Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Qış mühazirəsi

Kənan Hacı - Qış mühazirəsi

Kənan Hacı - Qış mühazirəsi
Ədəbi tənqid
admin
Müəllif:
23:15, 04 aprel 2023
1 020
0
Kənan Hacı - Qış mühazirəsi





Yazı Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Qış məktəbi” layihəsi çərçivəsində Şəkidə tələbələr qarşısında oxunan mühazirə əsasında qələmə alınmışdır. 



Milli-mənəvi dəyərlərin ədəbiyyatda rolu və ədəbiyyatın milli-mənəvi dəyərlərə münasibəti. Mövzumuz budur. Kifayət qədər aktual bir mövzudur. Xüsusən də indiki qloballaşma dönəmində. Qloballaşma ötən əsrin sonlarında gündəmə gəldi və son 30 ildə bu mövzuda saysız-hesabsız tədqiqat əsərləri yazıldı.  Gəlin görək, bu qloballaşma ümumdünya svilizasiyasına əsaslı təsir göstərə bildimi? Zənnimcə, bu suala müsbət cavab vermək mümkün deyil. Dünya bu gün multikultural dəyərlər sisteminə əsaslanır. Multikulturalizm nədir? Bir çox fərqli mədəniyyətlərin bir araya gəlməsi. İndi gəlin düşünək. Milli-mənəvi dəyərlər olmadan multikulturalizmə ehtiyac olardımı? Əlbəttə, yox. Milli-mənəvi dəyərlər hər bir xalqın genetik kodudur. Dəyər itən yerdə insan və xalq öz simasını itirir. Assimilyasiya siyasəti ilk zərbəni hədəf seçdiyi xalqın milli-mənəvi dəyərlərinə yönəldir.

Bu gün dünyanı bürüyən qloballaşma fırtınası qarşısında sivilizasiyalar yenidən öz köklərinə söykənərək performanslar göstərirlər. Multikulturalizm erası başlanır və bu artıq Avropanın assimilyasiya siyasətinin çöküşü deməkdir. Mədəniyyətlərin də qabarıb-çəkilmə dövrləri olur. Bu, təbii ki, tarixi proseslərlə, imperiyaların yüksəlişi və çöküşü ilə birbaşa bağlı olaraq periodik yerdəyişmələrin nəticəsi kimi meydana çıxır. Müxtəlif qütblər arasındakı soyuq müharibələr bütün dövrlərdə olub. Amma yeni əsrin reallıqları gözlərimiz önündə başqa mənzərələr sərgiləyir. Sanki gözəgörünməz bir əl dünyanı nizamlamaqla məşğuldur. İdeoloji qovğalardan yorğun düşmüş bəşər dincini almaqla məşğuldur və bu “istirahət” çağı Şərqlə Qərb dəyərlərin toxunulmazlığı müstəvisində bir araya gəlir. Demək əsrlər boyu davam edən mübarizələr nəticəsiz qaldı; Qərb Şərqi məğlub edə bilmədi. 

Şərq fəlsəfəsinin və ədəbiyyatının ən mühüm xüsusiyyətlərindən biri də budur ki, o insanı mənəvi-ruhi rahatlığa, ataraksiyaya qovuşdurur. Bu gün gənclər arasında Qərb fəlsəfəsinə, Qərb ədəbiyyatına həddən ziyadə aludəçilik onlarda ruhi tarazlığın pozulmasına və bir sıra psixoloji problemlərin yaranmasına səbəb olur ki, bu da beyindəki sağlam düşüncəni virus kimi dağıdır. Günümüzün mənzərəsi buna əyani sübutdur. Ekzistensializm xaosunda mənəvi mutasiya yaranır və ağlın gücü müxtəlif hissələrə parçalanaraq zəifləyir. Seneka deyirdi ki, “şərin mənbəyi şeylərdə deyil, ruhdadır”. Qərb fəlsəfəsinin də hədəfi məhz Ruhdur. 

