3 cümlənin 8 tərcüməsi.
Ədəbi tənqid
3 cümlənin 8 tərcüməsi.
Bu rubrikada bir şeirin, yaxud nəsr parçasının bir neçə tərcümə variantını təqdim edirik. Tərcüməçilər bir-birinin tərcüməsindən, təbii ki, xəbərsiz olurlar. Daha sonra tərcümələri nömrələyib, münsifə göndəririk. Aydındır ki, münsif tərcüməçilərin kimliyindən, hansı variantın hansı tərcüməçiyə məxsus olduğundan xəbərsiz qalır.
Bu dəfə Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin dünya şöhrətli "Yüz ilin tənhalığı" romanının ilk üç cümləsini seçib tərcüməçilərə göndərdik. Onların mətni rus dilindən çevirdiyini nəzərə alıb cümlələrin orijinalı ilə yanaşı ruscasını da təqdim edirik.
Bu rubrika üzrə münsif tanınmış mütərcim Vilayət Hacıyevdir.
Габриэль Гарсиa Маркес: “Сто лет одиночества”. Пройдет много лет, и полковник Аурелиано Буэндиа, стоя у стены в ожидании расстрела, вспомнит тот далекий вечер, когда отец взял его с собой посмотреть на лед. Макондо было тогда небольшим селением с двумя десятками хижин, выстроенных из глины и бамбука на берегу реки, которая мчала свои прозрачные воды по ложу из белых отполированных камней, огромных, как доисторические яйца. Мир был еще таким новым, что многие вещи не имели названия и на них приходилось показывать пальцем.
Gabriel García Márquez: “Cien años de soledad”. Muc hos años después, frent e al pelotón de fus i la miento, el cor o nel Aurel iano Buendí a hab ía de re cordar aquell a tard e rem o ta en que su padr e lo llevó a co no cer el hielo. Mac on do era en ton ces una ald ea de veint e ca sas de barr o y cañab ra va constr uidas a la oril la de un río de aguas diá fa nas que se prec ipi ta ban por un lech o de pied ras pul i das, blanc as y enor mes com o huevos pre histó ri cos. El mund o era tan re cien te, que much as co sas car ec ían de nombr e, y pa ra men cionar las habí a que se ña lar ías con el de do.
Tərcümə 1
Çox-çox illər keçəcək, polkovnik Aureliano Buendia güllələnməyini gözləyə-gözləyə divarın dibində dayanıb atasının onu özüylə buzu görməyə apardığı həmin uzaq axşamı xatırlayacaqdı. Onda Makondo şəffaf suları Nuh əyyamının yumurtaları kimi iri şümal ağ daşlardan ibarət yatağıyla şığıyıb gedən çayın kənarında gildən və bambukdan tikilmiş iyirmi daxmalıq kiçik qəsəbəydi. Dünya o qədər bakirəydi ki, çox şeyin adı yoxudu, onları eləcə barmaqla göstərmək lazım gəlirdi.
Nəriman Əbdülrəhmanlı
Tərcümə 2
Aradan illər keçəcək və divarın önündə dayanıb güllələnməyini gözləyən polkovnik Aureliano Buendia atasıyla buz parçasına baxmağa getdikləri o uzaq axşamı xatırlayacaqdı. O vaxtlar Makondo dumduru suları iri, əfsanəvi əjdaha yumurtalarına bənzər ağappaq cilalı daşların arasıyla sürətlə axan çayın kənarında bambuk ağaclarından və gildən hörülmüş iyirmiyə yaxın dəyədən ibarət yaşayış yeriydi. Hələ dünya o qədər təzəydi ki, bəzi şeylərin adı belə yoxuydu və o şeyləri barmaqla göstərmək lazım gəlirdi.
