaraq, - Saleh söyləndi.
-Saat neçə oldu, görən?
-Saat ondur.
-Yağış kəssəydi, ay nə olardı...
-Hələ külək də əsməsəydi, pis olmazdı...
Yağışın yenidən külək qarışıq yağması dostların qanını qaraltdı. Başlarındakı salafanlar böyük olmadığından paltarlarının islanmasının qarşısı yetərincə alınmırdı. Kürəkləri, sinələri quru olmasına baxmayaraq, beldən aşağı demək olar ki, islanmışdılar. Bir tərəfdən də əsən külək islanmış yerləri üşütməyi azmış, məzələnirmiş kimi başlarındakı salafanı dinc qoymayıb oynadır, qoparıb aparmağa cəhd edirdi.
-Niyə dilxor olmusuz, - Dəyanət yaranmış sükutu pozdu, - əşşi, yağışdı da... Yağıb axırda dayanacaq da, neyniyə bilərik? Dözməkdən savayı əlimizdən nə gəlir? Gəlin siqaretimizi çəkək, söhbətləşək, bir də görəcəyik dayanıb.
-Belə yağışda siqaret çəkmək olar? Yoxsa salafanın altında çəkəcəksən, – Səfər güldü, - bu qaya parçası bizi azca küləkdən qoruyur, yağışdan yox..
-Mən təklif etdim, məcbur eləmədim...
-Yaxşısı budu hərəyə bir lətifə, ya da başımıza gələn maraqlı hadisə danışaq.
-Bazlıqdan?
-Səninki də elə bazlıq olsun, başqa söhbətin yoxdu, - Saleh Şamilə irad tutdu, - bu yolda da barı gərəksiz, layiqsiz sözlər danışmayın. Görürsüz ki, qurbanı olduğum bizi nə hala salıb. Heç olmasa özümüzü elə aparaq ki, bizə rəhmi gəlib yolumuzu bağlamasın, açsın...
Kimsə dillənmədi. Saleh sözünə davam etdi:
-Yaxşısı budur hərə öz ürəyində Allaha yalvarıb dua etsin ki, imkan versin sağ-salamat ziyarətimizi başa vuraq.
-Dua etmək lazımdır, borcumuzdur, - Dəyanət təsdiqlədi, - amma, darıxmamaq üçün ağıllı söhbətlərin də yeri var.
Yaxınlıqda çaxan ildırımın gur ağ işığı ətrafı bir anlığa işıqlandırıb yox oldu. Dalısıyca göyü lərzəyə gətirən gurultu qopdu.
-Baho... Bu hələ təzə başlayır ki, - dostlar həyəcanla yağışın artmasını seyr etdilər.
Az keçmədi, Dəyanət yenə hamının diqqətini özünə çəkdi:
-Cənablar, yarım saata yaxındır biz bu daşa sığınmışıq. Yağış hələ neçə saat yağacaq, Allah bilir. Mən soyuqdan ölürəm, başımızdakı salafanların da elə bir xeyri yoxdu. Bir təklifim də var. Gəlin atların yəhərlərini açaq. Hərə öz yəhərini altına atıb otursun, yəhərin altındakı keçəni də üstümüzə atıb yağışdan, soyuqdan qorunaq. Atlara soyuq olan deyil, yalın bellə islanib dincələcəklər. Hə, necə fikirdi, ağlabatandı?
-Nahaqdan səni rəis çağırmayırlar, afərin, - Saleh onun təklifini dəstəklədi, - ancaq, bir məsələ var, sonra atları əvvəlki qaydada kim yəhərləyəcək? Mən boynuma alıram ki, bacarmayacağam.
-Düz deyirsən, - Dəyanət razılaşdı, - aramızda atı yəhərləməyi bacaran yoxdu. Gərək köməkləşib edək, ya da rastlaşdığımız bir bacaran adamdan xahiş edərik. Allah kərimdir, darda qoymaz. Gəl ki, bunu etməsək burada çox dayanmağa dözümümüz çatmayacaq...
-Yaxşı, hərə öz atını yalınlasa da, əvvəlki tək yüyəni əlinə dolayıb saxlasın, - dostlar soyuğun dərdindən Dəyanətin təklifinə etiraz etmədilər.
