Edebiyyat.az » Ədəbi tənqid » İMRAN VERDİYEV - MƏHƏMMƏD ƏMİN MƏHƏMMƏD FÜZULİ HAQQINDA

İMRAN VERDİYEV - MƏHƏMMƏD ƏMİN MƏHƏMMƏD FÜZULİ HAQQINDA

İMRAN VERDİYEV - MƏHƏMMƏD  ƏMİN   MƏHƏMMƏD  FÜZULİ  HAQQINDA
Ədəbi tənqid
admin
Müəllif:
00:25, 25 fevral 2024
1 354
0
İMRAN VERDİYEV - MƏHƏMMƏD ƏMİN MƏHƏMMƏD FÜZULİ HAQQINDA

  


   

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 imranverdiyevi@mail.ru

 

 


     Müsəlman  Şərqində ilk Cümhuriyyətinin qurucularından olmuş, ədəbi-içtimai fikir tariximizə layiqli töhfələr vermiş, bu yaxınlarda 140 illiyini qeyd etdiyimiz görkəmli içtimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə həm də ədəbiyyatşünas idi. Əsası M.F.Axundov tərəfindən qoyulmuş ədəbiyyatşünaslıq elminin inkişafında onun böyük rolu olmuşdur. M.Əmin mühacir ədəbiyyatşünaslığının ən görkəmli nümayəndəsi sayılır. Fəlsəfə doktoru, türkoloq F.Ələkbərov belə hesab edir ki, “…ümumilikdə XX əsrdə Azərbaycan ədəbiyyatına… M.Ə.Rəsulzadə qədər diqqət yetirən, bunları qələmə alan, qiymətləndirən ikinci bir mühacir mütəfəkkir yoxdur”. 

Onun ədəbi-nəzəri yaradıcılığının mühüm bir qolunu da klassik irslə bağlı araşdırmaları təşkil edir. Gənc yaşlarından ədəbiyyat və incəsənətlə ciddi məşğul olan    görkəmli dövlət xadimi öz  əsərlərində XX əsr Azərbaycan ədəbiyyatının, ədəbi mühitinin ümumi mənzərəsini ətraflı və obyektiv canlandırmaqla, ədəbi prosesə, nəşr olunmuş bədii ədəbiyyat və ədəbiyyatşünaslıq nümunələrinə, ayrı-ayrı şair və yazıçıların yaradıcılığına elmi qiymət verməklə yanaşı, klassiklərin ədəbi mövqeyinin müəyyənləşdirilməsində də gərgin əmək sərf etmişdir.  

      Belə klassiklərdən biri də 530 illiyini qeyd etməkdə olduğumuz, “Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı, anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış,…Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş” Məhəmməd Füzulidir. [1]

Onu da qeyd etməyi lazım bilirik ki, mühacir dövlət xadimlərimiz və ədəbiyyatşünaslarımız  içərisində Füzuli sənətindən daha ardıcıl söz açan və dəyərli fikirlər söyləyən də M.Ə.Rəsulzadə olmuşdur.[2] Ümumiyyətlə, M.Ə.Rəsulzadənin Füzuli ilə bağlı görüşləri onun klassik irsə münasibətinin səviyyəsini əks etdirir.

Onun  bu  yönümdəki fəaliyyəti ardıcıl, sistemli  araşdırmalarla müşayiət     olunur. Maraqlıdır ki, M.Ə.Rəsulzadə Füzuli  haqqında fikir söyləyərkən onun yaradıcılığını geniş təhlil etməyə ehtiyac duymamış, daha çox xarakterik cizgiləri qabartmağa çalışmış və klassik şerimizin iftixarının dilimizin və ədəbiyyatımızın inkişafındakı xidmətlərini açıqlamış, “Əkinçi” qəzetindən, M.F.Axundov, Ə.Qəvaid, N.Vəzirov və digərlərindən tamamilə fərqli və obyektiv fikirlər söyləmişdir.

  O, “bütün türklüyün dahi şairi” hesab etdiyi M.Füzuli haqqında  1923-cü ildə İstanbulda nəşr edilmiş “Azərbaycan Cümhuriyyəti» əsərində belə yazırdı: «Füzuli Azərbaycanda hər yerdən ziyadə mərufdur. Azərbaycanlıların ən çox oxuduğu və ən çox sevdiyi şair Füzulidir…. Füzuli divanı hər yerdən ziyadə Təbrizdə basılmışdır. Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli divanı odur”.[3] Bu, əslində “qəlb şairi”nin (Gibb) milli ədəbiyyat tariximizdəki yerinin və mövqeyinin konkrek olaraq müəyyən edilməsi  deməkdir.  