 

Qərbin təsiri altına düşmüş gənclik belə düşünür ki, mənəvi dəyərlər vaxtı keçmiş məhsuldur. Hətta bu günlərdə gənc şairlərdən biri sosial şəbəkədə belə bir status da yazmışdı ki, şair, yazıçı dəyərləri dağıtmalıdır, onun missiyası budur. Kökündən yanlış yanaşmadır. Əvvəla, söz sənəti ilə məşğul olan adamlara yaradıcı adam deyilir. Onlar yaradıcıdırlar, dağıdıcı deyillər. Sənətin mahiyyətində dağıtmaq deyil, yaratmaq var. Yazıçı yaradıcı düşüncəsi mütləq və mütləq özündən əvvəlki mətnlərin üzərində formalaşır, bu, danılmaz bir prosesdir. Özül klassikadır. Sən yeni söz demək istəyirsənsə, klassikanı mütləq mükəmməl bilməlisən, bundan sonra onu inkar edib yeni söz deyə bilərsən. İnkar heç də nəyisə silib atmaq demək deyil, yanlış anlaşılmasın. Burda atalar və oğullar qarşıdurmasından söhbət gedir ki, bu da dünya yaranandan var, olub və bundan sonra da olacaq. Bu, sənət müstəvisində inkardır. Nihilizm heç də milli-mənəvi dəyərləri inkar etmək demək deyil. Siz dünya ədəbiyyatında elə bir yazıçı tanıyırsınızmı ki, öz xalqının dəyərlərinə arxa çevirsin? Bu, mümkün deyil. İstər klassik, istərsə də müasir dövrün yazıçılarının əsərlərinə nəzər salın. Məsələn, Lermontov haqqında deyirdilər ki, o, təkcə rus xalqının deyil, bəşəriyyətin  vicdanıdır. Eyni sözləri Tolstoy haqqında da deyirdilər. Bəşəriyyətin bədii təfəkkür tarixində böyük iz buraxmış bu yazıçılar hər şeydən əvvəl rus xalqının mənəvi dəyərləri üzərində pərvəriş tapmışdılar, rus xalqının, rus insanının taleyini, məişətini, mənəvi inkişaf yolunu öz əsərlərində böyük sənətkarlıqla əks etdirirdilər. Onları güclü edən də bu dəyərlər idi. Əks halda onlar dünya ədəbiyyatının klassikinə çevrilə bilməzdilər. Milli ədəbiyyat olmasa, o bəşəriyyətin tərkib hissəsinə çevrilə bilməz. 

Hər bir xalqın böyüklüyü, mənəvi zənginliyi onu başqa xalqlar arasında fərqləndirən başlıca xüsusiyyətdir. Təsəvvür edin ki, dünyada təkcə bir rəng mövcuddur. Bunu təsəvvür edə bilirsinizmi? Rənglərin çoxluğu, əlvanlığı dünyanı maraqlı edir, nəsnələri, əşyaları seçməkdə bizə yardımçı olur. Hər bir xalqın mənəvi dəyərləri bizə həm də dünyadakı sərhədləri müəyyən etməkdə kömək edir. Harriyet Biçer Stounun “Tom dayının daxması”, Harper Linin “Bülbülü öldürmək”, Solomon Northupun “12 illik köləlik” romanları qaradərililərin hüquqları uğrunda hərəkatın başlanmasına start verdi. “Tom dayının daxması" əsəri qələmə alınan illərdə ABŞ-da ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi. Məhz bu əsərdən sonra Amerikada köləliyə qarşı savaş başlandı. Martin Lüter Kinqi məhz bu ədəbiyyat yetişdirmişdi. Bu əsərlər qaradərililərin öz dəyərlərinə, gələnəklərinə, kimliklərinə sahib çıxmasına təkan verdi. Ötən əsrin 80-ci illərində Azərbaycanda xalq hərəkatı başlandı. Bu hərəkatın toxumları hələ 50-60-cı illərdə səpilmişdi. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Anarın “Yaxşı padşahın nağılı” hekayəsi (yeri gəlmişkən bu hekayə özündə fundamental bir romanın gücünü daşıyır), sonralar “Sabir Rüstəmxanlının “Gəncə qapısı”, “Qan yaddaşı” və nəhayət, milyonlarla insanın stolüstü kitabına çevrilmiş “Ömür kitabı” milli şüurun oyanışına xidmət edirdi. 

