Edebiyyat.az » Ədəbi tənqid » ATİF İSLAMZADƏ - ƏZİZƏ CƏFƏRZADƏ NƏ ÜÇÜN ŞAH İSMAİL XƏTAİYƏ ROMAN HƏSR EDİB?

ATİF İSLAMZADƏ - ƏZİZƏ CƏFƏRZADƏ NƏ ÜÇÜN ŞAH İSMAİL XƏTAİYƏ ROMAN HƏSR EDİB?

ATİF İSLAMZADƏ - ƏZİZƏ CƏFƏRZADƏ NƏ ÜÇÜN ŞAH İSMAİL XƏTAİYƏ ROMAN HƏSR EDİB?
Ədəbi tənqid
admin
Müəllif:
10:08, 17 dekabr 2021
1 657
0
ATİF İSLAMZADƏ - ƏZİZƏ CƏFƏRZADƏ NƏ ÜÇÜN ŞAH İSMAİL XƏTAİYƏ ROMAN HƏSR EDİB?




 Əzizə Cəfərzadə görkəmli alim, şöhrətli yazıçı, böyük müəllim olub. O, bütün fəaliyyətini vətəninə və millətinə fəda edib. Hərəkatın ən ağrılı illərində, 90-cı ilin yanvar faciəsində millətin danışan dili olduğunu göstərən vətənsevər ziyalılardan olub. Ə.Cəfərzadəni Şah İsmail Xətai və yaxud elmi-tarixi dillə desək I Şah İsmail haqqında roman yazmağa vadar edən səbəb nə idi? Bunun bir çox səbəbləri var: Fərdi-mənəvi, ictimai-siyasi, sosial-kütləvi, tarixi-ədəbi kontekstlərdə bu səbəbləri araşdırmaq mümkündür. Ancaq əsl məqsədyönlü mənəvi ehtiyac haradan doğmuşdu ki, Ə.Cəfərzadə bir alim və yazıçı olaraq bu mövzuya ehtiyac duymuşdu? Bunun məzhəb görüşləri ilə, konkret olaraq şiəlik qavramları ilə bağlılığı ola bilərdimi? Əzizə xanımın yaradıcılığını araşdırarkən bunun əksinin olduğunu müşahidə etmiş oluruq. Əzizə xanım yaxşı anlayırdı ki, Şah İsmail şiəlik anlayışına sığmayacaq qədər böyük ideya daşıyıcısı, dövləti təfəkkürə sahib böyük şəxsiyyətdir. Onun hələ XV əsrdə yeddi türk tayfası ilə qurduğu dövlət Azərbaycan (türk) dövlətçilik tarixinin ən böyük dövlətidir. Bu, eyni zamanda millətimizin asılı xalq olmadığını, dövlət quran böyük xalqlardan olduğunu təsdiq edir. Əzizə xanımı cəlb edən əsas səbəb o idi ki, biz dövlət sahibi olan millətik. Kölə və asılı millət deyilik. Tarixi dövlətçiliyimiz var. Demək dövlət təfəkkürümüz var. Bu təfəkkür bir gün müstəqil dövlət olmaq üçün kifayət edəcək qədər sabit və genişdir. Təsəvvür edin ki, sovet dönəmində müstəmləkə olduğumuz zaman Ə.Cəfərzadənin Ş.İ.Xətaiyə müraciət etməsi nə qədər əhəmiyyətli milli-ictimai və siyasi-mədəni hadisə idi.
Ə.Cəfərzadənin türklük ideyasına bağlılığı yalnız bu əsərində üzə çıxmır. Eyni zamanda yazıçının demək olar ki, bütün əsərlərində türk mənşəyi müxtəlif
şəkillərdə öz əksini tapmışdı. Ancaq birbaşa türk tarixi ilə bağlı əsərləri də bu istiqamətin ideoloji əhəmiyyətini bir daha göstərir. Bu əsərlərdən “Cəlaliyyə”, “Zərrintac-Tahirə”, “Gülüstandan öncə”, “Hun dağı” və s. əsərləri geniş səviyyədə türklük ideyalarını, türk tarixinin şərəfli səhifələrini özündə daşıyırdı. Bu o zaman idi ki, sovet sisteminin rus şovinizmi əsasında qurulan anti-türk təbliğatı mövcud idi. Lakin Ə.Cəfərzadə soykökünü, millətinin şanlı tarixini qələmə almaqla bir alim, bir yazıçı və cəsarətli qələm ustası kimi toplumu maarifləndirməyə çalışırdı.