      Ana dilli ədəbiyyatın yaranması və formalaşması məsələlərinə diqqət və həssaslıqla yanaşan M.Ə.Rəsulzadə 1949-cu ildə çap etdirdiyi “Azərbaycan kültür gələnəkləri” əsərində göstərir ki, üç dildə yazıb-yaradan dahi şairin türkcə şer yazması anadilli Azərbaycan ədəbiyyatının inkişafına əhəmiyyətli təsir göstərmişdir.[4] O, bunu dövlət quruculuğunun (“Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi… Səfəvi sarayının rəsmi dili də türkcə idi”. (M.Əmin)  təbii yekunu, şairin istiqlal məfkurəsi fikrinə xidməti kimi qiymətləndirirdi.  

     M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə nəşr etdirdiyi "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı: "Əgər diqqət edilsə, ona qədər və ondan sonra bir çox böyük klassiklər: Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi həqiqi Azərbaycan şairi olsalar da, fars dilində yazırdılar, onda aydın olar ki, sözün milli mənasında Füzuli hansı ədəbi inqilabı etmişdir".[5]  

    Füzulinin dilimizin inkişafında etdiyi “ədəbi inqilabın” mahiyyətindən bəhs edən ulu öndər qeyd edirdi ki, “Bir millətin həyatında maddətən və mənən bu qədər bir əhəmiyyətə malik olan dili  biz Azərbaycan türkləri vaxtilə unutmaq üzrə idik. Tamamilə farslaşdığımız bir zamanlar vardı. Türk ədəbiyyatı bilməzdik. Türkcə əvama məxsus bir dil ədd olunur, xass farsı və ərəbi bilməsilə iftixar edərdi. Sonra Füzuli əleyhirrəhmənin təsiri-fəyyazı təxtində yetişən bir çox azərbaycanlı türk şairləri bu təhlükəli nisyanın önünü aldılar, “yaman-yaxşı” bir ədəbiyyat vücudə gətirdilər”.[6]  

    M.Ə.Rəsulzadə “Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur,”- deyən və  “türk ləfziylə” yazmağın çətin olduğunu bildirən böyük şairin ana dilində yazmasını, mümkün olmayanı - “dikəndən bərgi-gül izhar” etdiyini milli təəssübkeşlik kimi qiymətləndirərək yazırdı ki, ana dilində yazıb-yaratmış “Atəşli hürufi Nəsimi ilə Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycan deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır...”  

     “Azərbaycan Cümhuriyyəti” əsərində M.Ə.Rəsulzadə Füzulinin yaradıcılıq dilinin inkişafı ilə Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri  arasında maraqlı bir uyğunluğu aşkar etmişdir. O, göstərir ki, Füzuli ilk öncə farsca yazmış, sonra Azərbaycan şivəsi ilə türkcəyə başlamış,  getdikcə osmanlılaşmış, Şərq şivəsindən uzaqlaşaraq Qərb şivəsinə yaxınlaşmışdır.

Füzulinin türkcə «Divan» yaratması, “Leyli və Məcnun»u və məhərrəmlik təziyədarlığının ana dilində icrası üçün zəmin yaratmaqdan ötrü «Hədiqətüssüəda»nı yazması, Ə.Caminin «Hədisiərbəin» əsərini türkcəyə çevirməsi türk ədəbi dilinin və ədəbiyyatının tarixində misilsiz hadisə, onun ana dilinin inkişafı sahəsində atdığı məqsədyönlü addımlardan idi. Bu, ədibin türk dili qarşısında övlad və şair kimi ən böyük xidməti idi. O, bütün çətinliklərə qatlanaraq ərəb və fars şeir dilləri ilə yarışa girə bilən Azərbaycan ədəbi dilinin nəzmi-nazik klassik şeir zirvəsini yaratmış, “türk ruhlu fars dilli” ədəbiyyatın “hökmranlığına” son qoymuşdur.  Beləliklə, müsəlman şərqində ədəbiyyatda vahid “türk dili məkanı” formalaşdırmış və bu məkanın “şəriksiz sahibi” olmuşdur.   