Azərbaycan xalqının, ümumiyyətlə, Şərq xalqlarının milli-mənəvi dəyərləri, adət-ənələri, folkloru həmişə dünya üçün cəzbedici olub. Böyük alman şairi və mütəfəkkiri Volfqanq Höte məşhur “Şərq-Qərb divanı”nda özünün Şərqə böyük heyranlığını ifadə edir. Avropanın inqilab və savaş çirkablarında çabaladığı dönəmlərdə üzünü Doğuya tutur. Höte Avropada suallarına cavab tapa bilmir, bu cavabları Nizami poeziyasında tapır. “Şərq-Qərb divanı”nı bizim dilə tərcümə etmiş Xalq şairi Sabir Rüstəmxanlı kitaba yazdığı ön sözdə qeyd edir ki, bu əsərin bir çox parçaları Şərq hikmətindən və Qurani-Kərimdən iqtibas təsiri bağışlayır. Şərqin təsiri məzmunla yanaşı “Divan”dakı bəzi şeirlərin formasında da müşahidə edilir. 

Bu yaxınlarda bir maraqlı fakta rast gəldim. Dünya poeziyasında modernizmin yaradıcılarından olmuş Nobelli amerika yazıçısı Tomas Eliotdan soruşurlar ki, necə oldu şeir yazmağa başladınız? O, belə bir cavab verir: “Mən uşaq vaxtı Fistceraldın tərcüməsində Ömər Xəyyamın rübailərini oxudum və bu rübailər məni heyrətə gətirdi. Bu şeirlər məni sehrlədi və mən şeir yazmağa başladım”. 

Bu faktları sadalamaqda məqsədim heç də Şərqi böyütmək, Qərbi kiçiltmək deyil. Şərq Şərqdir, Qərb də Qərb.  

Qərb filosofları zaman-zaman ruhun mənşəyi ilə bağlı müxtəlif araşdırmalar aparıb, fərqli qənaətlərə gəlib çıxıblar. Antik materialistlər ruhu idrakın məhsulu kimi təqdim edirdilər. İdealist dialektikanın yaradıcılarından olan Hegel “Ruhun fenomenologiyası” əsərində belə qənaətə gəlir ki, dünyanın əsasında “mütləq ruh” adlandırılan tam, bütöv bir ideya durur. “Din fəlsəfəsi” əsərində isə Şərq dünyagörüşü ilə bağlı ziddiyərli fikirlər irəli sürür. Nəinki Hegel, bir çox qərb filosofları fəlsəfənin Qərbdən başladığını vurğulayırlar. Belə bir tezisin yaranması orta əsrlərdən sonrakı Şərqin zəifləməsi, Avropanın sürətli inkişafı ilə köklü surətdə bağlıdır. Sözsüz ki, Şərq fəlsəfəsinin tarixi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfi məktəblər, cərəyanlar meydana gəlib formalaşmışdır. Bu dövrlərdə Şərqin dini-mifoloji dünyagörüşündən fəlsəfi dünyagörüşünə keçidi prosesi yaşanırdı. Hindistanda Budda, Çində Dao təlimi yarandı və bu da fəlsəfi fikrin formalaşmasına güclü təkan verdi. Qədim misirlilər insanı mifoloji düşüncəyə əsasən öyrənməyə başladılar, dünyaya miflərin prizmasından yanaşaraq çox maraqlı nəticələrə gəlib çıxdılar. Bu gün dünyada ən qədim mədəniyyətlərdən biri də Misir mədəniyyətidir. Babilistdanda günümüzədək gəlib çıxmış gil lövhələr sübut edir ki, hələ o dövrdə burada təbabət, astronomiya inkişaf etməyə başlayıb. “Pifaqor teoremi” şumerlilərin yaratdığı cəbr və həndəsənin əsasında yaradılmışdır. 