Ə.Cəfərzadəni tarixi-sənədli faktlar əsasında “Bakı-1501” romanı yazmağa vadar edən əsas səbəb də elə bu idi. Yəni əsər sənətkarın milli mövqeyini özündə əks etdirirdi. Yalnız milli ehtiyacdan yaranan bir əsər millətin ideoloji bayrağına da çevrilə bilərdi. Biz əsərin sonunda Ş.İ.Xətainin vəsiyyətində bunun bariz nümunəsini görürük. Yazıçı I Şah İsmailin vəsiyyətini əsas etibarilə milli kontekstdə qələmə alır: “Vәtәnin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin bir kiçicik sözünü bir ölçü lәl-cәvaһiratdan üstün bildim. Hәr ikisinin – Vәtәnimizin vә dilimizin әbәdiyyәti üçün. Nә bacardımsa onu elәdim. Mәni lәnәtlә yad etmәyin! Yaxşı nә başlamışamsa – onu göyәrdin! Sәһvlәrimi tәkrar etmәyin! Sizә vәsiyyәtim budur. Bir dә әşarım var. Əgәr zövqünüzu oxşasa – mәzarımda bir qәdәr raһat ola bilәrәm. Sizә üç әmanәt qoyub әrәn babalar: dilimiz, qeyrәtimiz, Vәtәnimiz – can sizin can onlar әmanәti”. ( Əzizə Cəfərzadə “Bakı-1501” (roman). Bakı: Yazıçı, 1981, s. 240)
Ə.Cəfərzadə iki türk dövlətinin müharibə etməsini də əsərin sonunda xəta olaraq dəyərləndirir və Şah İsmailin bundan çox peşman olduğunu yüksək bədii ifadələrlə meydana çıxarır: “Budur, Çaldıran döyüşündәn on dörd il keçib. Hәlә bir dәfә üzüm gülmәyib, dodaqlarımda tәbәssüm görәn olmayıb. Qazandığım zәfәrlәrdәn gümraһ olub, sayca az qoşunla qabaqına çıxdığım vә indicә dediyim xәta mәndәn baş verdiyi üçün. Ömrün son günlәrini yaşayıram, mәnim әziz xәlәflәrim! Sizin üçün bu az ömrümdә әlimdәn gәlәni elәdim. Fәtһlәr edib parça-parça bölünmüş diyarımızı qılınc gücünә birlәşdirmәyә çalışdım ( Ə.Cəfərzadə “Bakı-1501”, s. 240).
Əlbəttə, burada iddia etmək olar ki, Ə.Cəfərzadə Şah İsmailin taktiki cəhətdən səhvinin bədii ifadəsini nəzərə çatdırıb. Ancaq, əslində bu təsviri baxımdan bu şəkildə görünür. Şah İsmailin vəsiyyətində Çaldırandan bəri bir dəfə də üzüm gülməyib”, “Səhvlərimi təkrar etməyin” peredikatında bunun iki türk xanədanının üz-üzə gəlməsindən yaranan peşmançılıq olduğunu görmək olur. Eyni zamanda yazıçı, Şah İsmailin dilindən “Dövrәmdә sadiqlәrin çoxunun yaşı ötüb, әsası әlindәn düşmüşdü. Mәni davaya һazır olmadığım һalda qonşularım, xüsusilә Yavuz Sәlim ilә çalışdırır, adımdan ona tәһqiramiz mәktub vә “һәdiyyәlәr” göndәrirdilәr” və “Çox çalışdım. Artıq kamala dolmuşdum, Çox әllәşdim, müһaribә olmasın” cümlələrində Xətainin Sultan Səlim ilə döyüşə girməsinin əslində türk düşmənləri tərəfindən həyata keçirilməsini yazmaqla tamamilə fərqli bir milli mövqe ortaya qoymuşdur ( Ə.Cəfərzadə “Bakı-1501”, s. 238).