Ona görə də akademik M.İbrahimov haqlı olaraq yazırdı:”..Azərbaycan dilini dünya miqyasına çıxacaq klassik ədəbiyyat dilinə çevirməkdə Füzulinin rolü olduqca böyükdür”.[7]

M.Əminin silahdaşı M.B.Məmmədzadənin qənaətincə, “böyük Füzulini türkcə şer yazmağa sövq edən amil dərin milliyyət duyğusu olmuşdur”. Təsadüfi deyil ki, rübailərinin birində “Mən türkzəbandan iltifat eyləmə kəm” deyərək milliyətcə  türk və türk dilli olduğunu etiraf edən, başqa bir beytində Rumun adını çəkən – Orta Asiyanı, Anadolunu nəzərdə tutan Füzuli deyir ki, “Mənim şeirimdə həmin torpaqların ifadələrindən, kəlmələrindən olmasa, məni üzrlü bilsinlər, çünki mən öz vətənimin dilində yazıram”.[8]  

     Həqiqətən, dilə münasibətdə Füzuli şüurlu şəkildə türk milliyyətçisi kimi hərəkət etmişdir. Bu mənada M.Ə.Rəsulzadənin azəri şerinin dahi ustadı Füzulinin ədəbi fəaliyyətində onun milliyyətçiliyini xüsusilə qabartması təbii idi. O, Ə.Qaraxanın «Füzuli: mühiti, həyatı və şəxsiyyəti» kitabına həsr etdiyi resenziyada şairin milliyyətinin mübahisə obyektinə çevrilməsini lüzumsuz sayaraq qeyd edir ki, «Füzuli – türklüyü isbat edilmək üçün yalnız əsərləri kafi ikən – mənşə və geneoloji etibarilə muhakkak ki türkdür. Fəqət bir türkün Füzuli Türkdür – deyə isbata qalxması bir almanın fərəza (fərz edək) Göte və ya Şiller almandır, bir ingilisin Şekspir ingilisdir və bir italyanın Bokkaçio ilə Petrarka və ya Virgilli italyandır deyə monoqrafi yazmasına bənzəməzmi?!..  Fəqət klassik bir türk şairinin milliyyətini münaqişə konusu yapmaq hər halda müsbət bir məşğuliyyət sayılamaz. …Füzulinin, bizcə, bəlirdiləcək və isbat olunacaq tərəfi onun türklüyü deyil, türkçülüyüdür: müəllif, şairin milliyyətindən ziyadə milliyyətçiliyi üzərində dursa idi, daha yerində hərəkət etmiş olurdu». Bu məqsədlə M.Ə.Rəsulzadə resenziyada Füzulinin ədəbi fəaliyyətində onun milliyyətçiliyini xüsusilə əks etdirən məqamları xatırladır və belə bir fikir söyləyir ki, “irqən türk olmasa idi belə, türkə xitab üçün can atan şair, bu sifətilə, böyük bir türk şairi olmaqdan yenə məhrum qalmazdı”.[9]  

    Böyük demokratın qəlbi “fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu” (M.Əmin) olan dahi N.Gəncəvi ilə könüllər sultanı M.Füzulinin “Leyli və Məcnun” poemalarının bənzərliliyi və fərqliliyi barədə fikirləri də maraqlıdır. O, özünün çox qiymətli “Azərbaycan şairi N.Gəncəvi” adlı monoqrafiyasında həmin poemaları qarşılaşdırmış və mükəmməl təhlil aparmışdır. 

     İlk növbədə bu əsərləri iki şairi Azərbaycan adı ilə sıx bağlayan amil kimi dəyərləndirən [10] M.Ə.Rəsulzadə  yazırdı: “… hər iki əsər kəndi növündə orijinal, kəndi növündə böyük və kəndi növündə yüksəkdir. Nizami də, Füzuli də klassik Şərq ədəbiyyatının ölçüləməz birər varlığıdır. Ölçüləməyənləri qarşılaşdırmaq dəxi bəhs konusu olamaz. Böyüklük, kiçiklik kimi nisbət anlamı dışında, iki şah əsərin özəlliklərinə işarət etmək lazım gəlirsə, ancaq şunu söyləyə biliriz: Nizami – Məcnunu şerləşdirmiş isə, Füzuli – şeri məcnunlaşdırmışdır”.[11]  