Çöməlib oturmaqdan qıçları ağrıyan dostlar yəhərin üstündə rahatca əyləşməkdən xoşlansalar da, yağışdan və soyuqdan qorunmaq üçün üstlərinə atdıqları keçədən gələn at tərinin tünd iyi burunlarını acışdırırdı. İy deyəsən ən çox Şamili “feyziyab” etmişdi:
-Ömrümdə təsəvvür etməzdim ki, nə vaxtsa mən atın tərinin iyini ciyərlərimə belə çəkəcəyəm...
Gülüşdülər.
-Xoş halalın. Bu iyin öz təravəti var. Lazımdır ki, bun-dan da anlayışın olsun.
-Siz gülürsünüz, - Saleh də özünəməxsus münasibətini bildirdi, - ancaq, düşünmək lazımdır ki, tər-təmiz kabinetlərin ətirli havasına vərdiş burunlarımıza bu tər iyini çəkdirməklə görünür Allahın bizə dərk etmədiyimiz bir eyhamı var...
-Şübhəsiz elədir, - Səfər onunla razılaşdı, - özü bilən məs-ləhətdir.
Başlarının üstündə ildırım çaxmağında davam edirdi. Aramla, əvvəlcə işığı ətrafı hər yanı ani nura bürüyür, ardınca gurultusu qulağı dəlib deşirdi. Yağışın damcıları da getdikcə böyüyür, keçələri tıqqatıqla döyəcləyirdi. Elə bil, kimsə böyük aşsüzəndən başlarına su səpirdi. Keçələrə bürünərək soyuqdan büzüşüb iri daşa qısılan dostlardan fərqli olaraq yəhərdən azad olan atlar bellərinə dəyən yağışdan ləzzət alırlarmış kimi, yüyənləri çatan qədər xırpa-xırpla, doymadan otlayırdılar.
Burunları at tərinin iyinə alışmış dostlar çarəsizlikdən başlarını söhbətə qatmışdılar:
-Yaman yerdə axşamladıq...
-Bircə tez yağıb boşalsaydı...
-Ay Allah, bu nə zülümdü bizə verirsən?
-Saleh, sənin telefonunda yaxşı mahnılar var. Aç, qulaq asaq, başımız qarışsın, vaxt onda tez keçər.
-Yox, yox, qəti olmaz. Nəbadə, kimsə telefonunu açma-sın. İldırımı görmürsüz? Hamımız yerimizdəcə quruyarıq...
-Heç bu yağışdan gözüm su içmir, tezliklə dayanana oxşamır...
-Əşşi, heç olmasa, ikisindən biri dayana, yenə dərd yarıdı. Nə külək kəsir, nə də yağış.
-Bura baxın, belə otursaq soyuqdan öləcəyik. Gəlin kürək-kürəyə oturaq. Həm kürəyimiz quru qalar, həm də azca mürgüləyib dincələrik.
-Bu cür soyuqda yatmaq olar? Xəstələnərsiz. Gedib evi-nizdə mürgüləyərsiz, ağıllı olun!
Saleh dostlarının kürək-kürəyə yerlərini rahatladıqdan sonra susmalarından, onun sözlərindənsə mürgüləməyə üstünlük verdiklərini başa düşdü.” Allahın işinə bax, - o, fikirləşdi, - bunların himayəsində olan işçilər öz müdirlərini belə vəziyyətdə görsəydilər, yazıqları gələrdi. Qarşılarında başqalarının ehtiyatlandığı adamlar yağışın, küləyin əlində aciz qalıb, çarəsizlikdən atın belinə sərilən keçənin ümidinə qalıblar. Başqa vaxt əyləşdikləri kreslonu da nəm salfetka ilə təmizləyirlər ki, paltarları tozlanar. Qurbanı olduğum, bəlkə də, bizi çətinliklərə salmaqla imanımızın artmasını istəyir. Anlatmaq istəyir ki, bütün vəzifə və səlahiyyətlər müvəqqətidir, qulum olduğunuzu unutmayın. Kimliyinizdən asılı olmayaraq nə qədər çox bacarıqlı, bilikli, varlı, imkanlı olsanız belə, baxtınıza – taleyinizə yiyəlik edə bilməzsiniz. Nə qədər istəsəniz özünüzə sərf edən qanunlar qəbul edə bilərsiniz, ilahi qanunların hökmündən