Ə.Cəfərzadə eyni zamanda gələcəkdə türk ölkəsi olan Azərbaycanın Türkiyə ilə birliyini, daha böyük strategiyada türk ölkələrinin birləşəcəyini, turansal məkanın milli-ictimai-siyasi və tarixi baxımdan mümkün olacağını yazıçı intuisiyası ilə duya bilmiş, romanı bu əsaslar üzərində qurmuşdur. Bu ağbirçək yazıçımızın gələcəyi yaxından duya bilməsindən, inanc, vətən, millət və dil baxımından eyniyyətimizin gələcəkdə böyük bir gücə çevriləcəyindən əmin olmasından xəbər verir. İstər buna mütəfəkkirin tarixi şüuru qavraması kimi, istər yazar duyumu kimi, istərsə də şəxsiyyət idealı kimi baxın, gerçək gerçək olaraq qalır. Yazıçı xanım bu günü 80-ci illərdən görmüş və bu duyğuları sovet senzurasından çəkinmədən dilə gətirmiş, hətta tarixi romanda kütləviləşdirmişdir. Bir çox tarixçilərdən və tarixi roman yazarlarından fərqli olaraq Şah İsmayıl ilə Sultan Səlim arasında baş verən savaşın üçüncü qüvvələr tərəfindən törədildiyini də iddia edərək öz türklüyünün bariz nümunəsi kimi bu əsərdə ümumtürk milli mənafeyini müdafiə etmişdir.
Onu da qeyd edək ki, Ə.Cəfərzadə Ş.İ.Xətaini idealizə etmir, onun yaxşı və nöqsanlı cəhətlərini səmimi şəkildə oxucuya təqdim edir. Ancaq onun ideoloji bayraq olduğunu da diqqətə çatdırır. Əzizə xanım onu vurğulamaq istəyir ki, dövlət yaradan I Şah İsmaili bayraq kimi baş üstündə tutmaq lazımdır. Onun nöqsanlarını
isə bağışlamaq gərəkdir. Əlbəttə, bu barədə müxtəlif prizmalar var, ancaq yazıçıya görə böyük dövlət quran şəxsiyyət yalnız alqışa layiqdir və onunla milli kimliyimizi ayaqda tuta bilirik. Bunu elə əsərdə Şah İsmailin vəsiyyətində onun dilindən dilə gətirir: “Yaxşı nә başlamışamsa – onu göyәrdin! Sәһvlәrimi tәkrar etmәyin! Sizә vәsiyyәtim budur! ( Ə.Cəfərzadə “Bakı-1501”, s. 240).
Əsərdə Şah İsmailin əşarını, yəni şeirlərini də vəsiyyət etməsi mirasını vəsiyyət etməsiylə bərabər, türk dilində yazılan şeirlərin təbliğinə diqqət çəkməsidir ki, bu elə vəsiyyətin mahiyyətindən doğur! ( Ə.Cəfərzadə “Bakı-1501”, s. 240).
Təbiidir ki, bu da müəllifin türk idealını özündə əks etdirir. Sovet dönəmində bu mövzuya müraciət etməsi elə göründüyü kimi bu milli düşüncədən, türklük davasından, gələcək prosesləri yazıçı duyumu ilə hiss etməsindən, milli-genetik bağlılıqdan irəli gəlmişdir. Təbiidir ki, sənətkar inanc əsasını inkar edəcək əsər yazmamış, ancaq milli-ideoloji düşüncəni bədii şəkildə əks etdirmək üçün Ş.İ.Xətai mövzusunda tarixi-sənədli roman yazmağı qarşısına məqsəd qoymuşdur. Bu əsərdə ən qabarıq şəkildə görünən də elə bu istiqamətdir. Ən dəqiq şəkildə qısa tezis olaraq bu əsəri işarələməyə çalışsaq, təbiidir ki, burada əsas etibarilə beş istiqamət gözə çarpacaqdır:
1. Uca Allah inancı və islam;
2. Mücadilə və qəzavat;
3. Şəxsi həyat;
4. Sənət və ədəbiyyat;
5. Milli məfkurə.
Qeyd etmək lazımdır ki, hər istiqamət süjet və motivlərdə, tarixi reallıqlarda, şəxsi münasibətlərdə, mübarizə və mücadilələrdə, milli mənşəli sənət və ədəbiyyatda, milli ideyada, Uca Allah inancında, islami dünyagörüşündə sovet cəmiyyətinin materialist-ateist yönlü, sosialist realizmi tələbləri ilə çıxış edən təbliğat və təşviqatına daban-dabana ziddiyyət təşkil edirdi. Bu dövrdə şair və yazıçılardan tələb olunurdu ki, Allahı inkar edən, islamı tənqid edən əsərlər yazsınlar. Hətta sovet rəhbərini “XX əsrin peyğəmbəri” də adlandırırdılar. İnkarçı
və kafir düşüncəli iblisanə cəmiyyət formalaşdırmaq hər zaman sovet ideoloqlarının strateji məfkurəsi idi.