Tahir Kazımlı
Tərcümə 3
Uzun illər keçəcək, polkovnik Aureliano Buendia divara söykənib güllələnəcəyi anı gözlərkən, atasının onu buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. O zaman, tarixdən öncəki əfsanəvi nəhəng yumurtalara bənzər parıltılı daşların arasıyla axıb gedən şəffaf sulu bir çayın sahilində Makondo gildən və bambukdan tikilmiş, təxminən iyirmi daxmalıq balaca bir kənd idi. Dünya o qədər təzə idi ki, çox şeyin hələ adı yoxuydu və çox şeyi barmaqla göstərmək lazım gəlirdi.
Zahid Sarıtorpaq
Tərcümə 4
Çox illər sonra polkovnik Aureliano Buendia divara söykənib güllələnməyini gözləyəndə atasının onu buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaqdı. O zaman gildən və bambukdan tikilmiş iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd olan Makondo, bəni-insandan da əvvəllərin nəhəng yumurtalarına oxşayan hamar ağ daşlarla dolu yatağıyla dumduru suları qıjıldayıb axan çayın kənarında yerləşirdi. Dünya o qədər bakirəydi ki, hələ çox şeyin adı yox idi və onları barmaqla göstərməli olurdular.
Saday Budaqlı
Tərcümə 5
Çox illər keçəcək və güllələnmə intizarında divara söykənib durmuş polkovnik Aureliano Buendia atasının onu buza baxmağa apardığı həmin o uzaq axşamı xatırlayacaq. O zamanlar Makondo özünün şəffaf sularını çox qədim kələz yumurtaları qədər nəhəng, bəyaz daşların bağrında açdığı cilalı yataqla çağladan çayın qırağında, gil və bambukdan tikilmiş, təxminən iyirmi daxmalıq kiçik bir kənd idi. Dünya hələ o qədər təzəydi ki, çox şeyin adını qoymamışdılar və onlardan danışanda, çarəsizlikdən barmaqla göstərməli olurdular.
İlqar Əlfioğlu
Tərcümə 6
Uzun illər keçəcək və polkovnik Aureliano Buendia divar önündə dayanıb güllələnəcəyi anı gözləyərkən, atasının onu buza baxmağa apardığı həmin uzaq axşamı xatırlayacaq. Makondo o vaxtlar dumduru suları dinozavr yumurtaları kimi iri, cilalı ağ daşların arasıyla şütüyən çayın kənarında gildən və bambukdan tikilmiş, iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd idi. Onda dünyanın hələ lap cavan vaxtlarıydı deyə, çox şeylər adsız idi və onları barmaqla göstərməli olurdular.
Etimad Başkeçid
Tərcümə 7
Üstündən çox illər keçəcək və divar önündə durub güllələnməyini gözləyən polkovnik Aureliano Buendia atasının onu özü ilə buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. Onda Makondo dumduru sularını dinozavr yumurtası kimi nəhəng, hamar və ağ daşlarla döşənəkli yatağı ilə qovan çayın sahilində palçıq və bambukdan tikilmiş iyirmiyə qədər daxmadan ibarət kiçik bir kənd idi. Dünya hələ o qədər təzə-tər idi ki, çox şeylərin adı yox idi, onları barmaqla göstərmək lazım gəlirdi.
Səfər Alışarlı
Tərcümə 8
Uzun illər ötəcək, bir gün polkovnik Aureliano Buendia güllə qabağında divara dirənəndə atasına qoşulub buza baxmağa getdiyi həmin uzaq axşamı yada salacaq. Makondo o zamanlar dumduru suları əjdaha yumurtası boyda hamar daşların arasıyla şütüyən çayın qırağında gildən-bambukdan yapılmış iyirmicə daxmalıq balaca bir kənd idi. Dünyanın erkən çağıydı, hələ çox şeyin adı üstünə oturmamışdı, çox şeyi hələ barmaqla göstərirdilər.
