Cavid Musadan şeirlər
Nə olsun ürəyim doludur baba,
hər kəsə özümdən bir parça verdim,
indi, bir parça özümdə yoxdu.
Məni sən böyütmüsən,
ağac olmuş əllərinlə,
göylərə çatan ümidlərinlə.
Anamın adı Vətən,
atamın adı - Dövlət.
Mən körpəykən boşanıblar,
bilmirəm bəs necə eşq yaşayıblar?!
Var - dövlət içində doğulub,
zülmət içində boğuldum baba.
Böyüdüm, kirayə qaldığım evin divarlarında,
nəfəsim fəryad qopardı elə.
Soyuq tutdu kürəyimin yaxasından,
dartıb yalnızlığa apardı elə.
Anamdan təmkinli olmağı, atamdan laqeydlik öyrəndim, baba.
Unuduldum, baba.
Unudulmuşları çağıran olmur.
Məni bircə sən unutmadın, bircə sən.
İndi səni də öz əllərimlə dəfn edirəm mən.
Və, mənə öyrətdiyin bu iki cümləni baş daşına yazıram.
bir, haqsızlıqla barışma oğul,
bir də davam edə bilməyəcəyin intonasiyada danışma oğul...
***
Səbrimi içimə daşıdım yenə
Ürəyim partlasa da yaşadım yenə
Səninlə eyni dildə danışdım, yenə
Mən sənin dilini başa düşmədim.
Bu nə fikri xəyal anlamaq olmur
O qədər gözəlsən danlamaq olmur
Sənlə qalmaq olmur, qalmamaq olmur.
Mən sənin dilini başa düşmədim.
***
İçimdə o qədər arzular gəzir.
Gerçək dünyanın həsrətindədir.
Doğuşdan məhkumdur qaranlıqlara.
Çırpındı içimdə Azadlıq dedi.
Onu eşitdimi görən dünyalar?
Dünyanın içində yaşasam da mən,
İçimdə yaşayan başqa dünya var.
Sükutla danışan gizli bir vətən!
Mənim arzularım daşdan yaranıb
Nə fırtına gücünə qovulub, gedir,
Nə göz yaşlarına ovulub, gedir.
Evlənir arzularım bir - biri ilə,
İlahi, nə gözəl arzular doğur.
Elə ki yetişir öz vüsalına
Azadlıq sevinci onları boğur.