Bu mövzuya müraciət etməyim təsadüfi deyil. Xeyli müddətdir ki, Şərq fəlsəfəsi ilə bağlı kitablar oxuyuram və şübhəsiz, qərb filosoflarının nəzəriyyələriylə kifayət qədər tanış olan birisi kimi Şərq və Qərb fəlsəfəsi arasında paralel müqayisələr aparıram. Yuxarıda Hegelin adını çəkdik. Hegelin fəlsəfəsi sovet dövründə konyukturaya uyğunlaşdırılmışdı, bir çox qərb filosofları SSRİ məkanında qadağan olunsa da materializmin banisi K.Marksın Hegelə rəğbəti ona qarşı loyal münasibətə səbəb olmuşdu. Marks Hegelin dialektik metodunu qəbul edirdi, amma onun ideyalarla bağlı tezisini maddiyatla əvəz edirdi. Sosializm ideoloqları Hegeli redaktə etməklə kobud şəkildə təhrif edirdi. Hegel Tanrının varlığına şübhə ilə yanaşırdı və Şərq fəlsəfəsinin istinad nöqtəsi hesab olunan Tanrı ideyasını “mütləq ruh” ideyası ilə əvəz edirdi. Dövrümüzün yaşayan canlı klassiki Milan Kundera özünün “İtirilmiş Qərb və ya Mərkəzi Avropanın faciəsi” essesində yazır ki, xalqın və ya sivilizasiyanın özünüdərki və şüuru bizim “mədəniyyət” adlandırdığımız məfhumda cəmlənir. Hegelin “insan tərəfindən yaradılmış ikinci təbiət” adlandırdığı mədəniyyət sözünün ilkin mənası “əkib-becərmək” deməkdirsə, digər mənası da Mədinə sözündən yaranıb “şəhər salma” anlamına gəlir. Bu sözün başqa bir mənası da təhsil, maarifçilikdir. Mədəniyyət təkamülün bəhrəsidir və ateistlərin Allahı inkar etmək üçün əllərində dəstavuz etdikləri təkamül məhz insan ruhunun təzahürüdür. Belə bir məntiqi sual ortaya çıxır: Allah insana düşünmək qüdrəti verməsəydi, təkamül necə baş verəcəkdi?! Şərq fəlsəfəsi bu suallara cavab verir. X-XI əsrlərin böyük Şərq filosofları Fərabi, İbn Sina, Bəhmənyar, Biruni, İbn Rüşd, İbn Miskəveyh, Əl Qəzali, sonrakı dövrlərdə İbn Xəldun, Nəsrəddin Tusi, Mahmud Şəbüstəri və bir çox başqaları yunan fəlsəfəsindən qaynaqlanaraq özlərinin fəlsəfi təlimlərini yaradıblar. Bu təlimlər onların teoloji risalələrində öz əksini tapıb. Pifaqorun, Aristotelin, Evklidin, Platonun əsərləri VII əsrin sonlarından başlayaraq ərəb dilinə tərcümə olunmağa başladı və sonralar orta əsr Şərq fəlsəfi fikrinə çox böyük təsir göstərdi . Ərəb dilli filosoflar Aristoteli özlərinin birinci müəllimi hesab edirdilər. XI-XII əsrlərdə isə Şərqdə sufilik nəzəriyyəsi geniş yayılmışdı ki, bu nəzəriyyənin də ən görkəmli nümayəndəsi özünün sufi məktəbini yaratmış Azərbaycan filosofu Əbu Həfs Sührəvərdi olmuşdur ki, onun “Mərifətlərin töhfələri” əsəri sufizm dərsliyi kimi qəbul edilib. Qərb fəlsəfəsi bu gün də bu təlimdən bəhrələnməkdədir. Deməli, Şərq fəlsəfi fikri bəzilərinin düşündüyü kimi heç də pritça, nağıl səviyyəsində olmayıb. Yuxarıda adlarını sadaladığım filosofların hər biri öz nəzəriyyəsini yaradıb. Əksər hallarda Şərq fəlsəfəsini dərindən bilməyən adamlar Qərb fəlsəfəsinin böyüklüyü haqqında danışırlar. Necə ki, İbn Sinanı, Farabini, Bəhmənyarı oxumayan, onların fəlsəfi təlimlərindən bixəbər adamlar Volteri, Nitşeni oxuyub ateist olurlar. Rus ədəbiyyatının nəhəngi L. Tolstoy islam fəlsəfəsini öyrəndikdən sonra “Din nədir?” adlı kitab yazdı. Tolstoy ölümündən bir neçə il əvvəl Məhəmməd peyğəmbərin Qurana daxil olmayan kəlamlarını toplayıb nəşr etdirmişdi. Orda belə bir kəlam yer alır: “Allah insanın qəlbindədir”. Qəzali nə deyirdi? “Qəlb insanın ruhudur”. Tolstoyu bu kitabı yazmağa hansı səbəblər vadar etmişdi? Böyük yazıçı adı çəkilən əsərində dinin kilsə tərəfindən təhrif edildiyini, kilsənin Allahı insanlara kinli və qorxunc varlıq kimi təqdim etdiyini dönə-dönə qeyd edir və yazır ki, kilsə insanları əzməkdən ötrü dindən istifadə edir, bunun qədər qeyri-əxlaqi bir şey ola bilməz. Voyniçin “Ovod” əsərini xatırlayın. Ata ilə oğul arasında dərin və keçilməz uçurum yaradan kilsə Montanellinin qəlbindəki mərhəmət hissini məhv edir. Vətənini işğalçılardan azad etmək üçün mübarizəyə atılan gənc Artur Berton kilsə ilə xalq arasında qalsa da sonda xalqı, azadlığı seçir. Dünya ədəbiyyatında belə nümunələr çoxdur və bu əslində bəşəriyyətin kədərli tarixidir. Tolstoy bu mətləblərdən bəhs edir və yazır ki, xristianlığın təhrif edilmiş formasını təsdiq edən insanlar gerçəkdə ona inanmırlar. Əcaiblik də bundadır. Bu məqama niyə toxundum? Qərb fəlsəfəsi uzun müddət Şərq fəlsəfəsini öyrənib və ondan bəhrələnməklə həm də onu təhrif edib. XVIII yüzilliyin fransız maarifçi-filosofu Volter yazır ki, “ruh bizə özümüzü idarə edə bilmək üçün verilmiş bir saat mexanizmidir, ancaq onu düzəldib bizə verən usta (Tanrı – K.H) bu mexanizmi işlədən yayların nədən düzəldildiyini bizə deməmişdir”. Şərq fəlsəfəsi min il əvvəl bu fikri daha mükəmməl bir formada dilə gətirir. Bədən ruhun örtüyüdür, Nizami deyirdi ki, “biz sözük, bu bədənsə eyvanımızdır bizim”. Ruh İlahi materialdır, İbn Sina ruh haqqında, ruhun bədənə, bədənin ruha təsiri haqqında özünün “İşarat və tənbihat” (“Əlamətlər və onların izahı”) əsərində geniş və müfəssəl yozumlar verir. Onun fikrincə ruhda yaranan halətlər bədəndə, bədəndə yaranan halətlər isə ruhda öz təsirini göstərir. Ruh və bədən mahiyyət etibarilə bir-birindən fərqlənsə də onlar arasında möhkəm qarşılıqlı əlaqə mövcuddur. Ruh müstəqil və çox qüdrətli bir həqiqətə malikdir və o bədəni istədiyi kimi idarə edə bilir.  