Fəxri Uğurlu
Vilayət Hacıyevin rəyi
Əlbəttə, tərcümələr hamısı rus dilindən olduğu üçün, demək olar ki, ifadə edilən məna eynidir. Sadəcə olaraq, ifadə vasitələrində müxtəliflik var. Bəzilərində o, orijinaldakından bir qədər qüvvətli, bəzilərində isə zəif səslənir. Məsələn, «мир был еще таким новым...» cümləsi birinci, dördüncü tərcümələrdə “bakirəydi” kimi verilir ki, bu da, zənnimcə, yaxşı səslənsə də, orijinalın fikir yükünü vermir, “təzəydi”, “təzə idi”, “təzə-tər idi” (tərcümə: 2, 3, 5, 7) hərfi tərcümə təsiri bağışlayır. Əslində, dünyanın həmin vaxtlar heç də “təzə” olmadığını, yalnız onlar üçün təzə açıldığını nəzərə alsaq, altıncı və səkkizinci tərcümələri cümlələrin əvvəlinə “sanki” və ya “elə bil” artırmaqla məqbul tərcümə hesab etmək olar. Bəlkə də belə daha yaxşı səslənərdi: “Sanki dünya yenicə bina olunmuşdu...” Axı onda dünya çoxdan bərqərar idi və hər şeyin də adı vardı, sadəcə olaraq, onlara məlum deyildi.
Orijinaldan ikinci cümləni tərcümə etmək üçün bircə anlığa iri ağ daşların arasından qıjıltı ilə axan, həmin daşları yuyayuya sanki cilalayan dağ çayını təsəvvür eləmək lazımdır. Əgər biz ruscadakı «ложa» və «отполированный» sözlərini işləndiyi kimi saxlamağa çalışsaq, tərcümə alınmayacaq. Çünki Azərbaycan dilində “çay öz yatağı ilə axır” demirlər. “Çay öz yatağından çıxdı” isə demək mümkündür. «Огромных, как доисторические яйца»nın tərcüməsində “Nuh əyyamının yumurtaları” (tərcümə 1), “Əfsanəvi əjdaha yumurtaları” (tərcümə 2), “tarixdən öncəki əfsanəvi nəhəng yumurtalar” (tərcümə 3), “qədim kələz yumurtaları” (tərcümə 5), “dinozavr yumurtaları” (tərcümə 6), “əjdaha yumurtası” (tərcümə 8) verilməsi də, zənnimcə, məqbul tərcümə hesab oluna bilməz. Belə olan halda, dördüncü tərcümədəki “bəniinsandan da əvvəllərin nəhəng yumurtaları”nı orijinalın fikir yükünü ifadə edə bilən uğurlu tərcümə saymaq olar. Bütövlükdə götürəndə, “bakirə”ni, bir də “yataq” sözlərini çıxmaq şərtilə, söz seçimi, fikrin ifadə tərzi baxımından dördüncü tərcümə məqbul hesab oluna bilər, ancaq burda da, məncə, təhkiyənin forması düzgün seçilməyib. “Uzun illər keçəcək və...” ilə başlayan tərcümə mətnlərinin təhkiyə tərzi və bununla yaranan ritmi təkcə orijinala yaxın olmaqla kifayətlənmir, həm də mətnin rəvan oxunmasını təmin edir. Daha bir məsələni vurğulamaq istərdik: Azərbaycan dilində “gildən tikilmiş ev” ifadəsi işlənmir və burada uzaqbaşı “sarı palçıqdan tikilmiş ev” deməklə orijinalın fikir yükü azalmazdı. Əslində, ispanca “barro” sözünün birinci mənası palçıq, ikinci mənası “gil”dir. Yeddinci tərcümənin müəllifi, görünür, hansı duyumlasa haqlı olaraq “palçıq və bambukdan tikilmiş” yazıb. Əlbəttə, bütün bunlar mənim subyektiv fikrimdir. Onu da deyim ki, mənə təqdim olunmuş hər tərcümənin özünə görə bir uğuru var.
Mənbə: aydinyol.aztc.gov.az
Mövzuya uyğun linklər: