Edebiyyat.az » Ədəbi tənqid » Nizami Cəfərov - Tələbəmin kitabı

Nizami Cəfərov - Tələbəmin kitabı

Nizami Cəfərov  - Tələbəmin kitabı
Ədəbi tənqid
admin
Müəllif:
19:07, 29 noyabr 2023
329
0
Nizami Cəfərov - Tələbəmin kitabı




İlhamə Dağlının “Bayrağı öpən ruhlar” kitabının təəssüratları


Stolumun üstündə bir kitab var. İlhamə Dağlı, “Bayrağı öpən ruhlar”. Bu kitabda hekayələr də var, şeirlər də, hətta qazax mütəfəkkiri Abay haqqında yazılmış pyes də. Kitabı vərəqləyib yazıları gözdən keçirirəm və İlhamə xanımın tələbəlik illəri gözümün önünə gəlir. O, mənim ən yaxşı, çalışqan tələbələrimdən olub. Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra doğma təhsil ocağına bağlılığı onu burada qalıb fəaliyyət göstərməyə sövq etdi. Bir vaxtlar tələbə kimi gəlib-getdiyi Universitetdə bu gün müəllim kimi çalışır. İlhamə Əliməmmədova-Hacıyeva Universitetin ictimai həyatında da fəal iştirak edir. 

Elmi fəaliyyətlə bədii yaradıcılığı paralel surətdə davam etdirmək isə ikiqat məsuliyyət tələb edir. Bədii yaradıcılıq onun daxili stixiyasından irəli gəlir. Vətən, yurd sevgisi insanla birgə doğulur, onunla birgə böyüyür, get-gedə onun varlığına hakim kəsilir. Vətənpərvərlik onun təqdimində hər cür deklorativlikdən uzaq, həyatının üzvi tərkib hissəsi olan yaşantılarından gəlir. “Vətən savaşı” və “Türk əsgərləri” şeirləri mənə İstiqlal dövrümüzün zərif ruhlu şairəsi Umgülsüm xanımın Turan və türkçülük ideyalarını tərənnüm edən şeirlərini xatırlatdı. Onun şeirləri ideya estetik təbiəti etibarilə xalq şeiri texnologiyalarına əsaslanır. Təmsil və mənzum alleqoriyalar bugünkü şeirimizdə demək olar ki, yox dərəcəsindədir. İlhamə xanım bu janra müraciət etməklə sanki şairlərimizin yadına salmaq istəyir ki, təmsil yiyəsiz qalıb. Hikmət Ziya və Mərkəz Qacardan sonra doğrudan da təmsil janrına yiyə duran yoxdur. Zarafatca desək, şairlərin işini də alimlər görür. 

İlhamə xanımın alleqorik mətnlərində çox dərin etnoqrafik məzmunlu bir məsuliyyət var. Təmsil və hekayələrin demək olar ki, hamısı ictimai məzmunludur. Dünya siyasətinin Azərbaycana qarşı ikili standartlarla yanaşması, xalqımızın haqq işi uğrunda mübarizəsi, düşmən məkri bu mətnlərdə metafora və təşbehlərlə ustalıqla bir-biriylə əlaqələndirilir. Bunun ən bariz nümunəsi “Qarğa, dığa və bozqurd” təmsilidir. 

Bir gün qüvvəsini topladı boz qurd,

Gəldi vətən sarı, gördü doğma yurd

qarğalar, quzğunlar məskəni olub,

Dığalar, axçilər buraya dolub.

Elə bu dəm keçdi hücuma boz qurd,

ki, azad olsun xaindən bu yurd.

Boz qurddan bixəbər dığa qarğalar

Boz qurdu görcək çaş-baş qaldılar.

Köməyə gəlmədi donuz dayısı,

nə çaqqal əmisi, siçan xalası.

Tək qaldı meydanda dığa ilə qarğa,

yanlarında vardı təkcə tısbağa.

Hissin, düşüncənin həm ünvanı, həm də ictimai miqyası göz qabağındadır. Ümumiyyətlə, İlhamə xanımın yaradıcılığında, bütövlükdə bədii təfəkküründə mübarizlik ruhu var. Vətən mövzusunda üslubi səciyyə daşıyan folklor səmimiyyəti onun ideya-estetik məramını kifayət qədər ədəbi keyfiyyətlə ifadə edir. 


Bu kitabda ən çox diqqətimi çəkən isə “Bayrağı öpən ruhlar” povesti oldu. İlhamə xanım bu povesti 44 günlük Vətən müharibəsi günlərində yazıb. Əsərin yazılma tarixinə baxıram: 27 sentyabr- 1 oktyabr, 2020-ci il. Povestin sonunda Şuşa işğaldan azad olunur və Şuşaya Azərbaycan bayrağı sancılır. Bu öncədən xəbərdar olmaq sözün əsl mənasında heyrətamizdir. Qələbəmizə sarsılmaz inam hissi olmasaydı, bu əsər belə möhtəşəm sonluqla bitə bilməzdi. 

Tarixi şəxsiyyətlərin ruhları bir məkana toplanır və onların arasında maraqlı, ibrətamiz dialoq başlayır. Ruhların söhbəti ədəbi priyom kimi Əlisa Nicat (“Ruhların söhbəti”) və Mövlus Süleymanlının (“Fatehlərin divanı”) yaradıcılığında işlənib. Bu əsərdə isə ruhlar yeni kontekstdə fərqli rakursdan dialoqa cəlb edilir. Zaman – XXI əsr, Məkan – Şuşa, Cıdır düzüdür. 

Deyə bilərəm ki, İlhamə xanım bu əsəri həm pedaqoq peşəkarlığı, həm bir insan-vətəndaş məsuliyyəti, həm də yazıçı həssaslığı ilə qələmə almışdır. 

Kitaba “Alovu sönməyə məhəbbət” və “Buta” povestləri də daxil edilmişdir ki, bu əsərlər  gənclərimizin sevgisindən, bu sevgi uğrunda mübarizəsindən bəhs edir. Obrazların tərcümeyi-halının mistikası da oxucunun diqqətini cəlb edir. 

Həm elmi fəaliyyətlə, həm də bədii yaradıcılıqla məşğul olmaq çətin və məsuliyyətlidir.  İlhamə xanıma - əziz tələbəmə hər iki sahədə uğurlar arzulayıram!   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)