Şərq fəlsəfəsi və ədəbiyyatı bəşərin Renessans dövründən sonrakı inkişafının bazasına çevrildi. Qərb fəlsəfəsinin önə çıxması isə Şərq mədəniyyətinin tənəzzülünündən sonra baş verdi. Bu tənəzzülün müxtəlif köklü səbəbləri var ki, mühacirət ədəbiyyatımızın böyük simalarından olan Əhməd bəy Ağaoğlu özünün “Üç mədəniyyət” əsərində bu səbəblər haqda geniş bəhs edir. Bu haqda uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm. Bir vacib məqama da diqqətinizi yönəldib fikrimi bitirmək istəyirəm. Bəşəriyyətin bu iki qovşağı ayrı-ayrılıqda və bir-birindən qidalanaraq, bəhrələnərək dünya elminə, mədəniyyətinə, ictimai fikrinə və ədəbiyyatına böyük töhfələr bəşx edib. Didro, Russo, Volter, Yaspers, Erix Fromm, Veyninger və digər fikir nəhənglərinə göylərdən vəhy gəlməyib. Onlar Platondan İbn Sinaya, Aristoteldən Fərabiyə, Demokritdən Nəsirəddin Tusiyə qədər fəlsəfənin keçdiyi inkişaf yolunu izləyərək öz təfəkkür süzgəyindən keçirmişdilər və hər biri özünün nəzəri platformasını, düşüncə modelini yaratmışdılar. Yazının birinci hissəsində qeyd etdiyimiz kimi, Hegel “mütləq ruh” postulatını loru dildə desək, havadan götürməmişdi. Fərabinin “idrak iki təsəvvürə bölünür” fikrinə əsaslansaq, Hegelin ideyası təsdiqə ehtiyacı olan ikinci təsəvvürdür. Birinci təsəvvür gözlə görünməyən, amma varlığına şübhə olmayan anlayışlardır. Məsələn, ağıl, ruh və sair. Fərabi yazır ki, elə təsəvvürlər var ki, anlamadan onları başa düşmək mümkünsüzdür. Anlamaq artıq idrakın ikinci təsəvvürüdür. Hegeli anlamaq üçün də Şərqin bu böyük mütəfəkkirlərini oxumaq lazım gəlir. Bir elmə tam yiyələnməyin yolu onu sistemli, ardıcıl öyrənməkdən keçir. Əks halda insan nə qədər mütaliə etsə də yenə natamam sayılacaq. Beyni gərəksiz informasiyalarla yüklənəndə orda xaos əmələ gəlir və sən istədiyini tapa bilmirsən, fikrini əsaslandırmaqda çətinlik çəkirsən. 