     O, poemaların həcm fərqləri (Nizaminin poeması 4600, Füzulinin poeması isə 3200 beytdən ibarətdir), hər iki poemanın əsasən eyni vəzndə və məsnəvi tərzində yazılmasına baxmayaraq Füzulinin poemasında digər müxtəlif vəznlərdə olan qəzəllərdən, hətta bəzən dördlüklərdən istifadə edilməsi, Nizamidən fərqli olaraq Füzulidə “təmsillərlə hekayə içində hekayələr əkləməsinin” olmaması, Füzulidə  bir sıra epizodların dəyişdirilməsi və yeni epizodların əlavə edilməsi, fərqli dillərdə yazılması və s. faktlarla M.Füzulinin N.Gəncəvidən iqtibas etməsi barədə söylənilən əsassız fikir və düşüncələri faktlar əsasında  qətiyyətlə rədd etmişdir. 

    Azadlıq çarçısı M.Əmin poemalar arasındaki bənzərlik və fərqliliyi həm də onların müəlliflərinin ədəbi şəxsiyyətlərinin və yaradıcılıq ruhlarının müxtəlifliyində axtarırdı. Onun fikrincə, Nizamidə tarixilik, tarixə yaxınlıq, hadisələri real sferaya gətirmək meyli daha üstündür. Füzulidə isə tərsinədir. O, real tarixi hadisələri və şəxsləri mifikləşdirmiş, təbii həyat qayğılarından sıyrılan ilahi bir eşqin xəyalını təsvir etmişdir. M.Ə.Rəsulzadəyə görə, “Nizamidə adi bəşəri duyğu və əlaqələrdən ayrılmamış görünən Məcnun Füzulidə “bəşərililiyindən” tamamilə ayrılmış bir şəxsiyyət halındadır”. Bu da Füzulinin hadisələri zehnindəki təsəvvürə görə təsvir etməsindən, məhəbbəti ilahiləşdirmək və ölümsüzləşdirmək istəyindən irəli gəlirdi. Füzulidə məhəbbət motivləri daha güclüdür. Onun qəhrəmanlarının ölümü bir-birinə qovuşmaları, eşqin ölməzliyi və əbədiliyi, məhəbbətin təntənəsidir. İlahi yolun başlanğıcıdır 

      M.Ə.Rəsulzadənin Füzulinin Azərbaycan, Şərq, o cümlədən bütün dünya ədəbiyyatına təsiri barədə fikirləri maraqlıdır.  

    “Azərbaycan kültür gələnəkləri”ndə tanınmış filosof və dövlət xadimi M.Füzulini Şərqin “ən böyük liriki” hesab edir. Yuxarıda da qeyd etdiyimiz kimi, o, Füzulini nəinki Azərbaycanı, bütün türk dünyasını həyəcanlandırmaq qabiliyyətinə malik şair sayır. Türkiyədə “Türk Ocaqları Heyəti” tərəfindən çap olunan “Türk dili” adlı əsərdə dərc olunmuş “Qafqaz türkləri” məqaləsində yazır: “Məmafih ədəbi Azəri ləhcəsinin əsaslandığı bu dövrdə yetişən Nəsimi, Həbibi nəhayət, Füzuli kibi ustadlar, yalnız Azərbaycan mühitinə münhəsir olmayıb, ləhcələrindəki xüsusiyyətə rəğmən, təsir etibarı ilə bulunduqları məkanı aşa bildikləri kibi, kəndilərini təaqüb edən zamanları da aşmış və onlardan böyük Füzuli bu günə qədər təsirini ibqa edərək, Kaşqardan Ədirnəyə qədər, bütün türklərin dəxi şairi olduğu kibi, Avropa münəqqidləri tərəfindən dəxi Şərqin ən həssas və müstəsna şairləri zümrəsindən ədd olunmuşdur”. M.Ə.Rəsulzadənin tədqiqatlarına yüksək qiymət verdiyi F.Köçərli də haqlı olaraq Füzulini “bütün türk şairlərinin babası” adlandırırdı. Təsadüfi deyildir ki, XX əsrin sonlarında ümummilli liderimiz H.Əliyev də bu fikri təsdiq edərək deyirdi: “Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır. Füzuli Azərbaycanın böyük milli sənətkarı olmaqla yanaşı, bütün müsəlman aləminin qəlb şairidir”.[12]   