isə heç vaxt yayına bilməzsiniz. Allahın böyüklüyü və möhtəşəmliyi elə insanın onun işlərindən baş aça bilməməsində, qarşısında aciz qalmasındadır. Yaxşı ki, belədir. Vallahı, insanlar bilsələr ki, sabah rəbbi onlardan üz döndörəcək, nankor və naşükürlüyündən – dözməyib günü bu gündən sifətləri çönərək, hamılıqla şeytana xidmət edərlər. Lənət şeytana, bu yağış görəsən nə vaxt qurtaracaq? Soyuq kəsdi kələyimizi, xəstələnməsək böyük işdir, bərk soyuqlayacayıq. Niyə belə oldu, ay Allah? Nə günahımız var ki, sən bizi belə əziyyətə, zülmə tuş gətirirsən? Biri elə mən. Mənim hansı böyük günahım var ki, bu əzaba layiq bilinmişəm? Dəyanət demişkən, zənglə, tapşırıqla qiymət yazmağımdımı günahım? Yoxsa, bəzən qiymət üçün edilən hörməti, payı qəbul etməyimdirmi? Axı mən zorla heç kimdən heç nə tələb etməmişəm. Qurban olduğum özü şahiddir ki, o aldığım maaşla ailənin yalnız azuqəsini çatdırmaq olar. Bəs geyim, başqa tələbatlar, toylar, yaslar, nə bilim pul gərək olan neçə-neçə işlər? Əgər kimsə beynini yormaq istəməyib mənə yalvara-yalvara pay verə, hörmət edə, qiymət almaq istəyirsə, mən niyə veriləni almayım, etiraz edim? Ola bilərmi ki, edilən zənglərə, xahişlərə əhəmiyyət verməyəm? Belə etsəm özüm-özümü hörmətsiz, dəyərsiz adam səviyyəsinə endirmiş olaram. Günlərin birində də yararsız kadr kimi işdən çıxarıldığımı görərəm. Hörmətim, qazancım olmayandan sonra, ailədə də gözdən düşəcəyəm. Ya Allahım, bunları günaha yazma. Mən bunları artıq tamahlıqdan yox, məcburiyyətdən edirəm... İndi rüşvət o qədər adiləşib ki, günahdan çox zəruri normaya, tələbata çevrilib. Elmi ad alanda, instituta işə düzələndə azmı xərc çəkmişəm? Doğrudur, bunları əldə etməkdə qayınatamın da yardımı dəymişdi, baxmayaraq ki, belə köməyi bəziləri arvad hesabına kişi olmaq hesab edirlər. Bu da danılmazdır ki, hazırkı dövrdə təkbaşına “kişi” olub irəli getmək heç də asan məsələ deyil... Olmaya gəncliyimin əvvəlində yarımçıq qırılan sevgimi mənə günah sayırsan?” – Səyyarə ilə olan sevgisini xatırladı. Əsgərlikdə ikən onun adı başqası ilə çəkildiyindən qayıdanda, keçmiş istəklisinin yalvarışlarına məhəl qoymayaraq ondan üz döndərib, Səyyarənin sözü ilə desək “imkanlı qızına bənd olmuşdu”. İllərlə evdə qalıb qarıyan qız sonda çarəsizlikdən özündən kiçik dul kişiyə ərə getmişdi. Üç illik evlilikdən sonra, iki uşaq-la özü də dul qalmışdı. – “Mən nə edim ki, o, xidmətdən gələnədək adının təmizliyini qoruya bilməmişdi. Deyilənlərin yalan olduğunu and-aman etsə də, başqalarına söz-söhbətin şayiəliyini necə sübut edə bilərdim? El sözü var, od olmasa tüstü çıxmaz. Öz ağılsızlığıydı. Bəzən qıza rəhmim gəlsə də, xətasını bağışlaya bilmədim. Ya Allah, keç günahlarımdan. Ömrüm boyu sənin tərəfində olmuşam və sənə inamımdan dönmərəm. Hər sınağına dözməyə hazıram. Bəlkə verdiyin əzablar dostlarıma görədir? Həyatda bir-birimizə oxşasaq da əməllərimiz fərqlidir... Mən bu yolu iki dəfə gəlmişəm, amma, belə sınağa, əzaba düşməmişəm...”