Ədəbiyyat sahəsinə göz yetirəndə də görürük ki, yazıçı olmaq istəyən gənclərin çoxu sistemsiz mütaliə edirlər. Nizamini, Xaqanini, Qətran Təbrizini, Saib Təbrizini, Arif Ərdəbilini, Füzulini, Nəsimini, Vaqifi oxumadan Kafkanı, Markesi oxuyurlar və fəlakət də burdan başlayır. Onlara elə gəlir ki, artıq hər şeyi bilirlər. Amma unudurlar ki, insan nə qədər çox oxusa da, biliyini artırsa da, anlamağa başlayır ki, o heç nə bilmir. Hansısa bir müdrik öz şagirdinin hər dəfə intellektiylə öyündüyünü görüb ona belə deyir: Sən öz intellektinlə çox öyünürsən. Bununla sən mənə öz kamerasının genişliyi ilə fəxr edən məhbusu xatırladırsan. 


Avropanın intibahı, fransız maarifçiliyi bəşəriyyətin simasını dəyişdirsə də bir sıra ziddiyyətlərə, məhrumiyyətlərə rəvac verdi. Fransanın böyük şairlərindən olan Pol Valeri yazırdı ki, Avropanın mənəvi nizamsızlığı nədən ibarət idi? Bütün təhsil görmüş beyinlərdə bir-birindən kəskin fərqlənən ideyalar həyat və onun dərkində təzadlı nəticələr doğururdu. Pol Valeri də, onun müasiri olmuş Uilyam Batler Yeyts də keçmişdən və bədii təfəkkürün normal insani formaları ilə kökündən ayrılma, qopma bahasına nicat və şöhrət vəd edən modernizmin bu avtomatik simvolikasına tabe olmaqdan vaz keçmişdilər. Modernizmdən sonra postmodernizm dalğası dünyanı bürüdü; təkcə ədəbiyyatda deyil, bütün sahələrdə. Postmodernizm bir növ, günümüzün koronovirusu kimi dəyərləri sıradan çıxarmağa hesablanmış nəzəri bir dalğaydı və zaman göstərdi ki, ümumbəşəri dəyərləri heç vəchlə yerindən laxlatmaq mümkün deyil. Klassikləri yenidən dəyərləndirmə adıyla onları inkar etmək, bəzi hallarda təhqir etmək həm də xalqın ədəbiyyatına, onu yaradan dəyərlərə qarşı çıxmaqdır. Postmodernizm nədir? Koroğlu quldurdur, Keçəl Həmzə qəhrəmandır. Hər şeyə travestik yanaşma. Hər şey baş-ayaq olur, igid qorxaq kimi, qorxaq qəhrəman kimi təqdim olunur. Amma bu gün Qərbin özü də bu virusa qarşı çıxmaqdadır, Qərbdə də dəyərlərə qayıdış hiss olunmaqdadır. İndi metamodernizm cərəyan olaraq ortaya çıxmaqdadır. Nədir metamodernizm? Bunu kompyuterdə f 5 düyməsini basmaqla müqayisə etmək olar. Yəni yenilənmə müstəvisində  dəyərlərə qayıdış. 

Son nəticə budur ki, dünya metamodernizmlə sanki öz səhvini düzəltməyə çalışır, itirilmiş dəyərlərə qayıdır. Milli-mənəvi dəyərlər xalqın simasıdır, simasını itirmiş xalqlar gec-tez dünya xəritəsindən silinməyə məhkumdur. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)