    Orta əsrlər Azərbaycan ədəbiyyatı öz inkişafının zirvəsinə, şübhəsiz ki, Füzuli sənətində çatır. Lakin M.Füzuli XIX əsrin axırlarına kimi Azərbaycan ədəbiyyatında hakimi mütləq olmuşdur. Görkəmli filosof “Azərbaycan Cümhuriyyəti” əsərində qeyd edirdi ki, “milli poeziyamız son zamanlara qədər  Füzulini tənzirdən ibarət” olmuş və  Azərbaycan türk ədəbiyyatının müstəqil bir    cərəyan şəkli almasında onun türkcə   yazması mühüm rol oynamışdır. M.Əmin deyirdi:” Yalnız Azərbaycanın deyil, bütün türklüyün dahi şairlərindən, Əbü şüəra künyəsini daşıyan Füzulinin dərin bir nüfuzu, böyük bir mürşüdlüyü vardır”. “Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.” Böyük yazıcımız C.Məmmədquluzadə 1925-ci ildə haqlı olaraq yazırdı ki, “Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır”.[13] Onu da qeyd edək ki, nəinki Azərbaycan və Osmanlı şairləri bütün türk poeziyası Füzulinin təsiri altında olub. Təsadüfi deyildir ki, ingilis yazıcısı və şərqşünası E.J.Vilkinson Gibb “Osmanlı poeziyası tarixi” adlı əsərində onun “türk şeirinin bayrağını əlçatmaz yüksəkliklərə qaldırdığını” göstərmişdir.    

M.Ə.Rəsulzadə proletkultçuların, kommunist-bolşeviklərin Füzuliyə, o cümlədən klassik ədəbiyyatın digər görkəmli nümayəndələrinə neqativ yanaşmasına da öz münasibətini bildirmişdir. O, sovet dövründə məktəblərdə böyük şairin həyat və fəaliyyətinin öyrədilməsinə laqeyd olan, “Rusiyadakı inqilabi ədəbiyyat ilə hesablaşmaq lüzumunu” irəli sürən “bolşevik firqəçiləri və sovet münəqqidlərini” kəskin tənqid edirdi. “Yeni Qafqasiya” jurnalında  çap olunmuş “Türk harsı və millətçiliyi əleyhində bir nümayiş” adlı məqaləsində belələrinə cavab verərək yazırdı:  “Onlar istərlər, fəqət istədikləri olmaz. İnqilab və proletar şairlərini bəkləyib dururlar. Halbuki həyat kəndi müqtəziyatını görür”. Tarixin sonrakı gedişi də böyük mütəfəkkirin haqlı olduğunu sübut etmişdir.[14]     

    M.Əmin Füzulidən bəhs edərkən şairin nəinki Şərqdə, bütün dünyada tanındığını fəxrlə bildirir, “Azərbaycan kültür gələnəkləri” əsərində Şərqi yaxşı bilən avropalıların onun lirizminə heyranlığını xüsusi qeyd edirdi. Ona görə də öz araşdırmalarında  dünya miqyasında tanınmış alimlərin fikirlərini də xatırladır və onlara istinad edirdi.     

           Məsələn, o, Füzulinin qərbdə öyrənilməsinin təməlini qoyan Gibbin    “…duyumunun səmimiliyi ilə ifadələrindəki şairanə şəkil baxımından bütün Şərqdə Füzuliyə bərabər ikinci bir şair yoxdur...” fikrini qürur hissi ilə xatırladırdı.   

     “Füzulinin yaradıcılığının bütün bəşəriyyət üçün böyük mənəvi qida olması” (H.Əliyev), onun “Şərq poeziyasının günəşi” (Gibb) sayılması, XIX əsrin axırlarına kimi Şərq və Azərbaycan ədəbiyyatında hakimi mütləq olması, bu gün dünya kitabxanalarının bir çoxunda əsərlərinin əlyazma və çap   nüsxələrinə rast gəlinməsi, əsərlərinin dünyanın müxtəlif dillərinə (ingilis, rus, alman, ispan, polyak və s.) tərcümə edilməsi, qərb universitetlərindən hansında Türkologiya, Şərqşünaslıq və Şərq dilləri fakültələri varsa, istisnasız orada haqqında ayrıca dərslərin keçirilməsi. barəsində tədqiqatların aparılması, dissertasiya işlərinin yazılması, əsərlərinin Şekspir, Dostoyevski, Con Don, Qotfrild, Keller kimi dünya ədəbiyyatının tanınmış simalarının əsərləri ilə müqayisə edilməsi, müxtəlif ölkələrdə və müxtəlif dillərdə haqqında kitabların yazılması və çap edilməsi, əsərlərinin Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilməsi və s. M.Ə.Rəsulzadənin M.Füzuli haqqında məntiqi mülahizələrinə haqq qazandırır. 