O, qaranlıqda üzlərini görmədiyi, təkcə nəfəslərini hiss etdiyi keçənin altında kürək-kürəyə qısılan yoldaşlarına sarı baxdı. Bir qədər aralıdakı cığır tərəfdə geriyə qayıdan adamların hənirtiləri duyuldu. Adamlardan bir ortayaşlısı, qalın səslə uzaqdakıları haraylayırdı:
-Ehey, qayıdın geri, eşidirsiz? Qayıdın, biz də qayıdırıq.
Mürgüləyənlər səsə ayıldılar. Dəyanət başını keçənin arasından çıxarıb cığırdakı adamlara səsləndi:
-Qardaşlar, nə olub, niyə qayıdırsız?
Yamyaş islanmış, küləyin soyuğundan əsən cavanlardan birisi ötəri cavab verdi:
-Getmək mümkün deyil, külək imkan vermir...
Şamil yerində qurcalandı:
-Bəlkə, biz də bunlara qoşulub qayıdaq? Hə, nə deyirsiz?
Səfər ilə Saleh dinmədi. Dəyanətin hövsələsi daraldı:
-Biriniz saata baxın, neçədir?
-On iki tamam, birə işləyir.
-Ay aman, iki saatdan çoxdu oturmuşuq, yağış da kəsmir. Nəhayət, burda sizin nə qədər belə oturmaq fikriniz var?
Bu dəfə Salehin əvəzinə Səfər danışdı.
-Ay cənablar, dostlarım-qardaşlarım! Səbrli olun, nə qədər əzab çəkmişik, dözə-dözə hardan haraya gəlib çatmışıq. İndi az bir məsafə qalmış nə oldu, səbriniz qurtardı? Heyfiniz gəlsin çəkdiyiniz əziyyətə. Gəlin bir az da dözüb yağışın kəsməyini gözləyək, yenə yolumuza davam edərik.
-Uzağı gün çıxanadək əziyyətimiz olacaq, - Saleh də dilləndi.
-Gün nə vaxt çıxacaq?
-Səhər saat beşdə.
-Nə danışırsan, - Dəyanət heyrətləndi, - biz beş saat da belə dayansaq soyuqdan taxtaya dönəcəyik...
-Hər şey Allahdan asılıdır, ona yalvarmaqdan ayrı əlacımız yoxdu, - Səfər söhbəti tamamladı.
İldırım sakitləşsə də, göyün üzündən buludlar çəkilmək istəmirdi. Aramla yağan yağışdan tamamilə islanmış atlar, əsən küləyin soyuğundanmı, yoxsa doyduqlarındanmı daha otlamırdılar. Hər kəs öz atının yüyənini möhkəm-möhkəm əlinə sarımışdı. Yüyənlərinin bərkliyini yoxlayırmış kimi dincəlməkdən bezən atlar ara-bir fınxırıb dayandıqları yerdə ayaqlarını torpağa döyəcləyirdilər.
Dəqiqələr, saatlar keçdikcə gecənin soyuğu artır, dostların canına üzücü üşütmə yayılrdı. Dəyanət başını qarışdırmaq, vaxtı öldürmək üçün nəmlənmiş döş cibində siqaretlə alışqanı axtardı. Qutudakı siqaretlərdən birini yandırıb, tüstüsünü ciyərinə çəkib, içəridəkiləri boğmamaq üçün keçənin ətəyindən çölə nəfəs yeri açdı:
-Şamil, deyirəm baxtımıza bax. Gündüz gün-göyçək, gəlib-gəlib yol az qalanda birdən-birə hava üzünü bozartdı, yumşalmaq da bilmir. Səncə niyə belə olsun?
-Nəzərə gəldik. Hər yetən gözünü çəkmirdi atlarımızdan...
-Çox güman ki, kiminsə ağır günahı, ya da “ağ tükü” var, - Səfər araya söz atdı. Saleh güldü:
-Məndən savayı, mən əvvəllər iki dəfə gəlmişəm, günəşli havada Babanı ziyarət etmişəm.
-Sən sonuncu dəfə otuz yaşında gəlmisən. O vaxtdan bəri gördüyün işlərin hamısını xatırlayırsan? Olmaya bizim aramızda özünü günahsız, təmiz hesab edirsən? Onu ancaq göy-dəki kişi bilər, ayrı kimsə yox...
Şamilin suallarına baş qoşmayıb dalğınlaşan Saleh:
-Onda belə çıxır ki, bizim günahlarımız yuyulmayınca nə bu yağış dayanmayacaq, nə də Həzrət Baba bizi qəbul etməyəcək, - deyib susdu.