– Allahı inkar edirdilər ki, özlərini başqa xalqlar üçün bütləşdirə bilsinlər. Elə buna görə də sovet quruluşunun ömrü heç 70 il çəkmədi. Bu 70 ilin hər on illiyində də qan və faciə hökm sürdü.
– Mücadilə və mübarizənin müstəmləkə ölkələr üçün təbliğ olunmasına əngəl olmağa çalışdılar. Çünki rus şovinizmi yürüdən şəxslərə passiv ölkələr lazım idi. Mücadiləni bilən sabah haqqını da tələb edər və bu yolda can verər.
– Şəxsi həyatı- fərdiyyətçiliyi inkar edib robot mexanizmli “sovet adamı” yaratmağa çalışdılar. Buna görə də xüsusi mülkiyyəti ləğv etdikləri kimi, insanın duyğu və düşüncələrini, fərdi aləmini ümumi “sovet ailəsi” obrazında təqdim etməyə çalışdılar.
– Sənət və ədəbiyyatı sosialist realizmi cərəyanı əsasında sovet düşüncəli insan tipi üzərində qurdular, səciyyə təşkil etməyən surətlərə qarşı çıxdılar, ancaq buna nail ola bilmədilər.
– Milli məfkurəni kökündən inkar etdilər. Çünki millət özünü tanıdıqca köləlikdən qurtulmağa çalışacaqdı. Buna görə də milli mövzuları arzuolunmaz mövzuların qara siyahısına daxil etdilər.
Bütün çətinliklərə baxmayaraq az bir qismdə şair və yazıçılar bu zirehli baryerləri dağıtdılar ki, bunlardan biri də təbii ki, Əzizə xanım Cəfərzadə idi.
Təbiidir ki, 60-cı illərdən sonra bu mövzuları işləməyə müəyyən siyasi-tarixi fürsət ələ keçdi. Ancaq təqib və təzyiqlər formasını dəyişdi, mahiyyəti isə dəyişmədi. Əgər əvvəl söz demək repressiya ilə nəticələnirdisə, indi də başqa təzyiq və təqib metodları qüvvədə idi. Rəsmi senzura daxili senzuranın da yaranmasına gətirib çıxarmışdı. Bu baxımdan sovet dövründə hər zaman bu mövzularda əsər yazmaq və onu müdafiə etmək çox çətin idi. Məhz göründüyü kimi, Ə.Cəfərzadə bu çətinliyin öhdəsindən gələrək hələ 80-ci illərdə bu mövzuları, xüsusilə milli məfkurəni əsərlərində qabarıq şəkildə tərənnüm etməklə təbliğ etmişdi. Təsəvvür edin ki, hələ bu gün də türk tarixinə az qala ehtiyatla
yanaşmağa çalışsalar da, Ə.Cəfərzadə sovet dönəmində hunlarla, Göytürklərlə bağlı əsərlər yazmaqla öz milli ləyaqətini və kimliyini nümayiş etdirirdi.
Təbiidir ki, bu barədə çox yazmaq olar. Biz anlayışlı olaraq tarixə daxil olmadıq. Bu yazı Ə.Cəfərzadənin məşhur “Bakı-1501” romanının analitik açıqlaması deyil, yazarın bu əsəri hansı səbəbdən yazmasının incəliklərini diqqətə çatdırmaqdır. Əsərin bədii-tarixi, təsviri-semantik səviyyələri çox geniş araşdırmaların mövzusudur. Biz onu göstərməyə çalışdıq ki, Ə.Cəfərzadə Ş.İ.Xətaiyə müraciət etməklə əslində milli məfkurəsini meydana qoymağa çalışmışdı. Elə əzizimiz Əzizə xanımın bütün varlığı və mirası bu baxımdan bizim milli dəyərimizdir. Milli kimliyimizi bilmək üçün Ə.Cəfərzadə kimi dəyərlərimizi hər zaman öyrənmək bizim mübarək vəzifəmizdir. Dəyər bilməyən dəyərdən olar. Böyük millət olmaq üçün böyüklərimizi hər zaman öyrənməli, onların göstərdiyi yolun işığında Uca Allah inancı və millət sevdası ilə getməyi bacarmalıyıq! Vətənimizin və millətimizin düşmən üzərində zəfər çalması üçün alternativ yol yoxdur.
Müzəffər olan yalnız Uca Allahdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)