    1959-cu ildə şah əsəri “Leyli və Məcnun”un ingiliscəyə tərcüməsi ilə UNESCO tərəfindən yayımlanması və alman, ispan və rus dillərinə də çevrilməsi, ABŞ-ın populyar “All Poetry” və “PoetrySoup” ədəbiyyat portalları tərəfindən Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində  M. Füzulinin ingilis dilinə tərcümə edilmiş əsərlərinin yayını, müxtəlif dillərdə yazılmış ensiklopediyalarda ona sərf olunan səhifələrin digər klassik şairlərimizə həsr olunduğundan çox olması, internet resurslarında  haqqında beş yüz mindən çox başlıqda link açılması (təkcə  Wikipedi saytında şair haqqında 50-dən çox dildə bilgi verilir), haqqındakı məqalənin “Vikipediya”nın ingilis dili bölməsində ana səhifəyə çıxması (həmin səhifəyə hər gün milyonlarla oxucu daxil olur), 1994-cü ildə UNESCO tərəfindən “500-cü ildönümündə Füzuli” adlı beynəlxalq tədbirin  keçirməsi, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və s. M.Ə.Rəsulzadənin şair haqqındakı qənaətlərinin təntənəsi, M.Füzulinin yalnız Azərbaycan ədəbiyyatının deyil, bütün dünya ədəbiyyatının görkəmli nümayəndəsi olmasının sübutudur.[15]

    Bu gün M.Ə.Rəsulzadənin M.Füzuliyə həsr olunmuş elmi və publisistik irsinin  daha geniş təbliğinə və yeni elmi dəlillər və baxışlar əsasında daha dərindən təhlil olunub öyrənilməsinə ehtiyac hiss olunmaqdadır.

İstifadə  olunmuş ədəbiyyat:


“Azərbaycan” qəzeti, 26.01.2024, №26 (9471), səh:1

Cabbarlı N: (2003) “Mühacirət və klassik ədəbi irs” Bakı, «Elm», səh: 60

Resulzade M.E.: (1990) “Azerbaycan Cümhuriyeti”, İstanbul,  səh: 11-12

Resulzade M.E: (1949) “Azerbaycan kültür gelenekleri”, Ankara, səh: 15 

Yusifli V.: (2018) “Zəkulla Bayramlının Füzuli dünyası”,  “Ədalət” qəzeti, 18 sentyabr 2018

Ələkbərli F.: (2020) “Azərbaycan türk fəlsəfi və içtimai fikir tarixi (XIX-XX əsrlər)”, II hissə,   Bakı, “Elm və təhsil”, səh: 255)

https://millikimlik.az/2021/4104/

https://publika.az/news/qirmizi/103229.html

Resulzade M.E. (1949) “Dr. Abdulkadır Karahan. Füzuli, mühiti ve şahsiyeti”, Türk tarih kurumu bülleteni. Cilt XIII, Ankara,  sayı 52, s.847

Əlizadə L.: (2018) “M.Ə.Rəsulzadə və klassik irsimiz”, Filologiya məsələləri №13 “Elm və təhsil” Bakı, səh: 215  

Resulzade M.E.: (1991), “Azerbaycan şairi Nizami”, İstanbul, 1991 (təkrar nəşr). Səh:318-319)

 (2009)“Könül mülkünün soltanı-M.Füzuli”, F.Köçərli ad. Uşaq Mərkəzi Kitabxanası, Bakı-2009, səh: 9 

 Qasımov R.: (2019) Azərbaycan milli tənqidi realizmi və klassik ədəbi irs əlaqələri”, NDU-nin elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan, səh:60

 (2021) “M.Ə.Rəsulzadə: Əsərləri (mühacirət dövrü), II cild, (Tərtibçi Yaqublu N.) Bakı. “Qanun”nəşriyatı,  səh: 344-347)  

Qazançı ömər Mehmet: (2016) “ Böyük şairimiz Füzuli və onun dünya

ədəbiyyatındakı yeri”, “525-ci qəzet”, 9 fevral, səh: 6

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)