Səfərin atmacası tək Salehi deyil, hamını düşünməyə va-dar edirdi.” Mənim nə böyük günahım ola bilər, - Dəyanət ürəyində götür-qoy etdi, - kimisə söymüşəm, döymüşəm, ya pulunu almışamsa səbəbi olub. Heç nədən, səbəbsiz, nəfsimə görə kiməsə “torba” tikməmişəm, ziyanlıq etməmişəm. Nə eləmişəmsə haqqına etmişəm. Qatilin, soyğunçunun, dələduzun başını tumarlamalıydımmı? Nahaqqın haqqını alıb yemək lazımdır ki, haqq yoluna qayıtsın. Əbəs deyilməyib ki, oğrudan oğruya halaldır. Yox, məsələ heç də halal, haram məsələsi deyil. Bütün bu iş gətirməməzlik rəisim Sabirin pis niyyətliliyinin nəticəsidir. Bura gəlməyə ondan iki günlük icazə istədim, vermək istəmirdi. Deyirdi, indi getmə, gələn həftə mənim qohumlarımla gedərsən. Özü az imiş, gərək qohumlarına da qulluq edəydim. Dedim yox, dostlarımla gedirəm. Necə “xeyir-dua” veribsə, gəlib girmişəm at təri iyisi verən keçənin altına. Zalımın oğlunun nəfsi daşı da kəsir...”
Sərt soyuq Dəyanətin canına sirayət etdikcə lap asiləşir, təkcə rəisinə yox, özünə qarşı da ürəyində söylənirdi: “Mənə deyən gərək sənin burada nə azarın vardı? Otur rahat evində halal, haram nə yeyirsən ye də...” Dilinə gətirə bilmədiyi sözləri “Əstəqfirullah” deyib özündən kənar etmək istəsə də, qəlbinə girən şeytan belə çətin anlarda da onu rahat buraxmırdı.
“Heç insan da günahsız olarmı, - Şamil düşünürdü, - insan ağlı kəsəndən günahla yoldaşdır, ta son nəfəsi canından çıxanadək. Allah-təala bilərəkdən daim insanı qarşısında gözükölgəli saxlamaq üçün günahlar içində çapalayan, başını itirən biçarə yaradıb. Məgər istəsəydi insanı da arı kimi yarada bilməzdimi? Hərə öz işini bilərdi, kimsə bir-birinin işinə qarışmazdı, hakimə də ehtiyac yaranmazdı. Hamı vicdanla yaşayıb ölərdi. Hə, onda cəhənnəm boş qalardı... Əgər söhbət günaha görə cəzadan gedirsə, mən cəzamı çox almışam...” - O, ah çəkib altı il əvvəl qəzaya düşüb on üç yaşında həyatdan köçən kiçik oğlunu ürəkağrısı ilə xatırladı. Hələ ondan üç il əvvəl qardaşı bədbəxt hadisə nəticəsində cavan yaşında ölmüşdü. İllərdir onun atasız qalan iki kiçik uşağı himayəsində idi, yetim saxlayırdı, anaları atıb getmişdi ərə. Evdə də ki, özündə şəkər, arvadında xoş xassəli şiş, qızında mədə yarası... Narkomaniyaya qarşı “mübarizə” nəticəsində xeyli əmlak toplamışdı. Sanki əvəzi imiş orta yaşlı qaynı parkdakı ayaqyolunda özünü iynələyərkən narkotik maddənin yüksək dozasından keçinmişdi... Hansını deyəsən?.. Vəkilliyə keçəndən sonra, elə bil evə gələn dərdi-sər də azalıb, qəlbindəki gərginlik də seyrəlib. Hakimlikdə qazandığı hayla gəlib, vayla gedirdi. Ancaq, Allah da şahiddir ki, nə edibsə, təkcə öz şəxsi marağı, nəfsinə görə etməyib. Həyat, işlədiyi mühit onu məcbur edib. Asılısan, öz iradənlə işləmək mümkün deyil. Və, o, da Don Kixot olmaq istəməyərək, həqiqətdə Allahın yaratdığı şeytana xidmət eləmişdi... Nə etsin ki, indi bu sahədə pulsuz heç bir iş aşmır. Ədaləti görməli gözlər korlaşıb, yalnız pul “eynəyindən” baxıb “haqqını” alanda haqqı tanıyırlar. Yadına yolda rast gəldikləri ağsaqqalın sözləri düşdü: “Vicdanı təmiz, qəlbi saf insan”... Eh, olasan mənim yerimdə görüm necə çirkaba batmırsan...
Səfər o biri üç dostundan fərqli olaraq Həzrət Babaya dilək diləmək niyyətilə ziyarət etmək istəyirdi. Erkən evləndiyi üçün dostlarının uşaqları arasında böyük qızını hamıdan tez - artıq üç ildən çox idi ki, toyunu edib ərə vermişdi. Amma, illər keçdikcə, nəvəsinin olmaması dərdi ürəyini üzürdü. Ona görə də niyyətini qəlbində gizli saxlayıb hər əzaba hazır idi, təki Babanın üstünə çatsın. Allaha yalvarırdı ki, günahı varsa da balalarına dəyməsin, öz cəzasını özünə çəkdirsin. Ehtiyacdan yaranan günahlardan savayı, o, nə günah işlətmişdi axı? Hər bir tibbi əməliyyatın, müalicənin müəyyən edilmiş qiyməti vardı. Özbaşına qiymət yaratmamışdı ki... İstənilən sahəninin yiyəsi olan ölkədə o kimdir ki, öz xoşu ilə pul alsın? Bəziləri kimi sağalmayacaq xəstənin əməliyyatından, faydasız müalicəsindən xeyir ummayıb, ehtiyacı olsa da müəyyən mənada halallığı gözləyib. Xatirinə qocaman müəlliminin dediyi, həmişə xatırladığı cümlə gəldi: ”Ehtiyac qırmancdır, mərdi də qova-qova namərd edər...” Məgər başbilənlər az maaşı həkimə təyin edəndə ehtiyacını görmürdülər? Əksinə, ələbaxımlığa xalqın həkimi dolandırması kimi baxırdılar. Əslində isə xalq təkcə həkimi deyil, müəllimi, polisi, məmuru – hamını dolandırırdı...
Yağışın aramsızlığından daha keçə də islanıb yamyaş olmuşdu. Gecə keçdikcə havanın soyuğu kəskinləşir, üşüməkdən yığılıb bir-birinə qısılan dostların dözümü tükənirdi.
Cığır tərəfdən hənirti gəldi. Orta yaşlı bir kişi sürətli ye-rişlə aşağı qayıdırdı. Dəyanət onu görüb qışqırdı:
-Ehey, qardaş, ziyarətin qəbul, Babadan gəlirsən? Yuxarıda vəziyyət necədir?
-Yox, Aman evindən qayıdıram. Deyirlər Babaya təzə-liklə qar düşüb...
-Niyə Aman evində qalıb gözləmədin?
-Orda kimsə yoxdu, külək qoymur dayanasan...
Bu sözləri eşidən Dəyanətin səbri tükəndi:
-Ay kişilər, bizim burada yağışın, küləyin kəsməsini göz-ləməyimiz ağılsızlıqdı. Uzağı bir saata soyuqdan ağaca dönəcəyik. Eşitdiz qar yağıb? Ölmək istəyirsiz? Durun, bu gedən kişiyə qoşulub biz də qayıdaq geri. Nə təhər eyləyək, qoymur da irəli getməyə. Nə yağış kəsir, nə külək. Kim bacarır getsin. İrəliləməyimizi istəmirsə, bu o deməkdir ki, “sürüşün burdan”. Saat neçədir?
-İki tamam, üçə işləyib on dəqiqə.
-Ay aman, dörd saatdır keçənin altında durmuşuq. Səhər beş olması üçün gərək bir üç saat da gözləyək. Vallahı, ölərik o vaxta qədər. Bu yolda, deyəsən bizdən başqa kimsə qalmayıb. Durun getdik, qismət bu imiş...
Saatlarla üşüməkdən cana doymuş Şamil ilə Səfər də Dəyanətin fikrinə şərik çıxdılar:
-Hə, düz deyir, neyləmək olar, qayıtmağımız məsləhətdir.
Saleh dostlarına etiraz etməyin mənasızlığını başa düşdü:
-Qayıdırıqsa, əvvəlcə atları yəhərləməliyik. Yəhərləri beləcə atıb getmək olmaz. Bizə eyib edərlər, at sahiblərinə nə cavab verərik?
-Çağır o yoldan keçəni, bizə atları yəhərləməyə kömək etsin.
-Ehey, qardaş, eşidirsən? Gəl bizə kömək eylə, bir yerdə qayıdaq...
Cığırdakı adam xeyli uzaqlaşmışdı. Əsən küləyin əksinə çətin qayıdasıydı. Hərə atını özünə tərəf çəkib, damcılayan keçəni üstündən götürüb atın belinə atdı. Heç demə bu iyli, yaş keçə onları sərt, şaxtalı soyuqdan əməllicə qoruyurmuş. Ayağa durmaları ilə sanki, burulğanın içinə atıldılar. Vıyıldayan külək az qala varlıqlarına hakim kəsilmişdi. Soyuğun şiddətindən bədənlərindəki üşümə sürətli əsmə ilə əvəz olunmuşdu. Əl barmaqları sürətlə donduğu üçün atları qaydasında yəhərləməyə çətinlik çəkirdilər. Atlar tərpənən kimi yəhərlər boşalıb əyilir, qarınlarının altına sürüşürdü. Canlarına düşmüş əsməcədən dişləri bir-birinə dəyən Saleh və Şamil yəhəri atın belinə bərkidə bilməmələrindən təşvişə düşmüşdülər:
-Dəyanət, Səfər, kömək edin, yəhəri bağlayaq, soyuq öldürdü bizi...
-Vallah, imkanım yoxdur, barmaqlarım elə donub ki, taxtaya dönüb. Necə gəldi, birtəhər bağlayın, amma minməyin. Piyada düşəyin aşağı, bərkidəndən sonra, minərik. Düşdükcə küləyin sərtliyi azalacaq, həm də hərəkətlə qızınacayıq. Yalnız hərəkətin hesabına salamat qala bilərik. Getdik, cəld olun, ləngiməyin, tez gəlin!..
Dəyanət hamıdan irəli düşdü, ardınca Şamil, Səfər atların yüyənindən dartaraq cığırla aşağıya yola düşdülər. Yolboyu öndə gələn Saleh, indi axırda qalmışdı. Soyuğun təsirindən səsini çıxartmağa hətta, heyi yox idi. Böyürlərində hiss etdiyi kəskin ağrıdan çətinliklə nəfəs alırdı. O, əsgərlikdə Sibirin şimalında qulluq etmişdi, çox şaxtalı havalar görmüşdü. Lakin, beləsini xatırlamırdı. Külək acığa düşmüş kimi onları qabağına qatıb qovalayırdı...
Qaranlıqda azmamaq üçün mütləq cığırla qayıtmalıydılar. Cığır isə palçıqlı olmaqdan əlavə xəndəkli yerlərdə yağışdan əmələ gəlmiş kiçik gölməçələrlə dolmuşdu. İslanmış ayaqqabılar fırçıldadıqca, elə bil, balaca arxın içi ilə addımlayırdın. Üzü aşağı olduğundan tez-tez ayaqları sürüşüb şappıltı ilə palçıqlı cığıra sərilir, sonra da çox əzilmədiyinə şükür edib, yenə yolun davamına dikəlirdilər. Enişləri endikcə küləyin gücü azalır, yeridikcə bədənlərinə gələn istilik üşüməyin qarşısını alırdı.
Qurbangaha yaxınlaşdıqca beş-altı saat əvvəl yüksək əhval-ruhiyyədə keçdikləri yolu, indi təəssüflə xatırlayıb kədərlənirdilər: niyə belə oldu, niyə onlara ziyarət etmək qismət olmadı? Görəsən kimin günahından ziyarət baş tutmadı?.. Kimdi günahı çox olan? Dillərinə gətirməsələr də hərə ürəyində özünü yox, başqasını daha çox günahlı hesab edirdi.
***
Sürətli endiklərindən saat yarıma yorğun halda Qurbangaha çatdılar. Burada zəif külək əsirdi, yağış isə dayanmışdı. Maşınlardan aralı, ağacların arasında böyük tonqalın başına yığışmış adamlar qızınır, islanmış paltarlarını, ayaqqabılarını ocağın istisində qurudurdular. Tonqalın ətrafında təzə gələnlərə yer elədilər. Ailəliklə ziyarətə gəlmiş yaşlı bir qadın öz adamlarına səsləndi:
-Soyuqdan gəliblər, əyinləri də yaşdır. Təzə qaynamış samovardan çay gətirin.
Çay içib bir az özlərinə gələn dostlar minnətdarlıq etdilər:
-Allah köməyiniz olsun, diləyinizə, arzunuza çatasız.
-Biz yarı yoldan qayıtdıq. Siz ki, atlı idiniz, ziyarət edə bildinizmi? – Yolda ötüb keçdikləri piyadalar onlardan maraqla soruşdular.
-Yox, az qalmışdıq, amma hava imkan vermədi axıracan getməyə, məcbur olduq qayıdaq, - Dəyanət danışmağa əhvalı olmayan dostlarının əvəzinə cavab verdi:
Onların qayğısına qalan qadın üzlərindəki incikliyi, kədəri görüb təsəlli vermək istədi:
-Eyib etməz, bura qədər də gəlmək, elə ziyarət etmək deməkdir. İnamınızı itirməyin. Qəlbinizdə inam olsa, yenə bura gələcəksiniz. Onda Babanı ziyarət edərsiz.
-Qurban olduğum bilir neynəyir, - bir az aralıda, tonqalın kənarında dayanmış, yolda rastlaşdıqları qadınlardan biri o birinə deyirdi, - yerindən duran Babaya ziyarətə gəlir. Qananı da, qanmayanı da, halalı da, haramı da, əməlisalehi də, qəlbiqarası da... Biri çılpaq gəlir, biri şortuda gəlir. Pir elə bil parkdı, görüş yeridi, ya nə bilim, istirahət mərkəzidi. Turist kimi gəlirlər. Ona görə də tökür başlarına yağışı, çovğunu, istəmir belələri gəlsin üstünə...
Onların yanında dayanıb paltarını qurudan cavan oğlan qadınların söhbətinə qoşuldu:
-Belədə deyirlər də qurunun oduna yaş da yanır. Bir-neçə ləyaqətsizə görə gör nə qədər yaxşılar da əzab çəkir...
Bu sözlər tonqalın acı tüstüsünə qarışıb dostların boğazını qurutdu, gözlərini acışdırıb yaşartdı: ”Görəsən oğlan bir-neçə ləyaqətsiz deyəndə həmin sözləri onlar üçün deyirdi, yoxsa şortikdə gəzən qızı, başqalarını nəzərdə tuturdu? Onları da ləyaqətsiz hesab etmək olardımı?!.”
Dostlar əhvallarını bürüyən pərtlikdən tonqalın ətrafında çox dayanmağa qərarları çatmadı. Yaxınlıqdan axan, yolda keçəcəkləri çayın daşacağından ehtiyatlanaraq, havanın işıqlaşmasını gözləmədən atların yəhərlərini bərkidib gəldikləri kəndə tərəf yola düşdülər. Hərə ürəyində dost-tanışa nə deyəcəyini fikirləşirdi: ”Zirvəyə çıxa bildinmi, Babanı ziyarət etdinmi, – suallarına necə cavab verəcəkdilər?.. Dörd saatdan çox yollarını kəsən çovğun onlara xəbərdarlıq idimi, ya da təbiətin adi bir şıltaqlığıydı?..” Gələndə qarsılaşdıqları nurani qocanın dediyi sözlər yolboyu dinib danışmayan dostların qulaqlarından çəkilmək bilmirdi: ”O, hər ziyarətçini qəbul eləmir, qəlbin gərək pak ola. Baba yolu ağır yoldur...”
***
Səhərin alatoranında qabaqlarına kuzası adamla dolu Qurbangaha gedən iki yük maşını çıxdı. Üstü açıq kuzovdakı səs-küylü cavanlar havanın sübh soyuğuna baxmayaraq sevincək idilər, atlılara tərəf baxıb çığırırdılar:
-Ziyarətıniz qəbul olsun!..
Onlar atllılara, atlılar isə onlara qibtə ilə baxırdılar...
Yorğun və paltarları nəm olmasaydı gedənlərə qoşulub yenidən zirvəyə tərəf yönələrdilər. Amma, Baba bir də şans verərmi? Onların üzünə təkrarən yağışın yağmayacağına, küləyin əsməyəcəyinə kim zəmanət verə bilərdi, - Saleh ürəyi sıxıla düşünürdü, - doğrudanmı günahlar insanı daim kölgə kimi izləyir?.. Bəs insanlar necə yaxşı yaşasınlar ki, günah qazanmasınlar?..
11.2009